Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4561/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "yaşayış sahəsinə köçürülmə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-1305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (X19, X44, X20, X6, X51, X21, X22, X4, X52, X53, X8, X25, X9, X10, X11, X26, X45, X27 müstəqil tələb etməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 9 saylı evə evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1995-ci il tarixdə X54 ilə nikaha daxil olaraq, onun ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvana gəlin köçmüşdür. Həmin mənzildə yaşadıqları müddətdə xx.xx.1996-cı il tarixdə X28, xx.xx.1998-ci il tarixdə X46 adlı övladları doğulmuşdur. Daimi yaşayış yerləri olan yuxarıda qeyd olunan ünvanda yaşayaraq pasport qeydiyyatına alınmışlar. Uzun müddət həmin mənzildə ailəliklə birlikdə yaşamışlar lakin, hazırda cavabdehlər onu qanuni qaydada istifadə hüququ olan həmin mənzilə buraxmaq istəmirlər. Dəfələrlə həmin evə köçüb yaşamaq istəsə də, cavabdehlər buna imkan vermirlər. Cavabdehlərin qanunsuz hərəkətlərinə görə o uzun müddət yaşadığı evdən istifadə edə bilmir və cavabdehlər onu qanunla hüquqlarından məhrum etmişlər. Cavabdehlər onu uzun müddət yaşadığı və pasport qeydiyyatında olduğu evə buraxmadıqları üçün, hesab edir ki, həmin mənzilə məhkəmə qaydasında köçürülməlidir.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-1305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Ayşən Sultanova-Məmmədova) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı X35 apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əsassız olaraq hesab etmişdir ki, iddiaçı ailəsi ilə birlikdə 2003-cü ildən daimi yaşamaq üçün mübahisəli evdən getdiyi üçün onun həmin evə olan yaşamaq hüququ itirilmişdir. Hesab edir ki, məhkəmə hazırkı iş üzrə tətqiq olunmayan və qanuni qüvvəyə minməmiş qətnamədə göstərilənlərə istinad edərək, onun da 2003-cü ildən mübahisəli mənzildən daimi yaşamaq üçün getməsi nəticəsinə gəlməklə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Həmçinin iş materiallarından da göründüyü kimi, qeyd olunan mənzildə ailə üzvü kimi yaşayan X29 gəlini olmaqla ailə üzvü olmuş və Mülki Məcəlləsinin 135.9-cu maddəsinin tələbinə görə də onunla ailə münasibətlərinə xitam versə də, həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılır. Bundan başqa birinci instansiya məhkəməsi onun daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi əlaqədar yanlış nəticəyə gəlmişdir. Belə ki, uzun müddət mübahisəli mənzildə yaşamasa da, bu, həmin vaxt mənzildə şəraitin dözülməz olması ilə əlaqədar olmuşdur. Məcbur olub uzun müddət kirayədə yaşamışlar. Məhkəmənin yoldaşının sözlərinə istinad edərək qeyd etdiyi Türkiyə Respublikasının Qaziantep şəhərində yaşadıqları ev nə mülkiyyətlərində olmuş,nə də ki başqa əsaslarla daimi yaşayış yeri olmamışdır. Sadəcə olaraq uzun müddət kirayədə yaşadıqları ev olmuşdur. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı xx.xx.1995ci il tarixdə X54 ilə nikaha daxil olaraq, onun ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvana gəlin köçmüşdür. 2003-cü ilə qədər həmin evdə yaşamışlar. Övladları həmin mənzildə yaşadıqları müddətdə doğulmuşdur. Həmçinin iddiaçı Türkiyə Respublikasının Qaziantep şəhərinə məcburi getməli olmuşdur, orada zəlzələ nəticəsində yaşadıqları ev uçmuşdur, 2023-cü ildə isə onlar ölkəyə qayıtmışdır. Hazırda mübahisəli ev tikinti ərazisinə düşmüşdür. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
6. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər və müstəqil tələb etməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
7. Belə olan halda, Məhkəmə Kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi:
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X7 məxsus ½ hissəsi isə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda evin ½ hissəsi Cavabdeh1 və ½ hissəsi X1 mülkiyyətlərindədir.
9. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında X1 (½ hissə), X3 (½ hissə) ********** qeydiyyat nömrəsi, xx.xx.2012-ci il tarixli hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ qeydiyyata alınmışdır.
10. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında Cavabdeh1 ½ hissə, ********** qeydiyyat nömrəsi, xx.xx.2014-cü il tarixli hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ qeydiyyata alınmışdır.
11. 29.08.2012-ci il tarixli “Fərdi yaşayış evinin bağışlama müqaviləsin”dən görünür ki, X16– Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən reyestr nömrəsi **********49-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 olan RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 307,7 kv.m yaşayış sahəsi 218,1 kv.m, yardımçı sahəsi 89,6 kv.m olan on dörd otaqlı fərdi yaşayış evinin ona məxsus olan ½ hissəsini oğlu- Cavabdeh1 bağışlamışdır və Cavabdeh1 bağışlanan əmlakı qəbul etmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2386/2023 saylı, 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X30 cavabdehlər X19, X47, X17, X6, X55, X23, X24, X5, X56, X57, X2, X12, X31, X9, X13, X14, Cavabdeh1 Cahangır oğlu, X32, X48, X33, Sultanov Nurəddın ƏlıMuxtar oğluna qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi rədd edilmişdir.
13. Həmin qətnamədə qeyd olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi X1, ½ hissəsi isə Cavabdeh1 adlarına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X30, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı və xx.xx.1996-cı il təvəllüdlü X15 adlarına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-514/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X54 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(004)-2386/2023 saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi təmin edilməməsi qət edilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1742/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarı iddiaçı X54 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş apellyasiya instansiya məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
17. 2.1-ci maddəsinən əsasən Azərbaycan Respublikasının mülki qanunvericiliyi Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir.
18. 11.1-ci maddəsinən əsasən Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
19. 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
20. 54-cü maddəsinə əsasən İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
21. 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
22. 87-ci maddəsinə əsasən Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
26. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
29. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
30. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
31. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
35. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
37. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Belə ki, mülki iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı Elxan Quliyev xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş və həmin vaxtdan mübahisələndirilən evdə yaşamış, təxminən 2003-cü ildən həmin ünvandan çıxıb Rusiyaya, daha sonra Türkiyə Respublikasına getmişdir. O, Türkiyə Respublikasının Qaziantep şəhərində yaşamış, yaşadığı evin 06 fevral 2023-cü il tarixdə baş vermiş zəlzələ nəticəsində dağılmasından sonra Azərbaycana qayıtmışdır.
40. İddiaçı apellyasiya şikayətində uzun müddət mübahisəli mənzildə yaşamamağını həmin vaxt mənzildə şəraitin dözülməz olması ilə bağlı əlaqələndirmişdir.
41. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. İddiaçı isə həmin mənzildə məhz şəraitin dözülməz olması əsası ilə müvəqqəti olaraq kirayədə yaşamaq üçün başqa ölkəyə getməsinə dair mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, onun kirayədə yaşamaq üçün başqa ölkəyə getməsi barədə dəlili öz-özlüyündə ağılabatan və məntiqli görünmür.
43. İddiaçı apellyasiya şikayətində həmçinin bildirmişdir ki, qeyd olunan mənzildə ailə üzvü kimi yaşayan X29 gəlini olmaqla ailə üzvü olmuş və Mülki Məcəlləsinin 135.9cu maddəsinin tələbinə görə də onunla ailə münasibətlərinə xitam versə də, həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılır. Halbuki iddiaçı mübahisəli evdə 20 ildən artıq müddət ərzində yaşamamış və daimi əsaslarla evdən getmiş, özü üçün başqa yaşayış yeri seçmiş, bununla da iddiaçı 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin tələblərinə müvafiq olaraq həmin evdən istifadə hüququnu itirmişdir.
44. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, icarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən mənzilə köçürülməsinə əsas verən hər hansı bir hal müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
46. Birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnamədə göstərilənlərə istinad etməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2023- cü il tarixli, 2(004) 2386/2023 saylı qətnaməsi ilə iddiaçı X30 cavabdehlər X19 və qeyrilərinə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 514/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(004)-2386/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən iddiaçı X54 tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1742/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2024-cü il tarixli 2(103)-514/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
47. Göründüyü kimi birinci instansiya məhkəməsinin istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2023- cü il tarixli, 2(004) 2386/2023 saylı qətnaməsi qanuni qüvvəsini almışdır, demək ki, apellyatorun qeyd edilən dəlili də əsassız olmuşdur.
48. AR MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
49. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
51. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-1305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov