Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4535/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh İB-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əmrin və əmək müqaviləsinin ləğv edilməsi, əvvəlki ixtisas dərəcəsinə və vəzifəyə bərpa olunması, əmək haqqının və pul təminatının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) 26 avqust 2008-ci il tarixdə Cavabdeh İB-nin (cavabdeh) Yasamal rayon Qaz İstismar İdarəsinə “Qazın qəbulu, satışı və hesabatı şöbəsi”nə 7-ci dərəcəli operator (kompüter üzrə) peşəsinə işə qəbul olunmuş, Cavabdeh İB-nin 11 mart 2009-cu il tarixli 06/K saylı əmri əsasında 8-ci dərəcəli kompüter operatoru peşəsinə, 26 aprel 2011-ci il tarixli 57 K saylı əmrə əsasən isə Yasamal rayon Qaz İstismarı İdarəsində “Təbii qazın qəbulu və satışı şöbəsi”nə 8-ci dərəcəli texnik vəzifəsinə keçirilmişdir.
2. İddiaçı 19 iyul 2014-cü il tarixdə X3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və Mübariz adlı ilk övladını 30 mart 2015-ci il tarixdə dünyaya gətirmiş, bu səbəblə sosial məzuniyyətə çıxmışdır.
3. İddiaçı, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin “Qazın balansı və satışı şöbəsi”ndə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilməsi ilə bağlı müraciət etmişdir.
4. 22 dekabr 2015-ci il tarixdə iddiaçı və cavabdeh arasında əmək müqaviləsi bağlanmış, iddiaçı 23 dekabr 2015-ci il tarixli əmrlə əmək müqaviləsi əsasında bir il müddətinə Birliyin Bakı Regional Qazın Satışı Departamentinin “Qazın balansı və satışı şöbəsi”ndə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə təyin edilmişdir.
5. Həmin tarixli əmrlə iddiaçının ərizəsi əsasında başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən – “Təbii qazın qəbulu və satışı şöbəsi”ndə 8-ci dərəcəli texnik vəzifəsindən azad edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, analıq məzuniyyətində olduğu dövrdə Cavabdeh İB tərəfindən 22 dekabr 2015-ci il tarixdə tərtib olunmuş əmək müqaviləsinin, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair əmrin və əmək müqaviləsinin qanunsuz və əsassız olduğu üçün ləğv olunması, Cavabdeh İB-nin üzərinə iddiaçının analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8ci dərəcəli texnik vəzifəsinə bərpa olunması, analıq məzuniyyətindən qayıtdıqdan sonra qanunsuz olaraq çıxarıldığı əvvəlki 8-ci dərəcəli texnik vəzifəsi üzrə əmək haqqı və pul təminatının Cavabdeh İB tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 26 avqust 2008-ci il tarixdə Cavabdeh İB-nin Yasamal rayon Qaz İstismar İdarəsinə “Qazın qəbulu, satışı və hesabatı şöbəsi”nə 7-ci dərəcəli operator (kompüter üzrə) peşəsinə işə qəbul olunmuş, daha sonra Cavabdeh İB-nin 11 mart 2009-cu il tarixli 06/K saylı əmri üzrə 8-ci dərəcəli kompüter operatoru peşəsinə keçirilmişdir. Cavabdeh İB üzrə 26 aprel 2011-ci il tarixli 57 K saylı əmrə əsasən Yasamal rayon Qaz İstismarı İdarəsində təbii qazın qəbulu və satışı şöbəsinə 8-ci dərəcəli texnik vəzifəsinə işə keçirilmiş və həmin vəzifədə ailə həyatı qurduğu tarixə qədər, yəni 2014-cü ilə qədər işləmişdir. 30 mart 2015-ci il tarixdə oğlu Mübarizin dünyaya gəlməsi səbəbindən qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə etmiş və analıq məzuniyyətinə çıxmışdır. 20 iyul 2016-cı il tarixdə 2-ci dəfə ana olmuş, analıq məzuniyyətini autizm xəstəsi olan övladının səhhəti ilə bağlı 2021-ci ilin yanvar ayına qədər uzatmışdır. İşə çıxdıqda əmək və sosial hüquqlarının kobud şəkildə pozulmasını, autizm xəstəsi olan övladı 30 mart 2015-ci il təvəllüdlü Mübarizi müalicə etdirdiyi dövrdə - 22 dekabr 2015-ci il tarixdə Cavabdeh İB ilə saxta əmək müqaviləsi bağlandığını, 2015-ci ilin dekabr ayında 8 aylıq xəstə uşağını qoyub işə çıxmağı barədə onun yerinə və onun xəbəri olmadan adından Cavabdeh İB-nin rəhbərliyinin adına ərizə yazıldığını öyrənmişdir. İşə çıxanda isə ixtisas dərəcəsi 8-ci dərəcədən 5-ci dərəcəyə qanunsuz olaraq salınmışdır. Cavabdeh İB ilə 22 dekabr 2015-ci il tarixdə heç bir əmək müqaviləsi bağlamamışdır. 2014-cü ildən 2021-ci ilədək analıq məzuniyyətində olması ilə bağlı əmək kitabçasında heç bir qeydiyyat aparılmamışdır.
8. 05.08.2021-ci il tarixdə cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 1 aylıq iddia müddətini ötürməsinə istinad etməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
9. 5 avqust 2015-ci il tarixdə iddiaçının şəxsi işinin əslinin məhkəməyə təqdim edilməsi üçün Bakı şəhər Xətai Rayon Məhkəməsi (məhkəmə və ya birinci instansiya məhkəməsi) tərəfindən Cavabdeh İB-yə sorğu göndərilmişdir.
10. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə tələb olunan sübutları məhkəməyə təqdim etmədiyi üçün Cavabdeh İB 220 manat miqdarında cərimə olunmuşdur.
11. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının vəsatəti təmin edilmiş, iddiaçı və Cavabdeh İB arasında bağlanmış əmək müqaviləsinin və iddiaçının şəxsi işinin Cavabdeh İB tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır.
12. Məhkəmənin 3 sentyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi qərara alınmışdır.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2022-ci il tarixli, 4/1672 saylı ekspert rəyinə əsasən 22 dekabr 2015ci il tarixli ərizədə, həmçinin iddiaçı və cavabdehin arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli əmək müqaviləsində olan yazıların və imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir.
14. Birinci instansiya məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən tərtib edilmiş 22 dekabr 2015-ci il tarixli 82/k saylı əmrin, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli 795 saylı əmək müqaviləsinin, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair 23 dekabr 2015-ci il tarixli SOCAR/15-2900/xx-xx-001305 saylı əmrin ləğv olunması, İddiaçı analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunması, iddia tələbinin qalan hissədə, yəni “analıq məzuniyyətindən qayıtdıqdan sonra qanunsuz olaraq çıxarıldığı əvvəlki 8-ci dərəcəli texnik vəzifəsi üzrə əmək haqqı və pul təminatının Cavabdeh İB tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi” hissəsində rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun onun özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manatın İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 26 aprel 2011-ci il tarixli 57 K saylı əmrə əsasən Yasamal rayon Qaz İstismarı İdarəsində təbii qazın qəbulu və satışı şöbəsinə 8-ci dərəcəli texnik vəzifəsinə keçirilmişdir. İddiaçı 19 iyul 2014-cü ildə X3 ilə ailə həyatı qurmuş, o, ilk övladı Mübarizi 30 mart 2015-ci il tarixdə dünyaya gətirmişdir. İddiaçı analıq məzuniyyətində olarkən 22 dekabr 2015-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. İş materiallarından görünür ki, iddiaçının ərizəsi əsasında o, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilməsi ilə bağlı müraciət etmişdir. 22 dekabr 2015-ci il tarixdə iddiaçı və cavabdeh arasında əmək müqaviləsi bağlanmış, iddiaçı 23 dekabr 2015-ci il tarixli əmrlə əmək müqaviləsi əsasında bir il müddətinə Birliyin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə təyin edilmişdir. İşin hallarından görünür ki, iddiaçı analıq məzuniyyətində olmasına baxmayaraq, onunla bir əmək müqaviləsinə xitam verilmiş, digər müqavilə bağlanmışdır.
16. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf məhkəmə iclaslarında iştirak edərək iddiaçının şəxsi ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə, daha sonra isə öz razılığı ilə yeni vəzifəyə keçirilməsinə istinad edərək iddia tələbinə etiraz etmişdir. Lakin cavabdeh bu halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən cavabdehə sorğular göndərilmiş, iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin, iddiaçı tərəfindən yazılmış ərizənin, iddiaçının şəxsi işinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Lakin Cavabdeh İB məhkəmənin sorğusuna cavab verməmiş, mülki işin araşdırılması üçün tələb edilən zəruri sənədləri məhkəməyə təqdim etməmiş və məhkəmənin müvafiq qərardadına əsasən cərimə olunmuşdur.
17. Məhkəmə əmək müqaviləsinə, habelə iddiaçının qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair əmrə münasibətdə qeyd etmişdir ki, 22 dekabr 2015-ci il tarixli müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Belə olan halda 23 dekabr 2015-ci il tarixli əmr də qanuni hesab edilə bilməz.
18. Beləliklə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəf iddiaçının öz ərizəsi və razılığı əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini və digər vəzifəyə keçirilməsini təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, iddiaçı analıq məzuniyyətində olduğu halda onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyindən, həmçinin iddiaçının 23 dekabr 2015-ci il tarixli əmrlə keçirildiyi peşə qadın əməyinin tətbiqi qadağan olunan peşələr siyahısına daxil olduğundan, Cavabdeh tərəfindən tərtib edilmiş 22 dekabr 2015-ci il tarixli, 82/k saylı əmr, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli 795 saylı əmək müqaviləsi, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair 23 dekabr 2015-ci il tarixli əmr ləğv olunmalı, iddiaçı analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunmalıdır.
19. Məhkəmə iddia tələbinin "analıq məzuniyyətindən qayıtdıqdan sonra qanunsuz olaraq çıxarıldığı əvvəlki 8-ci dərəcəli texnik vəzifəsi üzrə əmək haqqı və pul təminatının "Azəriqaz” İB tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi” hissəsinə qiymət verərək belə hesab etmişdir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbini həmin hissədə əsaslandırmamışdır, məhkəməyə iddiaçının 5-ci dərəcəli çilingər vəzifəsində çalışarkən aldığı əmək haqqı ilə bağlı sənədlər təqdim olunmuş, lakin onun daha öncəki dövrdə 8-ci dərəcəli texnik vəzifəsində çalışarkən aldığı əmək haqqının miqdarı ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə tərəfindən həmin əmək haqqı fərqinin hesablanması mümkün olmamışdır.
20. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, pul tələbi ilə əlaqədar işçinin, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ mövcuddur. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində pul vəsaiti də tələb etdiyindən, həmçinin o, 2021-ci ildə işə geri qayıtdığından iddia ərizəsi ilə 4 iyun 2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Ona görə də, cavabdehin ərizəsi əsassızdır.
21. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsini 1 -ci və 3-cü hissəsinə, 296-cı maddəsinin 2-ci bəndinə, 241.1 və 296.4-cü maddəsinə, "Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yerlatı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına istinad etmişdir.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Qətnamədən apellyasiya şikayəti verən cavabdehin nümayəndəsi onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla, işi tam və hərtərəfli araşdırmadan qanunazidd qətnamə qəbul etmişdir. Qanunvericilikdə “Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının,haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün” olması göstərilmişdir. Qeyd edilməlidir ki, iddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 795 saylı əmək müqaviləsi şəxsin öz iradəsi ilə ifadə etdiyi müraciətindən sonra rəsmiləşdirilmiş, həmin müqavilənin sürəti ona bir gün sonra yəni xx.xx.2015-ci il tarixdə rəsmi olaraq təqdim edilmiş, iddiaçı müqavilədən rəsmi olaraq məlumatlı olmasına baxmayaraq həmin halı uzun müddət mübahisələndirməmişdir. Məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxılmamış, iş materialları hərtərəfli araşdırılmadan əsassız olaraq iddiaçının xeyrinə qətnamə qəbul edilmişdir. Bundan əlavə, məhkəmə tərəfindən ekspertizanın rəyi nəzərə alınmamış, ekspertiza tərəfindən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə cavabdehin imza etməsi müəyyən edilsə də, əmək müqaviləsinə qanunun tələblərinə zidd olaraq müqavilənin ləğv edilməsi barədə qərar qəbul etmişdir. Bununla da cavabdehin ziyanına olan qətnamə elan etmişdir. Məhkəmə xx.xx.2015-ci il tarixli əmək müqaviləsini qanunun tələblərini pozmaqla bağlanmasını qeyd etsə də, faktiki olaraq pozuntunun nədən ibarət olmasını tam əsaslandırmamış, iddiaçının könüllü olaraq xx.xx.2015-ci il tarixli müraciətini isə görməməzlikdən gəlmiş, bu halı düzgün qiymətləndirməmişdir.
24. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı bildirmişdir ki, iddiaçı 2015ci ildə vəzifəsinin dəyişdirilməsi barədə məcburiyyət qarşısında qalıb ərizə yazsa da, əmrdən xəbərdar olmamışdır. Çünki analıq məzuniyyətində olduğu halda aşağı vəzifəyə keçmək iddiaçıya lazım deyil idi. İddiaçı hal-hazırda da Cavabdehndə işləyir. Belə ki, 2021 -ci ilin fevralında işə geri qayıtmışdır, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmrin iddiaçıya verildiyi cavabdeh tərəfindən təqdim edilən sənədlərdən sübut olunmur, (işçinin hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq- hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür). İddiaçı daha sonra Bakı İnzibati Məhkəməsinə və 4 iyun 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də cavabdehin ərizəsi əsassızdır.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (apellyasiya instansiyası məhkəməsi) xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin Maddə 2-ci maddəsinin 3-cü hissəsinə, 111-ci maddəsinə, 69-cu maddəsinin 1-ci hissəsinə, 69-cu maddəsinin 3-cü hissəsinə, 241.1-ci maddəsinə, 296-cı maddəsinin 2-ci bəndinə və 296.4-cü maddəsinə, “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yerlatı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına istinad etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2023-cü il tarixli qərarı ilə cavabdehin nümayəndəsinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
29. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...İddiaçı bildirir ki, 30 mart 2015-ci il tarixdə övladı anadan olduğundan qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə etmiş və analıq məzuniyyətinə çıxmışdır. 20 iyul 2016-cı il tarixdə iddiaçı 2-ci övladı anadan olmuş və analıq məzuniyyətini autizm xəstəsi olan övladının səhhəti ilə bağlı 2021-ci ilin yanvar ayına qədər uzatmışdır. Analıq məzuniyyətindən qayıtdıqdan sonra əvvəlki vəzifəsindən qanunsuz olaraq çıxarıldığını öyrənmiş və məhkəməyə müraciət etmişdir. Məhkəmələr tərəfindən işə baxılan zaman isə 22 dekabr 2015-ci il tarixli ərizədə və iddiaçı ilə cavabdehin arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli müqavilədə olan yazıların və imzanın iddiaçı tərəfindən icra olunub-olunmadığını müəyyən etmək üçün məhkəmə tərəfindən xətşünaslıq ekspertizası keçirilməsi barədə qərardad qəbul edilmiş və ərizədə və müqavilədəki yazıların iddiaçı tərəfindən yazılıb imzalandığı müəyyən edilmişdir. Cavabdeh isə həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya şikayətinin dəlillərində xx.xx.2015-ci il tarixli 795 saylı əmək müqaviləsinin iddiaçının öz iradəsi ilə ifadə etdiyi müraciətindən sonra rəsmiləşdirildiyini, həmin müqavilənin surətinin ona bir gün sonra yəni xx.xx.2015-ci il tarixdə rəsmi olaraq təqdim edildiyini, iddiaçının müqavilədən rəsmi olaraq məlumatlı olmasına baxmayaraq həmin halı uzun müddət mübahisələndirmədiyini və əmri mübahisələndirmək üçün iddia müddətinin ötürüldüyünü qeyd etmişdir. ...Məhkəmə kollegiyası qeyd edir ki, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində iddia müddəti ilə bağlı ərizəyə verilən hüquqi qiymət düzgün olmamış, cavabdehin dəlilləri ilə bağlı ətraflı araşdırma aparılmamış, iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verərkən iddia tələblərindən birinin pul tələbi olması əsası ilə işə 1 illik iddia müddətinin tətbiq edilməsi barədə mövqeləri düzgün olmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının yalnız əmrin ləğvi və işə bərpa tələblərini əsaslı hesab edərək təmin etmiş, apellyasiya məhkəməsi də məhkəmənin mövqeyi ilə razılaşmışdır. Halbuki, məhkəmələr iddia müddəti barədə ərizəyə hüquqi qiymət verərkən, təmin edilmiş iddia tələbləri üzrə tətbiq edilməli olan iddia müddətinə dair mövcud maddi hüquq normasını tətbiq etməmişlər. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyənləşdirmədən, iddiaçının hansı məzuniyyət növündən hansı tarixlərdə istifadə etməsini aydınlaşdırmadan, iddiaçının hazırki iddia tələbləri ilə məhkəməyə 5 ildən sonra müraciət etməsini nəzərə almadan və iddiaçının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2ci bəndində göstərilən 1 aylıq müddəti ötürüb-ötürməməsini araşdırmadan iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan qətnamə qəbul etmişdir. ...İddia müddəti dedikdə - məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müddət başa düşülür. İddia müddətinin mahiyyəti ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsi ilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Bunun üçün ilk növbədə iddia müddətini düzgün hesablamaq lazımdır. İddia müddəti axımının başlanması anının müəyyən edilməsi onun düzgün və dəqiq hesablanması üçün həlledici rol oynayır. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. O gündən ki, həmin gün pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanı yaranır. İddia hüququnun əmələ gəldiyi gün isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (Mülki Məcəllənin 377.1 -ci maddəsi). Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. ...İş materiallarından görünür ki, iddiaçı 22 dekabr 2022-ci il tarixdə Cavabdeh İB-nin Bakı regional qazın satışı departamentinin Qazın balansı və satışı şöbəsinə “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” vəzifəsinə qəbul olmaq üçün göndərişə, həmin tarixdə qeyd olunan vəzifəyə qəbul edilmək üçün ərizəyə və vəzifəyə təyin olunma barədə bağlanmış 795 nömrəli əmək müqaviləsinə şəxsən imza etmişdir. Həmçinin, iddiaçı xx.xx.2020-ci il tarixdə əmək hüquqlarının pozulması və uşağının xəstəliyi ilə əlaqədar 6 ay müddətinə ödənişsiz məzuniyyətin verilməsi barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) və Cavabdeh İB-yə müraciət ünvanlamış, müraciətinə xx.xx.2020-ci il tarixdə Cavabdeh İB tərəfindən cavab verilmişdir. Həmin müraciətə cavabda iddiaçıya 22 dekabr 2015-ci il tarixli ərizəsinə əsasən Birliyin 23 dekabr 2015-ci tarixli, SOCAR/15-2900/xx-xx-001305 nömrəli əmri ilə Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edildiyi, sahə üzrə ixtisasları uyğun olan ali və orta ixtisas təhsilli texnik vəzifəsi üzrə işləyən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi ilə onların imtahana dəvət edildiyini, iddiaçının isə ali və orta ixtisas təhsilli olmadığı üçün imtahana dəvət olunmadığı bildirilmişdir. Göründüyü kimi iddiaçı 22 dekabr 2015-ci il tarixdə əmək müqaviləsi üzrə vəzifəsinin, əmək şəraitinin və ixtisas dərəcəsinin dəyişməsindən məlumatlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan hallara diqqət yetirməmiş, mübahisə tərəfi olan cavabdehin hazırki əmək mübahisəsinə iddia müddətinin tətbiqi barədə müraciətinə düzgün hüquqi mövqedən yanaşmamışdır. ...Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinə etirazda qeyd etdiyi dəlillərə münasibətdə qeyd edir ki, işə yenidən baxan apellyasiya məhkəməsi iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verdikdən sonra iddiaçının "qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsinə təyin edilməsi barədə əmr qəbul edilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 228-ci maddəsinin tələblərinə riayət edilib-edilməməsi məsələsinə də hüquqi qiymət verməlidir. İddiaçının "qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsinə təyin edilməsinin Əmək Məcəlləsinin 228-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli, 170 nömrəli qərarı ilə təsdiq edilmiş "Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin” Siyahısının müvafiq bəndləri və tərəflər arasında bağlanmış 795 nömrəli əmək müqaviləsinin 3.1-ci bəndinin (işçinin əmək funksiyası) dispozisiya şərtləri qarşılıqlı təhlil edilməlidir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, işə baxan apellyasiya məhkəməsi iddiaçının qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə təyin edilməsinin Əmək Məcəlləsinin 241.1-ci maddəsinin tələblərinin pozuntusu kimi qeyd etsə də, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” 05 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə həmin maddə ləğv edilmişdir.
Təkrar apellyasiya baxışı, verilən izahatlar
30. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla apellyasiya şikayətini müdafiə etmiş, iddiaçının nümayəndəsi (həyat yoldaşı) isə iddia ərizəsinin, eləcə də birinci instansiya məhkəməsində verdiyi izahatın məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişdir.
31. İddiaçının nümayəndəsi həmçinin qeyd etmişdir ki, həyat yoldaşı hüququnun pozulduğu barədə xx.xx.2015-ci il tarixdə məlumat əldə edərək həmin gün Cavabdeh İBnin rəhbərliyinə ərizə yazıb xx.xx.2015-ci il tarixli ərizəsinin etibarsız sayılmasını xahiş etmiş, problemin həll ediləcəyi barədə ona söz verildiyindən, həm də başları uşaqlarının xəstəliyinə görə qarışıq olduğundan həmin dövrdə məhkəmədə iddia qaldırmamışlar. Bu səbəblə iddia müddətini ötürmüş hesab oluna bilməzlər, əgər bu müddət ötürülmüşdürsə belə, onun ötürülməsinin səbəbləri üzrlü hesab olunmalıdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
32. Maddə 11 (“ə” bəndi). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.
33. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
34. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
35. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: ("a”) tərəflərdən birinin təşəbbüsü; (“b”) əmək müqaviləsinin müddətinin qurtarması; (“c”) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; (“ç”) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); (“d”) tərəflərin iradəsindən asılı olmayan hallar; (“e”) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
36. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: (“a”) müəssisə ləğv edildikdə; (“b”) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; (“c”) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; (“ç”) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; (“d”) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; (“e”) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
37. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
38. Maddə 125. 1. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
39. Maddə 228. Qadınların, yaşı 18-dən az olan işçilərin, habelə əmək şəraiti zərərli və ağır olan işçilərin əməyinin mühafizəsi sahəsində münasibətlərin xüsusiyyətləri bu Məcəllə və müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
40. Maddə 296.2. Bu maddənin birinci hissində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
41. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
42. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
46. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
52. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdehin nümayəndəsi isə yalnız qeyd edilən hissədən apellyasiya şikayəti vermişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin edilməməsi ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
53. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
54. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
55. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsinin iddia müddəti ilə bağlı ərizəyə verdiyi hüquqi qiymət, xüsusilə də iddia tələblərindən birinin pul tələbi olması əsası ilə işə 1 illik iddia müddətinin tətbiq edilməsi barədə mövqe düzgün olmamışdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün əsas mövcud deyildir.
56. Kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, iddiaçı 22 dekabr 2015-ci il tarixdə Cavabdeh İB-nin Bakı regional qazın satışı departamentinin “Qazın balansı və satışı şöbəsi”nə “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” vəzifəsinə qəbul olmaq üçün göndərişə, həmin tarixdə qeyd olunan vəzifəyə qəbul edilmək üçün ərizəyə və vəzifəyə təyin olunma barədə bağlanmış 795 nömrəli əmək müqaviləsinə şəxsən imza etmişdir.
57. Təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin təqdim etdiyi ərizə surətindən aydın olmuşdur ki, iddiaçı xx.xx.2015-ci il tarixdə Cavabdeh İB-nin rəhbərliyinə şikayət üznvanlayaraq xx.xx.2015-ci il tarixdə Nara adlı əməkdaşın onu qanunsuz olaraq işə çağırıb 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilməsi barədə ondan hədə-qorxu ilə ərizə aldığını, analıq məzuniyyətində olduğunu bildirməsinə məhəl qoymadığını göstərmiş, yazdırılan həmin ərizənin etibarsız sayılmasını və Nara adlı əməkdaşın cəzalandırılmasını xahiş etmişdir.
58. İş materiallarından həmçinin görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə əmək hüquqlarının pozulması və uşağının xəstəliyi ilə əlaqədar 6 ay müddətinə ödənişsiz məzuniyyətin verilməsi barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) və Cavabdeh İB-yə müraciət ünvanlamış, müraciətinə xx.xx.2020-ci il tarixdə Cavabdeh İB tərəfindən cavab verilmiş, cavabda iddiaçıya 22 dekabr 2015-ci il tarixli ərizəsinə əsasən Birliyin 23 dekabr 2015-ci tarixli, SOCAR/15- 2900/xx-xx-001305 nömrəli əmri ilə Bakı Regional Qazın Satışı Departamentinin “Qazın balansı və satışı şöbəsi”nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edildiyi, sahə üzrə ixtisasları uyğun olan ali və orta ixtisas təhsilli texnik vəzifəsi üzrə işləyən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi ilə onların imtahana dəvət edildiyini, ali və orta ixtisas təhsilli olmadığı üçün onun imtahana dəvət olunmadığı bildirilmişdir.
59. Göründüyü kimi iddiaçı əmək müqaviləsi üzrə vəzifəsinin, əmək şəraitinin və ixtisas dərəcəsinin dəyişməsindən ən azından 2020-ci ilin ortalarında məlumatlı olmuş, 2021-ci ilin ortalarında məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür.
60. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
61. 30 iyul 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddədə göstərilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.
62. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
63. Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
64. Kollegiya, birinci instansiya məhkəməsinin “iddiaçının “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsinə təyin edilməsinin Əmək Məcəlləsinin 228-ci maddəsinin tələblərinə uyğun olmadığı” qənaəti ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli 170 nömrəli qərarı ilə təsdiq edilmiş “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin” Siyahısında “neft-mədən avadanlığının təmiri və texnoloji avadanlığın quraşdırılması və xidməti ilə məşğul olan təmirçi-çilingər” vəzifəsi göstərilsə də, iddiaçının əmək funksiyası “neft-mədən avadanlığının təmiri və texnoloji avadanlığın quraşdırılması” ilə bağlı olmamışdır.
65. Həmçinin nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 241.1-ci maddəsi 05 noyabr 2022-ci il tarixli Qanunla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli 170 nömrəli qərarı isə Nazirlər Kabinetinin 31 may 2023-cü il tarixli 172 nömrəli qərarı ilə ləğv edilmişdir.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-125/2022 saylı iş üzrə 18 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh tərəfindən tərtib edilmiş 22 dekabr 2015-ci il tarixli 82/k saylı əmrin, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli 795 saylı əmək müqaviləsinin, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair 23 dekabr 2015-ci il tarixli SOCAR/15-2900/xx-xx-001305 saylı əmrin ləğv olunması, İddiaçı analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunması” hissəsində ləğv olunsun və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı həmin iddia tələbləri təmin edilməsin. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə