Məhkəmə qərarları › İş №2(103)-4537/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4537/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4537/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X20 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı X5 nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh MMC, X12 və X3 nümayəndəsi və vəkili X15 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı X5 ilkin iddia üzrə cavabdehlər Cavabdeh MMC-yə, X9 və X4 qarşı “pul tələbi”nə dair ilkin iddiası; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh X8 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli, 2(005)-3718/2019 saylı qətnaməsindən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh X5 vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (bundan sonra-iddiaçı) X11 iddia ərizəsi və iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh MMC-dən, X6 və X2 onun xeyrinə ümumilikdə 35600 ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılır ki, X11 ilə Cavabdeh MMC arasında imzalanmış 16 mart 2016-cı il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən borc olaraq cavabdeh MMC-nin fəaliyyətini maliyyələşdirmək üçün 20 000 (iyirmi min) ABŞ dolları məbləğində sərmayə yatırılmışdır.Tərəflər arasında rəsmiləşdirilmiş müqaviləyə əsasən sərmayə məbləği 2 ildən az olmamaq şərti ilə cavabdehə verilmiş, həmin məbləğ cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığı olaraq cavabdeh MMC hər ayın 20-si tarixinədək iddiaçıya 400 (dörd yüz) ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə sərmayəçi (indiki halda iddiaçı) tərəfindən birtərəfli qaydada xitam verildikdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. Lakin, cavabdeh MMC tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər bu günədək icra edilməmişdir. Qeyd olunan müqavilənin müddəti 16.03.2018-ci il tarixində başa çatmış və daha sonra 01.07.2019-cu il tarixinədək uzadılmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanan müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilə müddəti başa çatdığından iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilmiş və bununla bağlı cavabdehə bildiriş göndərilmişdir. Müqaviləyə birtərəfli xitam verilməsi ilə bağlı cavabdeh MMC-yə bildiriş göndərilərkən cavabdehdən müqavilə üzrə ona verilmiş 20 000 (iyirmi min) ABŞ dolları sərmayə məbləğini, eyni zamanda sərmayə məbləğinə görə aylıq ödənilməli, lakin müqavilə bağlandığı tarixdən bu günədək ödənilməmiş ümumilikdə 15 600 (on beş min altı yüz) ABŞ dolları məbləğində gəlirin cəmi 35 600 (otuz beş min altı yüz) ABŞ dolları məbləğində vəsaitin 5 iş günü müddətində geri qaytarılması tələb edilmişdir. Lakin, cavabdeh MMC tərəfindən bu tələb də icra edilməmişdir. İlkin iddianın dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən İddiaçı xeyrinə ümumilikdə 35 600 (otuz beş min altı yüz) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Yasamal Rayon Polis İdarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “Araşdırma zamanı izahatı alınmış X12 göstərmişdir ki, Cavabdeh MMC qeyri-rəsmi olsa da, reallıqda özünə məxsusdur, lakin həmin MMC 2005-ci ildə dövlət qeydiyyatından keçirərkən onu tanışı və həmin vaxtlar mühasib kimi ona köməklik edən X16 adına rəsmiləşdirilmişdir. Bundan sonra isə 2008-ci ildə o, həmin MMC R.Xəlilovun adından rəsmi qaydada öz anası X3 adına keçirmiş və bununla bağlı MMC Vergi orqanlarından yenidən qeydiyyatdan keçirərək MMC-nin 100%-i anası S.İsmayılovanın adına rəsmiləşdirilmiş və həmçinin MMC-nin direktoru kimi X13 təyin olunmuşdur. Rəsmi sənədlərə uyğun olaraq onun həmin MMC-yə hüquqi əsaslarla isə heç bir aidiyyəti yoxdur. Sonradan da 20 000 ABŞ dollarına zidd olan 16.03.2016-cı il tarixli müqaviləni anası S.İsmayılova ilə Z.Quliyevin bacısı Zinyət Hüseynovanın aralarında bağlatdırmışdır. Nağd pulların təhviltəsliminə aid bütün danışıq və prosesləri bilavasitə X17 özü ilə apararaq icra etmiş, lakin o, həmin pulları verdiyi ərəfədə bu barədə hər hansı bir yazışma aparmağını tələb edib və buna görə də o, formal olsa da, belə təklif etmişdir ki, öz aralarında həmin pullara aid müqavilə bağlasınlar. Belə ki, Z.Quliyevin verdiyi pulları o, yalnız Cavabdeh MMC-nin fəaliyyətinin və göstərdiyi xidmətlərin genişləndirilməsi məqsədi ilə götürüb məqsədyönlü olaraq bu istiqamətdə sərmayə kimi sərf etdiyindən həmin müqaviləni də məhz, Cavabdeh MMC-nin adından tərtib etmişdir. .16.03.2016-cı il tarixdə 20 000 ABŞ dollarına aid müqaviləni iki nüsxədə tərtib edərək İddiaçı imzalatdırmaq üçün Z. Quliyevə vermişdir. Lakin həmin müqaviləni tərtib etdiyi zaman anası S.İsmayılova xəstə olduğundan, yataqda yatdığından onu narahat etməmək məqsədi ilə müqavilənin hər iki nüsxəsini onun əvəzinə öz imzası ilə təsdiq etmişdir....həmin pulların hesabına 14 ədəd server kompüter bazaları və digər texniki avadanlıqları almaqla, eləcə də proqram təminatlarının hazırlanmasına ödənişlər etməklə, tamlıqla Z.Quliyevin verdiyi həmin pulları xərcləmişdir Yasamal RPİ-nin 24 aprel 2019-cu il tarixli Qərarı ilə müəyyən edilir ki, 16.03.2016-cı il tarixli müqavilə üzrə vəsaitin alınması və təyinatı üzrə sərf edilməsində yalnız Cavabdeh MMC deyil, həmçinin X7 və X12 iştirak etmişlər. Buna görə də həmin müqavilə üzrə İddiaçı ödənilməli olan məbləğ hər üç şəxsdən müştərək qaydada tutulmalıdır. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra-cavabdeh) Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi X1 Ziniyət Nizami qızına qarşı “müqavilənin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh MMC ilə X11 arasında 16 mart 2016-cı il tarixində bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, iddiaçı cavabdehlə həmin müqaviləni bağlamamışdır. Həmin müqavilə nəzərdən keçirilsə müəyyən olunacaqdır ki, həmin müqavilədə bir tərəfdən cavabdeh digər tərəfdən isə qurucusu X7 tərəf kimi çıxış etmişdir. Müqavilədə yazılmış “qurucusu” sözündən bir an başa düşmək olmur ki, bu şəxs kimdir və niyə müqavilədə tərəflərdən biri həmin şəxs göstərilmişdir. Əgər müqavilə həqiqətən iddiaçı ilə bağlanmalıdırsa onda tərəf kimi cəmiyyətin qanuni təmsilçisi ilə və ya digər səlahiyyətli şəxslə bağlanmalıdır. Lakin, müqavilədə “qurucusu” statusunda göstərilmiş şəxs cəmiyyətin təsisçisidir. Müqavilənin predmetində mobil telefon istifadəçilərin istifadəsi üçün müxtəlif xidmətlərin göstərilməsi qeyd olunsa da, həmin müqavilə üzrə iddiaçı heç bir xidmətlər göstərməyib və sözsüz ki, müqavilənin predmetində qeyd olunduğu kimi “Sərmayəçi müqavilə ilə göstərilən layihəni maliyyəşdirməni” həyata keçirmədiyinə görə Sərmayəni qəbul edən tərəf sərmayənin ayrıldığı məqsədlərə nail olmaq üçün yatırılmasını” heçbir halda təmin edə bilməzdir. Həmin müqavilənin 3.2-ci bəndində göstərilmiş “Sərmayə Sərmayəçi tərəfindən 16 mart 2016-cı il tarixində tam olaraq 20.000 USD məbləğində ödənilmişdir” cümləsində pul vəsaitinin ödənilməsinin qeyd olunmasına baxmayaraq, həmin məbləğ iddiaçıya nağd və ya köçürmə yolu ilə cavabdeh tərəfindən ödənilməmişdir. Müqavilənin 3.3-cü bəndində göstərilmiş “Sərmayəni qəbul edən hər növbəti ayın 20-si tarixinədək Sərmayəçiyə yatırılmış sərmayə qarşılığında 400 USD məbləğində ödənişin edilməsini təmin edir” qeyd olunmasına baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə göstərilmiş pul vəsaiti ödənilmədiyinə görə müqavilədə göstərilən bu öhdəlik iddiaçı tərəfindən icra oluna bilməzdi. Bundan başqa müqavilənin həmin bəndindən belə görünür ki, iddiaçı hərhansı xidmət göstərilib-göstərilmədiyindən və gəlir edib-etmədiyindən asılı olmayaraq, hər ay məcburi qaydada 400 ABŞ dolları cavabdehə ödəməlidir. Bundan başqa, həmin müqavilənin 3.3 -cü bəndində söhbət əldə edilmiş qazancdan faiz nisbətində pul vəsaitinin ödənilməsindən yox, verilmiş pul vəsaitinin müqabilində aylıq 2 (iki) faiz miqdarında faizin ödənilməsindən gedir. Lakin, bu da qüvvədə olan qanunvericiliyinin tələblərinə ziddir, çünki, iddiaçı bank, bokt və digər kredit təşkilatı olmadığından “verdiyi puldan” faiz tələb edə bilməz və bu şərtlərlə onunla belə müqavilə bağlanıla bilməz. Həmin müqavilənin 3.4-cü bəndində göstərilmiş “Sərmayəçi tərəfindən təqdim edilən məbləğ nağd olaraq Sərmayəni qəbul edənə verilir” qeyd olunmasına baxmayaraq, həmin məbləğ iddiaçıya nağd və ya köçürmə şəklində cavabdeh tərəfindən ödənilməmişdir. Müqavilənin 4.1.1-ci bəndində göstərilmiş “Müqavilə ilə nəzərdə tutulmuş məbləğdə vəsait yatırılmasını təmin edir” cavabdehin üzərinə vəzifə kimi müqavilədə qeyd olunmasına baxmayaraq, cavabdeh müqavilə üzrə iddiaçıya heç bir ödəniş etməmişdir. Həmin müqavilənin 4.2.1-ci bəndində göstərilmiş “Qəbul edən sərmayəni layihə üzrə məqsədli yönləndirilməsini təmin edir” iddiaçının üzərinə vəzifə kimi müqavilədə qeyd olunmasına baxmayaraq, müqavilə üzrə cavabdeh tərəfindən heç bir ödəniş olmadığından iddiaçı həmin vəzifəni yerinə yetirə bilməyib, müqavilənin 5.1-ci bəndində göstərilmiş “Tərəflər müqavilədə göstərilən öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə məsuliyyət daşıyır” cümləsinin qeyd olunmasına baxmayaraq, həmin müqavilə iddiaçı tərəfindən cavabdehlə bağlanmadığına görə nə iddiaçı cavabdehin qarşısında nə də cavabdeh iddiaçının qarşısında müqavilədə göstərilən öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə məsuliyyət daşıyır. Müqavilənin 11-ci bəndində tərəflərin imzası göstərilmiş “Sərmayəni qəbul edən MMC” cümləsinin altında iddiaçıya məxsus möhürlə təsdiq edilməsinə baxmayaraq, həmin müqaviləni cəmiyyətə aidiyyəti olmayan şəxs tərəfindən imza edilmişdir. Qeyd olunan hallardan görünür ki, həmin müqavilə iddiaçı ilə bağlanmadığına görə, cəmiyyətə hər hansı məbləğdə nəğd və ya köçürmə yolu ilə pul vəsaitləri cavabdeh tərəfindən ödənilməmişdir və iddiaçı isə bunun müqabilində hər hansı bir xidmət göstərərək qazanc əldə etməmişdir. Nəticədə istər iddiaçı, istər isə cavabdeh həmin müqavilə üzrə qarşılıqlı olaraq hansı bir öhdəlik götürməmişdilər və onlar müqavilə üzrə mülki hüquq münasibətlərini həyata keçirməmişdilər. Həmin müqavilə mülki məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığı üçün məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli, 2(005)- 3718/2019 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X5 ilkin iddia üzrə cavabdehlər Cavabdeh MMC-yə, X9 və X4 qarşı “pul tələbi”nə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh X8 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC ilə ilkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh X11 arasında 16 mart 2016-cı il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı X5 vəkili Vəkil apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, ilkin iddia tələbinin təmin edilməsinə və qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Nərimanov rayon Məhkəməsi tərəfindən adı çəkilən qətnamə çıxarılarkən bir sıra maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur və həmin səbəblərə görə qətnamə tamamilə ləğv edilməli və ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməlidir. Belə ki, işə baxan məhkəmə tərəfindən ilkin iddia tələbinin rədd edilməsi ilə bağlı qəbul edilmiş qətnamə əsaslandırılarkən qeyd edilmişdir ki, "... Yuxarıda qeyd edilənlərə əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçı X11 tərəfindən müqavilənin imzalanması onun iradə ifadəsi olmadığından və belə müqavilə üzrə iddia tələbi ilə çıxış etməkdə subyektiv hüququ olmadığından ilkin iddia rədd edilməlidir (bax: qətnamənin 7-ci səhifəsinin 1-ci abzası. Həmçinin, 6-ci səhifənin 3-cü və 9-cu səhifənin 6-cı abzaslarına). Qətnaməni oxuyanda belə aydın olur ki, işə baxan hakim subyektiv hüququn nədən ibarət olması barədə nəinki müfəssəl biliyə və təcrübəyə malikdir, ümumiyyətlə bu barədə baza məlumatlara belə malik deyildir. Belə ki, tərəflər arasında rəsmiləşdirilmiş müqavilə sərmayə verən olaraq X11 tərəfindən şəxsən imzalandığı halda məhkəmə havadan belə qənaətə gəlmişdir ki, müqavilənin adıçəkilən şəxs tərəfindən imzalanması onun iradə ifadəsi olmamışdır və bu səbəbdən də onun subyektiv hüququ yoxdur. Əlavə olaraq bildirmək istəyirik ki, işə baxan məhkəmə müqavilənin qanunauyğun surətdə, yəni iddiaçının könüllü, sərbəst və azad iradə ifadəsi əsasında deyil, ona qarşı zorakılıq və hədə təsiri altında məcburetmə yolu ilə bağlanması qənaətinə gəlməsini əsaslandırmamış, mübahisəni tərəflərin hüquqi mənafeyinə uyğun həll etməmiş, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmişdir. Həqiqətən də maraqlıdır ki, məhkəmə necə və nəyin əsasında bu qənaətə gəlmişdir ki, tərəfin müqaviləni imzalaması onun iradə ifadəsi olmamışdır?! Ümumiyyətlə, məhkəmənin bu qənaətindən sonra ortaya çox maraqlı və bir o qədər də absurd bir fikir çıxır: şəxs tərəfindən müqavilənin imzalanması onun iradə ifadəsi hesab edilmirsə, o halda, şəxsin iradə ifadəsi nədə və necə ifadə edilməlidir?! Bundan başqa həm cavabdeh Samir İsmayılov, həm də Sənubər İsmayılova öz izahatlarında müqavilənin bağlanmasından xəbərdar olduqlarını bildirmiş, hətta Sənubər İsmayılova cavabdeh MMC-nin oğlu tərəfindən onun adına təsis edildiyini, bütün sənədləşmələrin də oğlu tərəfindən həyata keçirildiyini etiraf etmişdir. Əlavə olaraq, MMC-nin təsisçisi - cavabdeh S.İsmayılova məhkəmədəki izahatında da etiraf etmişdir ki, MMC-nin möhürü onda olmuş və o, möhürü oğluna vermişdir. Belə olduğu halda MMC-nin qanuni təmsilçisinin - direktorunun formal olduğu, Samir İsmayılovun izahatından da göründüyü kimi MMC-nin bütün işlərinin onun tərəfindən görüldüyü və MMC-nin faktiki olaraq özü tərəfindən idarə edildiyi işdə olan yazılı sübutlarla da öz təsdiqini tapmışdır. Qeyd olunanlar MMC-nin qanuni təmsilçi Lalə Kərimovanın ümumiyyətlə MMC-yə aidiyyətinin olmadığını, formal olaraq direktor funksiyasını yerinə yetirdiyini, o cümlədən də direktor olaraq onda qalmalı olan MMC-nin möhürünü aidiyyəti olmayan şəxslərə verməklə cinayət törətdiyini təsdiq edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili X24 apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, 3-cü şəxs X13 məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədləri qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh MMC ilə X11 arasında 16 mart 2016-cı il tarixli müqavilə imzalanmış və müqavilədə qeyd olunmuşdur ki, X11 tərəfindən borc olaraq Cavabdeh MMC-nin fəaliyyətini maliyyələşdirmək üçün 20000 (iyirmi min) ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş müqaviləyə əsasən sərmayə məbləği 2 ildən az olmamaq şərti ilə cavabdehə verilmiş, həmin məbləğ cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığı olaraq cavabdeh MMC hər ayın 20-si tarixinədək iddiaçıya 400 (dörd yüz) ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə Sərmayəçi (indiki halda iddiaçı) tərəfindən birtərəfli qaydada xitam verildikdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. Cavabdeh X12 iddiaya etiraz edir və bildirir ki, o, digər cavabdeh Sənubər İsmayılovanın oğludur. Anası xəstə olduğu üçün Cəmiyyətin işləri ilə müvəqqəti olaraq özü məşğul olurdu. Onun Zaura borcu yoxdur. Verilən pulları geri qayarmışdır. Cavabdeh X7 da iddiaya etiraz edir və bildirir ki, o, Cavabdeh MMC-nin təsisçisidir. Lakin sözügedən müqavilədən xəbərsiz olmuş və müqaviləni imzalamamışdır. Müqavilə bağlandığı tarixlərdə xəstə olduğu üçün möhürü müvəqqəti olaraq oğlu X9 versə də belə müqavilənin bağlanmasını Zaur Yasamal Rayon Polis İdarəsinə şikayət verən zaman onlara məlum olmuşdur. İddiaçı X11 həmçinin qarşılıqlı iddiaya etiraz edir və müddətinin tətbiq edilməsi barədə ərizə verərək, həmin iddianın rədd edilməsini xahiş edir. 3-cü şəxs qismində işə cəlb edilmiş X22 birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən, ifadəsində qeyd etmişdir ki, cavabdeh İsmayılov Samirlə o, dostluq münasibətlərində olmuşdur. Verilən pul vəsaiti ona məxsus olmuşdur. Müqavilə tərəfi olan Hüseynova Zinyət onun bacısıdır. Bütün müqavilə şərtlərini dostu Samirlə o razılaşmış və pulu da özü Samirə vermişdir. Müqaviləni bacısı Hüseynova Zinyətə imzalatmaqda məqsəd isə müqavilə bağlanan dövrdə onun ailə və nikah, əmlak bölgüsü barədə problemləri olduğundan, belə müqaviləni özü imzalamaqdan ehtiyat etmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iddiaçı Zinyət Hüseynova onunla Cavabdeh MMC arasında bağlanmış 16 mart 2016-cı il tarixli müqaviləyə istinad edərək, hazırkı iddianı irəli sürmüşdür. Həmin müqavilə isə mahiyyət etibarı ilə borc (kredit) müqaviləsidir. Çünki həmin müqavilədə tərəflər “Sərmayəçi” və “Sərmayəni qəbul edən” kimi, həmçinin pul vəsaitinin sərmayə kimi verilməsi, bunun müqabilində hər ay ödəniş edilməsi və sonda sərmayənin geri qaytarılması göstərilsə də, müqavilənin mahiyyəti ondan ibarət olmuşdur ki, borcverən (sərmayəçi) 2 ildən az olmamaq şərti ilə, 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitini borcalana (sərmayəni qəbul edənə) borc kimi vermişdir. Sərmayə məbləğinin qarşılığı olaraq cavabdeh MMC hər ayın 20-si tarixinədək iddiaçıya 400 (dörd yüz) ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə sərmayəçi (indiki halda iddiaçı) tərəfindən birtərəfli qaydada xitam verildikdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. Buna görə də, kollegiya hesab edir ki, ilk iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739.1 və 741-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (741). Hazırkı işdə isə bu maddələrin tətbiq edilməsi və ilk iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Kollegiya hesab edir ki, X11 ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 340.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Hazırkı işdə də həmin müqavilənin yalan əqd olması tam təsdiq olunur. Belə ki, tərəflərin izahatlarından mübahisəsiz olaraq müəyyən olunur ki, 16 mart 2016-cı il tarixli müqavilənin tərtib edilib imzalanmasının yeganə səbəbi X22 ilə X12 arasında aparılan danışıqlar və əldə olunan razılıq olmuş və həmin pul vəsaiti X19 məxsus olmuşdur. Göründüyü kimi, mübahisələndirilən müqavilə başqa əqdi pərdələmək üçün bağlanmışdır. Ona görə də, kollegiya hesab edir ki, mübahisələndirilən 16 mart 2016-cı il tarixli müqavilə Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Bununla yanaşı Mülki Məcəllənin 340.2-ci maddəsində göstərilmişdir ki, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin kollegiya hesab edir ki, hazırki işdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə, yəni borc (kredit) müqaviləsinə aid olan qaydalar tətbiq edilə bilməz. Çünki həmin əqdin tərəflərindən biri X21r. O isə hazırki iş üzrə tərəf deyil, üçüncü şəxsdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi Mülki Məcəllənin 739.1 və 741-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəlmədiyi üçün rədd edilməli, qarşılıqlı iddia isə yuxarıda göstərilən əsaslara görə təmin edilməlidir. İddiaçı tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsində göstərilən müddət iddia müddəti deyil, kəsici müddətdir və həmin müddətin tətbiq edilməsi üçün tərəfin ərizə verilməsi tələb olunmur. Bununla yanaşı kollegiya hesab edir ki, cavabdeh tərəfindən Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddət ötürülməmişdir. Belə ki, mübahisələndirilən 16 mart 2016-cı il tarixli müqavilə əhəmiyyətsiz əqd olduğuna görə hazırkı halda Mülki Məcəllənin 354.1-ci maddəsi tətbiq edilməlidir. MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İş materiallarından da müəyyən olunur ki, ilk iddia ərizəsi 29.07.2019-cu il tarixdə məhkəməyə daxil olmuş, 16 sentyabr 2019-cu il tarixdə isə Cavabdeh MMC hazırkı qarşılıqlı iddianı irəli sürmüşdür. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh MMC tərəfindən 1 illik müddət ötürülməmişdir. Çünki əhəmiyyətsiz əqdin icrası məhz cavabdehlərə qarşı pulun tutulması iddiası irəli sürüldükdə başlanmışdır. Birinci instansiya məhkəməsi ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi nəticəsinə gəlsə də, gəldiyi nəticəni düzgün əsaslandırmamış və işin hallarına düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Buna görə də, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli, 2(005)-3718/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh MMC ilə X11 arasında 16 mart 2016-cı il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar