Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4542/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1365/2021 saylı 19 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus mülkiyyətçisi olduğu 3 otaqlı mənzil ünvan 1 ünvanında yerləşir. İddiaçının pasport qeydiyyatı isə ünvan 2 ünvanıdır. 19 noyabr 2020-ci ildə cavabdehin yaşadığı mənzildən iddiaçının mənzilinə paslı su axıdılmış, nəticədə qonaq otağı, mətbəx, dəhliz, döşəmələr, yataq otağı və orada olan avadanlıqlar,yorğan-döşək və s. əşyalar, bütün divarlar yaş olaraq yararsız hala salınıb. Su sızması nəticəsində isladılmış əşyalar və s. tikinti materialları yaş vəziyyətdə qalıb. Hadisə nəticəsində yararsız vəziyyətə düşmüş əşyaların, tavan, pol və s. şəkilləri çəkilmişdir. Cavabdehin səhlənkarlığı və hərəkətsizliyi nəticəsində baş vermiş deliktə görə ziyanın dəyərinin ödənilməsi xahiş olunsa da, iddiaçıya heç bir məbləğ ödənilməmişdir. İddiaçı mənzildəki fəsadların şəklini hadisədən bir müddət sonra 5 saylı MKİS-nin mühəndis və texnikinin iştirakı ilə çəkmişdir. Cavabdeh özü də ziyanı ödəyəcəyini bildirsə də, təmir-bərpa işlərinə hələ ki, heç bir vəsait verməmişdir. İddiaçının mənzilinə ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan dəymişdir. Su hal-hazırda da qurumayıb və quruduqca da fəsadları üzə çıxmaqda davam edir. Evin həmin hissələrdə tavanı, divarları, döşəməsi hələ də nəmdir. Təmir işləri aparmaq mümkün deyil. Həmin nəm və islanmış divardan elektrik naqilləri keçir, çoxu da artıq işləmir.Hər zaman qısa qapanma və yanğın hadisəsi baş verə bilmək təhlükəsi vardır. İddiaçının mənzili təmirdən çıxmışdır. Cavabdehin təqsiri üzündən iddiaçı mənzilində istədiyi kimi istirahət edə bilmir. Cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi hələ də davam etməkdədir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, ev 5 b -də yerləşən 8 saylı mənzilə həmin binadakı mənzildən su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 5000 manat maddi zərər, dövlət rüsumu olaraq 31 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh oğundan maddi zərərin əvəzi kimi 5000 manat və 31 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5031 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehdən tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmiş, apellyasiya şikayətini iş üzrə tərtib olunmuş ekspert rəyinin düzgün olmaması arqumenti ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını və Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütünlüklə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən cavabdeh şikayət verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 5 saylı MKİS-in rəisi E.N.Əmiraslanov, texniki S.Ə.Əzizov, elektrik qaz qaynaqçısı İ.A.Ağayev tərəfindən 24 noyabr 2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi ev 5”B” mənzil 8-də yaşayan İddiaçı yazılı şikayət ərizəsi ilə müraciət etmiş və bildirmişdir ki, 19 noyabr 2020-ci il tarixdə, 12-ci mənzilin sahibi Cavabdeh mənzilinin istilik xəttindən onun mənzilinə su axıdılmış, qonaq otağına, yataq otağına, mətbəxə, dəhlizə və orada olan avadanlıqlara, otaqların tavanına, divar və döşəməsinə ziyan dəymişdir. Vətəndaşın şikayətini nəzərə alaraq, tərəflərindən baxış keçirilən zaman həqiqətən də istilik xəttindən otaqlarda, mətbəxdə və dəhlizdə su axıntısı aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/1451 nömrəli, 16 iyun 2021ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 8 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 12 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 8 saylı mənzilin dəhliz, yaşayış otaqları və hamam kimi istifadə olunan yardımçı tikilisinin divar və tavanında yaranmış qüsurları nəzərə alaraq 8 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 12 saylı mənzildən suyun sızması xarakterikdir və 8 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 5298 manat məbləğində müəyyən edilir. Həmin ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Birinci instansiya məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, ev 5b, mənzil 8-ə cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, ev 5b, mənzil 12-dən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iş materiallarında olan MKİS aktında iddiaçının mənzilinə suyun cavabdehin mənzilindən sızdığı göstərilmiş, ekspert də bu halı müəyyən etmişdir. Kollegiya hesab edir ki, ekspertin sözügedən rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır. Həmin mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının məruz qaldığı zərər məbləği ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunduğu kimi, iddiaçıya dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi məqsədilə təyin olunmuş ekspertizanın rəyində onun mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin 5298 manat olduğu təsbit olunmuş, cavabdeh isə bu məbləğin daha az olması barədə hər hansı başqa sübut təqdim etməmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyə istinadla müvafiq nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1365/2021 saylı, 19 avqust 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4542/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4542/2022
22.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver