Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-454/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı Bakı şəhəri Qaradağ RİH-in nümayəndəsi X2, Cavabdeh “xxxx” MMC-in direktoru X5 və MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3264/2019 saylı, 25 dekabr 2019cu il tarixli qətnaməsindən cavabdehlər “xxxx” MMC və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Bakı şəhəri İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC-yə), Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı məhkəmədə iddia qaldırıb, cavabdehlər “xxxx” MMC, Cavabdeh2 və Cavabdeh3 Güzdək qəsəbəsinin cənub hissəsində zəbt etdikləri “torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsinin boşaldılaraq ərazinin ilkin vəziyyətinin bərpa edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3264/2019 saylı, 25 dekabr 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər “xxxx” MMC və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətləri və onların dəlilləri: Qətnamədən narazı qalan cavabdeh “xxxx” MMC apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən onların iştirakı təmin olunmamış, bununla da çəkişmə prinsipi pozulmuş, hər hansı araşdırma aparılmamışdır. Bundan başqa, Güzdək qəsəbəsində yerşənə 10 hektar torpaq sahəsi X4 Kirov (Binəqədi) Rayon İcra Hakimiyyəti tərəfindən 1991-ci il sərəncamına əsasən “Təzə Yurd” kooperativinin sədri X.Hüseynova verilmiş, korporativ tərəfindən isə həmin torpaq sahəsindən 2 hektar ərazi 2005-ci il tarixdə cavabdeh MMC-yə icarəyə verilmişdir. Eləcə də MMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı şöbəsində 01 sentyabr 2005-ci il tarixdə qeydiyyata alınaraq bu günədək Şəhadətnamə əsasında qanuni əsaslarla fəaliyyət göstərir. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən onun iştirakını təmin etməmiş, hərtərəfli araşdırma aparmadan və işin faktiki hallarına düzgün qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh MMC-nin direktoru S.Məmmədov apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçı olan İddiaçı cavabdehləri dəfələrlə İcra Hakimiyyətinə çağırmış və onlara sözügedən ərazidən çıxmağı tələb etmiş, onlara hədə-qorxu gələrək çıxmayacaqları təqdirdə “başlarına oyun açacaqlarını” bildirmişlər, bununla belə rayon məhkəməsi işin faktiki hallarını araşdırmadan iddianın təmin edilməsinə dair əsassız qətnamə qəbul etmişdir. Bu səbəbdən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətləri ilə razılaşaraq təmin edilmələrini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi S.Mirzəyeva apellyasiya şikayətləri ilə razılaşmayaraq əsassız olduqlarını qeyd etdi və təmin edilməmələrini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi R.Salmanov apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməmələrini xahiş etdi. Sübutların tədqiqi: “xxxx” MMC-nin Nizamnaməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində 01 sentyabr 2005-ci il tarixdə qeydə alınmış, ona 0105-P153-43849 saylı Dövlət qeydiyyatı haqqında Şəhadətnamə verilmişdir. X4 Kirov Rayon İcraiyyə Komitəsinin 1/9 saylı, 12 yanvar 1990-cı il tarixli Qərarına əsasən Binəqədi qəsəbəsindən qərbdə, Binəqədi-Xırdalan yolu üzərində Güzdək qəsəbəsi ərazisində şəhər təşkilat və müəssisələrinin yardımçı təsərrüfat massivindən 10 ha torpaq sahəsi “Təzə Yurd” kooperativinə ayrılmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 02 noyabr 2005-ci il tarixli müqaviləyə əsasən “Təzə Yurd” kooperativinin sədri X.Hüseynov tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən sahədən 2 ha sahə “xxxx” MMC-yə müddətsiz icarəyə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2364 saylı, 21 dekabr 2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, “xxxx” MMC-nin faktiki istifadəsində olan torpaq sahəsi 02 noyabr 2005-ci il tarixli icrarə müqaviləsinə uyğun olaraq 2 ha təşkil edir və həmin torpaq sahəsinin forması və ölçüləri iş materiallarına əlavə edilmiş planda göstərilən torpaq sahəsinə uyğundur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər “xxxx” MMC və Cavabdeh2 şikayətlərinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Kollegiya bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/2364 saylı, 21 dekabr 2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, “xxxx” MMC-nin faktiki istifadəsində olan torpaq sahəsi 02 noyabr 2005-ci il tarixli icrarə müqaviləsinə uyğun olaraq 2 ha təşkil edir və həmin torpaq sahəsinin forması və ölçüləri iş materiallarına əlavə edilmiş planda göstərilən torpaq sahəsinə uyğundur. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X4 Kirov Rayon İcraiyyə Komitəsinin 12 yanvar 1990-cı il tarixli Qərarına əsasən Binəqədi qəsəbəsindən qərbdə, Binəqədi-Xırdalan yolu üzərində Güzdək qəsəbəsi ərazisində şəhər təşkilat və müəssisələrinin yardımçı təsərrüfat massivindən 10 ha torpaq sahəsi “Təzə Yurd” kooperativinə ayrılmış, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 02 noyabr 2005-ci il tarixli müqaviləyə əsasən “Təzə Yurd” kooperativinin sədri X.Hüseynov tərəfindən “xxxx” MMC-yə həmin sahədən 2 ha sahə müddətsiz icarəyə verilmişdir. 21 dekabr 2020-ci il tarixli ekspert rəyinə əsasən “xxxx” MMC-nin faktiki istifadəsində olan torpaq sahəsi 02 noyabr 2005-ci il tarixli icrarə müqaviləsinə uyğun olaraq 2 ha təşkil etməsi və həmin torpaq sahəsinin forması və ölçüləri iş materiallarına əlavə edilmiş planda göstərilən torpaq sahəsinə uyğun olması müəyyən edilmişdir. Apellyasiya şikayəti verən cavabdehlər şikayətlərində və məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli hallar araşdırılmadığını bildirmişlər. Məhkəmə kollegiyasında aparılmış araşdırmalar zamanı da birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan halların araşdırılmadlğı müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Məhkəmə kollegiyasının qənaətinə görə bu fakt özü, yəni məhkəmə aktının əsaslandırılmaması öz-özlüyündə həmin qərarın əsaslı olmasını şübhə altına almaqla yanaşı, həm də məhkəmə aktlarının qanuni və əsaslandırılmalı olması kimi konstitusion prinsipə də cavab vermir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə qərarları qanuna və sübutlara əsaslanmalıdır. Eyni tələb MPM-in məhkəmə aktlarının qanuni və əsaslı olmasını tənzimləyən 217-ci maddəsində də nəzərdə tutulmuşdur.(Maddə 217.3) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmə aktlarının əsaslandırılmaması, qərarlarda qanunvericilik aktlarının sadəcə olaraq sadalanması ədalətli məhkəmə araşdırmasına olan hüquqa xələl gətirir, başqa sözlə Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermir. Avropa Məhkəməsi «Kastravet Moldovaya qarşı» iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. Avropa Məhkəməsi həmin işdə milli məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsinin pozuntusunu müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, Kollegiya qeyd edir ki, rayon məhkəməsi tərəfindən cavabdehin iştirakı olmadan işə baxılmış, bununla da prosessual pozuntuya yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə olan halda görünür ki, hazırkı iddia tələbi əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırma aparılmadığından və düzgün olmayan nəticəyə gəlindiyindən apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdehlər “xxxx” MMC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3264/2019 saylı, 25 dekabr 2019cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına iddiaçı Bakı şəhəri İddiaçındən alınaraq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-454/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-454/2021
02.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver