Məhkəmə qərarları › İş №2(103)-4564/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4564/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4564/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: ödənilmiş təhsil xərcinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1422/2024 nömrəli 21 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Təhsil Nazirinin (Elm və Təhsil Nazirinin) xx.xx.2011-ci il tarixli, 1482 saylı əmrinə əsasən Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xx.xx.2011-ci il tarixli, 16/1826 nömrəli məktubuna uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən xarici ölkələrin universitetlərində təhsil almaq üçün tövsiyə edilmiş Cavabdeh “Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların siyahısına daxil edilmişdir. Nazirliyin İqtisadiyyat şöbəsinə (Ş.Əliyev) Təhsil Nazirliyinə təqdim olunacaq ödəmə sənədlərinə uyğun olaraq Əmrdə adları qeyd olunan tələbələrin təhsil almaları ilə bağlı bütün xərclərin (təhsil haqqı, viza-qeydiyyat haqqı, ali məktəbə qeydiyyat, sosial müdafiə sığortası, aylıq yaşayış və ildə bir dəfə gediş-gəliş yol xərcləri, təşkilatı xərclər və s.) müvafiq qaydada müəyyən olunmuş müddətlərdə Dövlət Proqramının icrası üçün nəzərdə tutulmuş maliyyə vəsaitləri hesabına ödənilməsini təmin etməsi həvalə edilmişdir.

2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə görə Dövlət Proqramı təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə əsasən Təhsil Nazirliyi təhsil alanın Kanada, Toronto Universiteti ali təhsil müəssisəsində “mühəndislik” ixtisasi (bakalavr səviyyəsi) üzrə 2011-ci ildən 2016-cı ilə kimi tədrisini təşkil etməyi öhdəsinə götürmüşdür.

3. Azərbaycan Respublikası Təhsil Nazirinin (Elm və Təhsil Nazirinin) xx.xx.2015-ci il tarixli, 571 saylı əmrinə əsasən Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyasının müvafiq məktubuna uyğun olaraq Təhsil Nazirliyinin müvafiq əmrlərinə əsasən Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Kanada, Toronto Universiteti ali təhsil müəssisəsində “mühəndislik” ixtisası üzrə bakalavr təhsili alan Cavabdeh təhsil aldığı ali məktəbdə müvəffəqiyyətsiz olduğu və bununla da Təhsil Nazirliyi ilə imzaladığı müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyi nəzərə alınaraq onun adı xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılmışdır. Əmrin İ bəndində adları qevd olunan tələbələrlə Təhsil Nazirliyi arasında bağlanmış müvafiq müqavilələrin 5.2-ci maddəsinə uyğun olaraq onların təhsil adlıqları müddətdə təhsil və yaşayışları ilə bağlı Təhsil Nazirliyi tərəfindən çəkilmiş bütün xərclərin geri qaytarılması məqsədilə müvafiq tədbirlərin görülməsi İqtisadiyyat şöbəsinə (R.Orucov), Beynəlxalq əlaqələr şöbəsinə (F.Rzayev) və Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinə (S.Kazımov) həvalə edilmişdir.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli 05-18-165/24 saylı xəbərdarlıq məktubunda göstərilmişdir ki, Cavabdeh 15 gün müddətində təhsili üçün ödənilmiş 71028,48 manat məbləğində dövlət vəsaitinin X1 hesabına ödənilməsi tələb olunmuş, əks təqdirdə vəsaitin alınmasının məhkəmə qaydasında həyata keçiriləcəyi və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 71028,48 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Proqramın 5-ci bölməsinə əsasən, Dövlət Proqramının ölkənin sosial-iqtisadi inkişafında strateji əhəmiyyəti nəzərə alınaraq onun icrasında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitindən, dövlət büdcəsindən ayırmalarından və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlərdən istifadə oluna bilər. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyun 2008- ci il tarixli 128 nömrəli Qərarı ilə “ Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən etmişdir. Bu Qaydaların 5-ci bölməsi xarici ölkədə təhsil almaq üçün təqüdçü ilə müqavilənin bağlanması və müqavilə şərtlərinin yerinə yetirilməsi barədə müddəalar nəzərdə tutulmuşdur. Belə ki, Qaydaların 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi təqüdçü ilə təhsilin təşkili barədə müqavilədə mütləq aşağıdakıları daxil etməklə bağlamalıdır. a) müqavilənin predmeti; b) tərəflərin hüquq və vəzifələri; c) təhsil müddəti və şərtləri; ç) təhsili bitirdikdən sonra təqüdçünün Azərbaycanda beş il ərzində işləmək üçün Azərbaycana qayıtması barədə şərt; d) müqavilənin şərtlərinin icra olunmasına təsir göstərən fors-major hallar. Qaydaların 5.4-cü bəndinə əsasən təqüdçü Komissiya tərəfindən üzürsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqavilədə nəzərdə tutulan müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları təsdiq edilmişdir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən, Təhsil Nazirliyinin əmri və Təhsil Nazirliyi ilə təhsil alan arasında bu Qaydalara əlavə olunan forma üzrə bağlanan Müqavilə təhsil alanın təhsili ilə bağlı xərclərin ödənilməsi üçün əsasdır. Qaydaların 2.4-cü bəndində qeyd edilir ki, xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür. Qaydaların 3.1-ci bəndində təhsil haqqı, viza xərcləri və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri, yaşayış (yataqxana və digər) xərcləri, gündəlik qida xərcləri, zəruri tədris ədəbiyyatı ilə təminat üzrə xərclər, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Qaydaların 6.1-ci bəndinə əsasən, təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh arasında xx.xx.2011-ci ildə müqavilə bağlanmış və onun adı təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 1482 saylı əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə cavabdeh Kanada, Toronto Universiteti ali təhsil müəssisəsində “mühəndislik” ixtisasi (bakalavr səviyyəsi) üzrə 2011-2016-cı tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 71028,48 AZN vəsait ödəmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2016cı il tarixli, 571 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən, tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməsi təqüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 2.2.4-cü bəndinə uyğun olaraq, təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə dəfələrlə rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 71028,48 manat pul vəsaitinin geri qaytarlması tələb edilmişdir. Lakin, cavabdeh tərəfindən məktubun alınmasına baxmayaraq, o, ödənişdən yayınmışdır.

7. Cavabdehin nümayəndəsi-vəkili iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia tələbinin iddia müddəti buraxıldığına görə rədd edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 may 2024-cü tarixli 2(004)-1422/2024 nömrəli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin edilməmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqaviləyə iş üzrə iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh adının xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılması ilə bağlı xx.xx.2015-ci il tarixli, 571 saylı əmrinin qəbul edildiyi tarixdən birtərəfli qaydada xitam verilmiş və iddiaçının həmin tarixdən ödənilmiş təhsil xərclərinin cavabdehdən tələb etmək hüququ yaranmışdır. Bununla yanaşı, iddiaçı hüquqlarının pozulmasını 2013-cü ildə bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı qanunvericiliklə müqavilə müddətləri üçün nəzərdə tutulan 3 illik iddia müddəti ərzində (2016-ci ilədək), (həmçinin, 10 illik ümumi iddia müddəti ərzində (2023-ci ilədək)) məhkəməyə iddia ərizəsi ilə müraciət etmədiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim etdiyindən iş üzrə iddia tələbi təmin edilməməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.1, 14.2.1, 390.1, 385.1, 386.1, 21.1, 21.2, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 375.2, 377.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində iddia ərizəsində qeyd olunanlar sadalanmaqla göstərilmişdir ki, müqavilədə tərəf olan Təhsil Nazirliyi müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh tərəfindən pulun qaytarılacağına ümid etməsinə baxmayaraq, heç bir vəsait qaytarılmamışdır. Cavabdehə sonuncu müraciətdən sonra Nazirlik hesab etmişdir ki, qarşı tərəf iddiaçının müqavilə üzrə ödənilmiş xərclərin geri qaytarılması barədə tələb hüququnu pozur və cavabdehin ödənilmiş vəsaiti geri qaytarmaq məqsədi yoxdur. Nazirlik ondan sonra mübahisənin məhkəmə qaydasında həll edilməsini məqsədəuyğun hesab etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

15. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

19. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

20. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Kollegiya qeyd edir ki, nəzərə almaq lazımdır ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur.

30. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

31. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.»

32. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh adının xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılması ilə bağlı xx.xx.2015-ci il tarixli, 571 saylı əmrinin qəbul edildiyi tarixdən birtərəfli qaydada xitam verilmiş və iddiaçının həmin tarixdən ödənilmiş təhsil xərclərinin cavabdehdən tələb etmək hüququ yaranmışdır. Həmin vaxt iddiaçı hüquqlarının pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

33. İddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır.

34. İş materiallarında olan cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən təqdim etdiyi ərizəsindən görünür ki, həmin ərizə ilə o, iddiaçının qanunla müəyyən olunmuş iddia müddətini ötürdüyünü göstərmişdir.

35. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1422/2024 nömrəli iş üzrə 21 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar