Məhkəmə qərarları › İş №2(103)-4531/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4531/2023

18.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4531/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (mənzildən istifadə hüququnun itirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1470/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilkin olaraq xx.xx.2018-ci il tarixdə X1 (iddiaçının atası) adına dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin əmlak daha sonra iddiaçının qardaşının mülkiyyətinə vərəsəlik qaydasında keçmiş, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmiş, mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Cavabdeh iddiaçının qızıdır və o, həmin evdə doğulmuş, 2008-ci ildə nikaha daxil olaraq evdən köçmüşdür. 2021-ci ildə iddiaçının arvadı ağır xəstə olduğundan dünyasını dəyişmiş və həmin vaxtdan tərəflərin münasibətləri korlanmışdır.

3. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbə üzrə nümayəndəsi tərəfindən verilmiş arayışa əsasən cavabdeh göstərilən ünvanda qeydiyyatdadır, lakin 2008-ci ilin aprel ayından yaşamırlar.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3998/2022 saylı qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs Cavabdeh) qarşı “qeydiyyatdan çıxarma tələbinə dair iddia ərizəsi rədd edilmiş, qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X6 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi, döngə 1, 6 saylı evindən istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi, döngə 1, 6 saylı ev xx.xx.2018-ci il tarixdə qardaşı X8 tərəfindən ona bağışlanmışdır. Cavabdeh onun qızıdır. Cavabdeh mübahisəli evdə qeydiyyatdadır, əvvəllər, yəni ərə gedənə qədər burada yaşamışdır, O, 2008-ci ildə ailə qurduqdan sonra ona məxsus olan evdən gəlin köçmüş, bu günə kimi ər evində yaşayır. Mülkiyyətində olan, mübahisəli evdə ona aid heç bir əşya yoxdur. Onun övladları - xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X15 heç vaxt ünvan 4 ünvanında yaşamamışlar. Cavabdeh və onun övladları formal şəkildə ona məxsus evdə qeydiyyatdadırlar. Onların ona məxsus evdə formal şəkildə qeydiyyatda olmaları onun mülkiyyət hüququnu pozur. Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 96 saylı arayışına əsasən Cavabdeh və onun övladları - xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X15 ünvan 4 ünvanında qeydiyyatdadırlar, lakin 2008-ci ilin aprel ayından yaşamırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi, döngə 1, 6 saylı ev onun, yəni onun xüsusi mülkiyyətindədir.

7. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, onun həmin mülkiyyətdən istifadə hüququ vardir. Əgər belə olmasaydı, iddiaçı cavabdehə istifadə hüququnun itirilməsinə dair iddia irəli sürməzdi. Belə ki, iddiaçı və cavabdehin hüquqları ailə münasibətləri zəmində yarandığı işin mübahisəsiz halıdır. Bundan əlavə, iddiaçı cavabdehin istifadə hüququna xitam verdikdən sonra həmin mənzili iddiaçının digər övladına “bağışlaması” nəzərdə tutulur. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçının “gözlənti” hüququ pozulur. Gələcəkdə həmin mənzilə dair vərəsə ola bilməyəcəkdir. Cavabdeh və onun ailə üzvlərinə məxsus həmin mənzildə məhkəmə prosesləri başlayana qədər iddiaçı həmin mənzildən mütəmadi istifadə etmişdir. (iddiaçı qovana qədər). İddiaya gəldikdə isə aşağıdakı əsaslara görə iddia ərizəsi rədd edilməlidir. İddia ərizəsində iddiaçı cəhd edir ki, cavabdeh orda yaşamayıb, lakin bildirir ki, cavabdeh həmin mənzildə 2021-ci ilin sonlarına qədər yaşamışdır. Hətta cavabdehə məxsus əmlaklar bu gün də həmin mənzildə yerləşir. Bundan əlavə, cavabdehin özünün də həmin mənzildən istifadə hüququ qanuni qüvvədə olan məhkəmə qərarı ilə təsbit edilmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sübut “Arayışdan” ibarətdir. Lakin qanunvericilik həmin müddəaya kompensasiya verilməsi şərtini irəli sürür. İddia ərizəsinin məzmunundan da aydın olur ki, iddia ərizəsində kompensasiya verilməsi barədə hər hansı bir müddəa yoxdur. Heç iddia ərizəsində Mülki Məcəllənin 228-ci maddəsinə istinad edilməmişdir.

8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1470/2023 nömrəli qətnaməsi ilə (hakim F.E.Hətəmzadə) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh övladları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evinə istifadə hüquqları qanuni əsaslarla mövcud olduğundan və hal-hazırda iddiaçı tərəfindən cavabdehin həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxmasına dair məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən, onların həmin fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsassızdır. Eyni zamanda, mənzilin mülkiyyətçisi tərəfindən qarşı tərəfə istifadə hüququnun itirilməsi əvəzində kompensasiya verilməsi ilə bağlı iddia tələbi verilmədiyindən, məhkəmə tərəfindən belə bir hal üzrə araşdırma aparılmamalı və qərar qəbul edilməməlidir. Çünki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Mülki Məcəllənin 27.1, 27.2, 27.3, 228.5, 152.5, 152.6, 158.1, 158.1.2, 158.2, 158.4-cü maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında hüquq münasibətləri xx.xx.2009-cu ilədək yarandığından mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2009cu ilədək qüvvədə olan köhnə Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2023-cü il tarixli iddia ərizəsinə məhkəmə iclasına çağırılacaq 6 nəfərdən ibarət şahidlərin siyahısı göstərilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmənin baxış iclasında yalnız X8, X11 və X12 şahid qismində dindirilmiş, şahid X5 isə heç bir səbəb olmadan iclas zalından çıxarılmışdır. Məhkəmənin hazırlıq iclaslarında cavabdeh tərəfdən məhkəmə iclasına dəvət olunacaq şahidlərin siyahısı təqdim olunmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli baxış iclasında qarşı tərəfdən X16 və X9 məhkəməyə dəvət olunmuşlar. X2 şəxsiyyətini təsdiq edən sənədi olmadığı halda, məhkəmədə ifadə verilməsi üçün şərait yaradılmışdır. Onların hər ikisi Cavabdeh 2021-ci ilədək mübahisəlievdə yaşaması barədə məhkəməyə həqiqətə uyğun olmayan ifadələr vermişlər. Onlar (o cümlədən də cavabdehin özü) hətta mübahisəli evin neçə otaqdan ibarət olması, cavabdehin ailəsi ilə birlikdə hansı illərdə və hansı otaqda yaşamaları, uşaqlarının hansı məktəbdə təhsil almaları barədə onlara verilən suallara cavab verməkdən yayınmışlar. Maddi sübutların tədqiq edilməsi üçün yerində müayinə olunması məhkəmədən xahiş edilsə də, vəsatət təmin olunmamışdır. Məhkəməyə mübahisəli evin neçə otaqdan ibarət olmasını əks etdirən video görüntülər təqdim olunsa da, məhkəmə onları qəbul etməmişdir. Mübahisəli ev 1959-cu ildə inşa edilmişdir. Əvvəllər, sənəd üzrə yaşayış otağından və bağlı eyvandan ibarət olmuşdur. Sonradan əlavə tikililər inşa edilmiş və hal-hazırda iç-içə iki otaqdan və zaldan ibarətdir. Sol otaqlarda iddiaçının oğlu ailəsi ilə, sağ otaqda isə o, mərhum həyat yoldaşı ilə yaşamışdır. Hər dəfə otaqdan çıxaraq vanna otağına gedəndə, həyətə düşəndə zaldan keçirlər. Belə olan halda, cavabdehin ailə üzvləri ilə birlikdə zalda yaşaması qeyri-mümkündür. Məhkəmə baxış iclası zamanı cavabdeh bildirmişdir ki, ailə qurduqdan sonra ailə birlikdə bir müddət Zaqatala rayonunda yaşamışlar. Sonradan mübahisəli, ata evinə qayıdaraq orada yaşamışlar. Bu səbəbdən övladları Mübariz və Nərgiz mübahisəli evə yaxın olan məktəbdə oxumuşlar. Anası vəfat etdikdən sonradan evdən qovulmuş və ailəsi ilə birlikdə Nəsimi rayonunda yaşamışlar və övladları sonradan 14 saylı məktəbdə təhsillərini davam etdirmişlər. Mübahisəli evə yaxın olan 179 və 182 saylı tam orta məktəblərin verdiyi arayışlara əsasən Cavabdeh övladları - xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X15 heç vaxt sözügedən məktəblərdə oxumamışlar və hal-hazırda da oxumurlar. Bakı şəhəri Nəsimi rayonu 14 saylı tam orta məktəbin verdiyi xx.xx.2023-cü il tarixli, 251 saylı arayışına əsasən xx.xx.2009-cu il təvəllüdlü X15 2015/2016-cı il tədris ilində 14 saylı tam orta məktəbin birinci sinfinə qəbul olunmuş və fasiləsiz olaraq oxumuşdur və hal-hazırda 8b sinfində təhsilini davam etdirir. Bakı şəhəri Nəsimi rayonu 14 saylı tam orta məktəbin verdiyi xx.xx.2023-cü il tarixli, 250 saylı arayışına əsasənxx.xx.2010-cu il təvəllüdlü X10 2016/2017-ci il tədris ilində 14 saylı tam orta məktəbin birinci sinfinə qəbul olunmuş və fasiləsiz olaraq oxumuşdur və hal-hazırda 7a sinfində təhsilini davam etdirir. Hesab edir ki, həm cavabdeh, həm də onlar tərəfindən dəvət olunmuş şahidlər məhkəmədə bilə-bilə yalan ifadə vermişlər. Həqiqətən də cavabdeh ailə qurduqdan sonra ailəsi ilə birlikdə Zaqatala rayonunda yaşamış, sonradan Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən 14 saylı tam orta məktəbə yaxın binada yaşamışlar və uşaqları da sözügedən məktəbin 1-cisinfinə getmişlər və hal-hazırda da təhsillərin həmin məktəbdə davam etdirirlər. Mülki iş üzrə qətnamə qəbul edildikdən sonra, tərəfimdən məhkəməyə ərizə ilə müraciət edilərək, iş materialları və iclas protokolları ilə tanış olmağa şərait yaradılmasını və müvafiq sənədlərin kserosurətlərinin mənə verilməsini xahiş etmişdim. xx.xx.2023-cü il tarixdə iş materialları və iclas protokolları ilə tanış olan zaman aşağıdakılar müəyyən olunmuşdur: Protokolda tərəflərin məhkəmə çıxışlarının olması qeyd edilmişdir. Eyni zamanda həmin protokolda tərəflərin replika hüququndan istifadə etməmələri göstərilmişdir. Halbuki, məhkəmə xx.xx.2023-cü il tarixdə keçirilən baxış iclası zamanı tərəflərə çıxışlar üçün söz verməmiş, replika hüququndan istifadə edilməsi üçün şərait yaratmamışdır. Məhkəmə şahidlərin dindirilməsindən dərhal sonra müşavirə otağına getmiş, məhkəmə zalına qayıtdıqda sonra qətnamənin nəticə hissəsini elan etmişdir: “ İddia tələbi rədd edilsin”. Bununla da, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 209-211-cimaddələrinin tələbləri pozulmuşdur. İş materialları və iclas protokolları ilə tanış olan zaman məhkəmə prosesində baş vermiş qanun pozuntularına aydınlıq gətirilməsi məqsədi ilə məhkəmə iclaslarının videogörüntülərini tələb edilsə də, sözügedən videogörüntülər təqdim olunmamışdır. xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokoluna düzəlişlərin edilməsini və həmin düzəlişlərin düzgünlüyünün təsdiq edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1470/2023 saylı qərardadına əsasən protokollara dair verilmiş qeydlər tamamilə rədd edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmamış, tərəflərin çəkişmə, bərabərlik prinsipləri pozmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək, düzgün olmayan, əsaslandırılmayan, qanunsuz qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin xalası cavabdehi ona qarşı öyrətdi, başladılar ondan torpaq tələb etməyə, onu ayaqladılar. Cavabdeh ərə gedəndən sonra həmin evdə yaşamamışdır. Cavabdeh ərə gedəndən sonra bir həftə Zaqatalada, daha sonra Badamdar deyilən ərazidə, sonra isə Memar Əcəmi deyilən ərazidə yaşamışdır.

15. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, ailə qurduqdan sonra ailəsi ilə Zaqatalaya rayonuna köçmüş, 2 il orada yaşamışdır. Uşağın məktəbə getməsi ilə bağlı 2016-cı ildə Bakıya gəlmişlər. Rəfiqəsinin qaynanası 14 nömrəli məktəbdə işlədiyi üçün sənədləri həmin məktəbə vermişlər. Anası dünyasını dəyişənə kimi iddiaçının evində yaşamışdır. 2010-cı ildə həmin evə qayıtmış, lakin əri bir müddət onlarla yaşadıqdan sonra bacısına məxsus Xırdalan şəhərində olan bir otaqlı evdə qalmışdır. Anası dünyasını dəyişəndə oradan qovulmuşdur. Övladları Nəsimi rayonu ərazisində fəaliyyət göstərən məktəbdə təhsil alırlar. Atası ona torpaq sahəsi verəcəyinə söz vermişdir. Anası öldükdən sonra ona qarşı münasibəti dəyişmişdir.

17. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstutusiyası: Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

20. 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsi Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər... İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır... Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə iddia təmin edilmədiyindən və iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

25. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, habelə maddi hüquq normalarının tədbiqində səhvə yol vermiş, iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmişdir.

26. İşin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, cavabdeh hazırda iddiaçının mülkiyyətində olan evdə dünyaya gəlmiş, həmin zaman evə dair mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Cavabdehin 2008-ci ildə nikaha daxil olaraq evdən köçmüşdür.

27. İddiaçı bildirir ki, cavabdeh nikaha daxil olduqdan sonra evə qayıtmamış, cavabdeh isə bir müddət sonra həmin evə qayıdaraq yaşadığını, anasının xəstəliyi ilə bağlı ona qulluq etdiyini, anası 2021-ci ildə vəfat etdikdən sonra evdən qovulduğunu, cehiz əşyalarının hazırda da həmin evdə olduğunu bildirir.

28. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin yuxarıda istinad olunan normaları tədbiq edilməlidir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin 2008-ci ildə nikaha daxil olaraq evdən köçüb getməsi, hazırda da nikahda olması, uşaqlarının başqa ərazidə yerləşən məktəbdə təhsil alması onun iddiaçıya məxsus olan fərdi yaşayış evindən istifadə etmək ehtiyacının olmamasına dəlalət edir. Bundan əlavə, cavabdehin həmin evdə müvəqqəti olaraq yaşasa da, xəstə anasına qulluq etməklə bağlı olmuşdur.

30. Tərəflərin izahatları ilə müəyyən edilir ki, onlar arasında mübahisə evin yerləşdiyi torpaq sahəsinin bir hissəsi ilə bağlı yaranmışdır. Cavabdehin iddiaya verilmiş etirazından da görünür ki, onun niyyəti evdən istifadə etmək deyil, evin və torpaq sahəsinin gələcəkdə başqa şəxsə bağışlanmasının qarşısını almaqdır.

31. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan evdə cehiz əşyalarının olduğunu bildirsə də, məhkəmə kollegiyası tərəfindən iddiaçının mülkiyyətində olan evdə yerində müayinə keçirilərkən cavabdehə məxsus yalnız bir neçə suvenir, övladlarının şəkilləri və bir ədəd xalçanın olduğu müəyyən edilmişdir. Halbuki, həmin xalçanın iddiaçı tərəfindən cavabdehə məxsus olmadığı bildirilmişdir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)- 1470/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh (övladları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X15 ilə birlikdə) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi, döngə 1, 6 saylı evindən istifadə hüquqları itirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə cavabdeh X13 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar