Məhkəmə qərarları › İş №2(103)-4549/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4549/2024

30.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4549/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «mənzildən istifadə hüququnun tanınması, mənzilə köçürülmə, yaşayış sahəsinə ehtiyac») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-557/2024 saylı, 16 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. ünvan 1 ünvanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərdənizneftinşaat” trestinin 558 nömrəli xx.xx.1994-cü il tarixli qərarına və Bakı şəhəri 23 saylı notariat kontorunda təsdiq edilmiş 3M/3-762 reyestr nömrəli xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən xx.xx.1995-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır, Bakı şəhəri 15 saylı notariat kontorunun 3”M”/A-570 reyestr nömrəli xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X1 adına qeydiyyata alınmışdır və sonuncunun adı ilə bağlı xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Sonradan sözügedən qeydiyyat vəsiqəsi ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli çıxarış ilə əvəz edilmişdir.

2. Sözügedən mənzil Bakı şəhəri 50 saylı notariat kontorunun 2V-140 reyestr nömrəli xx.xx.2021 -ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-718/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 08 avqust 2014-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 999 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında qalmaları, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X7 3 yaşına qədər hər ay 50 manat məbləğində alimentin tutulub İddiaçı verilməsi, birgə nikah dövründə əldə edilmiş “Toyota Land-Cruiser” minik markalı, **-GO- *** dövlət qeydiyyat nişanlı və “OPEL ASTRA” minik markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin artırılması barədə ərizə ilə ilə məhkəməyə müraciət edərək, iddianın icraata qəbul edilməsi, işə mahiyyəti üzrə baxaraq, onun 3 azyaşlı uşaqları olan X9, X10, X11 ilə birlikdə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 54 №-li evin 11 №-li mənzilinə istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülmələri, habelə məhkəmə xərcləri kimi 60 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun, 1 manat bank xərcininin, 500 manat vəkil xidməti haqqının, 17 manat 25 qəpik etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş məbləğin, cəmi 628 manat 25 qəpiyin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiada göstərilir ki, xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurub və cavabdehin anasının mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Əlif Haciyev küçəsindəki 54 №-li evin 11 №-li mənzilinə gəlin köçüb, yaşayış yeri üzrə həmin mənzildə rəsmi qeydiyyata alınıb və 2022-ci ilin sonuna qədər orada faktiki yaşayıb. Onların birgə nikahından 3 uşaqları: xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X11 olub. Mənzilin əvvəlki mülkiyyətçisi olmuş cavabdehin anası 2021-ci ilin fevral ayının əvvəllərində vəfat edib, mənzil vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçib və ona xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilib. Ər-arvad arasında münasibətlərin gərginləşməsi səbəbindən o, cavabdehlə nikahını pozmaq qərarına gəlib və 2022-ci ilin noyabr ayının axırlarında uşaqları da özü ilə götürüb atası evinə gedib. Daha sonra nikahın pozulması barədə iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib. 2022-ci ilin sonlarında uşaqları da götürüb mənzili tərk edəndən sonra 2 dəfə özünə aid olan bəzi geyimləri və xırda əşyaları götürmək üçün mənzilə gəlmiş, 2023cü ilin fevral ayının əvvəllərində mənzilə gələndə görüb ki, Səid qapının qıfılını dəyişib. Bundan sonra cavabdeh onu mənzilə buraxmayıb və mənzilin açarının nüsxəsini ona verməyib, o, həmin vaxtdan 3 azyaşlı uşağı ilə atası evində yaşamaq məcburiyyətində qalıb, onlara da narahatlıq yaradır və özü də narahat vəziyyətdə yaşamaqda davam edir. Nikahları pozulduqdan sonra o, mənzildən istifadə etməyə şərait yaradılmasını və açarın nüsxəsini ona verilməsini dəfələrlə cavabdehdən tələb etsə də, cavabdeh sözdə buna etiraz etmədiyini bildirsə də, faktiki olaraq sözünə əməl etməyib. Hazırki iddia məhkəməyə təqdim edilənə qədər məsələyə ilkin mediasiya qaydasında baxılıb. Cavabdehlə nəinki barışığa nail olmaq mümkün olmayıb, hətta mediasiya xəclərini belə ödəməyib. Ona görə də, 60 manat mediasiya xərcini tam məbləğdə o ödəyib. xx.xx.2023-cü il tarixli arayışdan da göründüyü kimi mediasiya prosesinin həyata keçirilməsindən imtina edilib. Başa düşür ki, onların yaşadığı, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsindəki 54 №-li evin 11 №-li mənzili onların birgə mülkiyyətində deyil və cavabdehə məxsusdur. Bununla bərabər, həmin mənzildə 2014 cü ildən faktiki yaşamış, 3 övladlarını dünyaya gətirib və orada rəsmi qeydiyatdadir. Onun cehiz əşyaları da hazırda həmin mənzildədir. Mənzil əvvəllər cavabdehin anasının mülkiyyətində olsa da, 2021-ci ilin fevral ayından vərəsəlik qaydasında cavabdeh tərəfindən qəbul edilib və 2021-ci ilin avqust ayından onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınıb. Orada yaşamaqla, mənzildən istifadəsini davam etdirib. Beləliklə, o, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə əsasən cavabdehin mülkiyyətində olan həmin mənzilə istifadə hüququ əldə edib. Cavabdeh ona mənzildən istifadə etməsinə şərait yaratmır və imkan vermir. Ona görə də, o, öz hüququnu məhkəmə qaydasında müdafiə etmək qərarına gəlib. Məhkəmə mübahisəsinin cavabdehin təqsiri üzündən yaranması nəzərə alınmaqla, məhkəmə xərcləri onun üzərinə qoyulmalıdır.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-557/2024 saylı, 16 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbinin təmin edilməməsi, mediasiya xərci və məhkəmə xərclərinin İddiaçı aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflər 08 avqust 2014-cü il tarixdə nikaha daxil olublar. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X11 anadan olub. Tərəflər evləndikdən sonra iddiaçı həmin vaxt cavabdehin anası X2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçüb, bir müddətdən sonra tərəflər başqa ünvana köçsələr də, daha sonra yenidən mübahisəli mənzildə yaşamağa başlayıblar. Hər iki halda mülkiyyətçi cavabdehin anası X3 olub. X1 vəfatından sonra mənzil vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçib və xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda cavabdehin adına dövlət qeydiyyatına alınıb. Bu müddətdə tərəflər mənzildə birlikdə yaşayıblar. İddiaçı xx.xx.2022ci il tarixdə həmin ünvana pasport qeydiyyatına alınıb. Lakin daha sonra, 2022-ci ilin sonlarında tərəflər arasında ailə münasibətləri pisləşdiyindən iddiaçı övladları ilə birlikdə mübahisəli mənzili könüllü qaydada tərk edib. Qeyd edilənlərə işin mübahisəsiz hallarıdır. Tərəflər həmin halları mübahisələndirməyib, iş materialları ilə öz təsdiqini tapıb. Hazırda isə iddiaçı onun və övladlarının mübahisəli mənzilə istifadə hüququnun tanınmasını və onların mənzilə köçürülmələri ilə bağlı məhkəmədə iddia qaldırıb. İddiaçı ilə Cavabdeh arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2021-cı ildən sonra, yəni mübahisəli mənzil cavabdehin mülkiyyətinə keçdikdən sonra yarandığından, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olublar. Tərəflərin nikaha daxil olduqdan sonra həmin vaxt cavabdehin anasına məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşamağa başlayıb, bundan sonra tərəflər bir müddət başqa bir ünvanda kirayədə yaşayıb, daha sonra yenidən mübahisə predmeti olan evdə yaşayıblar. Həmin vaxt da mənzil cavabdehin anasının mülkiyyətində olub. İddiaçı ilə cavabdehin anası arasında istifadə hüququnun yaranmasına dair notarial qaydada təsdiq olunan yazılı razılaşma yoxdur. Daha sonra mübahisəli mənzil cavabdehin mülkiyyətinə vərəsəlik qaydasında xx.xx.2021-ci il tarixdə keçib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-718/2023 saylı qətnaməsi ilə tərəflər arasındakı nikaha xitam verilib. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdehin anası arasında, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzildə istifadə hüququnun yaranmasına dair notarial qaydada təsdiq olunmuş yazılı razılaşma olmadığından mənzil cavabdehin anasının mülkiyyətində olduğu vaxt iddiaçının mənzildə istifadə hüququ olmamışdır. Həmin mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh mülkiyyətinə verildikdən sonra iddiaçının mübahisəli mənzilə cavabdehin ailə üzvü kimi istifadə hüququ yaranmışdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 yanvar 2015-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır. İddiaçı uşaqları ilə birlikdə mübahisəli mənzildən özü könüllü şəkildə çıxaraq atasının evinə gedib. Hal-hazırda uşaqları ilə birlikdə orada yaşayır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-718/2023 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh аrаsındа xx.xx.2014-cü il tаriхdə bağlanmış nikah pozulub. Yəni İddiaçı Cavabdeh keçmiş həyat yoldaşıdır. Belə ki, Cavabdeh keçmiş həyat yoldaşı İddiaçı onun ailə üzvü deyil və hazırda da tərəflər arasında mübahisəli mənzildən istifadə hüququ haqqında razılıq yoxdur. Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisidir, İddiaçı isə onun ailə üzvü hesab edilən şəxslər dairəsinə aid olmadığından onun artıq mübahisəli mənzilə istifadə hüququ yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının istifadə hüququna faktiki olaraq ailə münasibətləri pozulduğu andan xitam verilib. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzildə pasport qeydiyyatında olması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə xx.xx.2022-ci il tarixdə pasport qeydiyyatında olması onun həmin yaşayış sahəsindən istifadə hüququna malik olmasının göstəricisi kimi qəbul olunmamalıdır. Belə olan halda məhkəmə tərəflər arasında mübahisəli mənzildən istifadə hüququ haqqında razılaşma olmadığını və tərəflər arasında ailə müasibətlərinə xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırır ki: iddia ərizəsində cavabdehin valideyinlərinin sağlığında iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yarandığı göstərilməmişdir və bu məsələ mübahisələndirilməmişdir. Bununla bərabər, iddiaçı 2014-cü ildən mənzilə gəlin köçüb orada yaşamış, lakin yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. İddiaçı mənzildə yaşadığı dövrdə mənzilə mülkiyyət hüququ vərəsəlik qaydasında cavabdehə keçmiş və xx.xx.2021-ci il tarixdə onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan sonra iddiaçı mənzildə yaşamağı davam etdirdiyi üçün onun mənzildən istifadə hüququ yaranmışdır və xx.xx.2022-ci il tarixdən həmin mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Yəni iddiaçının mənzilə istifadə hüququ Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri ilə deyil, Mənzil Məcəlləsinin 30.1-ci və 30.2ci maddələri ilə yaranmışdır. Ona görə də iddiaçının mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə müqavilə bağlanmasına və onun dövlət qeydiyyatına alınmasına ehtiyac olmamışdır. Məhkəmə qətnaməsində də göstərilir ki, mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh mülkiyyətinə verildikdən sonra iddiaçının mübahisəli mənzilə cavabdehin ailə üzvü kimi istifadə hüququ yaranmışdır. Eyni zamanda, qətnamədə əsassız olaraq Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin şərhinə kifayət qədər geniş yer verilmişdir. Məhkəmənin əsaslandırmalarında ziddiyyətlərə və göstərilən normaların hazırki mübahisəyə tətbiqində səhvə yol verilmişdir. Məhkəmə iddia tələbinin rədd edilməsi üçün həmin maddələrə əsassız olaraq istinad etmişdir. İddiaçı mübahisəli mənzilə formal qeydiyyatda olmayıb, həm də ailə üzvü kimi orada yaşayıb və qeydiyyatda olmuşdur. İddiaçının həmin mənzilə istifadə hüququnun yaranması, yuxarıda qeyd etdiyi kimi məhkəmə qətnaməsi ilə də təsdiq edilir. Bununla bərabər, məhkəmə öz mövqeyinin ziddinə olaraq iddia tələbini təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. Həmin qərarda göstərilir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Beləliklə, bu Qərarda müəyyən edilmiş konstitusiya-hüquqi mənasına uyğun olaraq Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları özüözlüyündə yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermənin hüquqi tənzimlənməsinə dair konstitusiya prinsipləri ilə uzlaşmayan və konstitusion hüquq olan mənzil hüququnun müdafiəsini təmin etməyən norma kimi qiymətləndirilə bilməz.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsi Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, ... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

23. Tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 2021-ci ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməli və mübahisə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir. Düzdü iddiaçı həmin mənzilə 2014-cü ildə köçmüşdür, lakin həmin vaxt mənzilin mülkiyyətçisi iddiaçının keçmiş qaynanası mərhum X3 olmuşdur. 24.Belə ki, iddiaçının istifadə hüququnun tanınmasını və köçmək istədiyi mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçmişdir, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal mənzilə iddiaçının, yəni cavabdehin keçmiş arvadının hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Qeyd olunan mənzildə faktiki yaşamış və 2021-ci ildə istifadə hüququ yaranmış olsa belə, nikahın pozulması ilə əlaqədar ailə münasibətlərinə xitam verildiyindən iddiaçının həmin mənzilə hansısa subyektiv hüquqları da qalmamışdır.

25. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, iddiaçının keçmiş qaynanasının və sonradan ərinin mülkiyyətində olan mənzildə əvvəllər yaşaması onun iddiasının əsaslı olmasına dəlalət etmir. Çünki iddiaçının qeyd olunan mənzilin mülkiyyətçisi olan keçmiş ərinin artıq ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından köçmək istədiyi mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz.

26. Bundan əlavə, iddiaçı şikayətində istifadə hüququnun tanınmasını və köçmək istədiyi mənzildə hüququnun yenidən hansı əsasla yarandığını açıqlamır. Qeyd olunan mənzilə gəlin köçməsi və bir müddət orada yaşaması iddianın təmin edilməsi üçün birbaşa əsas ola bilməz. Çünki bu vəziyyətdə də cavabdehin mülkiyyət hüququ pozulmuş olur.

27. Bundan əlavə, tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri iddiaçının keçmiş qaynanasına münasibətdə 2014-cü ildə, keçmiş ərinə münasibətdə 2021-ci ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməsi və mübahisə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.4-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir.

28. Belə ki, işdən görünür ki, tərəflər arasında Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulan razılaşma mövcud deyildir. Əks halda, yəni razılaşma olsaydı bu maddənin tətbiqi ümumiyyətlə mövcud olmazdı.

29. Ona görə də, hazırki iş üzrə tərəflərin münasibətləri razılaşma ilə tənzimlənmədiyindən, iddiaçının cavabdehlə ailə münasibətlərinə xitam verilməsi, onun köçmək istədyi mənzildən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edə bilər.

30. Belə ki, iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün köçmək istədiyi mənzildən istifadə hüququnun itirilməsi ilə nəticələnmir.

31. Çünki Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 32.Göründüyü kimi, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Yəni, hazırki iş üzrə də iddiaçının mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmamalıdır. Məhz iddiaçının bu ehtiyaclarının ödənilməsi üçün cavabdehin mübahisəli mənzil, yəni iddiaçının köçmək istədiyi mənzil üzrə gözlənilən mülkiyyət hüquqları müvəqqəti olaraq məhdudlaşdırıla bilər.

33. Lakin apellyasiya baxışı zamanı da müəyyən edildi ki, iddiaçı 2022-ci ilin noyabr ayından, yəni artıq 2 ilə yaxındır ki, həmin mənzildə yaşamır. Deməli, iddiaçının mənzil ehtiyaclarının təmin olunması üçün yaşayış yeri olmasaydı ən azından mübahisə predmeti olan mənzildə daimi olaraq yaşayardı. Ancaq yaşamır, özünün bəyan etdiyinə görə atasına məxsus mənzildə yaşayır. Demək ki, yaşayış yeri olmasaydı mənzili də könüllü tərk edib getməzdi.

34. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmasa belə, bu hüquq, iddiaçının mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında da saxlanıla bilməz. Çünki həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət etməlidir. Lakin iddiaçının köçmək istədiyi mənzildən müəyyən müddətə olsa da istifadə etməsi üçün ağlabatan və ədalətli əsas mövcud deyildir. Çünki qeyd olunduğu kimi iddiaçı demək olar ki, mübahisəli mənzildə uzun müddətdir yaşamır və həmin mənzili özü könüllü olaraq tərk edib getmişdir.

35. Qeyd olunanlarla yanaşı, apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, iddiaçının cavabdehə məxsus mənzilə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulan şərtlər olmadan müəyyən müddətə istifadə hüququnun tanınması(saxlanılması) və köçürülməsi sonuncunun mənafeyinə zərər vura bilər. Çünki bu hal mənzilın sahibinin, iddiaçının keçmiş əri olan cavabdehin mənzil üzərindəki mülkiyyət hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına səbəb ola bilər. Belə ki, iddiaçının qeyd olunan mənzilin qanuni sahibi olan keçmiş ərinin hazırda ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Ona görə də, iddiaçının bu istəyi keçmiş əri olan cavabdehin bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından birinci instansiya məhkəməsinin iş üzrə yekun qənaəti düzgün olmuşdur.

36. Təbii ki, yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri valideynlərin yaşadığı yer hesab olunduğundan tərəflər yetkinlik yaşına çatmayan uşağını özünün yaşadığı mənzilə(evə) köçürmək ixtiyarına malikdir. Bu mənada hazırki iddianın uşaqlara münasibətdə təmin olunmasından yaxud olunmamasından asılı olmayaraq onların valideynlərinin yaşadıqları mənzildən(evdən) istifadə etmək səlahiyyəti mövcuddur və bu hüquq onlara heç bir halda qadağan edilə bilməz. Sadəcə hazırkı işdə uşaqlara münasibətdə iddianın təmin olunmaması, yalnız və yalnız məhkəmə qətnaməsinə əsasən onların iddiaçı olan ananın yanında qalmalarının müəyyən edilməsi ilə bağlıdır. İddiaçı isə yalnız uşaqların deyil, özünün uşaqlarla birlikdə qeyd olunan mənzilə köçürülməsini tələb etdiyi üçün mahiyyət etibarı ilə ona münasibətdə iddia təmin edilməmişdir.

37. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-557/2024 saylı, 16 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-557/2024 saylı, 16 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar