Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4534/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allaverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzil köçürmə" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli 2(002)-901/2019-011 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3 ev özbaşına tikili olmaqla, Cavabdeh məxsusdur. O, cavabdehin oğlu X10 ilə 22 iyun 2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahdan 11 mart 2010-cu il təvəllüdlü X8 və 28 sentyabr 2014-cü il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. O, X13 ğlu ilə ailə qurduqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3 evə gəlin köçərək orada yaşamışdır. Mübahisəli evin elektrik və qaz təchizatı ilə bağlı sənədləri Cavabdeh adınadır. O, həmin evdə bir müddət mübahisəsiz yaşamış, lakin sonralar cavabdehin ailəyə müdaxilə etməsi nəticəsində aralarında olan münasibətlər pozulmuş və Cavabdeh onu 2 azyaşlı uşağı ilə birlikdə evdən qovmuşdur. Bundan sonra o, məcburiyyət qarşısında qalaraq kirayə tutduğu evdə qalmışdır. Halhazırda isə kirayədə qalmaq imkanı yoxdur. Cavabdeh isə onu azyaşlı uşaqları ilə gəlin gətirildiyi evdə yaşamağa qoymur. Onun həmin evdən başqa yaşayış yeri yoxdur. Qeyd olunanları nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli, 2(002)-901/2019- 011 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3 evi könüllü deyil, cavabdehin oğlu X10 ilə münasibətlərinin pozulması səbəbindən tərk etmişdir. X10 iddiaçıya yetirdiyi bədən xəsarətlərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş və hökm iddiaçı tərəfindən sübut kimi birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Aralarında baş verən həmin ailə-məişət münaqişəsindən sonra mübahisəli evdə yaşamağına cavabdeh tərəfindən imkan verilmədiyinə görə, iddiaçı keçmiş əri ilə birlikdə bir müddət kirayədə yaşamağa məcbur olmuş, sonuncu və onun ailəsi iddiaçını aldadaraq bildirmişlər ki, ev tikib orada yaşayacaqlar. Ona görə də, iddiaçı keçmiş əri ilə ümumi vəsaitləri hesabına ev tikməyə başlamış, lakin buna baxmayaraq, tikdikləri ev də cavabdeh tərəfindən zəbt olunmuşdur. Ümumiyyətlə, cavabdeh tərəfin mübahisəli evlə yanaşı, daha bir neçə böyük sahəli və yaşayış üçün əlverişli evləri mövcuddur. İddiaçı isə iki azyaşlı övladı ilə birlikdə kirayədə yaşayır. Maddi cəhətdən çətinliyi olduğundan və keçmiş əri tərəfindən aliment öhdəlikləri vaxtı-vaxtında və lazımi qaydada icra olunmadığından nəinki kirayə qaldığı evin pulunu vermək, hətta uşaqların ən zəruri ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Artıq belə bir vəziyyətdə kirayədə yaşamaq mümkün deyil və ona görə də iddiaçı gəlin köçdüyü və halhazırda da cehiz əmlaklarının mövcud olduğu mübahisəli evə köçüb orada yaşamaq istəyir. Bunun üçün dəfələrlə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3 evə köçmək məqsədilə cəhdlər etsə də, cavabdeh tərəfinin etirazları ilə qarşılaşmış, buna imkan verilməmişdir. İddiaçının azyaşlı övladlarının da birlikdə mübahisəli evdən başqa yaşayış yeri yoxdur və ona görə də, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Musayev Zaur Xəlil oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. Cavabadeh və vəkili Məmmədli Ənnağı Əbdül oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2020ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsi, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin sözügedən işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı məzmunda olmuşdur: “...Apellyasiya məhkəməsi işə təkrarən baxılarkən Qaradağ Rayon Məhkəməsinin 25 iyul 2014-cü il tarixli hökmünə əsaslanaraq iddiaçının mübahisəli yaşayış sahəsindən iradəsinə zidd olaraq işgəncə və təzyiqlər nəticəsində çıxarılması qənaətinə gəlmişdir. Lakin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, istinad edilən hökm 25.07.2014-cü il tarixdə çıxarılmışdır. İddiaçı və cavabdeh isə 19.06.2020-ci il tarixli məhkəmə iclasında verdikləri izahatlarında hər ikisi təsdiq edir ki, iddiaçı 2016-cı ildən evdən getmişdir. Belə olan halda, 2014-cü il tarixli hökmə istinad edilməklə iddiaçının 2016-cı ildə evdən işgəncə və təzyiqlər nəticəsində çıxarılması barədə apellyasiya məhkəməsinin mövqeyi düzgün olmamış, bu halla bağlı işdə olan sübutlara qiymət verilərkən Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 88-ci maddəsinin tələbləri pozulmuş, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 420-ci maddəsinin tələbləri pozularaq, kassasiya məhkəməsinin göstərişləri tam icra edilməmişdir. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, mübahisəli evi tərk etdikdən sonra bir müddət kirayə yaşamış, əri ilə ümumi vəsaitləri hesabına ev tikməyə başlamış, lakin buna baxmayaraq, tikdikləri ev də cavabdeh tərəfindən zəbt olunmuşdur. Apellyasiya məhkəməsi tərəfindən işin bu halı ilə bağlı araşdırma aparılmamış, məcburi çıxarıldığı halda, iddiaçının əri ilə birlikdə inşa etdiyini iddia etdiyi evin mövcud olub-olmaması, varsa, iddiaçının hansı səbəbdən həmin evə deyil, qayınatası tərəfindən inşa edilmiş evə köçmək istəməsi aydınlaşdırılmamışdır. Mübahisəyə qanunun analogiyası üzrə Mənzil Məcəlləsinin 68-ci maddəsinin tətbiq edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin maddə mübahisəyə tətbiq edilərkən iddiaçının maddədə nəzərdə tutulan kirayəçinin ailə üzvü, digər qohumu və ya digər şəxs statusunun hansına aid olması, hansı hallara əsasən cavabdehin iddiaçının yaşayış sahəsi ilə təmin etmək öhdəliyinin yaranması məsələsinə ətraflı hüquqi qiymət verilməlidir.” Mülki işin materiallarında olan Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ №278732 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 09 yanvar 2019- cu il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının Ələt qəsəbəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı 04 aprel 2019cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3 ünvanda yerləşən özbaşına tikilidə X10 və atası Cavabdeh qeydiyyatsız yaşayır. Həmin ünvanda başqa heç kim qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 277118 saylı nikahın bağlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Şahanə Məhəmmədəli qızı ilə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 iyun 2018-ci il tarixdə 1942 nömrə ilə qeyd edilmişdir. İş materiallarından məlum olur ki, X10 27 mart 2014-cü il tarixdə birlikdə yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu, “Təzəyurd” adlanan ərazidə yerləşən evdə İddiaçı gızı ütünü qəsdən İddiaçı hər iki qoluna basaraq ona bədən xəsarətləri yetirmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1 (002)-171/2014 saylı, 25 iyul 2014-cü il tarixli hökmünə əsasən X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Apellyasiya icraatında işə baxılarkən məhkəmə kollegiyası tərəfindən mübahisəli ünvana baxış keçirilmişdir. Baxış keçirilərkən müəyyən olunmuşdur ki, İddiaçı yaşamaq istədiyi mübahisəli ev kürsülü bir mərtəbəli mişar daşı ilə tikilmiş evdir. Ev faktiki 2 hissədən ibarətdir və hər hissənin ayrıja giriş qapısı vardır. Birinji giriş qapısından daxil olduqda, orada bir otaq-mətbəx və bir yataq otağı vardır. Javabdeh həmin hissədə özünün ailəsi ilə yaşadığını bildirdi. Digər qapıdan daxil olduqda isə orada dəhliz, 2 otaq və 1 mətbəx vardır. Tərəflərin bildirdiyinə görə, iddiaçı əvvəllər 2 otaqdan ibarət olan 2-ji hissədə yaşamışdır. Javabdeh həmin hissədə hazırda onun oğlunun öz ailəsi ilə birgə yaşadığını bildirdi. Həyət hasara alınmışdır və giriş-çıxış darvazası vardır. Həyətin hasarının digər tərəfində, mübahisəli tikilidən təxminən 10 metr aralıda 2 mərtəbəli fərdi yaşayış evi vardır. Həmin tikili ayrıja həyətdə yerləşir. Javabdeh həmin tikilinin onunla keçmiş ərinin birgə vəsaiti hesabına onların yaşaması üçün tikildiyini, lakin evin və torpağın keçmiş qaynı Müşfiqin adına sənədləşdirildiyini bildirir. Hazırda həmin evdə javabdehin digər oğlu Müşfiq öz ailəsi ilə birlikdə yaşayır. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı iddia etdiyi Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 20 V saylı ev Cavabdeh tərəfindən bunun üçün ayrılmayan torpaq sahəsində özbaşına inşa edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı X10 ilə 2010-cu ildə ailə qurduqdan sonra mübahisəli evə gəlin köçmüşdür. Həmin evdə o, təxminən 3-4 il X10 ilə ər-arvad kimi birgə yaşamış, lakin sonradan münasibətləri pozulmuş, 2014-cü ildə Bəhruz Məmmədov onu döyərək xəsarət yetirdiyinə görə AR CM-nin 127.2.2-ci maddəsi ilə məhkum edilmişdir. Bundan sonra iddiaçı əri ilə barışaraq, qarşılıqlı razılıq əsasında 2016cı ildə mübahisəli evi könüllü tərk edərək Ələt qəsəbəsində başqa ünvanda kirayədə yaşamağa başlamışlar. 09 yanvar 2018-ci ildə X10 və İddiaçı nikahı məhkəmə qaydasında ləğv edilmişdir. Bundan sonra, X1 Şahanə Məhəmmədəli qızı ilə 20 iyun 2018-ci ildə nikah bağlamışdır və hazırda mübahisəli evdə iddia olunan otaqda 2 azyaşlı uşaqları ilə birlikdə yaşayır. İddiaçı niyə məhz yeni tikilidə deyil, bu köhnə evdə yaşamaq istəməsinin səbəbini onun məhz həmin evə gəlin gəlməsi və yeni tikilinin qaynının adına olması ilə izah etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələbinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikilini inşa edən və onun ailə üzvləri həmin evə hər hansı hüquq, habelə istifadə hüququ əldə etmir. İddiaçı Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikiliyə oğlu X4 arvadı kimi gəlin gətirilsə də, oradan istifadə hüququ əldə etməmişdir. Bundan əlavə, İddiaçı həmin mənzildə bir müddət yaşadıqdan sonra əri X10 ilə birlikdə oradan könüllü çıxıb getmiş, başqa ünvanda yaşamışlar. X10 ilə nikahları pozulduqdan sonra həmin iddianı qaldırmışdır. İşin müəyyən edilən hallarını və qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisəli fərdi tikiliyə hər hansı hüquq əldə etməmiş, bu səbəbdən hazırkı iddia tələbinin təmin olunması üçün hüquqi əsaslar olmamış, işə baxan birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli, 2(002)-901/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4534/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4534/2021
05.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver