Məhkəmə qərarları › İş №2(103)-4531/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4531/2020

03.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4531/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X6 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-70/2020 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh1 qarşı “mənzildən istifadə hüququnun itirilməsi və mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsindəki 22 nömrəli evin 19 nömrəli mənzil ona məxsusdur. Həmin mənzilə dair Seriya MA, ******* nömrəli çıxarışı da vardır. Oğlu Cavabdeh1 həmin mənzildə qeydiyyatdadır, lakin oğlu həmin mənzildə heç vaxt yaşamamışdır və 20 ildən çoxdur ki, Almaniya Respublikasında yaşayır. Bunu müvafiq şahidlər də təsdiq edə bilərlər. Cavabdehin ona məxsus olan mənzilə istifadə hüququ da yoxdur. Cavabdehlə əlaqə saxlaya bilmir, cavabdehin də onunla əlaqəsi yoxdur. Bununla da uzun müddətdir mülkiyyətində olan mənzili özgəninkiləşdirə bilmir və cavabdehin qanunsuz hərəkətləri onun qanunla qorunan hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, cavabdehin həmin hərəkətləri onun Azərbaycan Respublikası Konstitusiyası və digər qanunları ilə qorunan mülkiyyət və digər hüquqlarını pozur. Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsindəki 22 nömrəli evin, 19 nömrəli mənzilindən istifadə hüququna xitam verilməklə mənzildən qeydiyyatdan çıxarılması, Bakı şəhəri Nizami RPİ-nin üzərinə həmin şəxsin mənzilindən qeydiyyatdan çıxarılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X9 onun anası, Cavabdeh2 isə qardaşıdır. Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsindəki 22 nömrəli evin, 19 nömrəli mənzili onun atası Cavad Rzayev tərəfindən 1996-cı ildə alınmışdır. Özü 1997-ci ildən həmin mənzildə qeydiyyatdadır. Atası sağlığında bildirmişdir ki, mübahisəli mənzil evin kiçik oğlu olan Cavabdeh1, yəni ona qalacaqdır. Atası xx xxxx 1998-ci il tarixdə rəhmətə getdikdən sonra mübahisəli mənzil anası Zivər Rzayevanın adına keçmişdir. Həmin dövrdə özü həmin mənzildə yaşamış, 2002-ci ildə Almaniyaya getmişdir. 2004-cü ildə anasını da Almaniyaya özü ilə qalmaq üçün aparmışdır. Anası 1 ilə yaxın onunla Almaniyada qaldıqdan sonra darıxdığına görə Bakıya geri qayıtmışdır. Anası həmin vaxtdan mübahisəli mənzildə yaşamağa başlamışdır. Özü Almaniyada yaşasa da, il ərzində 5-6 dəfə Bakıya gəlmiş və anasına baş çəkmişdir. Anasının bütün xərclərini Almaniyadan ona göndərmişdir. 2012-ci ildə cavabdeh Zivər Rzayeva ona bildirmişdir ki, Məhsəti küçəsindəki 22 nömrəli evin 19 nömrəli mənzili kiçik övlad kimi onundur. Ona görə də mənzili ona bağışlamaq istədiyini bildirmişdir, o da buna etiraz etməmişdir. Beləliklə, xx xxxx 2012-ci il tarixdə cavabdeh Zivər Rzayeva tərəfindən mübahisəli mənzil heç bir şərt olmadan ona bağışlanmışdır. Təxminən 2013-cü ildə cavabdeh Zivər Rzayeva ona bildirmişdir ki, digər oğlu, yəni Cavabdeh2 sərxoş vəziyyətdə evə gələrək onu təhdid edir. Ona görə də o, “İnşaatçılar” metrosunun yanında bacısının evinə yaxın kirayə mənzil tutmuşdur ki, anası orada rahat yaşasın. Sonra özünə məxsus Nərimanov rayonundakı mənzili təmir edib anasını oraya aparmışdır. Mübahisəli mənzil isə kirayə verilmişdir. O, anasına hər ay mütəmadi olaraq pul göndərmişdir. Anası həm təqaüd alır, həm də Məhsəti küçəsindəki 22 nömrəli evin 19 nömrəli mənzilinin kirayə pulunu alırdı. O, anasının tək qalmasından narahat olduğuna görə, cavabdeh olan qardaşı Yəhyadan xahiş etmişdir ki, anasının təqaüd kartını və kirayə pulunu götürsün və anaya baxsın. Beləliklə, Yəhya pul qarşılığında hər gün anaya yemək gətirmişdir. Qanunvericilik normaları mülkiyyətçinin hüquqlarını müdafiə edir. Hesab edir ki, cavabdehlərin mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə ona maneə törətməsi qanunsuzdur. Bu, onun mülkiyyət hüquqlarını pozur. Məhsəti küçəsindəki 22 nömrəli evin 19 nömrəli mənzili hazırda onun mülkiyyətindədir. Lakin cavabdehlər olan anası İddiaçı və qardaşı Cavabdeh2 həmin ünvanda qanunsuz olaraq qeydiyyatdadırlar. Mübahisəli mənzil xx xxxxxx 2012ci il tarixdən onun mülkiyyətinə keçdikdən sonra cavabdehlər həmin mənzildən çıxıb getmişlər. Sadəcə olaraq cavabdehlər onun Almaniyada yaşamasından istifadə edərək qanunsuz olaraq mübahisəli ünvana qeydiyyata düşmüşlər. Belə ki, cavabdeh Zivər Rzayeva 2003-cü ildən, Cavabdeh2 isə 2019-cu ilin əvvəlindən həmin mənzilə qeydiyyata düşmüşlər. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli 2 saylı forma arayışdan da görünür ki, Rzayev X1 22 nömrəli evin 19 nömrəli mənzilində qeydiyyatda yoxdur. Bu da təsdiq edir ki, Cavabdeh2 Nizami Rayon Məhkəməsinin qiyabi qətnaməsi ilə bağışlama müqaviləsi etibarsız hesab edildikdən və icraya yönəldildikdən sonra o, mübahisəli mənzilə qeydiyyata da düşmüşdür. Halbuki bu, tam əsassızdır. Qiyabi qətnamə ləğv edilmiş, yekunda Sərraf Rzayevə qarşı olan bağışlama müqaviləsinin ləğvinə dair iddia rədd edilmişdir. Bununla da Sərraf Rzayevin mübahisəli mənzilə mülkiyyət hüquqları bərpa edilmişdir. Cavabdehin mübahisəli mənzilə heç bir hüququ yoxdur. Ona görə hesab edir ki, Cavabdeh2 mənzilə istifadə hüququ olmadığından xitam verilməlidir. Eyni zamanda, İddiaçı da uzun müddətdir ki,həmin ünvanda yaşamadığından və onun da mənzilə istifadə hüququ olmadığından xitam verilməlidir. İlkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək İddiaçı və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsindəki 22 nömrəli evin 19 nömrəli mənzilinə istifadə hüququ olmadığından xitam verilməsi, İddiaçı və Cavabdeh2 həmin mənzilindən çıxarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-70/2020 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddiaların təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-70/2020 saylı qətnaməsinin qarşılıqlı ididanın rədd edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, qarşılıqlı iddia ərizəsində göstərildiyi kimi X10 Rzayevin anası, Cavabdeh2 isə onun qardaşıdır. Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzili Sərrafın atası Cavad Rzayev tərəfindən 1996-cı ildə alınmışdır, Sərraf 1997-ci ildən həmin mənzildə qeydiyyatdadır. Cavad Rzayev sağlığında bildirmişdir ki, mübahisəli mənzil evin kiçik oğlu olan Cavabdeh1 qalacaqdır. Sərrafın atası xx.xx.1998-ci il tarixdə rəhmətə getdikdən sonra mübahisəli mənzil anası Zivər Rzayevanın adına keçmişdir. Həmin dövrdə Sərraf həmin mənzildə yaşayırdı. 2002-ci ildə Sərraf Almaniyaya getmişdir. 2004-cü ildə Sərraf anası Zivəri də Almaniyaya özü ilə qalmaq üçün aparmışdır. Sərraf anası 1 ilə yaxın onunla Almaniyada qaldıqdan sonra darıxdığına görə Bakıya geri qayıtmışdır. Zivər Rzayeva həmin vaxtdan mübahisəli mənzildə yaşamağa başlamışdir. Sərraf Almaniyada yaşasa da, il ərzində 5-6 dəfə Bakıya gəlir və anasına baş çəkirdi. Anasının bütün xərclərini Sərraf Almaniyadan ona göndərirdi.2012-ci ildə X3 bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzili kiçik övlad kimi sənindir. Ona görə də mənzili Sərrafa bağışlamaq istədiyini bildirmişdir. Sərraf da buna etiraz etməmişdir. Beləliklə, xx.xx.2012-ci il tarixdə Zivər Rzayeva tərəfindən mübahisəli mənzil Sərraf Rzayevə heç bir şərt olmadan bağışlanmışdır. Təxminən 2013-cü ildə X3 bildirmişdir ki, digər oğlu, yəni Cavabdeh2 sərxoş vəziyyətdə evə gələrək onu təhdid edir. Ona görə də Sərraf İnşaatçılar metrosunun yanında bacısının evinə yaxın kirayə mənzil tutmuşdur ki, anası orada rahat yaşasın. Sonra Sərraf özünə məxsus Nərimanov rayonundakı mənzili təmir edib anasını oraya aparmışdır. Mübahisəli mənzil isə kirayə verilmişdir. Sərraf anasına hər ay mütəmadi olaraq pul göndərmişdir. Anası həm təqaüd alır, həm də Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzilinin kirayə pulunu alırdı. Sərraf anasının tək qalmasından narahat olduğuna görə, cavabdeh olan qardaşı Yəhyadan xahiş etmişdir ki, anasının təqaüd kartını və kirayə pulunu götürsün və anaya baxsın. Beləliklə, Yəhya pul qarşılığında hər gün anaya yemək gətirirdi. Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzili hazırda Cavabdeh1 mülkiyyətindədir. Lakin cavabdehlər olan anası İddiaçı və qardaşı Cavabdeh2 həmin ünvanda qanunsuz olaraq qeydiyyatdadırlar. Belə ki, mübahisəli mənzil xx.xx.2012-ci ildən Sərraf Rzayevin mülkiyyətinə keçdikdən sonra cavabdehlər həmin mənzildən çıxıb getmişlər. Sadəcə olaraq cavabdehlər iddiaçı X4 yaşamasından istifadə edərək qanunsuz olaraq mübahisəli ünvana qeydiyyata düşmüşlər. Belə ki, cavabdeh X9 2003-cü ildən, Cavabdeh2 isə 2019-cu ilin əvvəlindən Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzilinə qeydiyyata düşmüşlər. Cavabdeh2 isə mənzilə qanunsuz olaraq qeydiyyata düşdükdən sonra anası Zivər Rzayeva ilə birlikdə həmin mənzilə daxil olaraq yaşamağa başlamışdır. Hazırda da onlar mülkiyyətçi Cavabdeh1 mənzilində qanunsuz olaraq yaşayırlar.İş materiallarında olan xx.xx.2018-ci il tarixli 2 saylı forma arayışdan da görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzilində qeydiyyatda yoxdur. Bu da təsdiq edir ki, Cavabdeh2 Nizami Rayon Məhkəməsinin qiyabi qətnaməsi ilə bağışlama müqaviləsi etibarsız hesab edildikdən və icraya yönəldildikdən sonra o, mübahisəli mənzilə qeydiyyata da düşmüşdür. Halbuki bu tam əsassızdır. Çünki qiyabi qətnamə ləğv edilmiş və yekunda Sərraf Rzayevə qarşı olan bağışlama müqaviləsinin ləğvinə dair iddia rədd edilmişdir. Bununla da Sərraf Rzayevin mübahisəli mənzilə mülkiyyət hüquqları bərpa edilmişdir. Onun mübahisəli mənzilə heç bir hüququ yoxdur. Ona görə də hesab edirəm ki, onun mənzilə istifadə hüququ olmadığından xitam verilməlidir. Eyni zamanda, İddiaçı da uzun müddətdir ki, həmin ünvanda yaşamadığından və onun da mənzilə istifadə hüququ olmadığından xitam verilməlidir. Lakin işə baxan Nizami rayon Məhkəməsinin hazırki iş üzrə qətnaməsində qeyd olunur ki, cavabdeh Sərraf Rzayev iddiaçıya məxsus mənzildə yaşamır, oradan istifadə etmir. Birincisi, məhkəmə səhvə yol verərək cavabdeh kimi Sərraf Rzayevi qeyd edib. Halbuki cavabdeh kimi Cavabdeh2 qeyd olunmalı idi. İkincisi, isə əgər iddiaçı Sərraf Rzayev qarşılıqlı iddia ərizəsində cavabdehlər Cavabdeh2 və Zivər Rzayevanın onun mənzilini zəbt etdiyini bildirirsə, hesab edir ki, bunun sübuta ehtiyacı yoxdur. Hər halda cavabdehlər iddiaçının mənzilini zəbt edib orada yaşadığına görə iddiaçı bu barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, qeyd edim ki, məhkəmənin Cavabdeh2 iddiaçıya məxsus mənzildə yaşamaması nəticəsinə gəlməsi də gülüncdür, bu barədə hansı mənbəyə və sübuta istinad etməsi bəlli deyil. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, cavabdeh tərəf qətnaməni qeyd olunan hissədə mübahisələndirmiş, iddiaçı tərəf isə qətnamənin ilkin iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı iləBakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-70/2020 saylı qətnaməsi qarşılıqlı iddianın qarşılıqlı iddia üzrə Cavabdeh2 aid təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə qarşılıqlı ididanın qəbulundan imtina olunmuşdur. Belə olan halda, kollegiya qeyd edir ki, apellyasiya baxışının predmetində qalan hissə- Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-70/2020 saylı qətnaməsinin qarşılıqlı iddianın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-70/2020 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA Seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsindəki 22 nömrəli evin 19 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə tam payda xx xxxxxxxx 2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 83 saylı MKİS-nin xx xxxxxx 2018-ci il tarixli 1151 nömrəli arayışından (Forma 2) görünür ki, İddiaçı və X8 1998-ci ildən Bakı şəhəri, Məhsəti küçəsindəki 22 nömrəli evin 19 nömrəli mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı “bağışlama müqaviləsinin və reyestrdən çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə xx xxxxxx 2018-ci il tarixli qiyabi qətnaməsi cavabdehin nümayəndəsi Nümayəndə ərizəsinə əsasən ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(007)- 1574/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı 15 saylı notariat kontorunda Bakı şəhəri, Məhsəti küçəsindəki 22 nömrəli evin 19 nömrəli mənzilini Cavabdeh1 bağışlamasına dair 4Ə/2-443 nömrəli xx xxxx 2012- ci il tarixli bağışlama müqaviləsi ləğv edilmiş, həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* nömrəli, xx xxxxxx 2012-ci il tarixli çıxarışın ləğv olunması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-10073/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(007)-1574/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh1 qarşı “xx xxxx 2012-ci il tarixində Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış 4Ə/2-443 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehə verilmiş reyestrdən çıxarışın ləğv olunmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş “Elektron xidmət”dən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7500/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-10073/2019 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 087-736-1220 nömrəli məktubundan görünür ki, Cavabdeh2 ünvan 1 ünvanına xx xxxx 2019cu il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyata düşdüyündən onun barəsində Nizami rayon Polis İdarəsinin arxivində heç bir məlumat yoxdur. İddiaçı həmin mənzilə qeydiyyata düşməsinə əsas olmuş sənədlər, saxlama müddəti bitdiyindən, tərəflərindən müvafiq qanunvericiliyə uyğun olaraq məhv edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA Seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsindəki 22 nömrəli evin 19 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə tam payda xx xxxxxxxx 2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı 15 saylı notariat kontorunda həmin mənzili Cavabdeh1 bağışlamışdır. İddiaçı iddiasına əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(007)-1574/2019 nömrəli qətnaməsi ilə mənzilin bağışlanmasına dair 4Ə/2-443 nömrəli xx xxxx 2012-ci il tarixli bağışlama müqaviləsi ləğv edilmiş, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-10073/2019 nömrəli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddiası təmin olunmamışdır. Hazırda tərəflər mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzildən və qeydiyyatdan çıxarılma ilə bağlı ilkin və qarşılıqlı iddialar vermişlər. Apellyasiya baxışının predmetində olan qarşılıqlı iddia ilə bağlı qeyd edilməlidir ki, həmin iddianın əsasını qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun mülkiyyətində olan Bakı şəhəri, Məhsəti küçəsindəki 22 nömrəli evin, 19 nömrəli mənzilə istifadə hüququnun olmadığından xitam verilməsi, cavabdehin mənzildən çıxarılması təşkil edir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı münasibətdə kollegiya qeyd edir ki, o, sözügedən mənzilin keçmiş mülkiyyətçisi olmuş, notarial qaydada təsdiqlədiyi bağışlama müqaviləsinə əsasən mənzili oğlu Cavabdeh1 bağışladıqdan sonra mənzil mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İddiaçı 1998-ci ildən mənzildə qeydiyyatdadır, mülkiyyətçinin dəyişməsi isə mənzildə qeydiyyatda olan keçmiş mülkiyyətçinin istifadə hüququna xitam verilməsi üçün əsas sayıla bilməz. Bu halda yalnız müvafiq qaydada və məbləğdə kompensasiyanın təklif edilməsi və verilməsi yolu ilə belə əsaslarla xitam verilməsinin mümkünlüyü yoxlanıla bilər. Qarşılıqlı iddia üzrə cavabdeh Zivər Rzayeva mənzildə 1998-ci ildən qeydiyyatda olsa da, mənzil mülkiyyət hüququ üzrə xx xxxxxx 2012-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alındığına və tərəflər arasında mübahisəli hal bundan sonra yarandığına görə kollegiya hesab edir ki, mübahisə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Plenum həmin qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Kollegiya bununla bağlı qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 mülkiyyətindəki mənzildə qeydiyyatda olan anası İddiaçı mənzildən istifadə hüququ olmadığından xitam verilməsi ilə bağlı iddia qaldırsa da, cavabdehin özünə yeni yaşayış sahəsi əldə etməsinə, məhz yaşayış sahəsinə ehtiyacının aradan qalxmasına dair hər hansı sübutunu iddia ərizəsinə əlavə etməmiş, məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında da belə hal müəyyən edilməmişdir. Tərəflər arasında hazırkı məhkəmə mübahisəsinin olmasına baxmayaraq, onlar arasında etibarlı ailə əlaqələri mövcuddur (Cavabdeh1 İddiaçı oğludur), İddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olan oğlu Cavabdeh1adan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsdir, onun mənzildən istifadə hüququna xitam verilməsinə əsaslar hazırkı icraatda müəyyən edilməmişdir, İddiaçı yalnız kompensasiya verilməklə həmin hüququna xitam verilə bilər, qarşılıqlı iddiaçı tərəfindən isə bu məqsədlə kompensasiya təklif edilməmişdir, bununla bağlı sübutlar mövcud deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı apellyasiya baxışının predmeti olan hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)- 70/2020 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar