Məhkəmə qərarları › İş №2(103)-4563/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4563/2022

18.07.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4563/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh2 vəkili X4 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-136/2022 saylı, 01 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2400 manat sığorta ödənişinin, 30,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 26 fevral 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "VAZ-21065" markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 20 iyun 2020-ci il tarixdə Ağstafa rayonunda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan "Mercedes Benz" markalı **-DS- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Ağstafa DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənə avtomobilinin zədələnməsi ilə bağlı 2400 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. "VAZ-21065" markalı 10FK636 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan, avtomobili etibarnamə olmadan Cavabdeh1 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(004)- 136/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 2400 (iki min dörd yüz) manat məbləğində sığorta ödənişinin əvəzi, 30 (otuz) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat bank xidmət haqqının tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi, 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyəri Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdh Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-136/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən ləğv edərək, iddiaçı "xxxx" ASC-nin ona və digər Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasının ona dair hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçı "xxxx" ASC-nin ona və digər Cavabdeh2 qarşı subroqasiya qaydasında iddia qaldıraraq onlardan 2400 manat sığorta ödənişi və 30.49 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Qeyd edir ki, məhkəmə tərəfindən iş üzrə ədalətli araşdırma aparılmadan, işin faktiki halları araşdırılmadan, birtərəfli qətnamə çıxarılmışdır. Belə ki, iddiaçının tələblərini əsaslandıracaq heç bir dəlil olmamasına baxmayaraq məlum qətnamə çıxarılmışdır. Digər bir tərəfdən ziyanlığın həcmi də məhkəmə tərəfindən də qeyri-müyyən, iddiaçının mülahizələrinə əsasən müəyyən edilərək nəticə verilmişdir. Məhkəmə tərəfindən işin faktiki hallarına dair araşdırma aparılmadığı üçün tətbiq edilməli qanunu deyil birtərəfli qaydada iddiaçının mövqeindən çıxış edərək qətnamə çıxarılmışdır. Bundan başqa qiymətləndirmə ilə bağlı hüquq normaları pozularaq prossesual hərəkətlər edilməmiş və yenədə birtərəfli qaydada iddiaçının mövqeyinə uyğun qərar qəbul edilmişdir. O, illərdir ki, qanunvericiliyin tələblərinə əməl etməklə sığorta ödənişləri edir və bir dəfədə olsun sığorta haqqlarının geri qaytarılmasını tələb etməmişdir. Bütün bu faktlar məhkəmə tərəfindən araşdırılmamışdır. Bu səbəbdən də maddi hüquq normaları düzgün tətbiq edilməyərək işin faktiki hallarına dair normalar tətbiq edilməmiş və sırf iddianın təmin edilməsi üçün normalar tətbiq edilərək hüquqları pozulmuşdur. Hakim tərəfindən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmişdir və məhkəmə tərəfindən baxılmışdır. Məhkəmə tərəfindən məhkəmə iclaslarına dəvət edilməyərək birtərəfli iddiaçının iştirakı ilə qərəzli, qeyri-obyektiv və ədalətsiz nəticə verilmişdir. iddia ərizəsi ona aid hissədə təmin edilmiş və şüurlu şəkildə iddiaçı öz rahatçılığı üçün digər cavabdehi əlavə edərək aidiyyatı öz ərazisinə yönəltmişdir. Hansı ki bununla bağlı tərəfindən müraciət edilərək aidiyyat məsələsinin müzakirə edilməsi tələb edilmişdir. Məhkəmə tərəfindən bu məsələyə münasibət verilməmiş ona məlumat verilməmiş, çıxarılmış nəticə barədə məlumat verilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən aidiyyat məsələsi pozulmaqla yanaşı araşdırmalardan da kənar qalmışdır. Məhkəmə qərar qəbul edərkən ancaq iddiaçının mövqeidən yanaşaraq iddianı təmin etməyə nail olmuşdur. Onun sığorta ödənişlərində heç bir kəsir olmamış və iddiaçının borcudur ki, sığorta hadisəsində olan ziyanlığı ödəsin (təbii ki, tələbin həcmini dəqiq araşdıraraq) Tələbin mahiyəti tamamilə kənarda qalır və bununda nəticəsində sübutlar araşdırılmır, iddianın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmamış qalır. Məhkəmə qətnaməsində ümumiyyətlə hadisənin tarixi ilə bağlı hər hansı bir qeydlər aparılmamış və mülki prossesual məcəllənin 220-ci maddəsinin tələbləridə pozularaq başdansoydu qətnamə çıxarılmışdır. Qeyd edir ki, hakim ancaq və ancaq iddiaçının buraxma cavabına əsaslanaraq qərar qəbul edir. Məhkəmə tərəfindən ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 yanvar 2022-ci il tarixli rəyi əsas tutularaq ziyanlıq müəyyən edilmişdir. Göründüyü kimi bu rəy saxtadır və bir aydan artıq müddətdən sonra hansı məlumatlar əsasında rəy verildiyi, hansı müayinə nəticəsində verildiyi müəyyən edilməmişdir. Avtomaşınla bağlı bir aydan artıq müddət keçdikdən sonra verilmiş özüözlüyündə səhfdir və göründüyü kimi hansısa maraqlar və ya iddiaçı tərəfindən hazır formada təqdim edilmiş sənədlər əsasında tərtib edilmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər: avtomaşının müayinəsi, verilmiş rəyin hansı müayinə nəticəsində verilməsi barədə araşdırma nəticələri. O yaşlı insandır, əyalətdə yaşayır, maddi durumu olduqça pisdir. Aidiyyatlə əlaqədar müraciət etsə də, heç bir nəticə verilmədən, məlumat verilmədən hüququları kobud şəkildə pozumuşdur. Hüquqları pozulur və hakim tərəfindən işə birtərəfli qərarlar qəbul edilir. Bunun əyani sübutu kimi hakim tərəfindən verilmiş və ləğv edilmiş müvəqqəti təmin tədbiri barədə qərardadı. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili X6 digər cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-də 26 fevral 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "VAZ-21065" markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 20 iyun 2020-ci il tarixdə Ağstafa rayonunda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan "Mercedes Benz" markalı **-DS- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Ağstafa DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənə avtomobilinin zədələnməsi ilə bağlı 2400 manat məbləğində sığorta ödənişi verilmişdir. Hazırda iddiaçı iddia edir ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə Kollegiyası aşağıdakıları qeyd etməyi vacib hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və va) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 yanvar 2022-ci il tarixli, 9/8403 saylı rəyi ilə "Mercedes Benz" markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2400 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tədqiq olunmuş sübutlarla Cavabdeh1 idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətməsi, bunun nəticəsində həmin hadisədə zərərçəkmiş şəxsə məxsus avtomobilə 2400 manat məbləğində zərər dəyməsi, iddiaçı "xxxx" ASC tərəfindən həmin zərərin zərərçəkmiş şəxsə ödənilməsi təsdiq edildiyindən iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 2400 manat pul Cavabdeh1 tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarla cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddə ilə inzibati həbs tətbiq edilmədiyindən iddia Cavabdeh2 qarşı təmin edilə bilməz və rədd edilməlidir. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Ağstafa rayon DYP şöbəsi tərəfindən çıxarılmış inzibati tənbeh vermə haqqında TP ******* saylı qərardan görünür ki, Cavabdeh1 yalnız İXM-nin 327.2 maddəsi ilə tənbeh verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin olunması, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 2400 (iki min dörd yüz) manat məbləğində sığorta ödənişinin əvəzi, 30 (otuz) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat bank xidmət haqqı tutulması, iddianın qalan hissədə rədd edilməsi, 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyəri Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, bu dəlillər formal mülahizələrlə əsaslandırılmışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(004)- 136/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar