Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4537/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kazımov Elşən Cələddin oğlundan və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli qərardadından Ərizəçi Rzayevna tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Rzayevna maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri 27 saylı Dövlət Ofisinə qarşı vəsiyyətnamədəki ifadənin həqiqiliyi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2487/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin baxılmamış saxlanılması, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən ərizəçiyə qaytarılması qərara alınmışdır. Ərizəçi qərardaddan şikayət verərək ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından məlum olur ki, mübahisələndirilən qərardad Ərizəçi Rzayevna tərəfindən məhkəmə qəbzinə imza edilməklə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə isə qərardaddan şikayət vermiş, birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş 10 günlük şikayət vermə müddətinin ötürülməsini nəzərə almadan şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 174 nömrəli qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilmişdir. Ərizəçinin qərardaddan şikayət vermə müddətinin son günü 21 iyun 2025-ci il tarixi olmuş, lakin ərizəçi bundan 1 gün keçdikdən sonra xx.xx.2025-ci il tarixdə şikayəti elektron məhkəmə sisteminə yükləmişdir. Azərbaycan Respublikası MPM-ə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər (maddə 396.1). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir (maddə 130.2). Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (maddə 130.3). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır (maddə 363.1.3). Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, ərizəçinin şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli qərardadından Ərizəçi Rzayevna tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4537/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4537/2025
23.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver