Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4566/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndələri və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-712/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin azyaşlı övladları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və onun üzərində yerləşən evdən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1030 nömrəli sərəncamına əsasən X3 adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsi və onun üzərində yerləşən evin onun mülkiyyətinə keçirilməsi üçün X4 ilə aralarında razılıq əldə edilmişdir. Buna görə də, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində aralarında rəsmi qaydada ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Aralarında bağlanan müqavilədən sonra X4 mübahisəli torpaq sahəsini və evi tam boşaldaraq ona təhvil versə də, hazırda onun oğlu Cavabdeh1, sonuncunun arvadı Cavabdeh2 azyaşlı övladları ilə birlikdə evi tərk etmirlər. Halbuki, həmin şəxslərin mübahisəli torpaq sahəsi və ev üzərində heç bir mülkiyyət hüququ mövcud deyildir. Cavabdehlərin ona məxsus evi zəbt edərək yaşaması onun istifadə hüququnu pozur. Buna görə də, cavabdehlər onlara məxsus əşyalarla birlikdə həmin mənzildən çıxarılmalıdır. İddiaçı birinci instansiya məhkəməsində icraat zamanı (29 mart 2023-cü il tarixdə) iddia tələbinin dəyişdirilməsi (həcminin artırılması) barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı övladları ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və onun üzərində yerləşən evdən əşyaları ilə birlikdə çıxarılmaları, həmçinin məhkəmə qətnaməsi icra olunanadək cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixdən etibarən hər ay 2000 manat məbləğində kirayə haqqı, eyni zamanda ona dəymiş mənəvi ziyana görə 10.000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, müqavilə şərtlərinə əsasən mübahisəli mənzil 15 yanvar 2023-cü ildə ona tam şəkildə təhvil verilməli idi. Lakin cavabdehlərin mübahisəli mənzili boşaltmaması hazırda ona maddi və mənəvi ziyan vurmuşdur. Buna görə də, məhkəmə qətnaməsi icra olunanadək cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixdən etibarən hər ay 2000 manat məbləğində kirayə haqqı tutularaq ona ödənilməlidir. O İİ qrup əlildir. Psixoloji və nevroloji problemləri var. Cavabdehlərin qanunsuz hərəkətləri onun səhhətindəki problemlərin daha da kəskinləşməsinə səbəb olmuşdur. Buna görə də, 10000 manat məbləğində mənəvi ziyanın onun xeyrinə tutulması qətnamə çıxarılarkən nəzərə alınmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-712/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi ilə (Mədinə Bağırova) iddia tələbləri rədd olunmuşdur. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, mülkiyyətçi kimi hüququnun pozulması, təqdim olunmuş sübutların obyektiv, hərtərəfli və tam qiymətləndirilməməsi və s. göstərilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun eyni məzmunda izahat vermiş və apellyasiya şikayətinin təmin ediməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər və onların nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahatlara uyğun izahat vermiş şikayətin əsassız olduğunu, təmin olunmamasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 25 iyun 1998-ci il tarixli, 1030 nömrəli sərəncamından görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 18 may 1995-ci il tarixli, 1474a nömrəli sərəncamına dəyişiklik edilərək, həmin sərəncamla fərdi evin tikintisi üçün X2 adına ayrılmış 600 kv.m. torpaq sahəsi X3 adına sənədləşdirilmişdir. İşdə olan Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 29 noyabr 2022-ci il tarixli “İlkin alqı-satqı müqaviləsi”ndən görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-ci il tarixli, 1030 nömrəli sərəncamına əsasən, X3 adına olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 600 kv.m. torpaq sahəsinin və üzərində inşa olunan tikilinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflər aşağıdakı öhdəlikləri götürürlər: “birinci tərəf” X4 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 600 kv.m. torpaq sahəsinin və üzərində inşa olunan tikiliyə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq, evin “ikinci tərəf” İddiaçı satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını, evin (yaxud qeyri-yaşayış, torpaq sahələri) “ikinci tərəf” İddiaçı mülkiyyətinə verilməsini öhdəsinə götürür. Satıcı xx.xx.2023-cü il tarixədək göstərilən əmlakı alıcıya tam şəkildə təhvil verməyi və bütün kommunal xərcləri ödəməyi öz öhdəsinə götürür. “İkinci tərəf” İddiaçı “birinci tərəf” X4 ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 600 kv.m. torpaq sahəsinin və üzərində inşa olunan tikiliyə dair bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür. Göstərilən əmlakın satış qiyməti 250000 manat məbləğində müəyyən edilir. “İkinci tərəf” müqavilə bağlanması anında 250000 manatı isə notariusun depozit hesabı vasitəsilə ödəyir. İddiaçı qeyd edilən ilkin alqı-satqı müqaviləsinə əsaslanaraq, cavabdehlərin ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 600 kv.m. torpaq sahəsindən və üzərində inşa olunan tikilidən çıxarılmasını və s. tələbləri irəli sürmüşdür. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı ünvan 3 ünvanında yerləşən mübahisəli tikiliyə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatdan keçməsi ilə bağlı hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Belə bir sübut iddiaçı tərəfindən məhkəmə iclasında da təqdim edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən ilkin alqı-satqı müqaviləsi iddiaçıya mübahisəli ev üzərində mülkiyyətçi statusunu vermir. Belə olduğu təqdirdə Mülki Məcəlləsinin 157.2-ci maddəsinin dispozitiv şərtləri də hazırki iddia tələbi üzrə mövcud deyildir. Məhkəmə kollegiyası, iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəliyi nəticə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında da qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, yəni istinad etdiyi əqdlə (ilkin alqı-satqı müqaviləsi) mübahisəli daşınmaz əmlaklar üzərində əşya hüquqlarının yaranması və mövcudluğu 2) cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) cavabdeh tərəfin etirazları da nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. İddiaçının özünün bildirdiklərindən, eləcə də işin müəyyən olunmuş hallarından və ilkin alqı satqı-müqaviləsindən görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-ci il tarixli, 1030 nömrəli sərəncamına əsasən X3 adına olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 600 kv.m. torpaq sahəsinin və üzərində inşa olunan tikilinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflər (hazırki iş üzər iddiaçı və X4) aşağıdakı öhdəlikləri götürürlər: “birinci tərəf” X4 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 600 kv.m. torpaq sahəsinin və üzərində inşa olunan tikiliyə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq, evin “ikinci tərəf” İddiaçı satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını, evin (yaxud qeyri-yaşayış, torpaq sahələri) “ikinci tərəf” İddiaçı mülkiyyətinə verilməsini öhdəsinə götürür. Satıcı xx.xx.2023-cü il tarixədək göstərilən əmlakı alıcıya tam şəkildə təhvil verməyi və bütün kommunal xərcləri ödəməyi öz öhdəsinə götürür. “İkinci tərəf” İddiaçı “birinci tərəf” X4 ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 600 kv.m. torpaq sahəsinin və üzərində inşa olunan tikiliyə dair bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür. Göstərilən əmlakın satış qiyməti 250000 manat məbləğində müəyyən edilir. “İkinci tərəf” müqavilə bağlanması anında 250000 manatı isə notariusun depozit hesabı vasitəsilə ödəyir. Göründüyü kimi, iddiaçı mübahisəli daşınmaz əmlaka dair cavabdehlərə qarşı hazırki iddia tələblərini (vindikasiya və s.) irəli sürərkən məhz ilkin alqı-satqı müqaviləsinin mövcudluğuna əsaslanmışdır. Cavabdehlər isə etirazlarının əsası kimi – mübahisəli əmlakda uzun müddətdir yaşadıqlarını, maddi və fiziki imkanları ilə yaşayış sahəsinin inşasına köməklik göstərmələrini, orada 3 mərtəbəli evin inşa olunmasını, atası X3 2012-ci il tarixdən sonra həmin evdə yaşamamasını, qardaşı X1 miqdarda borcları ilə bağlı atasının mübahisə predmeti olan evi satmaq istəməsi, lakin onların buna razı olmaması, atasının gizli şəkildə iddiaçı ilə ilkin alqı-satqı müqaviləsini bağlanmasını, iddiaçının evə hər hansı hüquqlarının olmamasını, evin özbaşına tikili olmasını, torpaq sahəsinin və evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasını, yaşamağa başqa yerlərinin olmamasını və s. göstərərək, iddianın rədd olunmasını xahiş etmişlər. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də ilkin müqavilədir. Belə ki, MM-nin 402-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. MM-nin 567-ci maddəsinin tələbinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, ilkin müqaviləyə əsasən əmlakın (və ya digər maddi nemətlərin) verilməsi deyil, belə münasibətlərin gələcəkdə yaradılmasının təşkil edilməsi üzrə vəzifələr baş verir. Maddənin məzmunundan da göründüyü kimi, ilkin müqaviləyə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə əsas müqavilə bağlamağı öhdələrinə götürürlər. Məhz əsas müqavilə bağlandığı andan daşınmaz əmlakla bağlı müvafiq əşya hüquqları yaranmaqla, alıcının yeni sahibin (mülkiyyətçinin) həmin əmlakı digər şəxslərdən tələb etmək və s. istiqamətində subyektiv hüquqları yaranmış olur. Hazırki işin hallarından isə mübahisəsiz qaydada müəyyən olunur ki, ilkin alqı-satqı müqaviləsindən sonra əsas müqavilə bağlanmamış, iddiaçının əmlak üzərində hər hansı əşya və s. digər əmlak hüquqları yaranmamışdır. Bununla yanaşı, ilkin alqı-satqı müqaviləsindən də göründüyü kimi, həmin müqavilə bağlanan anda onun predmeğti olan daşınmaz əmlaklar üzərində X3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən də müqavilənin şərtinə görə - X4 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 600 kv.m. torpaq sahəsinin və üzərində inşa olunan tikiliyə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı almalı, bundan sonra onu iddiaçıya satmağı, yəni alqı-satqı müqaviləsini bağlanmağı öhdəsinə götürmüşdür. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir (M.Şahverdiyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı). MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-nin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. MM-nin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). MM-nin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Baxılan işdə iddiaçının mübahisəli evə dair hazırkı tələbi (cavabdehlərin evdən çıxarılması və s.) o halda qorunmağa layiq manafe hesab olunar ki, daşınmaz əmlakın ona məxsus olduğunu, yəni ona münasibətdə faktiki olaraq “mülkiyyətçi” kimi davrandığını sübuta yetirmiş olsun. Qeyd edilməldiir ki, vindikasiya iddiası (MM-nin 157.2-ci mad.) mülkiyyətçinin (digər qanuni sahibin) öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər məcmu halda mövcud olmalıdır, əks halda iddia təmin oluna bilməz. Hazırki işin hallarından isə qeyd edilənlər məcmu halda müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki halları, toplanmış sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə iddiaçının cavabdehlərə qarşı tələblərinin qanuni və faktiki əsasları mövcud deyildir. İddiaçı özünə məxsus olmayan (üzərində hər hansı əşya hüquqları yaranmamış) əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə müvafiq subyektiv hüquqlara malik deyildir. Belə olan halda isə cavabdehlərin mübahisəli əmlakdan istifadə etməkdə (orada yaşamaqda) hüquqlarının olmaması barədə apellyasiya şikayətinin dəlillərini araşdırmağa da zərurət yoxdur. İddia ilk hissədə (cavabdehlərin azyaşlı övladları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və onun üzərində yerləşən evdən əşyaları ilə birlikdə çıxarılmaları) əsassız olduğundan qalan hissələr də təmin oluna bilməz. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunverijiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eyni zamanda, iddiaçının bildirdikləri (izahatı) isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə mürajiət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinji instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunverijinin qeyd olunan normalarından aydın olur ki, iddianın təmin olunmaması barədə birinci instansiya məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldır. Həmçinin qeyd edilməlidir ki, iddianın rədd olunması ilə bağlı məhkəmənin gəldiyi hazırki nəticə, iddiaçının gələcəkdə qanunvericiliyn tələblərinə uyğun qaydada əsas müqavilə bağlandığı təqdirdə, mübahisəli daşınmaz əmlaklarla bağlı müvafiq tələb hüquqlarını istisna etməməklə, mübahisə halında yenidən məhkəməyə müraciət imkanını da aradan qaldırmır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-712/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-712/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4566/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4566/2023
25.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver