Məhkəmə qərarları › İş №2(103)-4549/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4549/2025

06.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4549/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş (Açar sözlər: «iddia müddəti, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-573/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı "xxxx" ASC-nin sədrinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində xx.xx.2021-ci il tarixdən işdən azad olunması və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş edib.

2. "xxxx" ASC-nin 4/21-06404 saylı xx.xx.2021-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilib, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın (xx.xx.2020xx.xx.2021-ci ilinə görə 30 t/g, xx.xx.2021-xx.xx.2021-ci il iş ilinə görə 16 t/g istifadə olunmamış məzuniyyət günü üçün pul əvəzi və əmək haqqı) ödənilməsinin təmin edilməsi əmr edilmişdir.

3. "xxxx" ASC-nin İddiaçı ünvanladığı məktubda əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verildiyi göstərilərək, əmək kitabçasının götürmək üçün X3 RE kadrlar üzrə mütəxəssisə müraciət edilməsi xahiş olunur.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa, şəxsi sənədlərin verilməsi və iş buraxmaya görə ödənilməyən məbləğin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən qəbul edilmiş işdən çıxarılma əmrinin ləğv edilməsi, "xxxx"ASC-də Cənub RETSİ-də kadrlar üzrə mütəxəssis vəzifəsinə işə bərpa edilməsi, əmək kitabçası və digər sənədlərin ona qaytarılması, işə bərpa olunduğu günə qədər ona məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş edib.

5. İddiada göstərilib ki, iddiaçı 2019-cu il tarixdə "xxxx" ASC-də əmək fəaliyyətinə başlamışdır. İcra etmiş olduğu vəzifə "xxxx" ASC-nin Cənub RETSİ-də kadrlar üzrə mütəxəssis olmuşdur. İşləmiş olduğu dövr ərzində vəzifə öhdəliklərinin icrası ilə əlaqədar hər hansı bir problem olmamış, öz vəzifə öhdəliklərini lazımınca yerinə yetirmişdir. Təxminən 2021-ci ilin noyabr ayı olardı "xxxx" ASC-nin cənub bölgəsinin müdiri Arif müəllim onu otağına çağıraraq ona daha yaxşı bir gəlirli iş verəcəyini bildirmiş və ona deyilənləri yazmağı təklif etmiş, o, da deyilənləri ona təqdim olunmuş blanka yazmağa başlamışdır. Əmək fəaliyyətinə xitam verilməsi ilə bağlı hissəyə çatanda işdən çıxma barəsində yox, başqa işə keçmək barədə ərizə yazmalı olduğunu bildirdikdə Arif müəllim ərizəni onun əlindən geri götürmüşdür. Həmin vaxt o ərizəyə hər hansı bir imza atmamışdır. Yenə də işdən çıxmaq niyyətinin olmadığını bildirmişdir. Bu hadisədən sonra növbəti iş günü öz vəzifəsini icra edən vaxt bir işçi onun artıq işdən xaric edildiyini bildirmişdir. Həmin vaxt iddiaçı bununla bağlı Arif müəllimin yanına getdikdə narahat olmamasını, ona başqa bir iş veriləcəyini bildirmişdir. Hər dəfə öz işi ilə əlaqədar Arif müəllimin yanına gəlib getmişdir. Arif müəllimə bildirmişdir ki, ona iş verir versin, vermirsə heç olmasa sənədlərini versin, o, da sənədlərin onlarda olduğunu və ona yeni iş verilməsi ilə əlaqədar sənədləri özlərində saxladıqlarını demişdir. Hər dəfə Arif müəllim eyni sözlər deyərək onu yola vermişdir. Sonradan məlum oldu ki, yeni müdir gəlib. Onun qəbulunda olmağa cəhd göstərsə də, bu mümkün olmamışdır. Yenidən həmin müdir də həmçinin onun sənədlərini verməmiş, demişdir ki, get ver məhkəməyə ondan sonra əmək kitabçasını və əmrini versin. Sonradan iddiaçının səs-küy salmasının hər hansı bir mənası olmamışdır. İddiaçıya məxsus əmək kitabçası və işdən çıxarma əmrini cavabdeh bu günə kimi verməmişdir. İşdən çıxma ərizəsində olan imza da həmçinin ona aid deyildir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-573/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı xx.xx.2017-ci il tarixdən cavabdeh təşkilatda müxtəlif vəzifələrdə çalışmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, işdən azad edilməsini xahiş etmiş, cavabdeh də iddiaçının həmin ərizəsini əsas götürərək xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam vermişdir. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş və Bakı 13 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışı həmin tarixdə əldə etdikdən sonra xx.xx.2024-cü il tarixdə hazırki iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiasında da onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyini iddia edir və barəsində qəbul edilmiş əmri ləğv etməklə, işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçının öz ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini qeyd edir, eyni zamanda, iddiaçının hazırki iddianı əmək qanunvericiliyi (ƏM-nin 296-cı maddəsi) ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürməklə verdiyini bildirir və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olubolmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Bu konteksdə, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin onun bu hüququndan suiistifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. Digər tərəfdən, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz. Nəzərə alınmalıdır ki, İddiaçı iddia ərizəsində işdən azad edilməsi barədə sənədlərin ona verilmədiyi mövqeyindən çıxış edərək məhz bu səbəbdən məhkəməyə qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə - işdən azad olunduğu tarixdən 3 ilə yaxın müddət keçdikdən sonra müraciət etdiyini bildirmişdir. Halbuki iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə ona son-haqq hesab olaraq 947,31 manat məbləğində pul ödənilmiş, iddiaçı məhkəmə iclasında göstərilən son haqq-hesab məbləğini aldığını təsdiq etmişdir (hətta həmin dövr üçün məzuniyyətdən istifadə etmədiyinə görə məbləğin çox hesablandığına dair izah da vermişdir). Bu da onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlı olduğu qənaətinə gəlməyə əsas verir. Müddət etibarı ilə iddiaçı artıq son haqq-hesabı əldə etdiyi tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini bilmişdir. Maraqlısı ondan ibarətdir ki, iddiaçı, iddia etdiyinə görə ona əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmasına məcbur edildiyini həmin vaxt bilsə də, 3 ilə yaxın müddət ərzində ümumiyyətlə bu məsələni mübahisələndirməmişdir. Səbəb kimi əmək kitabçası, əmək müqaviləsinə xitam verilməsi barədə əmr və digər zəruri sənədlərin ona təqdim olunmamasını göstərir (hərçənd hazırkı iddianı qaldırarkən də həmin məsələ ilə bağlı hər hansı dəyişiklik baş verməmiş, yəni, müvafiq sənədlər onda olmamış, məhkəmə icraatı çərçivəsində cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir). Halbuki 2021-ci ilin sonlarından 3 ilə yaxın müddətdir ki, iddiaçı hər iş günü artıq səhərlər həmin iş yerinə getmədiyini, iş yerindən əmək haqqı almadığını görmüş, bu faktın mövcudluğunu bilmiş və dərk etmişdir. Bununla belə, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gündən, ən geci götürsək belə, xx.xx.2021-ci il tarixdə son haqq-hesab məbləğinin hesabına köçürüldüyü gündən bu barədə tam məlumatlı olmuşdur. Bu səbəbdən həmin əmrin məhkəmə qaydasında mübahisələndiriməsi ilə bağlı müddət axımının başlanması həmin hadisənin ertəsi günündən hesablanmalıdır. Bununla da bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülmüşdür. İddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə də verilməmişdir. Cavabdeh isə əksinə məhkəməyə iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmişdir. Odur ki, hazırkı iddia üzrə “əmrin ləğv edilməsi” tələbi məhz iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. İddia üzrə irəli sürülmüş “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələblərinin “əmrin ləğv edilməsi” tələbinə münasibətdə törəmə tələblər olması və onların təmin edilib-edilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilibedilməməsindən asılı olması onların da rədd edilməsini şərtləndirir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və iş buraxmaya görə ödənilməyən məbləğin ödənilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətində göstərib ki, hazırki əmək mübahisəsində müddətin tətbiq edilməsi barədə ərizədən söhbət gedə bilməz. Çünki iddiaçı müddəti ötürməyib. Ona işdən çıxarılma əmri və digər sənədlər bu günə kimi verilməyib. O cümlədən, əmək kitabçası da hal-hazırda idarədə qalmaqdadır. Belə olan təqdirdə, iddiaçı işdən çıxarılmasını bilə bilməz. Nəzərə almaq lazımdır ki, elekton sistemə keçid məhz iki il bundan öncə olmuşdur. Yenə də, onun evinə hər hansı bir bildiriş məktubu belə gəlməmişdir. Bu kimi yanaşdıqda görür ki, həqiqətən də bu işdə müddətin keçməsində müzakirə mövzusu ola bilməz. Əmək qanunvericiliyində nəzərdə tutulan iddia müddəti isə mülki qanunvericiliyə əsasən fərqli anlayışdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-cü bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Burda əsas məsələ hüquqların pozulduğunun aşkar edildiyi gün amili əsas götürülməlidir. Hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə ən əsas əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Cavabdeh orqan bu sənədlərin əslini məhkəməyə təqdim edə bilməmişdir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Məhkəmənin mövqeyi əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı kimi ifadə olunmasına baxmayaraq iddia tələbini təmin etməmişdir. Qeyd etdiyi maddi hüquq normasına əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür, hüquq pozuntusunu işdən çıxarılan vaxt bilmək mümkün deyildir. Çünki işdən çıxarılarkən iddiaçıya hər hansı bir sənəd təqdim edilməmiş və hətta əmək kitabçasının imza etməklə götürməyi belə cavabdeh tərəfindən sübut olunmamışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 12 “c” bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2 “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı(kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 69.3. 3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddə 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək , hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; Maddə 292 (1ci hissə). İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 292(2-ci hissə). Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Maddə 296(2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296 (3-cü hissə)(xx.xx.2024-cü ilə kimi qüvvədə olan variant). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296(3-cü hissə) (xx.xx.2024-cü ildən sonra olan variant).Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296(6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 296(7-ci hissə). Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, olmasa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da, uzlaşmasa da, birinci instansiya məhkəməsi iddia müddəti ötürüldüyündən iddianı rədd etməklə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşsa da, uzlaşmasa da, cavabdehin etiraz və müdafiə hüquqlarına, yəni iddia müddəti ötürüldüyünə görə aradan qalxdığından iddia haqlı sayılmır.

22. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

23. Əvvəla, məhkəmə tərəfindən Əmək Məcəlləsinin 296.2 və 296.3-cü maddələri pozulmayıb. Belə ki, 12 avqust 2024-cü ilədək qüvvədə olan redaksiyada Əmək Məcəlləsinin 296cı maddəsinin 3-cü hissəsində göstərilib ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixdə iddiaçıya çatacaq son haqq-hesab olan 947 manat plastik kart hesabına köçürülmüşdür(i.v. 48-50). Bununla yanaşı, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında da iddiaçı son haqq-hesabı aldığını, 700 manat maaşı olduğunu, məzuniyyətə çıxmadığına görə 947 manat köçürüldüyünü təsdiq etmişdir(i.v.63). Ən azından həmin tarixdən iddiaçı hüququnun pozulduğunu bilib. Başqa sözlə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində hüququnun pozulmasının aşkar edildiyi günün yalnız işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) yaxud əmək kitabçasının verildiyi gün olduğu qənaətinə gəlmək düzgün deyil. Çünki bu maddədə sadalanan 4 əsasdan biri kifayət edir ki, işçi hüququnun pozulduğu günü bilməli olsun. Ona görə də yalnız əmrin surətinin yaxud əmək kitabçasının şəxsən iddiaçıya çatdırılmasının sübut olunmamasına görə iddia müddətinin axımı başlana bilməz kimi bir yanaşma əsaslı deyildir. Demək ki, iddia müddətinin ötürülməsi mülahizə ilə deyil, sübuta istinad edilməklə əsaslandırılıb.

24. Məhkəmə tərkibi əmək münasibətlərində işçinin daha zəif tərəf olduğu mövqeyini nəzərə alaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulan müddətin üzrlü səbəbdən ötürülməsinə əsas olan səbəblərin mövcud olub-olmaması barədə də hüquqi dəyərləndirmə apardı. Ancaq nə bu normada nəzərdə tutulan səbəblər, nə də digər obyektiv hallar aşkar edilmədi. Hətta iddiaçı da bu cür üzrlü səbəblərin olmasına dair mötəbər sübut təqdim etməyib. Bu cür vəziyyətdə ötürülmüş müddətin üzrlü səbəbdən baş verməsi də hər hansı bir sübutla təsdiq edilmədiyindən məhkəmə tərkibi iddia müddətinin tətbiq edilməməsi üçün əsas müəyyən etmədi.

25. Beləliklə, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

26. Şərh olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-573/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-573/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar