Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4538/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Şirkətinə qarşı iş üzrə (Açar sözlər: «əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh şirkətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4766/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı 01 sentyabr 2005-ci il tarixdə Cavabdeh şirkətinə əsaslı təmir sexinə usta vəzifəsinə qəbul edilmiş, 01 oktyabr 2007-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq əsaslı təmir sexi quyuların yeraltı və əsaslı təmir sexi adlanmış, 09 dekabr 2019-cu il tarixdə öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmiş, 01 iyun 2020-ci il tarixdə yenidən Cavabdeh şirkətində quyuların yeraltı və əsaslı təmir sexinə usta vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətli olmaqla, 1 il müddətinə bağlanmış, xx.xx.2021-ci ildə onunla bağlanmış əmək müqaviləsi daha 1 il müddətinə uzadılmış, 03 iyun 2022-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh Şirkətinə qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehin 03 iyun 2022-ci il tarixli, HRQ 01/22 nömrəli işdən çıxarma əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxma dövrünə görə ona əmək haqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, xx xxxx 1962-ci il təvəllüdlüdür, ali təhsilli mühəndis konstruktor texnoloqdur. Azərbaycan Politexnik İnstitutunda ali təhsil almış, 29 oktyabr 1984-cü il tarixdən aktiv əmək fəaliyyəti ilə məşğuldur. Həmin ildən etibarən müxtəlif zavod və müəssisələrdə usta, mühəndis, mühəndis texnoloq və s. vəzifələrində işləyib. 2001-ci ildən etibarən 6 aylıq fasilə istisna olmaqla 2022-ci ilin iyun ayınadək Cavabdeh Şirkətində (əvvəlki adı “X9 Çıxarma İdarəsi”) çalışıb. Belə ki, o, 24 aprel 2001-ci il tarixdə “X9 Çıxarma İdarəsi”ndə quyuların əsaslı təmiri sexində 4-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul olub. 01 iyun 2004-cü il tarixdə ona 5-ci dərəcə təyin olunub. 01 oktyabr 2004-cü il tarixdə quyuların əsaslı təmir sexi quyuların əsaslı təmiri və qazma sexi adlanıb. 01 sentyabr 2005-ci il tarixdə ləğv etmə komissiyasının 09 sentyabr 2005-ci il tarixli 1 saylı protokoluna əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə (müəssisənin ləğv olunması ilə əlaqədar) onunla əmək müqaviləsinə xitam verilib. 01 sentyabr 2005-ci il tarixdə cavabdeh şirkətdə əsaslı təmir sexinə usta vəzifəsinə qəbul olunub. 01 oktyabr 2007-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar əsaslı təmir sexi quyuların yeraltı və əsaslı təmir sexi adlanıb. 09 dekabr 2019-cu il tarixdə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən bütün yeraltı və əsaslı təmir sexi işçiləri ilə birlikdə tutduğu vəzifədən azad olunub. O, 2001-2019-cu illər aralığında cavabdeh şirkətdə müddətsiz əmək müqaviləsi əsasında işləyib. 10 dekabr 2019-cu il tarixdə "Şirvan Drilling Limited" şirkətinin filialında quyuların əsaslı və yeraltı təmiri sexində bütün işçilərlə birlikdə quyuların yeraltı təmiri üzrə usta vəzifəsinə işə qəbul edilib. Təxminən 6 aydan sonra - 31 may 2020-ci il tarixdə ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar) işdən azad olunub. Sonradan cavabdeh şirkətə qayıdanda onunla müddətli müqavilə imzalanıb. Belə ki, o, 01 iyun 2020-ci il tarixdə "X8" şirkətində quyuların yeraltı və əsaslı təmir sexinə usta vəzifəsnə qəbul edilib. Həmin vaxt onunla bağlanmış 2045 saylı əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən müqavilə 1 il müddətinə, 01 iyun 2021-ci il tarixinədək bağlanıb. Müqavilənin hansı səbəbdən müddətli bağlanması ona izah edilməyib. Sözügedən müqavilənin 4.1-ci bəndinə əsasən onun aylıq əmək haqqı 837 manat təşkil edib. Müqavilənin 4.11-ci bəndinə əsasən beş günlük iş həftəsində iş günü gündə 8 saatdan, altı günlük iş həftəsində 7 saatdan, həftədə isə 40 saatdan çox təşkil etməməlidir. Növbəti iş rejimində isə növbə müddəti növbəyə görə 12 saatdan çox olmamalıdır. Müqavilənin 7.1-ci bəndinə görə, işçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsalat vasitələrinin - maşın, mexanizm, avadanlıq, cihaz və alətlər, qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir. Müqavilənin 9.1-ci bəndinə görə, bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 71, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslaraqaydalara ciddi əməl olunmaqla birinin təşəbbüsü ilə ləğv edilə bilər. Müqavilənin 10.2-ci bəndinə əsasən tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcək. Sonradan cavabdeh şirkət onunla bu müqavilə müddətini daha bir il müddətinə uzadıb. 03 iyun 2020ci il tarixdə isə ƏM-nin 73-ci maddəsinin 1-ci hissəsinə əsasən (əmək müqaviləsinin bitməsi ilə əlaqədar) cavabdeh şirkət onunla bağlanmış 2045 saylı 01 iyun 2020-cı il tarixli əmək müqaviləsinə xitam verib. Əmrdə istifadə edilməmiş məzuniyyətə görə ona 30 təqvim günü məbləğində kompensasiya ödənilməsi qeyd edilib. Əmək müqaviləsinin uzadılmamasının onun əmək hüquqlarının kobud şəkildə pozduğu səbəbilə cavabdeh şirkətlə mübahisənin məhkəmədən kənar həllinə cəhd edib. Mübahisənin mediasiya vasitəsilə tənzimlənməsinə səy göstərib, lakin cavabdeh şirkətin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməyib. Əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran halların olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması qanunsuzdur və ƏM-nin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. Faktların təsviri hissəsindən göründüyü kimi, iddiaçı təxminən 21 il cavabdeh qurumda çalışıb. Yalnız 2020-ci ilin iyun ayından etibarən onunla əmək müqaviləsi müddətli bağlanmağa başlanıb. Müddətli əmək müqaviləsi bağlanan zaman işçi öz işinin keyfiyyətindən asılı olmayaraq daima işdən çıxarılmaq qorxusu altında olur və bu zaman Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən olunmuş əməyə təminat hüququna malik olmur. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. Başqa sözlə, iddiaçının eyni şirkətdə əvvəllər müddətsiz əmək müqaviləsinə əsasən işlədiyi halda, həmin qurumda onunla 2020-ci il iyun ayının 1dən etibarən müddətli əmək müqaviləsi bağlanması qanunsuzdur, yəni, müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanması ciddi şübhə doğurur. Başqa sözlə, onunla müddətli əmək müqaviləsinin bağlanması ƏM-nin 45- ci maddəsinin tələblərinə zidd olub. Həmçinin, onun çalışdığı sahə sözügedən Məcəllənin 47-ci maddəsinin tələbinə əsasən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilən hallar siyahısına da aid deyil. Onun işdən azad edildikdən sonra işsiz qalmaq təhlükəsi ilə üzləşməsini əsas götürsə hesab etmək olar ki, onunla işəgötürən arasında 2020-ci ilin iyun ayında müddətli əmək müqaviləsi bağlanılarkən hüquq bərabərliyi prinsipinə riayət olunmayıb. Həmçinin qeyd olunmalıdır kı, işçinin əmək funksiyasının daimi xarakterə malik olması qabaqcadan bəlli olub və iddiaçının əmək müqaviləsi əvvəl müddətsiz olduğu halda, yeni əmək müqaviləsinin müddətli bağlamasının iradə ifadəsinə uyğun olması inanılmaz və məntiqsizdir. İkincisi, cavabdehin 03 iyun 2022-ci il tarixli, HRQ 01/22 saylı əmri ƏM-nin 84-cü maddəsinin tələblərinə uyğun tərtib edilməyib. Üçüncüsü, iddiaçı neftqaz sahəsində işlədiyi 21 il müddətində onun haqqında hər hansı intizam tənbeh tədbiri görülməyib, əksinə nümunəvi işinə görə daima təriflənib, vəzifələrdə irəli çəkilib. Yalnız 2020-ci ildən etibarən, o, cavabdeh şirkətin davamlı əsassız basqıları və qanunsuz intizam tənbehlərinə məruz qalıb. Bunun əsas səbəbləri isə iddiaçının şirkətin neft və qazın hasilatı üzrə departamentinin müdiri İlqar Kərimin "yazılmamış qanunları" ilə barışmaması və onun şirkətdə çalışan doğma qardaşı X1 2020-ci ildə həmin şirkəti qanunsuz işdən çıxarma əmrinə görə məhkəməyə verməsi olub. Məhz sonuncu hadisədən sonra, yəni, 2020-ci ilin iyul ayında İlqar Kərim iddiaçını yanına çağıraraq, qardaşı X1 məhkəməyə ünvanladığı iddia ərizəsi ilə bağlı onu şirkətin kadrlar şöbəsinin rəisi Loğman Məmiyevin adından xəbərdar edib, qardaşının məhkəmədən iddia ərizəsini geri götürməsini tələb edib, əks təqdirdə işdə ciddi problemlərinin yaranacağı ilə hədələyib. İddiaçı onun bu təklifinə etirazını bildirib, qardaşının müstəqil şəxs olduğunu, onun işinə qarışa bilməyəcəyini bildirib. Onun bu təkliflə razılaşmamasından sonra onun gözümçıxdıya salınması daha da davamlı hal alıb. Bütün şirkətdə adi hal kimi qəbul edilən işlər onda nöqsan kimi qəbul edilməyə başlanıb. Məhz bu təqiblərin nəticəsində, 2021-ci il noyabrın 23-də iddiaçı ilə şirkətin digər işçisi, qaldırıcı maşinist Nəcəf Nəcəfov arasında, ikincinin şirkətdən 3 kanistrda olmaqla 60 litr dizel yanacağı və kəsilib yığılmış borular oğurladığı səbəbindən baş verən konfliktdə o, mükafatlandırılmaq əvəzinə, davam edən qərəzli münasibətin nəticəsində iki dəfə 30 noyabr 2021-ci il və 25 may 2022-ci il tarixli əmrlərlə töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmətlə cəzalandırılıb, daha sonra isə heç bir səbəb göstərmədən onunla müqavilənin uzadılmasından imtina edilib. Yeri gəlmişkən, iddiaçının qardaşı X1 şirkətin onunla əmək müqaviləsini uzatmasından imtina ilə bağlı əmrindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə verilən iddia həmin Məhkəmənin 20 avqust 2020-ci il tarixli, 2(001)-4053/2020 saylı qətnaməsi ilə təmin edilib, şirkətin əmri ləğv edilib, Hikmət Səmədov işə bərpa edilib və daha sonrakı illərdə pensiya yaşına çatdığı üçün pensiyaya çıxıb. Dördüncüsü, o, 3 nəfərlik ailənin yeganə qazanc gətirən üzvüdür. Ondan başqa, ailədə işləyən və əmək haqqı alan heç kim yoxdur. Beşincisi, koronavirus pandemiyası ilə əlaqədar çıxışlarında ölkə Prezidenti dəfələrlə özəl şirkətlərə işçiləri ixtisar etməməklə bağlı öz tövsiyələrini verib. Lakin cavabdeh şirkət pandemiyanın nəticələrinin hələ də davam etdiyi bir vaxtda bu tövsiyələrə əhəmiyyət verməyərək, onunla bağlanmış əmək müqaviləsini qərəzli şəkildə uzatmaqdan imtina edib. Altıncısı, başqa işçilərlə əmək müqaviləsi uzadılıb, yalnız onunla əmək müqaviləsinin uzadılmasından imtina edilib. Lakin, bu imtina heç cür əsaslandırılmayıb. Onun hazırda 60 yaşı var, onun pensiya yaşına çatmağına çox az qalıb. Cavabdeh şirkət uzunmüddətli və qüsursuz xidmətlərini nəzərə almayaraq, onunla bağlanmış müqaviləni uzatmaqdan imtina edib. Halbuki, ƏM-nin 16-cı maddəsində əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi nəzərdə tutulub.
4. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz göndərərək göstərmişdir ki, iddia ərizəsinin arqumentlərinin heç biri həqiqəti əks etdirmədiyindən və şirkətin əmrinin qanunsuz hesab edilməsi ilə bağlı heç bir mötəbər sübut göstərilmədiyindən iddia təmin edilməməlidir. Əvvəla iddiaçının iddia ərizəsində göstərdikləri heç də həqiqəti əks etdirmir ona görə ki, iddiaçı özünün bildirdiyi kimi 21 il fasiləsiz olaraq şirkətdə işləməmişdir. Belə bir sual yaranır ki, əgər şirkət 2005-ci ildən Azərbaycan Respublikasında fəaliyyətə başlamışdırsa, o zaman iddiaçı 2001-ci ildən hansı şirkətdə işləmiş olur? 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X10 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmışdır. 01 sentyabr 2005-ci il tarixdən isə Sazişin müddəalarına uyğun olaraq Cavabdeh şirkəti Podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə Əməliyyatçı kimi fəaliyyət göstərir. Lakin iddia ərizəsindən də göründüyü kimi, iddiaçı 2001-ci ildən Şirkətdə yox, ARDNŞ "xxxx" İstehsalat Birliyinin tərkibində olmuş “Binəqədineft” Neft və Qazçıxarma İdarəsində çalışmışdır. Həmin İdarənin isə şirkətlə heç bir əlaqəsi və bağlılığı yoxdur. Bir sözlə şirkət müstəqil hüquqi şəxsdir və “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin hüquqi varisi deyildir. Sözügedən “Binəqədineft Neft və Qazçıxarma” idarəsi "xxxx" İB-nin tərkibində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx" və ya “SOCAR”) 92 saylı, 31 avqust 2005-ci il tarixli əmri əsasında tamamilə ləğv edilmişdir. İddiaçı şirkətdə ilk dəfə olaraq 01 sentyabr 2005-ci il tarixdən çalışmağa başlamışdır. Belə ki, həmin vaxtdan şirkətin quyuların yeraltı və əsaslı təmiri sexində müxtəlif vəzifələrdə işləyən iddiaçı 09 dekabr 2019-cu il tarixdə ərizə ilə şirkət rəhbərliyinə müraciət edərək öz istəyi ilə işdən azad edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının ərizəsi əsasında şirkətin HRR 106/19 saylı, 05 dekabr 2019-cu il tarixli əmri ilə əmək müqaviləsinə xitam verməklə iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Daha sonra şirkətdən öz xahişi ilə işdən azad edildikdən sonra iddiaçı bir müddət “Şirvan Drilling Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında çalışmış və həmin filialdan da işdən çıxdığı üçün işləmək məqsədilə yenidən şirkətə müraciət etmişdir. Bundan sonra 01 iyun 2020-ci il tarixdə şirkətlə iddiaçı arasında 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanmış və 01 iyun 2021-ci il tarixdə də həmin müqavilənin müddəti daha 1 il, yəni 01 iyun 2022-ci il tarixədək uzadılmışdır. İddiaçı özünün intizamlı, yüksək əmək keyfiyyətinə malik işçi olduğunu bildirsə də, lakin, şirkətdə işə qəbul edildiyi 01 iyun 2020-ci il tarixdən işdən azad edildiyi 01 iyun 2022-ci il tarixədək (yəni 2 il) müddətdə dəfələrlə şirkətdaxili nizam-intizam qaydalarını pozduğuna görə şirkətin müvafiq əmrləri əsasında ona “töhmət” və “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Şirkət iddiaçıya 02 iyun 2022-ci il tarixli bildirişlə aralarında mövcud olan 2045 saylı, 01 iyun 2020-ci il tarixli əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar xitam verildiyi barədə məlumat təqdim etmiş və həmin bildirişi iddiaçı qəbul etməkdən imtina etdiyi üçün bildiriş poçt xidməti vasitəsilə qeyd olunan tarixdə iddiaçının ünvanına göndərilmişdir. Bununla da şirkətin HRQ 01/22 saylı, 03 iyun 2022-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsası onun müddətli əmək müqaviləsinin müddətinin bitməsi olmuşdur. Hesab edir ki, şirkət iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsaslı olaraq xitam verilmişdir və əmək müqaviləsinin xitamı ilə bağlı əmr verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4766/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Ə.Rüstəmli) iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 iyun 2020-ci il tarixli, 2045 saylı əmək müqaviləsinin müddətsiz hesab edilməsi, Cavabdeh Şirkətinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 03 iyun 2022-ci il tarixli, HRQ 01/22 nömrəli əmri ləğv edilməsi, İddiaçı öz vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının Cavabdeh Şirkəti tərəfindən ödənilməsi, cavabdeh Şirkətdən 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsi hesabına ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi hamıya məlum olan haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 01 sentyabr 2005-ci il tarixdən 09 dekabr 2019-cu il tarixədək fasiləsiz və etirazsız olaraq cavabdeh şirkətdə eyni vəzifədə və eyni sexdə işləmiş, yəni iddiaçının gördüyü iş daimi xarakterə malikdir. Belə olan halda, iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən sonra həmin şirkətin iddiaçı ilə 01 iyun 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlaması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda göstərilən maddələrin mənasına görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, işəgötürən işçi ilə müddətli əmək müqaviləsi bağlaya bilməz.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə, 45-ci maddəsinin 1ci hissəsinə, 45-ci maddəsinin 4-cü hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 119.2 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Göründüyü kimi hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi də hər iki tərəfin razılaşdığı müddətə, yəni 1 (bir) il müddətinə bağlanmışdır. Yəni, Şirkət Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbini pozmamışdır. İş materiallarından da görünür ki, iş üzrə hər iki müqavilə tərəfi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlamışlar və hətta iddiaçı bu qarşılıqlı razılığı müqaviləni imzalamaqla təsdiq etmişdir. Eyni zamanda Əmək Qanunvericiliyinin tələbinə görə iddiaçı əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərdən hesab olunmur. İddiaçı əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin siyahısına aid edilmədiyindən, Şirkət haqlı olaraq tərəflər arasındakı Əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam vermişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-555/2023 nömrəli mülki iş üzrə 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və C.C.Musayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, işin hallarından mübahisəsiz qaydada müəyyən edilir ki, İddiaçı Cavabdeh Şirkəti ilə aralarında bağlanmış müddətsiz əmək müqaviləsi əsasında həmin şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyində 2005-ci ildən 2019-cu ilin dekabr ayına qədər usta vəzifəsində fasiləsiz olaraq çalışmışdır. İddiaçı tutduğu vəzifədən öz arzusu ilə azad edildikdən cəmi 5 ay 21 gün sonra, yəni xx.xx.2021-ci ildə cavabdeh təşkilatda eyni vəzifəyə işə qəbul edilmiş, lakin bu dəfə əmək müqaviləsi müddətli olmaqla, 1 il müddətinə bağlanmışdır. Kollegiya hesab etmişdir ki, iddiaçının uzun illər ərzində həmin vəzifədə müdətsiz əmək müqaviləsi əsasında fasiləsiz olaraq eyni vəzifədə çalışması onun cavabdeh təşkilatda yerinə yetirdiyi işin daimi xarakterə malik olduğunu təsdiq edir. Həmçinin, iddiaçının işdən azad edildiyi və yenidən işə qəbul edildiyi tarixlər arasında keçən zaman kəsiyində onun yerinə yetirdiyi işin daimi xarakterinin dəyişməsi və müvəqqəti xarakter daşıması iş materialları ilə müəyyən edilmir. Cavabdeh təşkilat əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında müddətli bağlanmasına istinad etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterik haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamvercici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Bu mənada tərəflər arasında bağlanmış əmək müqaviləsinin məhz tərəflərin hüquq bərabərliyi əsasında, onların qarşılıqlı razılığı ilə bağlandığını sübut etmək vəzifəsini də işəgötürən daşıyır. Lakin cavabdeh təşkilat məhkəməyə belə bir sübut təqdim etməmişdir. Əksinə, kollegiya hesab etmişdir ki, daimi xarakter daşıyan əmək funksiyalarının yerinə yetirilməsi üçün işçi ilə müddətli əmək müqaviləsinin bağlanmasının hər hansı bir ağlabatan izahı yoxdur. Burada xüsusilə nəzərə alınmalıdır ki, həmin əmək müqaviləsi eyni vəzifəni işəgötürən təşkilatda uzun illər ərzində qüsursuz yerinə yetirmiş və tutduğu vəzifəni hər hansı bir pozuntuya görə deyil, öz təşəbbüsü ilə tərk etmiş işçi ilə bağlanmışdır. Başqa sözlə, işçi tutduğu vəzifənin icrası ilə bağlı kifayət qədər bilik və təcrübəyə malik olmuşdur. Belə bir vəziyyətdə işçinin əmək müqaviləsini məhz öz arzusu ilə 1 il müddətinə bağlamasının hər hansı ağlabatan izahı yoxdur. Qeyd edilənləri nəzərə alaraq kollegiya bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab etmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və ya iddianın rədd edilməsi üçün əsas deyildir. Habelə, birinci instansiya məhkəməsinin işin araşdırılması zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamasına dair apellyasiya şikayətinin dəlili də öz təsdiqini tapmır.
c) Kassasiya instansiyası məhkəməsində icraat:
13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2185/2023 saylı, 24 may 2023-cü il tarixli qərarı ilə Cavabdeh şirkəti tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2023-cü il tarixli 2(103)-555/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
15. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında göstərilmiş Azərbaycan Respublikasının MPM-in 77.2-ci maddəsi qüvvədə deyil. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İkinci olaraq iddiaçı 09 dekabr 2019-cu ildən öz ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə işindən azad edilmişdir. İş üzrə iddiaçı ilə cavabdeh təşkilat arasında 01 iyun 2020-ci il tarixində müddətli əmək müqaviləsi bağlanarkən iddiaçı cavabdehin işçisi deyildi. Həmin vaxt tərəflər arasında tabeçilik, asılılıq münasibətlərinin olması da məhkəmələr tərəfindən əsaslandırılmamışdır. Belə olan təqdirdə birmənalı olaraq müddətli əmək müqaviləsinin məhz tərəflərin hüquq bərabərliyi əsasında, onların qarşılıqlı razılığı ilə bağlanmadığı nəticəsinə gəlinmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47- ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni kifayət qədər əsaslandıra bilməmişdir. Nəzərə almaq lazımdır ki, işçi müddətsiz əmək müqaviləsi əsasında işlədiyi halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək müddətli əmək müqaviləsi bağlandığı, yəni fasilə verilmədən işçinin işini davam etdirdiyi halla, işçinin müddətsiz əmək müqaviləsi əsasında işlədiyi təşkilatdan öz ərizəsi ilə azad olunduqdan müəyyən müddət keçdikdən sonra yenidən həmin təşkilatda işləməsi üçün onunla müddətli əmək müqaviləsinin bağlandığı hallar bir-birindən fərqlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və məhkəmə qətnaməsini ləğvinə səbəb olan halda prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinə qarşı təqdim edilmiş etiraz
16. İddiaçı əvvəlki apellyasiya baxışı zamanı apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
17. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi.
18. Məhkəmə iclasında Cavabdeh şirkətinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 12, 1-ci hissəsinin “b” bəndi. Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri sayılır. Maddə 45, 1-ci hissəsi. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Maddə 45, 4-cü hissəsi. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır. Maddə 47, “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
22. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
24. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
25. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
26. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
27. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşmır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından, iddia haqlı sayılmır. 28.Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
29. Belə ki, işə baxan kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin iddia tələbinin təmin edilməsi barədə qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilən məcburi göstərişlərinə əməl edilməməsi ən azından prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilər.
30. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı 09 dekabr 2019-cu ildən öz ərizəsi əsasında cavabdeh təşkilatdan əmək müqaviləsinə xitam verilməklə işindən azad edilmiş və 10 dekabr 2019-cu il tarixdən "Şirvan Drilling Limited" şirkətinin filialında quyuların yeraltı təmiri üzrə usta vəzifəsinə işə qəbul edilib və 31 may 2020-ci il tarixədək sonuncu şirkətdə işləmişdir. Düzdü, yeni apellyasiya baxışında iddiaçı hər iki şirkətin (Cavabdeh və "Şirvan Drilling Limited") Azərbaycanın özəl neft sektorunda fəaliyyət göstərən “X5 Grupa” daxil olduğunu göstərsə də buna dair sübut təqdim etmədi, eyni zamanda cavabdehin nümayəndəsi bu dəlilə etiraz edərək "Şirvan Drilling Limited" şirkətinin deyil, "X4” şirkətinin “X5 Grupa” daxil olduğunu, bunların isə ayrı-ayrı şirkətlər olduğunu göstərdi. Ona görə də iddiaçı ilə cavabdeh təşkilat arasında 01 iyun 2020-ci il tarixində müddətli əmək müqaviləsi bağlanarkən iddiaçı cavabdehin işçisi deyildi. Həmin vaxt tərəflər arasında tabeçilik, asılılıq münasibətlərinin olması da müəyyən edilmir. Bu cür vəziyyətdə birmənalı olaraq müddətli əmək müqaviləsinin məhz tərəflərin hüquq bərabərliyi əsasında, onların qarşılıqlı razılığı ilə bağlanmadığı nəticəsinə gəlməklə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmamışdır. Çünki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər.
31. İşçi müddətsiz əmək müqaviləsi əsasında işlədiyi halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək müddətli əmək müqaviləsi bağlandığı, yəni fasilə verilmədən işçinin işini davam etdirdiyi halla, işçinin müddətsiz əmək müqaviləsi əsasında işlədiyi təşkilatdan öz ərizəsi ilə azad olunduqdan müəyyən müddət keçdikdən sonra yenidən həmin təşkilatda işləməsi üçün onunla müddətli əmək müqaviləsinin bağlandığı hallar birbirindən fərqlidir. Bu baxımdan iddiaçının cavabdeh qurumda müddətsiz əmək müqaviləsi ilə işlədiyi işlə, müddətli əmək müqaviləsi üzrə gördüyü işin eyni və daimi xarakterdə olması iddianın birmənalı olaraq əsaslı olduğuna dəlalət etmirdi. Çünki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olsa da Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna təşkil edir. O hallardan biri də 47-ci maddənin “f” bəndində nəzərdə tutulur ki, həmin normada da tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilərdi. İddiaçı özü də iki il ərzində onunla müddətli əmək müqaviləsi bağlandığını mübahisələndirməmişdir.
32. Beləliklə, şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli; mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4766/2022 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Şirkətinin apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4766/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh Şirkətinə qarşı əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işdən çıxarma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.