Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4539/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(006)-7108/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10.10.2019-cu il tarixli "İddiaçı X5 Mərkəzinin baş həkimi vəzifəsindən azad edilməsi barədə” əmrinin ləğv edilməsi və onun X5 Mərkəzinin baş həkimi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadrların İdarə edilməsi Komitəsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Füzuli rayon Tibb Mərkəzinin Baş həkimi vəzifəsinə təyin edilməsi barədə 20 iyun 2011-ci il tarixli 26 saylı əmək müqaviləsi bağlanmış, o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadrların İdarə Edilməsi Komitəsinin 30 iyun 2011-ci il tarixli 610 saylı Qərarı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Füzuli rayon Tibb Mərkəzinin Baş həkimi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi rəisinin 04 iyul 2011-ci il tarixli 114-K saylı əmri ilə Füzuli rayon Tibb Mərkəzinin Baş həkimi vəzifəsinə (17-ci dərəcə) təyinatı rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2011-ci il tarixli 428 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında olan X2, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı diaqnostika mərkəzləri onlara aid daşınmaz və daşınar əmlaklarla birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansına verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Elsevər Ağayev tərəfindən imzalanmış 27 yanvar 2012-ci il tarixli 2-K saylı əmrlə X5 Mərkəzinin Baş həkimi hesab edilmişdir. 2019-cu ilin oktyabr ayının 10-dək həmin vəzifədə çalışmış, işlədiyi müddət ərzində hər hansı intizam və inzibati cəza almamışdır. Tutduğu vəzifəni layiqincə yerinə yetirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 10 oktyabr 2019-cu il tarixli 94-K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 10 oktyabr 2019-cu il tarixli 94-K saylı əmri qanunsuzdur. Ərizəni məcburi yazmış, 11 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə teleqramla müraciət edərək verdiyi ərizənin etibarsız sayılmasını xahiş etmişdir. Lakin 12 oktyabr 2019-cu il tarixdə tutduğu vəzifəyə yeni şəxsin təyin edilməsini eşitmişdir. Cavabdehdən həmin əmrin etibarsız sayılmasını tələb etməsinə baxmayaraq, müraciətlərinin bir nəticəsi olmamışdır. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi onunla yazılı formada müddətsiz əmək müqaviləsi bağlamış, işəgötürən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Yardım İdarəsinin rəisi Gülmirzə Poladov tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək onun iradəsi əleyhinə əmək müqaviləsini ləğv etmə barədə ərizə yazdırılmışdır, o, 11.10.2019-cu il tarixdə teleqramla yazdığı ərizədən imtina etməsi və ərizənin etibarsız sayılması barədə qabaqcadan işəgötürəni xəbərdar etmiş, lakin işəgötürən bir aylıq xəbərdarlıq müddətini gözləmədən, tutduğu həmin vəzifəyə yeni işçinin götürülməsi barədə ona rəsmi qaydada yazılı xəbərdarlıq etmədən, onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(006)- 7108/2019 saylı ilə iddia təmin olunmamışdır.
4. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilən dəlillərlə eynilik təşkil edir.
5. Cavabdeh2n tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə 12 aprel 2019-cu il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 01 yanvar 2020-ci il tarixdən bir sıra tibb müəssisələri, o cümlədən X5 Mərkəzi Cavabdeh2n tabeliyinə keçmişdir. Bu səbəbdən Məhkəmə Kollegiyası tərəfindən Cavabdeh2 hazırki iş üzrə əlavə cavabdeh qismində cəlb edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2655/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7108/2019 saylı iş üzrə 13 dekabr 2019-cu il qətnaməsi ləğv edilərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10.10.2019-cu il tarixli "İddiaçı X5 Mərkəzinin baş həkimi vəzifəsindən azad edilməsi barədə” əmrin ləğv edilməsi, İddiaçı X5 Mərkəzinin (hazırki X5 Mərkəzi publik hüquqi şəxsin) baş həkimi (hazırki direktor) vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının Cavabdeh2 publik hüquqi şəxsdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.
7. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən kassasiya şikayəti verilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1025/2021 saylı, 22.02.2021-ci il tarixli Qərarı ilə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqust 2020-ci il i tarixli, 2(103)-2655/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları:
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili M.Məmmədov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.
10. Kollegiya iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
12. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb, Ali Məhkəmənin göstərişlərini rəhbər tutaraq iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
13. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Kadrların İdarə edilməsi Komitəsinin 30 iyun 2011-ci il tarixli, 610 nömrəli Qərarının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 20.06.2011-ci il tarixli əmək müqaviləsi əsasında 24.06.2011-ci il tarixdən Sosial İnkişaf İdarəsinin Füzuli rayon Tibb Mərkəzinin Baş həkimi vəzifəsinə təyin edilməsi qərara alınmış, Sosial İnkişaf İdarəsinin 04 iyul 2011- ci il tarixli 114-K nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 30.06.2011-ci il tarixli 610 saylı qərarı ilə 24.06.2011-ci il tarixdən Sosial İnkişaf İdarəsinin Füzuli rayon Tibb Mərkəzinin baş həkimi vəzifəsinə təyin edilmişdir.
14. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İddiaçı arasında 20 iyun 2011-ci il tarixdə bağlanan əmək müqaviləsindən (kontrakt) görünür ki, işçi İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Füzuli rayon Tibb Mərkəzinin Baş həkimi vəzifəsinə təyin edilmişdir.
15. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyevə ünvanlanmış 03.10.2019-cu il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı tutduğu baş həkim vəzifəsindən azad edilməsini xahiş etmişdir.
16. “İddiaçı X5 Mərkəzinin baş həkimi vəzifəsindən azad edilməsi haqqında” 09.10.2019-cu il tarixli N94-K saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq X5 Mərkəzinin baş həkimi İddiaçı 10.10.2019-cu il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır.
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının “X6 Mərkəzi” publik hüquqi şəxsin yaradılması barədə 01 noyabr 2019-cu il tarixli 113 nömrəli Qərarının surətindən görünür ki, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.7.1-ci yarımbəndini, 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 aprel tarixli 16/1785,16/6044-10/08 nömrəli razılığını nəzərə alaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X5 Mərkəzi” əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “X5 Mərkəzi” publik hüquqi şəxsi yaradılmasını və X4 Mərkəzin direktoru təyin edilməsini qərara almışdır. Hüquqi dəyərləndirmə:
18. İddiaçı göstərmişdir ki, o, 11 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirinə teleqramla müraciət edərək, verdiyi əvvəlki ərizəsinin etibarsız hesab olunmasını xahiş etmişdir. Həmin halın sübutu qismində iddiaçı tərəfindən teleqram göndərilməsi ilə bağlı “xxxx” MMC-nin 11 oktyabr 2019-cu il tarixli iki ödəniş qəbzi təqdim olunmuşdur. Eyni zamanda “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış teleqramda göstərilmişdir ki, ********** saylı teleqram 14 oktyabr 2019-cu il tarixdə saat 09.20-də Həmidova almışdır.
19. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərini rəhbər tutaraq qeyd edir ki, iş materiallarında iddiaçının Azərbaycan Respublikası Səhiyyə nazirinə ünvanladığı teleqramların məzmunu ilə bağlı hər hansı sübut mövcud deyildir. Kollegiya işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman məhkəmə iclasını təxirə salmasına baxmayaraq, iddiaçı qeyd edilən teleqramı məhkəməyə təqdim edə bilməmişdir.
20. Qeyd edilənlərə əsasən Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş müqavilənin ləğv edilməsi əsaslarını pozmamış, əksinə iddiaçı işdən azad edilməsi barədə ərizənin özü tərəfindən yazıldığını inkar etməmiş və həmin ərizənin ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Yardım İdarəsinin rəisi Gülmirzə Poladov tərəfindən hədə-qorxu təsiri altında yazdırılmasına istinad etsə də, bu xüsusatı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X5 Mərkəzi” əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “X5 Mərkəzi” publik hüquqi şəxsi yaradılmış və X1 direktoru təyin edilmişdir.
21. Ali Məhkəmənin qərarında qeyd etmişdir ki, “...cavabdeh bildirmişdir ki, 11.10.2019-cu ildə yeni təyin olunmuş baş həkim Mərkəzin əməkdaşlarına, o cümlədən iddiaçıya təqdim olunmuşdur. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinin 3-cü və dördüncü cümlələrində nəzərdə tutulmuş şərtlərinə riayət olunub-olunmaması məsələsinə hüquqi qiymət verilməmişdir.”
22. Kollegiya Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma apararaq qeyd edir ki, kollegiya iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçı baş həkimin təqdim olunması zamanı o işdə olmamış, işdən icazə alaraq Bakı şəhərində yas yerində olmuşdur. Lakin iddiaçı həmin vaxt həqiqətən də dediyi kimi, işdən icazə alaraq Bakı şəhərində olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
23. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarında olan teleqramdan da görünür ki, 11.10.2019-cu il tarixində iddiaçı tərəfindən göndərilmiş teleqram Bakı şəhərindən deyil, Beyləqandan göndərilmişdir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(006)- 7108/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev