Məhkəmə qərarları › İş №2(103)-4547/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4547/2021

21.05.2021 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4547/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 avqust 2019-cu il tarixli qətnaməsindən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə əsasən işə, maraqlı şəxsin vəkili (nümayəndəsi) X2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi olan İdarə 06.08.2019-cu il tarixdə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, dövlət büdcəsinə ümumilikdə 683.913,87 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə vergi ödəyicisi olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.08.2019-cu il tarixli qətnamə ilə ərizənin təmin edilməsini, vergi ödəyicisi olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını qət etmişdir. Həmin qətnamədən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 25.10.2019-cu il tarixli qətnamə (İş № 2-(103)-13245/2019) ilə apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16.08.2019-cu il tarixli qətnamənin ləğv edilməsini, ərizəçi İdarənin “vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinin təmin edilməməsini qət etmişdir. Həmin qətnamədən ərizəçi İdarənin verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 12.02.2020ci il tarixli qərar (İş № 2(102)-1002/2020) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin 25.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işə apellyasiya qaydasında yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. İşə apellyasiya qaydasında yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 29.07.2020-ci il tarixli qətnamə (İş № 2-(103)-13245/2019) ilə apelyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16.08.2019-cu il tarixli qətnamənin ləğv edilməsini, ərizəçi İdarənin “vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinin təmin edilməməsini qət etmişdir. Ərizəçi İdarənin verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 16.02.2021-ci il tarixli qərar (İş № 2(102)- 893/2021) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin 29.07.2020-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işə apellyasiya qaydasında yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən Maraqlı şəxs apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizənin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, Rayon Məhkəməsi Maraqlı şəxs məhkəmə baxışında iştirakını qanunda nəzərdə tutulmuş qaydada təmin etməmişdir. Apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin bu dəlili əsaslıdır. Çünki iş materiallarına əsasən müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə Maraqlı şəxs məhkəmə bildirişini göndərsə də, həmin bildirişin Maraqlı şəxs çatdırılması iş materialları ilə təsdiq edilmir. Belə ki, iş materiallarından göründüyü kimi Maraqlı şəxs qeydiyyatda olduğu ünvan “ünvan 1 məhkəmə bildirişlərini “Talıblı küçəsi, 203, 26 # 160” ünvanına göndərilmiş və Poçt xidmətinin müvafiq şöbəsi tərəfindən zərfin üzərinə “ünvan düzgün deyil” qeydi ilə bildiriş Rayon Məhkəməsinə qaytarılmışdır. Rayon Məhkəməsi isə qeyd edilən halı nəzərə almadan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinin tələblərinə əsaslanaraq Maraqlı şəxs iştirakı olmadan baxmış, iş üzrə qətnamə qəbul etmişdir. Məhkəmə bildirir ki, MPM-nin 185-ci maddəsinin mənasına görə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). Göründüyü kimi, Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərini pozmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilməmişdir. Bu hal isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. MPM-nin 387-ci maddəsinin mənasına görə, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir (maddə 387.2.2.). Qeyd olunan prosessual hüquq normasından çıxış edən Məhkəmə hesab edir ki, qətnamə bir mənalı olaraq ləğv edilməli və MPM-nin 372.1-ci maddəsində uyğun olaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşə apellyasiya qaydasında yenidən baxan Məhkəmə qeyd edir ki, ərizəçi İdarənin “vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsi onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikləri üçün 26.07.2019-cu il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) 683913,87 manat məbləğində (o cümlədən, vergilər üzrə 472565,69 manat, faizlər üzrə 172826,48 manat, maliyyə sanksiyası üzrə 38521,7 manat) vergi borcu var. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisi Maraqlı şəxs Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 30.01.2018-ci il tarixli **********238200 nömrəli bildiriş göndərilmiş, lakin o, yaranmış vergi borcunu ödəməmişdir. Maraqlı şəxs apellyasiya şikayətində İdarənin ərizəsinə qarşı ifadə olunmuş etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin “Fərdi yaşayış evlərinin sökülüb yenidən tikilməsinə icazə verilməsi haqqında” 11.03.2014-cü il tarixli 137 №-li sərəncamı ilə X1, X3 və ona mülkiyyət hüququ əsasında məxsus olan mülkləri yaşayış üçün yararsız hala düşməsi nəzərə alınaraq öz vəsaiti hesabına sökülüb, fərdi layihəyə uyğun yenidən tikilməsinə icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeyd olunan bina Nəcəfxan Abbasovun, Bayram Babayevin və onun adına ilkin olaraq rəsmiləşdirilmişdir. Daha sonra, 24.06.2014cü il tarixdə həmin binadakı 897.7 kv.metr qeyri-yaşayış sahəsi Bayram Babayevin adına rəsmiləşdirilməklə qalan yaşayış və qeyri-yaşayış sahələri 38 saylı Dövlət Notariat kontorunda alğı-satqı müqavilələri əsasında Nəcəfxan Abbasov, Bayram Babayev və onun tərəfindən ayrı-ayrı şəxslərə satılmışdır. Bundan sonra Vergi Məcəlləsinin 34.1-ci maddəsinin tələblərinə zidd olaraq o vergi ödəyicisi kimi 29.11.2016-cı il tarixdən vergi orqanı tərəfindən qeydə alınaraq, adına ********** saylı VÖEN açılmışdır. Vergi orqanının 27.03.2017-ci il tarixli **********087439 nömrəli “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən onun barəsində növbədənkənar səyyar vergi yoxlaması (yoxlama dövrü noyabr - dekabr 2016) təyin edilmişdir. Keçirilən yoxlama nəticəsində isə ona vergi borcu hesablanmış və iş araşdırılması üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmişdir və təxminən 2 il əvvəl barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192 və 213-cü maddələri ilə cinayət işi açılmış və o, təqsirləndirilən şəxs kimi cinayət işinə cəlb olunmuşdur. Cinayət işinin istintaqı zamanı o, dəfələrlə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılaraq izahatlar vermiş və müstəntiqin verdiyi bütün suallara cavab vermişdir. Departamentə nəinki rəsmi bildirişlə çağırıldığı vaxtlarda, hətta telefon vasitəsilə çağırıldığı vaxtlarda da bütün işgücünü ataraq istintaqa mane olmamaq üçün getmişdir. Lakin cinayət işinin istintaqı zamanı istintaq orqanının əlində heç bir sübut olmasa da, barəsində açılmış cinayət işinə xitam verilməmiş və müstəntiq tərəfindən süründürməçiliyə yol verilmişdir. Bütün bu qanunsuz hərəkətlərə görə o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi kimi vergi orqanında qeydə alınmış uçotun və adına açılmış ********** saylı VÖEN-nin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ali Məhkəmənin 17.10.2018-ci il tarixli (İş №2- 1(102)-1709/18) yekun qərarı ilə iddia tələbi təmin edilmiş və onun vergi ödəyicisi kimi vergi orqanında qeydə alınmış uçotun və adına açılmış ********** saylı VÖEN-nin ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə həvalə edilmişdir. Eyni zamanda barəsində aparılan cinayət işi üzrə iş materiallarında da onun vergidən yayınma halının mövcud olmaması öz əksini tapmaqdadır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 10733 saylı 25 iyun 2018-ci il tarixli rəyində müəyyən edilmişdir ki, tərəfindən ünvan 2 ünvanda inşa edilmiş bina fərdi yaşayış evi kimi qəbul olunmuş, binanın faktiki vəziyyəti üzrə layihə sənədlərindən kənaraçıxma müəyyən edilməmişdir. Göründüyü kimi, cinayət işinin materialları ilə, eləcə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyləri ilə müəyyən edilmişdir ki, ona elan olunmuş ittiham qanunsuz və əsassızdır. Lakin dəfələrlə müxtəlif orqanlara yazılı müraciətlər etsə də, 3 ildən artıq müddətdir ki, barəsində açılmış cinayət işinə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində xitam verilməmiş və adına açılmış VÖEN-ə vurulmuş 683.913,97 manat məbləğində vergi borcu silinməmişdir. Rayon Məhkəməsi ümumiyyətlə işi araşdırmadan və ona məlumat vermədən yekun qətnamə qəbul etmiş, vergi orqanının ərizəsini təmin etmişdir. Halbuki, Ali Məhkəmənin 17.10.2018-ci il tarixli yekun qərarı ilə iddia tələbi təmin edilmiş və onun vergi ödəyicisi kimi vergi orqanında qeydə alınmış uçotun və adına açılmış ********** saylı VÖEN-in ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə həvalə edilmişdir. Vergi orqanı Azərbaycan Respublikasının adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmək əvəzinə, ondan yenidən əsassız olaraq hesablanmış vergi məbləğini ödəməsini, hər nə yolla olur-olsun qanunsuz olaraq hesablanmış vergi məbləğini silməyəcəyini bildirir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maraqlı şəxs vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi. Ərizəçi İdarənin nümayəndəsi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən, maraqlı şəxs – Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcu 683.913,87 manat təşkil edir. Ərizəçi İdarə vergi ödəyicisi olan fiziki şəxsə bildiriş göndərərək, vergi borcunu 5 gün müddətində ödəmədiyi halda, qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görüləcəyi barədə onu xəbərdar etmişdir. Lakin həmin müddət ərzində vergi borcu ödənilməmişdir. Məhkəmə mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək, vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. MPM-nin 355-5-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 355-7-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəmə tərəfindən təmin edilərək müvafiq qətnamə qəbul edildikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının ərizəsinə əsasən məhkəmə tərəfindən iki iş günü ərzində həmin məhdudlaşdırmanın götürülməsi barədə qətnamə qəbul edilir. Qeyd edilən maddi və prosessual hüququ normalarının tələblərini işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, ərizəçi idarənin tələbi əsaslıdır, Maraqlı şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 26.07.2017-ci il tarixli (İş № 2-1(81)-3411/2017) qərarı ilə Maraqlı şəxs vergi ödəyicisi kimi vergi orqanında qeydə alınmış uçotunun və adına açılmış ********** saylı VÖEN-nin ləğv edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinin üzərinə qoyulmuşdur. Yuxarı instansiya məhkəmələri tərəfindən departamentin şikayətləri təminb edilməmişdir. Son nəticədə yuxarıda qeyd olunan qərar dəyişdirilmədən saxlanılaraq, qanuni qüvvəsini almışdır. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, yuxarıda qeyd olunan məhkəmə aktı onu deməyə əsas vermir ki, maraqlı şəxsin vergi borcu yoxdur. Həmin məhkəmə aktından da görünür ki, Maraqlı şəxs vergi ödəyicisi kimi vergi orqanında qeydə alınmış uçotunun və adına açılmış VÖEN-nin ləğv edilməsi öhdəliyi ərizəçi idarənin üzərinə qoyulmuşdur. Beləliklə, Məhkəmə MPM-nin 385-ci maddəsinin tələblərinə və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 avqust 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsi təmin edilsin. xx xxx 1955-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan respublikasının vətəndaşı Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar