Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4540/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq ünvan 1 A, 5 nömrəli mənzilə istifadə hüququnun tanınması və azyaşlı övladı X4 ilə birlikdə həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq ünvan 1 A, 5 nömrəli mənzilə istifadə hüququnun tanınması və azyaşlı övladı X4 ilə birlikdə həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi və ona edilmiş dəqiqləşdirmə belə əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx xxxxxx 2018-ci il tarixdə ailə quraraq rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqdan sonra, xx.xx.2018-ci il tarixdə həyat yoldaşı Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 A ünvanda yerləşən 5 nömrəli mənzilə gəlin köçmüş və xx xxxx 2019-cu il tarixə qədər həmin mənzildə yaşamışdır. Onları birgə nikahından xx.xx.2019-cu il tarixdə X2 anadan olmuşdur. Cavabdehlə bir müddət münasibətləri normal olsa da, sonralar cavabdehin anası və bacısı tərəfindən ailəyə edilən yersiz müdaxilələrə görə, aralarında yaranan fikir ayrılıqları, cavabdehin ona və övladlarına laqeyd münasibət bəsləməsi, tez-tez mübahisələrə səbəb olmuşdur. Həyat yoldaşı Cavabdeh1 onunula ailə qurmamışdan əvvəl də başqa bir qadınla nikahda olmuşdur və nikahda olduğu qadını valideynlərinin, yəni atasının və anasının təkidi ilə boşayaraq, evdən qovmuşdur. Sonra eyni hərəkətləri ona qarşı da həyata keçirmişlər. Belə ki, xx xxxx 2019-cu il tarixdə cavabdehin anası, bacısı və özü tərəfindən qurulmuş məkrli plana uyğun olaraq, həyat yoldaşı Cavabdeh1 bacısının və anasının təhriki ilə, xx xxxx 2019-cu il tarixdə gəlin köçdüyü və daimi yaşadığı ünvan 1 A, 5 nömrəli mənzilin qapısını bağlayaraq, onu yaşadığı mənzilə buraxmamışdır. Ailədə yaranan yersiz söz-söhbətlərə görə hamiləlik dövrünü stress, əsəb gərginliyi ilə keçirdiyindən, övladı Türkan İsgəndərli vaxtından əvvəl doğulmuşdur. Uşaq doğulandan sonra bir müddət küveysdə həkim nəzarəti altında xəstəxanada qalmalı olmuş, o, hər gün uşağın yanına xəstəxanaya gedib-gəlmişdir. Həmişəki kimi, uşağın yanına xəstəxanaya getmək məqsədilə xx xxxx 2019-cu il tarixdə də yaşadığı mənzildən çıxarkən, mənzilin açarını götürmək istəmiş, Cavabdeh1 evdə olacağını, bu səbəbdən açarları götürməyə ehtiyac olmadığını bildirmişdir. Beləliklə, əvvəlcədən düşünülmüş plana əsasən cavabdeh bilərəkdən mənzilin açarlarını ona verməmişdir. O, evdən çıxanda cavabdehin və onun yaxın qohumlarının (bacısı və anası) onu məcburi şəkildə, iradəsinə zidd olaraq yaşadığı və gəlin köçdüyü mənzildən çıxarmaq barədə plan qurumalarını düşünməmişdir. Uşağın yanından qayıdandan sonra mənzilə daxil olmaq istəmiş, lakin qapı bağlı olduğunu görmüşdür. Cavabdehin öz bacısı və anasının sözü ilə onu aldadaraq, açarı verməməsi və qapı arxasında qoymasından o, dərin sarsıntı keçirmişdir. Cavabdeh1 vicdan əzabından qorxub qapını açacağı ümidi ilə, küçədə bir müddət gözləyəndən sonra, uşağının və onun yaşamağı üçün şəraiti olmayan valideynlərinə məxsus mənzilə getmək məcburiyyətində qalmışdır. Həmin mənzildə onun atası, anası, qardaşı və qardaşının ailə üzvləri yaşayırlar. Valideynlərinə məxsus ev darısqal, şəraitsiz olduğundan, uşaqla birlikdə həmin mənzildə yaşamaq çox çətindir. Bu isə özlüyündə 5 (beş) aylıq Türkanın sağlam böyüməsinə və inkişafına mənfi təsir edir. Uşaq azyaşlı olduğundan, eyni zamanda o, heç bir yerdə işləmədiyindən kirayə yaşamağa da maddi imkanı yoxdur. Ona məxsus cehiz əmlakı və qızıl-zinət əşyaları hələ də, cavabdehin ailə üzvü kimi gəlin köçdüyü, mülkiyyətində olan mənzildədir. Onun köçmək istədiyi mənzildən savayı cavabdehin və onun valideynlərinin mülkiyyətində yaşayış üçün tam şəraitli daha iki mənzil var. Hazırda mənzillərdən birində cavabdehin valideynləri yaşayır, ikinci mənzili isə dövlətə vergi ödəmədən, kirayə verməklə qazanc əldə edirlər. Ona və körpə uşağına isə daimi yaşadığı mənzilə köçərək yaşamağına icazə vermirlər. Halbuki, istər qanunla, istərsə də yerli adətənənə baxımından gəlin kimi köçdüyü mənzildə istifadə hüququ tanınmaqla, azyaşlı övladı ilə birlikdə, həmin mənzilə köçüb yaşamaq qanuni haqqıdır. Cavabdehlər onu körpə uşaqla köməksiz, maddi təminatsız və evsiz qoymuşdur. Onun yaşamağa başqa yaşayış yeri yoxdur və valideynlərinin yaşadığı evdə müvəqqəti məskunlaşaraq azyaşlı qızı ilə birlikdə onların himayəsində yaşamağa məcbur olmuşdur. Onu azyaşlı qızı ilə gəlin köçdüyü və daimi yaşadığı mənzildən heç bir qanuni əsas olmadan məhrum etmişlər. Mübahisəli mənzilə köçməyi azyaşlı uşağının normal böyüməsi üçün də çox vacibdir. Cavabdeh1 mənzili digər cavabdeh olan Cavabdeh2 bağışlamışdır. Mübahisəli mənzil xx xxxx 2019-cu il tarixində o, evi tərk edərkən Cavabdeh1 adına olmuşdur. Mənzili Cavabdeh1 xx xxx 2018-ci il tarixdə onlar nikaha daxil olmamışdan öncə almışdır. Hazırda İddiaçı yaşayış yeri üzrə ata evində qeydiyyatdadır. O, mübahisəli mənzilə qeydiyyata düşmək istəsə də, cavabdehlər ona icazə verməmişlər. Onun Cavabdeh1la nikahı pozulmamışdır və bununla bağlı tələb də yoxdur. Onu yaşadığı mənzildən mərhum etmək üçün Cavabdeh1 mənzili anasına bağışlamışdır. Hazırda onların birgə nikahından doğulmuş uşağın bir yaşı yoxdur, valideyinləri tərəfindən dəstək olmasa, o, övladı ilə çöldə qalar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)- 3532/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 1 A, 5 nömrəli mənzilə istifadə hüququ tanınmış və onun azyaşlı övladı X3 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişlər. Apellyasiya şikayətində işin faktiki halları göstərilməklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunması xahiş olunmuşdur. Apellyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi, vəkil X6 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə tərkibindən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər, Cavabdeh1 ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, buna görə də məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin cavabdeh xahişini əsaslandırmamış, onun məhkəmə iclasına gəlməməsinin üzrlü səbəblərdən olmasını təsdiq edən sübutları təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 xx xxxx 2020-ci il tarixdə məhkəməyə izahat göndərərək iddiaçının özünün 6 aylıq qızını da götürüb valideynlərinin yanına köçdüyünü, evə geri qayıtmaq istəmədiyini, sonra isə onları məhkəməyə verdiyini qeyd etmişdir. İzahata əlavə olunmuş qoşmalardan da görünür ki iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə nikahın pozulması tələbi barədə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onlar Cavabdeh1 nikahdan əvvəl xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən aldığı Nizami rayonu Q.Qarayev prospekti ev 80 A, 5 nömrəli mənzildə yaşamışlar. İddiaçı cehiz əşyaları ilə birlikdə həmin mənzilə gəlin köçmüşdür. Hazırda iddiaçının cehiz əşyaları həmin mənzildədir. Onların birgə nikahından xx.xx.2019-cu il tarixdə X3 dünyaya gəlmişdir. Tərəflərin münasibətləri pozulmuşdur, İskəndərli Türkay hazırda uşağa görə iddiaçıya aliment ödəyir. İddiaçı 2019-cu ilin iyun ayından mübahisəli mənzildə yaşamır. O, başqa yaşayış yerinin olmamasını əsas gətirərək məhkəmədə həmin mənzilə dair istifadə hüququnun tanınması və körpə övladı ilə birlikdə mənzilə köçürülməsini iddia edir. Cavabdehlər isə iddiaçının atasına və qardaşına məxsus evin olmasını, iddiaçının orada yaşaması üçün imkanı olmasını, onun ata evində qeydiyyatda olmasını, mənzilin nikahdan əvvəl alinmasını və digər cavabdeh Zalxa İskəndərovaya bağışlanmasının əsaslı olmasını bildirirlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edərək belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh1 həyat yoldaşı kimi Cavabdeh2 ailə qanunvericiliyinə əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik olmasa da, onun oğlunun həyat yoldaşı hesab edilir. Belə olan halda, iddiaçı onunla bağlılığı olan şəxsin, yəni həyat yoldaşının anasından mülkiyyətində olan mənzildən istifadə hüququnun tanınmasını tələb etməkdə haqlı olmaqla, buna dair iddiasının hüquqi əsası da mövcud olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə qətnaməsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, habelə birinci instansiya məhkəməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməlidir. Belə ki, xx xxxx 2019-cu il tarixli ********** saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan da görünür ki, mübahisəli mənzil Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İşin mübahisəsiz halıdır ki, Nizami rayonu Q.Qarayev prospekti ev 80 A, 5 nömrəli mənzil birgə nikah dövründən öncə Cavabdeh1 tərəfindən əldə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzilə gəlin köçməklə həmin mənzildə bir müddət yaşaması istifadə hüququnun yaranması və hazırda onun həmin mənzilə köçürülməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsassız olaraq iddiaçının cavabdehə məxsus mənzildə istifadə hüququnun olmasını tanımışdır. Belə ki, məhkəmə özü qətnamənin əsaslandırıcı hissəsində göstərmişdir ki, iddiaçı cavabdehin oğlunun həyat yoldaşıdır. Yəni, birinci instansiya məhkəməsi etiraf etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinə və müvafiq olaraq Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə uyğun olaraq Cavabdeh2 ailə üzvü hesab edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı qeyd olunan mənzilin sahibi Cavabdeh2 ailə üzvü olmadığından, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilə köçürülərək, ondan istifadə etmək hüququ da ola bilməz. İddiaçının (habelə onun azyaşlı övladının) belə hüququ qayınanası Cavabdeh2 bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından iddianın təmin edilməsi üçün əsaslar müəyyən olunmur. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə maddi hüquq normalarının pozulması ilə baxdığından, habelə qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, qətnamə apellyasiya qaydasında ləğv edilməli və iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdehlər X5 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(007)- 3339/2018 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4540/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4540/2020
11.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver