Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4554/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6580/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC, Cavabdeh 17-A-1-0-150-12 saylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 5698 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13.02.2012-ci il tarixdə "xxxx" İKB ASC (bundan sonra – Bank) 6 saylı filialı ilə cavabdeh arasında bağlanmış 17-A-1-0-150-12 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 48 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 10400 manat kredit verilmişdir. Kreditin təminatı olaraq Bank cavabdeh və iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə cavabdehin zamini kimi borcun ödənilməsi iddiaçıya təklif edilmiş, nəticədə cavabdehin Banka olan borcu üzrə 5698 manat məbləğində ödəniş iddiaçı tərəfindən edilmişdir. Sonradan həmin pulun iddiaçıya qaytarılması barədə cavabdehə müraciətlər edilsə də, nəticə əldə olunmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6580/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 5698 manat və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Cavabdeh oğliundan tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir (sədrlik edən: Fərrux Qasımov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayıti onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 06.11.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh 03.09.2013-cü il tarixə ödənilməmiş kredit borcu üzrə 4845,81 manat əsas, 467,24 manat faiz və hesablanmış 202,37 manat dəbbə pulu olmaqla, cəmi 5515,42 manat və 30 manat dövlət rüsumunun "xxxx" İKB-nin xeyrinə tutulması, tutmanın cavabdehin mülkiyyətində olan **-NE-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması və satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi, vəsaitin ödənişin məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması qət edilmişdir. Bundan sonra, cavabdeh mülkiyyətində olan həmin avtomobili borcun əvəzi kimi banka təhvil vermişdir. Bunu cavabdeh tərəfindən bankın əməkdaşı X3 32 saylı notariat kontorunda verilmiş 08.11.2013-cü il tarixli, 7E-19839 saylı baş etibarnamə sübut edir. Avtomobili təhvil verdikdən sonra artıq bank onu narahat etməmişdir. 2019-cu ilin iyun ayında Mərkəzi Bankdan MKR əldə etmiş, banka olan borcundan 259 manat qaldığını bilmiş və 27.06.2019-cu il tarixdə həmin borcu banka ödəyərək borcun olmaması barədə arayış almışdır. Hazırkı məhkəmə prosesində isə ona məlum olmuşdur ki, hansısa imzalamadığı müqaviləyə görə guya onun zamini İddiaçı MMC onun yerinə borc ödəyib. Halbuki, o, banka olan borcun əvəzi kimi mülkiyyətində olan avtomobili banka təhvil vermişdir. Əgər cavabdeh borcu ödəməmişdirsə, nə üçün 2013-cü ildən 2019-cu ilədək nə bank, nə də məhkəmə icraçıları borcun olması barədə onu xəbərdar etməmişdir. Buradan aydın olur ki, bank İddiaçı MMC ilə əlbir olaraq dələduzluq etmiş, həm cavabdehin mülkiyyətində olan avtomobili mənimsəmiş, həm də məhkəmə qətnaməsi ilə ondan tutulmuş məbləğdən artıq məbləği borc əvəzi kimi ödəyərək, əlavə olaraq ondan pul da tələb etmişdir. Göründüyü kimi, bank avtomobili satıb, borcun ödənilməsinə yönəltmək əvəzinə mənimsəmişdir. Məhkəmə isə, bu halları araşdırmadan formal əsaslarla qətnamə qəbul edərək, cavabdehdən artıq pul tutmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6164/2020 saylı, 26.08.2020-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Ziya Şirinov, hakimlər: Fuad Talışınski, Rafael Eyvazov). Həmin qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1225/2021 saylı, 22.02.2021-ci il tarixli Qərarı ilə, Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6164/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (sədrlik edən: Abiddin Hüseynov, hakimlər: Əhməd Nurməmmədov və İlqar Xələfov). Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Ə.Bayramov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iddia tələbi rədd edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan 14.02.2012-ci il tarixli, 17-A-1-0-150-12 saylı kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC tərəfindən borcalan Cavabdeh illik 22% dərəcəsi ilə 36 müddətinə 6900 manat kredit verilmişdir. Eyni zamanda, İddiaçı MMC, həmin tarixli zaminlik müqaviləsi bankın tələb hüququna zamin durmaqla təminat vermiş və müqavilə kreditor, borclu və zamin tərəfindən imzalanmışdır. İddiaçı MMC-nin 17.09.2019-cu il tarixli arayışına əsasən, Cavabdeh tərəfindən "xxxx" İKB ASC-yə aparılmış ödənişlərdən 3142 manat geri qaytarılmış, hazırda zaminə olan borcu 5698 manat təşkil edir. İddiaçı MMC, 15.07.2019-cu il tarixdə Cavabdeh borcun 3 gün ərzində ödənilməsini tələb etmiş və əks təqdirdə isə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Belə ki, kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında göstərilmişdir ki, « ...apelyasiya instansiyası məhkəməsi qeyd olunan hüquq normalarının tələblərini pozmaqla qəbul edilmiş məhkəmə qətnaməsini qüvvədə saxlamış və hesab etmişdir ki, cavabdeh 14.02.2012-ci il tarixli zaminlik müqaviləsini imzalamadığını bildirsə də, məhkəməyə bu halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinin mənasına görə cavabdehin üzərinə belə bir vəzifə o zaman qoyula bilərdi ki, iddiaçı öz tələbində istinad etdiyi halları sübut etmiş olsun və ya həmin halların mövcudluğu cavabdeh tərəfindən mübahisəsiz qəbul edilmiş olsun. Ona görə də qətnamə ləğv edilərək, yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-in 9.1, 9.3, 14.1, 14.2, 77.1, 88 və 89-cu və Mülki Məcəllənin 475.1-ci maddələrinin tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.» İşə yenidən apellyasiya qaydasında baxılarkən kasassiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi ilə bağlı 2(103)-4554/2021 saylı, 07.05.2021-ci il tarixli qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Elspertizası Mərkəzinin rəyinə əsasən, "xxxx" İKB ASC 6 saylı filial müdiri X5, Cavabdeh və İddiaçı MMC-nin adlarından olan 14 fevral 20212-ci il tarixli, 17-A- 1-0-150-12 saylı müqavilənin arxa tərəfində “8. Tərəflərin imzası və rekvizitləri” hissəsində “8.2. Borcalan:” qrafasındakı imza Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Keçirilmiş ekspertiza tədqiqatının mötəbərliyini şübhə altına alan hər hansı hal aşkar edilmədiyindən, kollegiya hesab edir ki, hazırki mülki işin həllində həmin ekspert rəyinin əsas götürülməsi işin hallarına və qanunvericiliyin tələblərinə müvafiqdir. Belə ki, ekspert rəyindən aydın olur ki, sözügedən müqavilə həqiqətən də cavabdeh tərəfindən imzalanmamışdır. Belə olan halda, həmin müqavilə üzrə öhdəliklərin icra edilməsinin cavabdehin üzərinə qoyulmasından ibarət birinci instansiya məhkəməsinin mövqeyi qanunvericiliyin tələblərinə ziddir. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə, ekspert rəyinə əsasən, Ali Məhkəmənin göstərişlərini rəhbər tutaraq hesab edir ki, müqavilədəki imza cavabdeh tərəfindən icra edilmədiyindən, iddia tələbinin təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 404-1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisələndirilən müqavilə cavabdeh tərəfindən imzalanmadığından, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6580/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. İddiaçı MMC-dən iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə görə 140 (bir yüz qırx) manat məbləğində xərc dövlət büdcəsinin xeyrinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4554/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4554/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver