Məhkəmə qərarları › İş №2(103)-4554/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4554/2024

23.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4554/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Süleymanoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş (Açar sözlər: «əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, mənəvi zərər, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi, sübutetmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-692/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə müqavilə bağlayaraq həmin müəssisədə hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqının məbləği tərəflər arasında 400 manat müəyyənləşdirilmişdir. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq, hər gün 4 saat natamam iş günü, həftədə 1 gün natamam iş həftəsi ilə işləmişdir. İstirahət günləri hər həftənin bazar günləri, əsas məzuniyyətinin müddəti 46 təqvim günü müəyyən edilmişdir. İşçinin iş ili xx.xx.2023 - xx.xx.2023-cü il tarixini əhatə etmişdir.

2. xx.xx.2023-cü il tarixli, 05 nömrəli əmr ilə İddiaçı Əlibala oğlu ilə Cavabdeh arasında bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2-ci maddənin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) işçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 0 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə çıxılan bayram günlərinə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin müdriyyətinin üzərinə onun tutduğu vəzifədən azad edilməsi barədə əmri ləğv etməsi vəzifəsinin qoyulması, müdriyyəti işə qəbul günündən işdən çıxdığı günə qədər müddət ərzində işə çıxdığı bütün bayram günlərinə görə 350 (üç yüz əlli) manat əmək haqqını ödənilməsi, Əmək Məcəlləsinin 290.3-cü maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyana görə onun xeyrinə 1500 manat məbləğində təzminatın tutulması, cavabdehin üzərinə ona xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər müddətdə məcburi iş buraxmağına görə 3800 manat (üç min səkkiz yüz) əmək haqqının ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, iddiaçı 05 yanvar 2023-cü ildə Cavabdeh MMC-yə hüquqşünas vəzifəsinə işə qəbul olunmuşdur. Sonralar, yəni 26 iyun 2023-cü ildə ona əmək müqaviləsini verilməsini tələb etdikdən sonra məlum oldu ki, əmək müqaviləsi xx.xx.2023-cü il tarixlidir. İşəgötürənlə ilkin razılığa əsasən o, işə 05 yanvar 2023-cü ildə başlamışdır, onunla əmək müqaviləsi isə bundan 18 gün sonra, yəni 23 yanvar 2023-cü ildə bağlanmışdır. Beləliklə, onun əmək müqaviləsi 05 yanvar 2023-cü il tarixindən bağlanmış hesab edilməlidir. 05 iyun 2023-cü il tarixdə işdə olarkən MMC-nin işçiləri ona bildirmişlər ki, vəzifəsindən azad olunmuşdur. İşdən azad olunmağının əsasını və nə üçün əvvəlcədən bu barədə xəbərdar edilmədiyini öyrənmək üçün direktor Nümayəndə müraciət etmişdir. Onun bütün suallarına cavabdeh bildirmişdir ki, MMC-nin rəhbəridir, şirkət özəldir və ona heç bir pul ödənişi düşmür. Eyni zamanda cavabdeh tərəfindən onun işdən azad olma əmri ona təqdim edilməmişdir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə müvafiq olaraq əmək müqaviləsinin xitamı zamanı zəruri olan pul ödənişləri verilməmişdir. Bununla əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə rəsmi müraciət etmişdir. 07 avqust 2023-cü il tarixli cavabda bildirilmişdir: “...Sizinlə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi məlum olmuşdur”. Sonra göstərilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Həmin qanun sahibkarlıq, təsərrüfat fəaliyyəti sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutur, onun əmək hüquqlarının pozulması barədə ərizəsi isə sahibkarlıq sahəsi anlayışına aid deyildir. Cavabla razı olmayaraq, təkrarən yazılı ərizə ilə müraciət etmişdir. 30 oktyabr 2023-cü ildə elə həmin məzmunlu 3-17-5/2-S-41160/7/2023 N-li 17 oktyabr 2023-cü il tarixli cavab almışdır. Əmək Məcəlləsinin 68.2-ci maddəsi “a” bəndinə əsasən azad olunmuşdur, bu bənd isə əmək müqaviləsinin tərəflərdən birinin təşəbbüsü ilə xitamını nəzərdə tutur. Əmək müqaviləsinin xitamı barədə MMC-yə müraciət etməmişdir və əmək müqaviləsi onun təşəbbüsü ilə xitam edilməmişdir. İşdən çıxarılmasının səbəbinin araşdırılması prosesində cavabdeh tərəfindən ona qarşı kobudluq və yekəxanalıq edilib. Ona qarşı belə təhqiramiz münasibət işçilər arasında yayılmış, bu isə onun işgüzar nüfuzunu ləkələyir. Bununla bağlı o, stress keçirmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-692/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia tələbinin qismən təmin edilərək əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 05 nömrəli əmrin ləğv edilməsi; iddiaçı X1 işə - Cavabdeh MMC-yə hüquqşünas vəzifəsinə bərpa edilməsi; məcburi iş buraxmaya görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış 2546.66 manat əmək haqqı və 500 manat məbləğində mənəvi zərərin Cavabdeh MMC-dən tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi; iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada, o cümlədən tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilə bilər. Lakin işəgötürən Cavabdeh MMC-nin direktoru Nümayəndə tərəfindən verilmiş və məhkəməyə təqdim edilmiş Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 05 nömrəli əmrin surətindən görünür ki, işəgötürən həmin əmrdə yalnız İddiaçı ilə MMC arasında bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsini, əmrin verildiyi tarixədək son haqq-hesabın qanunvericiliyə uyğun hesablanaraq ödənilməsini və əmək kitabçasının işçiyə təqdim edilməsini göstərmiş, lakin əmrin verilməsinə əsas olan, yəni işçi ilə əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş səbəbi konkret şəkildə göstərməmiş, ümumi qaydada Əmək Məcəlləsinin 68-ci maddəsinə istinad etməklə əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq əmr vermişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı da işəgötürən müvafiq əmrin verilməsinə əsas olan mötəbər sübutlarını sübutetmə yükü əmək mübahisəsi üzrə onun üzərinə düşməsinə baxmayaraq, sübut edə bilməmiş, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə müşayiət olunan hərəkətlərin konkret nədə ifadə olunduğunu (başqa sözlə, tərəflərdən birinin təşəbbüsünün nədə ifadə olunduğunu), müsbət halda isə bunu təsdiq edə biləcək dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. O cümlədən qeyd olunmalıdır ki, «Süleymanoğlu Group” MMC-də hüquqşünas işləyən İddiaçı ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyini müəyyən etmək üçün səlahiyyətli orqan tərəfindən komissiya təşkil edilməmiş və yoxlama aparılmamışdır. Yalnız «Süleymanoğlu Group” MMC-nin xx.xx.2023-cü il tarixli 05 nömrəli əmrlə tərəflərdən birinin təşəbbüsü əsası ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iddia tələbinin əmrin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi “əmrin ləğv edilməsi” hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsi əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, «Süleymanoğlu Group” MMC tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadığına görə işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi işburaxmaya görə, əmr verildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən iddia ərizəsi məhkəməyə verildiyi günə qədər, yəni xx.xx.2023-cü il tarixədək aylıq 600 manat olmaqla, cəmi 3800 manat əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə münasibətdə qeyd edir ki, Cavabdeh direktoru Nümayəndə ilə İddiaçı arasında imzalanmış xx.xx.2023cü il tarixli əmək müqaviləsinə əsasən işçiyə hər ay 400 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq 400 manat olmaqla, cəmi 2546.66 manat əmək haqqı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddia tələbinin dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 1500 manat pulun tutularaq iddiaçıya ödənilməsi ilə bağlı göstərilənlərə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçının qənaətinə görə mənəvi ziyan məhz onun işdən azad olunmasından irəli gəlmişdir. Məhkəmə iddianın dəymiş mənəvi zərərin tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, mənəvi zərər olaraq 1500 manat pulun iddiaçıya ödənilməsi tələbi əsas tələbdən törəmə tələb olduğundan, iddiaçı iş yerini itirdiyindən, əsas iddia təmin edildiyindən, ona iş yerini itirməklə mənəvi zərər dəyməsi sübuta yetirilir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli, ziyanın məbləği ağlabatan həcmdə tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “işə qəbul günündən işdən çıxdığı günədək müddət ərzində işə çıxdığı bayram günlərinə görə 350 manat əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tələbin həmin hissəsinə münasibətdə məhz bayram günləri əmək fəaliyyəti göstərdiyini qeyd etsə də, bu hal məhkəmə iclasında sübuta yetirilməmişdir, buna görə də həmin hissədə iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh MMC-nin (direktor Nümayəndə) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsi xahiş edilib şikayət bununla əsaslandırılır ki: iddiaçı əmək funksiyalarını yerinə yetirə bilmədiyi üçün tərəfindən ona dəfələrlə xəbərdarlıq edilmiş, iradlar bildirilmişdir. İddiaçı isə iş funksiyasını yerinə yetirməyi bacarmamış və problemli müştərilərlə vaxtında zəng edərək danışmamış, onlara borcu ödəmələrini bildirməmiş və nəticədə müəssisəyə zərər dəymişdir. İddiaçı da ona tapşırılan işin öhdəsindən gələ bilmədiyi üçün şifahi şəkildə işdən çıxmaq niyyətini bildirmiş və öz xahişi ilə işdən azad edilmişdir. Onu işə ümumi tanışının xahişi ilə qəbul etdiyindən aralarında səmimi münasibət var idi və həmin səmimiyyətə güvənib iddiaçını onun öz xahişi əsasında işdən azad etmişdir. Məhkəmə araşdırması zamanı bu öz təsdiqini tapsa da, nəzərə alınmamışdır. Mənəvi ziyan tələbinə gəldikdə isə iddiaçı iş yerini itirməmişdir, onu işinin öhdəsindən gələ bilmədiyi üçün öz xahişi ilə işdən azad etmişdir. Mənəvi ziyan tələbi o zaman əsaslı və qanuni ola bilərdi ki, üçüncü şəxs olaraq iddiçının iş yerini itirməsinə bais olardı yaxud da Əmək Məcəlləsinin 290-cı maddəsinin qeydində sadalalan hallardan biri və yaxud bir neçəsi iddiaçıya qarşı baş vermişd olardı. Konkret halda əmək münasibətlərinin iki tərəfi vardır – onun şəxsində işəgötürən və iddiaçının şəxsində işçi. Qanunvericilik işdən azad etmənin əsaslarını və qaydasını müəyyən etdiyindən heç bir mənəvi iztirabdan söhbət gedə bilməz. Məhkəmənin qərarından belə nəticəyə gəlmək olur ki, işçini işdən azad edən işəgötürən ona mənəvi iztirab yaşadır. Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır; Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin qeydinə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Halbuki, bunların heç biri iddiaçıya qarşı baş verməmişdir və məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

8. İddiaçı dəftərxana vasitəsilə məhkəməyə təqdim etdiyi və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətinə yazılı etirazda qətnaməni qanuni və əsaslı hesab edib, ona görə də apellyasiya şikayətinin rədd edilib qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 12 “c” bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2 “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 69:

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Madddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 290(3-cü hissə). İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

12. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində qeyd edilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qərarın 7-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

21. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Çünki iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmış, eləcə də iddiası əsaslı olmuşdur.

22. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

24. Belə ki, iddia ərizəsindən, eləcə də cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, hazırki mübahisə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və xitamın əsası ilə bağlıdır. Tələbin digər hissələri - məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər isə həmin tələbdən törəmə tələb hesab olunur.

25. Məhkəmə tərkibi ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsasına münasibətdə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, əmrdə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddənin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verildiyi göstərilsə də konkret olaraq tərəflərdən hansının təşəbbüsü ilə xitam verilməsi göstərilməmişdir. Düzdü əmrdə Əmək Məcəlləsinin 68.2-ci maddənin “a” bəndinə istinad olunub. Ancaq həmin normada əmək müqaviləsinə xitam verilməsinin əsasları, o cümlədən tərəflərdən birinin təşəbbüsü ümumi norma kimi təsbit olunub. Növbəti maddələrdə isə, yəni Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası, 70-ci maddəsi isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları nəzərdə tutulub. Göründüyü kimi, cavabdeh tərəfindən əmr verilərkən Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə də riayət edilməmiş, konkret olaraq həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmişdir. 26.Buna baxmayaraq, apellyasiya şikayətinin dəlillərindən bəlli olur ki, əmək müqaviləsi iddiaçının təşəbbüsü ilə ləğv edilib, başqa sözlə işəgötürənə şifahi şəkildə işdən çıxmaq niyyətini bildirdiyi üçün öz xahişi ilə işdən azad edilmişdir. Lakin işçi olaraq iddiaçı tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulduğundan bu qaydalara riayət etməsinə dair cavabdeh işəgötürən məhkəməyə hər hansı bir sübut təqdim edlməmişdir. Çünki iddiaçı bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallarda isə ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Demək ki, belə bir ərizə(lər)nin mövcudluğunu sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşürdü. Ancaq cavabdeh bu cür sübutları apellyasiya baxışına da təqdim edə bilmir. Burada iddiaçını hansı səmimi münasibətlərin nəticəsi olaraq işə qəbul edilməsinin də şikayəin əsaslı olmasına heç bir təsiri yoxdur. Demək ki, bu hissədə məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur.

27. Apellyasiya şikayətinin növbəti dəlili olan mənəvi zərərin tutulması ilə bağlı da qeyd olunur ki, bu hissədə də məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki bu hissədə iddiaçının bəyan etdiklərinin həqiqiliyi məhz apellyasiya şikayətinin dəlillərində də özünü büruzə verir. Belə ki, işəgötürən iddiaçını əmək funksiyasını yerinə yetirə bilməməkdə, bacarmamaqda, işinin öhdəsindən gələ blməməkdə və.s hallarla qınayır və bunun nəticəsində müəssisəyə zərər dəydiyini göstərir. Göründüyü kimi, işəgötürən bu cür ifadələri apellyasiya şikayətində göstərirsə əmək münasibətləri prosesində hər hansı üsulla iddiaçının şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə zidd olan digər əməllər və hərəkətlərə yol verdiyi də açıq-aşkar istisna olunmur. Düzdü iddiaçının öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Cəmiyyətə zərər dəymişdirsə onunla əmək müqaviləsi başqa əsasla ləğv edilə bilər. Ancaq bu da o demək deyil ki, işəgötürən iddiaçını bacarıqsız yaxud işinin öhdəsindən gələ bilməyən adlandıraraq şəxsiyyətinin təhqir edə və kollektiv arasında gözdən sala bilər. Ən azından cavabdeh tərəfindən bu halların həqiqiliyinə və yalan olmadığına dair məhkəməyə hansısa sübüt təqdim edilə bilərdi, ancaq edilməmişdir. Demək ki, iddiaçı həqiqətən mənəvi zərərə məruz qalmışdır. 28.Bununla yanaşı, işçinin işdən qanuni əsas olmadan azad edilməsi nəticəsində mənəvi sarsıntı keçirməsi təəccüblü və ya xüsusi sübutetmə tələb edən hal sayılmaz. Çünki bu vəziyyət şübhəsiz ki, istənilən şəxsin psixi vəziyyətində arzuolunmaz təsir yarada bilir. Ali Məhkəmənin Plenumunun adışəkilən Qərarında da qeyd edildiyi kimi, mənəvi sarsıntı dərəcəsi isə mənəvi zərərlə bağlı tələbin rədd edilməsinə əsas vermir. Ona görə də bu hissədə də iddianın qismən təmin etməklə məhkəmənin gəldiyi nəticə əsassız olmamışdır.

29. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-692/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-692/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar