Məhkəmə qərarları › İş №2(103)-4559/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4559/2021

16.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4559/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2(006)-4302/2020 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 14.07.2020-ci il tarixli, 044 saylı əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 06 oktyabr 2018-ci il tarixində əmək müqaviləsi bağlanmış, həmin tarixdə əmək müqaviləsinin bağlanılması ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alınmış və əmək müqaviləsi hüquqi qüvvəyə minmişdir. İddiaçı cavabdeh müəssisədə proqramçı vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsi bağlandığı dövrdən həmin əmək müqaviləsinə xitam verildiyi 14 iyul 2020-ci il tarixədək əmək müqaviləsinə bir neçə dəfə dəyişiklik edilmiş və bütün bu dəyişikliklər elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı 14 iyul 2020-ci il tarixdə cavabdeh müəssisə tərəfindən heç bir əsas göstərilmədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə 044 saylı əmrlə işdən azad edilmişdir. İddiaçı cavabdeh müəssisədə işləyən zaman 21 iyun 2020-ci il tarixində onun adı cavabdeh müəssisə tərəfindən mv.gov.az sisteminə daxil edilərək iddiaçıya icazələrin alınması və monitorinqi sistemindən arayış əldə edilmiş və 05 iyul 2020-ci il tarixinə qədər bu arayışın qüvvədə olduğu qeyd edilmişdir. Yəni, COVİD-19 pandemiyası ilə bağlı olaraq işçilərin elektron sistemində qeydiyyata alınaraq onların portal vasitəsilə icazə alınaraq işə gəlməsinin təmin edilməsi prosedurlarına riayət edilərək iddiaçıya da bu şəkildə icazə alınmışdır. Daha sonra, iddiaçı 01 iyul 2020-ci il tarixdə cavabdeh müəssisəyə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini və öz təşəbbüsü ilə işdən ayrılmaq istədiyini bildirmiş, bunun qarşılığında cavabdeh müəssisənin rəhbəri X4 təhqirləri və hədələri ilə üz-üzə qalmış, nahar fasiləsinə çox az qalmış - saat 12:54:57 dəqiqədə cavabdeh müəssisə tərəfindən my.gov.az sisteminə daxil olunaraq iddiaçının adına icazələrin alınması və monitorinqi sistemindən verilmiş arayış ləğv edilmişdir. Həmin dövrdə xüsusi karantin rejimi sərtləşdirildiyi üçün portalda xüsusi icazəsi olmayan bir şəxsin evdən çıxması xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilə və yekunda inzibati xəta kimi tövsif edilərək cərimələnə bilərdi. Ancaq iddiaçı öz evindən xüsusi proqramlar vasitəsi ilə əmək müqaviləsi üzrə funksiyalarını davam etdirmiş, cavabdehin və cavabdehin digər törəmə cəmiyyətlərinin əməkdaşları ilə işlərin görülməsi və təhvil verilməsi ilə bağlı daim ünsiyyətdə olmuşdur. 15 iyul 2020-ci il tarixdə elektron sistemə daxil olub nəzər yetirildiyində iddiaçı X6 14 iyul 2020-ci il tarixində AR Əmək Məcəlləsinin 70“ç” maddəsi ilə işdən azad edildiyi görülmüşdür. 15 iyul 2020-ci il tarixindən etibarən dəfələrlə şifahi qaydada müraciət edib işdən azad edilməyi barədə əmrin surətini, əmək kitabçasını və son haqq-hesabın ödənilməsini istəsə də, buna cavabdeh müəssisə tərəfindən məhəl qoyulmamışdır. Bundan sonra, 23 iyul 2020-ci il tarixdə cavabdeh müəssisəyə yazılı şəkildə müraciət edərək yazılı ərizənin müəssisəyə təqdim olunduğu gündən etibarən 2 təqvim günü müddətində əmək kitabçasının və işdən azad edilmək barədə əmrin surətinin verilməsi, o cümlədən son haqq-hesabın ödənilməsi tələb edilmiş, əks təqdirdə cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulması səbəbindən müvafiq dövlət və məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. İddiaçı tərəfindən edilən müraciətə cavabdeh müəssisə tərəfindən heç bir münasibət bildirilməmişdir. Daha sonradan iddiaçı tərəfindən 28 iyul 2020-ci il tarixində yuxarıda qeyd edilən məzmunda ərizə ilə yenidən müraciət edilərək yuxarıda qeyd edilən sənədlərin təqdim edilməsi istənilmişdir. Yəni, iki dəfə cavabdeh müəssisəyə işdən azad edilmə barədə əmrin surətinin və əmək kitabçasının verilməsi, son haqq-hesabın iddiaçının hesablaşma hesabına köçürülməsi istənilsə də, cavabdeh tərəfindən əmək qanunvericliyinin elementar tələbləri bu dərəcədə kobud şəkildə pozulmuşdur. 23 iyul 2020-ci il tarixdən iddiaçı tərəfindən qeyd edilən problemlərlə bağlı X5 və əlaqədar orqanlara müraciət edilmiş, X8 tərəfindən də həmin sənədlərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Sadəcə, iddiaçının müraciətinə 28 iyul 2020-ci il tarixində **********8 saylı məktubla cavab verilərək 05 avqust 2020-ci il tarixinədək X3 Bakı şəhər İdarəsinə gəlməli olduğu bildirilmiş, iddiaçı tərəfindən şikayətin araşdırılması ilə bağlı dəfələrlə X5 gedildiyi halda, cavabdeh müəssisənin nümayəndəsi bir dəfə də olsun, X5 gəlməmiş, sənədlərin verilməməsi və son haqq-hesabın ödənilməməsi ilə bağlı heç bir izahat verməmişdir. Yəni, hal-hazırdakı dövrə qədər iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin surəti, əmək kitabçası və son haqq-hesabı cavabdeh müəssisədə qalmaqdadır. Bu gün X8 belə, cavabdeh müəssisədən əmək kitabçasının, işdən azad edilmək barədə əmrin surətinin alınıb hüquqları pozulmuş işçiyə verilməsi ilə bağlı tədbir görə bilməməkdədir. Bakı şəhər Nəsimi rayon məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(006)- 4302/2020 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh MMC-nin 14.07.2020-ci il tarixli, 044 saylı əmri ləğv edilmiş, İddiaçı proqramçı vəzifəsinə işə bərpa edilmiş və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2(006)-4302/2020 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ancaq İddiaçı mülahizələrini əsas götürməklə, heç bir hüquqi normaya əsaslanmadan iddianı təmin etməklə kifayətlənmişdir. “xxxx” MMC-də proqramçı vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirmədiyi üçün, əsaslı olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsasları “xxxx” MMC tərəfindən qanuna uyğun sənədləşsə də, birinci instansiya məhkəməsi həmin sənədləri hər hansı əsas gətirmədən nəzərə almamış, iddiaçının mülahizələrinə əsaslanmaqla iddia tələbini təmin etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı izahatından görünür ki, 23 iyul 2020-ci il tarixində yazılı şəkildə müraciət edilərək müraciətin rəsmi qaydada təqdim olunduğu gündən 2 təqvim günü müddətində ona əmək kitabçasının, işdən çıxmağı barədə əmrin surətinin təqdim edilməsi, son haqq-hesabın bank hesabına köçürülməsi istənilmiş, əks təqdirdə onun rəhbərlik etdiyi Cəmiyyətin əmək qanunvericiliyinin pozulması səbəbindən AR X5, AR İqtisadiyyat Nazirliyinə və məhkəmə orqanlarına müraciət edəcəyini bildirmişdir. Həmin müddətdən 5 təqvim günü müddəti keçməyinə baxmayaraq halhazırdakı dövrə qədər əmək kitabçanın, işdən çıxmağı barədə əmrin surətinin ona verilməsi, son haqqhesabın kart hesabına köçürülməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cəmiyyət tərəfindən AR Əmək Məcəlləsinin tələblərinin pozulması ilə bağlı tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə şikayət məktubu ilə müraciət edilmişdir. Qeyd edilənləri nəzərə alaraq yuxarıda qeyd edilən sənədlərin əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin müraciətinin sizə çatdırıldığı gündən etibarən 1 təqvim günü müddətində ona təqdim edilməsini və son haqq-hesabın kart hesabına köçürülməsi üçün lazımi tədbir görməyinizi sizdən xahiş edir. Hesab edir ki, qarşılıqlı razılıq şəklində sizinlə olan əməkdaşlığa son verilməsi hər iki tərəfin maraqlarına uyğun olacaqdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının X8 Xidmətinin Bakı şəhər İdarəsinin 28 iyul 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış müraciətiniz X8 Xidmətinin Bakı şəhər İdarəsində araşdırılır. Bununla bağlı 05 avqust 2020-ci il tarixinədək aşağıda qeyd olunan sənədləri elektron qaydada (DEMX ZElektron ünvan ünvanına) və ya şəxsən X8 Xidmətinin Bakı şəhər İdarəsinə (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Əcəmi Naxçıvani, 6) gəlməyiniz xahiş olunur. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, “xxxx” MMC-də proqramçı vəzifəsində işləyən İddiaçı ən son işə gəldiyi 01.07.2020-ci il tarixdən bu gün 13.07.2020ci il tarixədək işə gəlməmişdir. İşə gəlməməyinin səbəbləri barədə isə işəgötürənə heç bir məlumat verməmişdir. Bu akt 13.07.2020-ci il saat 17:50 tarixində Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Ağasadıq Gəraybəyli 5 A ünvanda tərtib və təsdiq edilir. İş materiallarına əlavə edilmiş aktın məzmunundan görünür ki, Cavabdeh MMC-də proqramçı vəzifəsində işləyən İddiaçı ən son işə gəldiyi 01.07.2020-ci il tarixdən 08.07.2020-ci il tarixədək işə gəlməmişdir. İşə gəlməməyinin səbəbləri barədə isə işəgötürənə heç bir məlumat verməmişdir. Bu akt 08.07.2020-ci il saat 17:50 tarixində Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Ağasadıq Gəraybəyli 5 A ünvanda tərtib və təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, Cavabdeh MMC-də proqramçı vəzifəsində işləyən İddiaçı ən son işə gəldiyi 01.07.2020-ci il tarixdə saat 10:30 radələrində üzürsüz səbəbdən heç bir məlumat vermədən iş vaxtı iş yerindən özbaşına çıxıb getmiş və bu barədə heç kimə heç bir məlumat verməmişdir. Bu akt 01.07.2020-ci il saat 10:30 tarixində “xxxx” MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Ağasadıq Gəraybəyli 5A ünvanda tərtib və təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, Cavabdeh MMC-də proqramçı vəzifəsində işləyən İddiaçı ən son işə gəldiyi 01.07.2020-ci il tarixdən bu gün 03.07.2020ci il tarixədək işə gəlməmişdir. İşə gəlməməyinin səbəbləri barədə isə işəgötürənə heç bir məlumat verməmişdir. Bu akt 03.07.2020-ci il saat 17:30 tarixində Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Ağasadıq Gəraybayli 5A ünvanda tərtib və təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş 14.07.2020-ci il tarixli, № 044 işdən azad olunma barədə əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “ç” işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsasən onunla 06.10.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə 14.07.2020-ci il tarixində xitam verilsin. İş materiallarına əlavə edilmiş 24 avqust 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən və son haqq hesabı hesablama ödənilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş 03 sentyabr 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “xxxx” MMC-nin vəzifəli şəxsi İddiaçı əmək müqaviləsinə düzgün xitam verilməmişdir. X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 1900 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri olmaqla, özündə üç halı ehtiva edir: 1.əmək funksiyasını yerinə yetirməməsi, 2.əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, 3.Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə görə, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; “ç” bəndinə görə, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İş üzrə sübutlarla, iddiaçının əmək funksiyasını qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməsi, iş yerində olmaması ilə bağlı müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halı təsdiq edilməmiş, eləcə də cavabdeh öz əmrində əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Əksinə, yanaşı yoxlanılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə düzgün xitam verilmədiyi üçün cavabdehin vəzifəli şəxsi inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Bundan başqa, iddiaçı iş yerinə gedib-gələ bilməməsini cavabdehin xüsusi karantin rejiminin (yaşayış yerini tərk etmək üçün xüsusi icazənin tətbiq edilməsi) qüvvədə olduğu dövrdə - 01 iyul 2020-ci il tarixdə nahar fasiləsinə çox az qalmış, saat 12:54:57 dəqiqədə my.gov.az sisteminə daxil olmaqla icazələrin alınması və monitorinqi sistemindən onun adına verilmiş arayışı ləğv etməsi ilə, həmin səbəbdən işə gedə bilməməsi ilə əsaslandırmış, buna baxmayaraq öz evindən xüsusi proqramlar vasitəsi ilə əmək müqaviləsi üzrə funksiyalarını davam etdirməsini, cavabdehin və cavabdehin digər törəmə cəmiyyətlərinin əməkdaşları ilə işlərin görülməsi və təhvil verilməsi ilə bağlı daim ünsiyyətdə olmasını bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının iş yerində olmaması ilə bağlı müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi hallarının təsdiq edilmədiyini nəzərə alaraq, onun evindən xüsusi proqramlar vasitəsi ilə əmək müqaviləsi üzrə funksiyalarını davam etdirdiyinə dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. İş materiallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hərəkətləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına yol verilməsi sübut olunmur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlillərin doğruluğu barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2(006)-4302/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar