Məhkəmə qərarları › İş №2(103)-4544/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4544/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4544/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı KB ASC-nin nümayəndəsi X1, Cavabdeh1 qanun üzrə vərəsəsi Maraqlı şəxs nümayəndəsi və vəkili X2 iştirakları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-212/2018 saylı, 08 yanvar 2018-ci il tarixli qətnaməsindən cavabdehin qanun üzrə vərəsəsi tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönədilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə nmüraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(004)- 212/2018 nömrəli qətnaməsi ilə İddiaçı KB ASC-nin iddiası qismən təmin edilmiş, 08 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 28921 ABŞ dolları əsas borc, 658 ABŞ dolları faiz borcu, 819 ABŞ dolları cərimə borcu, cəmi 30400 ABŞ dolları, 25 noyabr 2015- ci il tarixli kredit müqaviləsinə əsasən 97816 ABŞ dolları əsas borc, 11029 ABŞ dolları faiz borcu, 1333 ABŞ dolları cərimə borcu, cəmi 110179 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata olan məzənnəsi ilə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən bağ evinə yönəldilməklə ipoteka predmetinin açıq hərracdan satılması, torpaq sahəsinin bazar dəyərinin 54000 manat, həmin torpaq sahəsi üzərində yerləşən bağ evinin bazar dəyərinin 210000 manat məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti və evin boşaldılması tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, ipoteka predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən bağ evinin ilkin satış qiymətinin 210.000 manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satıldıqdan sonra bir ay ərzində boşaldılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə üzrə icra vərəqəsi verilərək icraya yönəlmişdir. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli, 2(103)-5513/2020 qərardadı ilə Cavabdeh2 hüquqi varisi Maraqlı şəxs apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(004)-212/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-460/2021 saylı, 22 fevral 2021-ci il qərarı ilə təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli, 2(103)-5513/2020 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Cavabdehin hüquqi varisi Maraqlı şəxs apellyasiya şikayətinin mümkünlüyünə baxılması məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndəsi və vəkili N.Əhmədov 02 iyun 2021-ci il tarixli prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət edərək qeyd etdi ki, onlar 29 may 2019-cu il tarixdə Apellyasiya Məhkəməsinə müraciət edərək icraatın dayandırılması ilə bağlı, 31 may 2019-cu il tarixdə isə Məhkəmənin qətnaməsinini rəsmi surətdə almaqla bağlı ərizə ilə məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən, şikayətin mümkün hesab edilərək baxılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi M.Cabbarov izahat verərək qeyd etdi ki, cavabdeh tərəf hazırda müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməklə apellyasiya şikayətinin verilməsi üçün müddəti ötürdüyünü qəbul edir, bu səbəbədən apellyasiya şikayətinin qeyri-mükün hesab edilməsini xahiş etdi. Hazırkı məsələ ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyib, apellyasiya şikayətini nəzərdən keçirərək belə hesab edir ki, apellyasiya şikayəti qeyri-mümükün hesab edilməli, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, mülki iş materiallardan görünür ki, cavabdehin hüquqi varisi Maraqlı şəxs 29 may 2019-cu il tarixdə Apellyasiya Məhkəməsinə müraciət edərək icraatın dayandırılması ilə bağlı, sonra 31 may 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək məhkəmənin 04 iyun 2018-ci il tarixli qətnaməsinin ona rəsmi surətdə təqdim edilməsini xahiş etmiş və qətnaməni 13 iyun 2019-cu il tarixdə əldə etmişdir (İ cild, i/v 196; İİ cild, i/v 9). Beləliklə də, görünür ki, cavabdehin hüquq varisinin artıq həmin tarixdə, 29 may 2019-cu il tarixində birinci və apellyasiya instansiya məhkəmələrinin qətnamələrindən xəbərdar olmuş, məhkəmənin qətnaməsini 13 iyun 2019-cu il tarixdə rəsmi surətdə əldə etmiş, lakin apellyasiya şikayətini qanunla müəyyən olunmuş müddəti ötürməklə vermiş, eləcə də müddətin bərpasına dair ərizə ilə də məhkəməyə yalnız iş yeni apellyasiya icraatında olduğu zaman Məhkəmə kollegiyasının iclasında müraciət etmişdir. Belə ki, cavabdehin hüquqi varisi tərəfindən məhkəməyə göndərilən apellyasiya şikayətinin üzərinə vurulan “daxil olma” ştampından bəlli olur ki, şikayət 16.03.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Kollegiya eləcə də bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Apellyasiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli qərardadını ləğv edərkən qeyd etmişdir ki: ...iş materialları ilə təsdiq olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi maraqlarına toxunan şəxs kimi özünü təqdim etmiş, borclunun hüquqi varisi Maraqlı şəxs məhkəmə qərarlarının mövcudluğundan azı 29 may 2019-cu il tarixdən xəbəri olmuşdur. Lakin o, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən əvvəlcə 09 iyul 2019-cu il tarixdə kassasiya şikayəti, həmin şikayət geri qaytarıldıqdan sonra isə 16 mart 2020-ci il tarixdə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bununla da müəyyən olunur ki, cavabdehin hüquqi varisi 29 və 31 may 2019-cu il tarixlərində məhkəməyə müraciət etmiş, 13 iyun 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsinin rəsmi surətdə əldə etməsinə baxmayaraq, cavabdeh tərəfindən apellyasiya şikayəti 16 mart 2020-ci il tarixdə verilmiş, nəticədə qanunla müəyyən olunmuş 1 aylıq şikayət vermə müddəti ötürülmüşdür. Cavabdehin hüquqi varisi şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyünü qəbul etmiş və işə yeni apellyasiya icraatında baxılarkən Məhkəmə kollegiyasının iclasında müddətin bərpasına dair 02 iyun 2021-ci il tarixli ərizəni təqdim etmişdir. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdehin qanun üzrə vərəsəsi şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə rayon məhkəməsinə müraciət etməli və həmin ərizəyə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 366.2-ci maddəsində isə qeyd edilir ki, apellyasiya şikayətinin qaytarılmasına əsas olan hallardan biri də apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verilməsidir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə apellyasiya instansiyası iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prossessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunan hal işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir, bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti qanunverciliyin tələblərinə uyğun olmadığından (müddət ötürüldüyünə görə) qeyrimümkün hesab edilməli və apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, və 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 qanun üzrə vərəsəsi Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-212/2018 saylı, 08 yanvar 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya qeyri-mümkün hesab edilsin, sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Maraqlı şəxs apellyasiya şikayətinin verilməsi üçün buraxılan prosessual müddətin bərpasına dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar