Məhkəmə qərarları › İş №2(103)-454/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-454/2024

17.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-454/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsindən istifadəyə və torpaq sahəsinin giriş çıxışına yaradılan süni maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh2, onun nümayəndəsi (vəkili) Vəkil2, üçüncü şəxs “X3” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X1 1808 saylı, xx.xx.2006-cı il tarixli Sərəncamı ilə İddiaçı istifadəsinə fərdi yaşayış evinin tikintisi üçün 600 m² torpaq sahəsi ayrılmışdır.

2. X1 xx.xx.2005-ci il tarixli, 1698 saylı qərarı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində 800 m² torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh1 ayrılmışdır.

a. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 1808 saylı sərəncamına əsasən ona məxsus olan Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən istifadəyə və giriş-çıxışa cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 1808 saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən 6 sot torpaq sahəsi ev tikmək məqsədi ilə ona ayrılmışdır. Lakin imkansızlıqdan həmin ərazidə ev inşa edə bilməmişdir. Son iki ildə torpaq sahəsinə baş çəkərkən ərazidə olan torpaq sahəsinə Oqtay adlı şəxs gələrək torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Ondan həmin torpaq sahəsinə görə sənədlərini tələb etsə də, heç bir sənəd göstərməmişdir. Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinə şikayət etmiş, araşdırma aparılmış və mübahisəli torpaq sahəsinin ona məxsus olması müəyyən olunmuşdur. Hesab edir ki, torpaq sahəsinə yaradılmış maneə aradan qaldırılmalıdır. Belə ki, o, torpaq sahəsini Binəqədi rayon X1 1808 saylı xx.xx.2006-cı il tarixli sərəncamı əsasında alqı-satqı müqaviləsi əsasında almışdır. Binəqədi RPİ-nin 43-cü PB-nin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin başlanması rədd edilsə də mübahisəli torpaq sahəsinin ona məxsus olması öz təsdiqini tapmışdır. Belə olan halda yaradılmış maneə aradan qaldırılmalıdır. Həmin torpaq sahəsinə hər dəfə gedərkən Cavabdeh2 ona maneçilik törədir və torpaq sahəsinə yaxınlaşmağına imkan vermir. Eyni zamanda Cavabdeh2 ona bildirmişdir ki, torpaq sahəsi qardaşı Cavabdeh1 adınadır. Cavabdeh2 eyni zamanda qardaşının adından özünə ayrılmış torpaq sahəsini əlində əsas tutaraq ona maneçilik yaradır. Ona görə də hesab edir ki, Cavabdeh1 da ona torpağından istifadəyə maneə törədir. Onların yaratdığı maneçilik aradan qaldırılmalıdır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı, iş № 2(001)-3162/23) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, sözügedən torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə ayrıldığına görə, o, torpaq sahəsinə dair hüquqlara da malikdir. Lakin cavabdehlər könüllü olaraq iddiaçıya məxsus torpaq sahəsindən çıxmadıqlarından iddiaçı özünə məxsus torpaq sahəsindən istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 157.8, 164.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada onlara xəbər verilməmişdir. Binəqədi rayon bələdiyyəsi tərəfindən verilmiş hər iki sərəncamlar üzrə torpaq sahələrinin dəqiq ünvanları göstərilmədiyi halda məhkəmə bələdiyyənin xx.xx.2023-cü i ltarixli cavab məktubuna istinad edərək göstərmişdir ki, torpaq sahəsinin yerləşmə eskiz-cizgisində qeyd olunan torpaq sahəsi ilə fərqli olduğu ehtimal olunur, belə olan halda hansı atributlarla mübahisəli torpaq sahələrinin üst-üstə düşməsi məhkəmə tərəfindən hərtərəfli yoxlanılmayaraq, yəni ki, Reyestr Xidmətini cəlb etməklə mülki iş üzrə ekspertizalarının keçirilməsi labüd olduğu halda bunu qəsdən etməyərək və cavabdeh 2005-ci ildən həmin torpaq sahəsinin üzərində yaşayış evi inşa etməklə bu günə qədər həmin mülkiyyətin sahibi olmaqla orada yaşayaraq və 18 ildən sonra iddiaçının hansısa formada peyda olması absurd bir saxta sənədlər üzrə faktdır. Belə olan halda, işin mahiyyətindən göründüyü kimi ilk növbədə iddiaçı cavabdehin bələdiyyə tərəfindən verilmiş sərəncamını mübahisələndirməli idi, ona görə ki, yerli baxış keçirilsə idi, həqiqətən də bələdiyyənin səhlənkarlığı ucbatından torpaqlar arasında sürüşmələrin mövcud olduğunu müəyyən edərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apelyator və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

11. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətinin rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuş “X3” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi izahat verərək bildirdi ki, mübahisəli ərazi mühafizə zolağına düşməklə “X3” Şirkətinin istifadəsinə ayrılmış sahədir. Həmin sahənin nə bələdiyyəyə, nə də iş üzrə tərəflərə aidiyyəti yoxdur. Həmin ərazidə neft-qaz əməliyyatları aparılır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia rədd edilməlidir.

13. İş üzrə digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı

daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər.

16. Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarı

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin bütünlüklə ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam həcmdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

20. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı aparılmasa da, həmin torpaq sahəsi məhz Binəqədi rayonu X1 sərəncamı ilə alqı-satqı yolu vasitəsilə iddiaçının mülkiyyətinə verilmişdir ki, həmin akt Mülki Məcəllənin 139-1.1.1ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Sözügedən torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə ayrıldığına görə, o, torpaq sahəsinə dair hüquqlara malikdir. Lakin cavabdehlər könüllü olaraq iddiaçıya məxsus torpaq sahəsindən çıxmadıqlarından iddiaçı özünə məxsus torpaq sahəsindən istifadə edə bilmir və elə bu əsasla da məhkəməyə müraciət etmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

21. Cavabdehin apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, mübahisəli torpaq sahələrinin üst-üstə düşməsi məhkəmə tərəfindən hərtərəfli yoxlanılmamışdır.

22. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, X1 xx.xx.2005-ci il tarixli 1698 saylı qərarı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Cavabdeh1 mülkiyyətinə ayrılmış 800 kvm torpaq sahəsinin və həmin Bələdiyyənin xx.xx.2006-cı il tarixli 1808 saylı sərəncamı ilə İddiaçı mülkiyyətinə ayrılmış 600 kvm torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi, habelə iddiaçının mülkiyyətinə ayrılmış 600 kvm torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunub-olunmaması barədə sual qoyulmuşdur.

23. Məhkəmə Ekspertiza Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli, 10/4197 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli sahə Bələdiyyənin deyil, dövlətin mülkiyyətindədir. Rəydə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reeyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********55 nömrəli mütəxəssis rəyində göstərildiyi kimi, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Binəqədi Oil). Sahələrə dair sənəd təqdim edilməyib. Sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin qeydiyyatı və hər hansı üst-üstə düşmə ilə bağlı məlumat aşkar edilməmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, mübahisəli torpaq sahəsinin 800.0 kv.m hissəsi cavabdeh və nümayəndə tərəfindən onlara aid olduqları şifahi olaraq iddia olunur. Mübahisəli sahənin 600.0 kv.m hissəsi isə sxemdə göstərildiyi kimi iddiaçının nümayəndəsinin şifahi məlumatına əsasən iddiaçıya aid olduğu iddia olunur. Mübahisəli olan torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Sahə üzərində tikili yoxdur. Sözügedən ərazi və eyni hasar daxilində olan qonşu ərazinin giriş-çıxış qapıları eynidir.

24. MPM-ə əsasən Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (maddə 101.7).

25. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri). İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

29. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə öz istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi. İddiaçı tərəfindən belə bir sübut (sənəd) təqdim olunmamışdır. Əksinə, apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın nəticəsi olaraq iddiaçının tələb irəli sürdüyü torpağın ona məxsus olmadığı müəyyən edilmişdir. Bu baxımdan, iddiaçı mübahisəli torpaq sahəsinə dair hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbini irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz.

30. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd olunmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 1808 saylı sərəncamına əsasən ona məxsus olan Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən istifadəyə və giriş-çıxışa cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar