Məhkəmə qərarları › İş №2(103)-4567/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4567/2025

13.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4567/2025 13.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «mənzildən çıxarılma və mənzilin tam boşaldılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1451/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58, 127 saylı mənzil (Yeni qaydalarla: AZ1123, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi. 298, M17, m1) İddiaçı tam pay hüququ əsasında mülkiyyət hüququ xx.xx.2022-ci ildə qeydə alınıb.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi, iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh və onunla birlikdə həmin mənzildə yaşayan digər şəxslərin xüsusi mülkiyyətində olan, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58, mənzil 127-dən (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd, Hadi küçəsi 298, M17, m1) çıxarılması və mənzilin tam boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

3. İddiada göstərilib ki, mənzili əsaslı təmir etdirmişdir. Təxminən 15 gün əvvəl İddiaçı məlum olmuşdur ki, Cavabdeh adlı şəxs ailəsi ilə birlikdə onun heç bir məlumatı və razılığı olmadan ona məxsus, yuxarıda qeyd edilən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58-də yerləşən 127-ci (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd, Hadi küçəsi 298,M17, m 1.) mənzilə köçmüş və hal-hazırda həmin mənzildə yaşayır. İddiaçı mənzilini Cavabdeh satmamış, kirayəyə verməmiş, bağışlamamış, ümumiyyətlə həmin mənzilə dair ona hər hansı bir hüqüq verməmişdir. İddiaçı Cavabdeh onun mənzilində yaşadığını bildikdən sonra dəfələrlə Cavabdeh mənzilində qanunusuz yaşadığını bildirmiş, mənzili boşaldaraq təhvil verməsini tələb etmişdir. Lakin Cavabdeh İddiaçı tələblərini yerinə yetirməyərək mənzili boşaltmamış, halhazırda da yaşamaqda davam edir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1451/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh İddiaçı məxsus, onun xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58, 127 saylı mənzildən (Yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd, Hadi küçəsi 298, M17, m 1) çıxarılması və mənzilin tam boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1451/2025 saylı, 24 aprel 2025-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə vətəndaş X2 əməllərində cinayət əlamətlərinin olub-olmamasının yoxlanılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunun diqqəti xüsusi qərardadın təsviri hissəsində göstərilən hallara cəlb edilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) öz izahatında qeyd etmişdir ki, Sirac adlı şəxs barəsində cinayət təqibi başlanılmışdır və onların hazırki İddiaçı ilə bağlı Azərbaycan Respublikası Baş prokurorluğunda və Bakı şəhəri Xətai rayon prokurorluğunda şikayət ərizəsi mövcuddur. Lakin mülki iş üzrə dörd hazırlıq iclası və iki baxış iclası keçirilməsinə baxmayaraq cavabdehin nümayəndəsi (vəkili) tərəfindən qeyd edilənləri sübut edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi (vəkili) öz izahatında Cavabdeh Siracın qaynına mənzilinin satılması üçün etibarnamə verdiyini, həmçinin mübahisəli mənzilin alınması üçün üstünə də 50.000 pul verdiyini qeyd etmişdir. Lakin cavabdehin nümayəndəsi (vəkili) Cavabdeh ona məxsus mənzili etibarnamə əsasında verməsini və 50 000 pul vəsaitini Sirac adlı şəxsə ödəməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbini “həmin mənzildə yaşayan digər şəxslərin İddiaçı məxsus, onun xüsusi mülkiyyətində olan, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58, mənzil 127-(yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd, Hadi küçəsi 298, M17, m 1) dən çıxarılması” hissəsində cavabdehlərin dairəsi konkret göstərilmədiyindən qeyri-dəqiq hesab etmiş və bu səbəbdən iddia tələbini “həmin mənzildə yaşayan digər şəxslər” hissəsində təmin etməmişdir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia müştərək qaydada bir neçə cavabdehə qarşı qaldırıldıqda cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Cavabdehlərin dairəsini, onlarla bağlı dəqiq məlumatları məhkəməyə təqdim etmək bir başa iddiaçının hüuqu və vəzifəsidir. Lakin iddiaçı məhkəmə araşdırması zamanı bu məsələyə dəqiqlik gətirmədiyindən məhkəmə iddia tələbini digər şəxslərə münasibətdə əsaslı hesab etməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib göstərir ki, mübahisəli mənzili iddiaçının adına qeydə alınması hazırki iddianın təmin ediləməsi üçün əsas ola biməz. Belə ki, X4 ilə 2017ci ildən tanışdır. Həmin vaxt X4 ona təklif etmişdir ki, birgə inşaat işləri ilə məşğul ola bilərlər. Ona inanaraq, öz evini satıb X3 240 000 manat vermişdir. Təxminən 2020-ci ildə 300000 (üç yüz min) manat dəyərində "xxxx" MTK tərəfindən inşa edilmiş 3 otaqlı evi almışdır. Həmin evdə təxminən 2 il yaşamışdır. Sonradan ona məlum olmuşdur ki, aldığı mənzilin qarşısındakı mənzil də Siraca məxsusdur. Sirac ona təklif etmişdir ki, istəsə ona həmin mənzili verə bilər. Həmin mənzil onun yaşadığı mənzildən daha böyük olduğundan düşünmüşdür ki, yaxşı fürsətdir, mənzili əldən verməsin. Sirac ona yaşadığı mənzilin üstündə 50000 manat verməyini bildirdi. O da ailə üzvləri ilə məsləhətləşdikdən sonra Siracla razılaşmışdır. Sirac yaşadığı mənzilin satılmasına dair onun qaynının adına etibarnamə verməyini xahiş etmişdir. O, mənzilin satılmasına dair Siracın qaynı X1 (Astara rayonu, Şahadağ kəndində qeydiyyatda olan) adına baş etibarnamə də vermiş, təxminən 2023-cü il tarixdən həmin evə köçmüş və yaşamağa başlamışdır. Həmin vaxtda da Siracın qaynı Sahilin adına 13 noyabr 2023-cü il tarixdə etibarnamə vermişdir. Mənzilə köçməsinə baxmayaraq Sirac mənzilin sənədlərini ona verməmiş və sənədlərlə bağlı narahat olmamasını bildirmişdir. Həmçinin bildirmişdir ki, mənzilin çıxarışı hazır olduqdan sonra həmin mənzili onun adına keçirəcəkdir. Mənzildə 1 il 6 aydan coxdur ki, yaşayır, sonradan ona məlum olmuşdur ki, yaşadığı mənzil Siracın şəriki İddiaçı adlı şəxsin adınadır. Həmin şəxs 2 ildən sonra yəni, 2024-cü ildə Sirac tutulduqdan sonra gələrək evin onun adına olduğunu bildirib hazırda da evdən çıxmasını israrla tələb edir. Mənzilin dəyəri tərəfindən tam ödənilmişdir. İddiaçı Siracla birlikdə uzun müddət müxtəlif işlər görmüşdür. Ülfət həmin mənzilin onun almasından xəbərdar olmuşdur. Mənzildə təmir işlərinin aparılmasından məlumatlı olmuşdur. Eyni zamanda iddiaçı Sirac və onunla əlbir olmuş İddiaçı barəsində CM-nin 178.4-cü maddəsi ilə cinayət işinin başlanılmasına görə hüquq mühafizə orqanlarına şikayət edilmişdir. Hesab edir ki, onun da mənzil üzərində mülkiyyət hüquqları əmələ gəlmiş, lakin satıcıların qanuna zidd hərəkətləri nəticəsində hüquqları dövlət qeydiyyatına alınmamışdır. Həmçinin Mülki Məcəllənin 159-cu maddəsinin tələblərinə uyğun olaraq mənzili istifadəsinə qəbul etmiş və uzun müddətdir ki, həmin mənzildən istifadə edir. Göründüyü kimi mənzil Ülfətin özü və onun şəriki Sirac tərəfindən onun qanuni istifadəsinə verilmişdir. Mənzil həmin vaxtdan onun fasiləsiz sahibliyindədir. Mənzildə tərəfindən təmir işləri də aparılmışdır. Həmin müddət ərzində iddiaçı dəfələrlə mənzilə gəlmiş və mənzildə gedən təmir işlərini görmüş və bu işlərə heç bir vaxt etiraz etməmişdir. Mülki Məcəllənin 163-cü maddəsinə uyğun olaraq həmin mənzil onun faktiki sahibliyinə verilmişdir. Mənzil demək olar ki, mülkiyyətçinin iradəsinə uyğun olaraq onun sahibliyindədir. Sirac və Ülfət mənzili onun sahibliyinə versələr də mənzili onun adına hələ də rəsmiləşdirməmişlər. Həmin mənzil üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb edə bilər. Mülki Məcəllənin 568-ci maddəsində alqı-satqı müqaviləsinin anlayışı verilmişdir. Həmin maddəyə uyğun olaraq satıcı vəzifəsini yerinə yetirmişdir. Əşya satıcılar tərəfindən onun sahibliyinə verilmişdir. Həmin mənzildə ailəsi ilə birlikdə uzun müddətdir ki yaşadığından İddiaçı onun mənzildən çıxarılmasına dair iddiası təmin edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi eyni zamanda vəkili Vəkil2 ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdilər

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. İddanın faktiki əsası (faktiki hallar) tələbin (mübahisələndirilən hissədə) qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

20. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

21. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

22. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

23. Əvvəla ona görə ki, iddiaçı cavabdehin çıxarılmasını istədiyi mənzilin mülkiyyətçisidir və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Sadalanan hüquq normalarından göründüyü kimi, iddiaçı qeyd olunan mənzilin mülkiyyətçisi olduğundan cavabdehə qarşı hazırki tələbi irəli sürməkdə haqsız olmamışdır.

24. Apellyasiya şikayətinin dəlilləri isə iddiaçı ilə iş birliyi olduğu iddia olunan Sirac adlı şəxsin mübahisə predmeti olan mənzili cavabdehə “satması” ilə bağlı olmuşdur. Ancaq bu dəlillər həqiqi olsa belə, yenə də iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki daşınmaz əmlakın, o cümlədən mübahisə predmeti olan mənzilin alqı-satqsı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməlidir. Ancaq belə bir halın baş verməsi hansısa sübutla təsdiq olunmur. Yəni, iddiaçı tərəfindən mülkiyyətində olan mənzil hansısa şəxsə, o cümlədən cavabdehə satılmayıb. Bu cür vəziyyətdə məhkəmə tərkibinin cavabdehin mənafeyinə uyğun nə isə edə biləcəyi də mümkün sayılmır. Yəni, sözügedən mənzilin hazırda mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmasının qanuniliyinin yoxlanılması hazırki işin və apellyasiya icraatının predmeti olmasa da bu bir fakt olaraq qalır. Ona görə də, qətnamənin mübahisələndirilən hissədə yoxlanılması məhz hazırkı mövcud vəziyyətə uyğun həyata keçirilir.

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, hüquqdan sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1451/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1451/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar