Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4569/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə ( Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və mənəvi ziyanın ödənilməsi; iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1086/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı “Ovçular Ət və Ət Məhsulları" Məsuliyyətli Cəmiyyətində laboratoriya müdiri və baytar vəzifəsinə işə qəbul edilmişdir.
2. “Ovçular Ət və Ət Məhsulları" MMC-nin xx.xx.2022-ci il tarixli, 183 nömrəli əmri ilə tərəflər arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir.
3. Əmək kitabçası və əmrin surəti xx.xx.2022-ci il tarixdə iddiaçının oğlu tərəfindən poçt qəbzinə imza edilməklə təhvil alınmışdır.
4. İddiaçı xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərində X3 Xidmətinə müraciət etmişdir.
5. İddiaçı xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası üçün 50 manat məbləğində ödəniş etmiş, ona həmin tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. İddiaçının iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh MMC-nin baş direktoru X1 onun işdən azad olunmağı barədə xx.xx.2022-ci il tarixli, 183 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işdən çıxarılması ilə əlaqədar işləmədiyi işinə bərpa olunması, müddətin orta əmək haqqı və mənəvi ziyana görə 15.000 manat, ödənilmiş dövlət rüsumuna görə 135 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı daha sonra Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X1 İddiaçı işdən azad olunması barədə xx.xx.2022-ci il tarixli, 183 nömrəli əmrinin ləğv edilməsi, qanuna zidd olaraq 70 "xxxx" bəndinin tətbiqinin ləğv edilməsi, yenidən əvvəlki işə bərpa edilməsi, işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyana görə 50.000 manat və ödənilmiş dövlət rüsumuna görə 135 manat pulun cavabdehdən alınıb ona verilməsi, əvvəlcədən “whatsapp” vasitəsilə hədə-qorxu gəlməklə Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən cinayət törədən kadrlar şöbəsinin rəhbəri Fidan xanım tərəfindən əmək kitabçasında tətbiq edilən 70 "xxxx"- bəndinin ləğv edilməsi və cinayəti törətməkdə maddi sübutlarla cinayət törədilməsi təsdiq edilən şəxslərin qanunla cəzalanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı ildən xx.xx.2022-ci il tarixədək eyni vaxtda "xxxx" MMC-də laboratoriya müdiri, bakterioloq və baytar vəzifələrini aparmışdır. Bu müddət ərzində savadı, elmi əsaslı bilikləri, təcrübəsi bu vəzifələri normal icra etməsinə əsas vermişdir. 14-cü kateqoriyaya malikdir, kimya elmləri namizədidir. Cavabdeh MMC-nin baş direktoru X1 xx.xx.2022-ci il tarixli, 183 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və o, laboratoriya müdiri, bakterioloq və baytar vəzifəsindən azad edilmişdir. Bu məqsədlə onun müraciəti əsasında cavabdeh MMC ilə əmək mübahisəsinin həlli üçün Mediasiya Təşkilatında mediator təyin edilmişdir. Mediasiya sessiyasında cavabdeh tərəf mediasiya prosesində iştirakdan imtina etməsi səbəbindən mediasiya prosesinə xitam verilmişdir. Bunu iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, 1/50 saylı arayış təsdiq edir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi "Mühasibatlığa təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçi iş qabiliyyətini itirdiyinə görə 2022-ci ilin ilk 10 ayının 5 ayını (yanvar, iyul, avqust, sentyabr, oktyabr) işə çıxmalı olduğu halda üzürsüz iş buraxmış, ünvanına göndərilən bildirişlərə cavab verməmiş, telefonla əlaqə saxlayıb, işə dəvət olunsa da gəlməyəcəyini və ərizə yazmayacağını bildirmişdir. Üzürsüz səbəbdən iş buraxmaqla qayda pozuntusuna yol vermişdir və buna əsaslanaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx"xxxx". Cavabdeh MMC-nin "Əmək müqaviləsinə xitam verilməsi barədə" xx.xx.2022-ci il tarixli Əmrdə müqaviləyə xitam verilməsinin səbəbləri kimi göstərdiyi dəlillər həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2022-ci il tarixdə bülletendən sonra işə çıxanda səbəbini demədən kadrlar şöbəsinin müdiri ondan işdən çıxmaq barədə ərizə yazmağını tələb etmişdir. Mühafizəçi ondan işə buraxılmağı üçün rəhbərliyin icazəsini almağını söyləmişdir. Həmin gün kadrlar şöbəsinin müdiri ilə görüşmüş və təhqir olunmuş vəziyyətdə işdən çıxıb getmişdir.
9. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə 1 il müddətinə əmək müqaviləsi bağlanmışdır. Ondan sonra əmək müqaviləsi növbəti illərdə tərəflərin razılığı ilə yəni müqavilənin bitməsinə münasibət bildirmədiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq uzadılmışdır. İddiaçı müəssisədə əvvəlcə laboratoriya müdiri, bakterioloq və baytar vəzifəsində çalışmışdır. Həmin işin xarakteri müəssisənin normal fəaliyyətini tənzimləyən əsas sahələrdən biridir. İddiaçı gözlənilmədən xx.xx.2021-ci ildə müəssisəyə heç bir xəbər vermədən işə çıxmamış və bu barədə heç kimə məlumat verməmişdir. Xəbər göndərdi ki, Gəncədən ona taksi ilə xəstəlik vərəqəsi göndərəcəklər və o, müəssisəyə verəcəkdir. Onlar müvəqqəti işlərinin ahənginin pozulmaması üçün onun işini başqa əməkdaşa müvəqqəti tapşırmalı olmuşdurlar. Xəstəlik vərəqəsi onlara göndərilən zaman Gəncə şəhər, Z.Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin nevropatoloqu tərəfindən ona xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixə qədər xəstəlik vərəqəsi verildiyini müəyyən etmişlər. Amma bu müddətdə də iddiaçı arada işçilərin yanına gəlib-gedirdi. O, işə çıxan zaman onlar tibb sahəsində nəzəri biliyə malik olmadıqları üçün həmin xəstəlik vərəqələrinin qanuni və ya qanunsuz olduğunu müəyyən edə bilməmişlər. Ondan sonra həmin xəstəlik vərəqi əsasında iddiaçıya ödənişlər aparılmışdır. Bundan bir neçə ay sonra iddiaçı yenə də təkrar olaraq xx.xx.2022-ci il tarixdə heç bir məlumat vermədən, üzürlü səbəb demədən işə çıxmamağa başlamışdır. Baxmayaraq ki, hər həftə iş yerinə gəlib işçilərlə söhbət edirdi. Xəstəlik vərəqəsinin açdırdığını bildirirmişdir. Bu dəfə də bildirirdi ki, Gəncədən ona xəstəlik vərəqəsi göndərəcəklər ona görə işə çıxmır. 1 ay tamam oldu işə çıxmadı, xəstəlik vərəqəsi təqdim etmədi, baxmayaraq ki, dəfələrlə telefonla əlaqə saxlayaraq işlərinin ahənginin pozulduğunu, laboratoriyasız işlərinin mümkünsüz, çətin olduğunu onun diqqətinə çatdırırdılar. İşə çıxmasını xahiş etdilər, lakin yenə də işə çıxmamışdır. Onlar xəstəlik vərəqəsini təqdim edəcəyini gözləməli olmuşlar. 4 ay fasiləsiz olaraq xəstəlik vərəqəsini onlara göndərərək yaşa görə işdən çıxarmağını tələb etməyə başladı. Onlar dəfələrlə onun əmək intizamını pozaraq, üzürsüz səbəbdən iş buraxması ilə bağlı aktlar tərtib edir və bu barədə rəhbərliyə məruzə edirdilər. Müəssisənin hüquqşünası təqdim olunmuş xəstəlik vərəqələrinin qanunsuzluğundan şübhələnərək xx.xx.2022-ci il tarixdə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsə həmin xəstəlik vərəqələrini də göndərməklə onların qanuni olub-olmaması barədə onlara məlumat verilməsini xahiş etmişdir. Yoxlama zamanı müəyyən etmişlər ki, iddiaçının nəinki hazırda təqdim etdiyi sənədləri, həmçinin xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci ilədək təqdim etdiyi xəstəlik vərəqələrini eyni həkim tərəfindən eyni qanunsuzluqlarla əldə edilmişdir. Bundan başqa, MMC-nin rəhbərlyi tərəfindən xx.xx.2022-ci il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsini "xxxx" bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi barədə təqdimatla MMC-nin Həmkarlar təşkilatına müraciət olunmuş və həmkarlar təşkilatı rəsmi sifarişli poçt bildirişi ilə iddiaçını araşdırmalar aparılmasında izahat vermək üçün həmkarlar təşkilatının iclasına dəvət etsə də, iddiaçı iclasda iştirak etməkdən imtina etmişdir. Hətta xx.xx.2022-ci il tarixli, 56/2 saylı akta əsasən müəssisənin kadrlar üzrə mütəxəssisi iddiaçının işlətdiyi nömrə ilə əlaqə saxlasa da, o, işə gəlməyəcəyini bildirmiş və onu yaşa görə pensiyaya çıxartmaqlarını tələb etmişdir. xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək işə çıxmaması ilə bağlı heç bir üzürlü sənəd təqdim etmədiyindən onu işə çıxmaqla bağlı telefonla əlaqə saxlanan zaman xx.xx.2022-ci il tarixində iddiaçı müəssisəyə yaxınlaşıb bildirmişdir ki, xəstəlik vərəqəsi Gəncədədir, tapşırıb Bakıya gələn maşın olanda göndərəcəklər. Kadrlar üzrə mütəxəssis bu məsələ ilə bağlı izahat yazmasını ondan xahiş etsə də, qarşı tərəf buna etiraz edərək müəssisəni tərk etmişdir. xx.xx.2022-ci il tarixli, 58/1 saylı akta əsasən xx.xx.2022-ci il tarixində yenidən müəssisənin kadrlar üzrə mütəxəssisi iddiaçının işlətdiyi nömrə ilə əlaqə saxlayaraq işə çıxmasını xahiş etsə də, iddiaçı işə gəlməyəcəyini və işdən çıxma ərizəsini yazmayacağını bildirmişdir. xx.xx.2022-ci il tarixində naməlum taksi sürücüsü müəssisəyə yaxınlaşaraq, mühafizə xidmətinin rəisinə onun xəstəlik vərəqəsini təqdim etmişdir. Xəstəlik vərəqəsinə nəzər saldıqda göstərilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixində işə başlamalıdır. xx.xx.2022-ci il tarixli, 59/1 saylı akta əsasən təkrar olaraq müəssisənin kadrlar üzrə mütəxəssisi iddiaçı ilə əlaqə saxlayaraq işə gəlməsini xahiş etsə də, əvvəlki kimi o, işə gəlməyəcəyini bildirib ona yaşa görə təqaüdə göndərməyi ona demişdir. Lakin, iddiaçı keçən 4 gün ərzində üzürsüz səbəbdən iş buraxır və işə çıxmamaqda davam edirdi. Telefonla əməkdaşları onunla danışıq zamanı da qətiyyətlə işə çıxmayacağını və ərizə yazmayacağını bildirərək hədə-qorxular gəlməyə başlamışdır. Onunla əmək intizamını kobud surətdə pozmaqda davam etdiyindən, üzürsüz olaraq iş buraxması ilə bağlı həmkarlar təşkilatına müraciət olunduğundan xx.xx.2022-ci il tarixli, 60 saylı akta əsasən kadr üzrə mütəxəssis iddiaçıya qızına zəng edərək, onun üzürsüz səbəbdən iş buraxması ilə bağlı Həmkarlar təşkilatının iclasına dəvət etsə də, iddiaçı heç bir iclasda iştirak etməyəcəyini, həmçinin işdən çıxmaqla bağlı da ərizə yazmayacağını, “nə istəyirsiniz edin” dəyərək telefonu söndürmüşdür. xx.xx.2022-ci il tarixli, 61 saylı Həmkarlar təşkilatının protokoluna əsasən verilmiş təqdimata Həmkarlar təşkilatının iclasında baxılmış, iddiaçının əmək intizamını dəfələrlə kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Lakin ümid edirlər ki, bəlkə səhvini etiraf edər və işə başlayar, bir az gözləsinlər, çünki onların laboratoriyada işlər ahəngini pozmaq üzrə idi. xx.xx.2022-ci il tarixli, 62 saylı akta əsasən kadrlar üzrə mütəxəssis iddiaçı ilə təkrarən əlaqə saxlayan zaman bildirmişdir ki, xx.xx.2022-ci il tarixində Covid-19 testinin pozitivliyini təsdiq edən sənədi “Whatsapp” vasitəsilə göndərmişdir. Onun göndərdiyi sənədlərin qanunsuzluqlarından şübhələri olduğu üçün E-təbibin qaynar xətti ilə əlaqə saxlamışlar, oradan bildirmişlər ki xx.xx.2022-ci il tarixində saat 12:36-dan onun karantin müddəti bitmişdir. Yenidən əlaqə saxlayıb işə dəvət etsələr də, təkidlə bildirmişdir ki, o, işə çıxmayacaq və işdən çıxma ərizəsi də yazmayacaqdır. “Nə bilirsiz edin, mən də sizdən şikayət edəcəyəm” deyərək telefonu söndürmüşdür. xx.xx.2022-ci il tarixli 63 saylı akta əsasən təkrar olaraq iddiaçı ilə əlaqə saxlayıb, karantin müddətinin bitdiyini ona bildirib, işə çıxmağa dəvət etmişlər. Xəstəliklə bağlı sənədi varsa, təqdim etməyi təklif etmişlər, lakin qarşı tərəf işə gəlməyəcəyini bildirmiş, “nə istəyirsiniz edin” deyərək bu dəfə də kobud şəkildə telefonu söndürmüşdür. xx.xx.2022-ci il tarixli, 64 saylı bildirişə əsasən İddiaçı xx.xx.2022-ci il tarixindən üzürsüz səbəbdən işə çıxmadığına görə rəsmi olaraq faktiki yaşadığı (ünvan 1 ünvana bildiriş məktubu göndərilmişdir. xx.xx.2022-ci il tarixli, 65 saylı bildirişə əsasən iddiaçının xx.xx.2022-ci il tarixindən üzürsüz səbəbdən işə çıxmadığına görə qeydiyyatda olduğu (ünvan 2 ünvana bildiriş məktubu göndərilmiş, lakin Bakıda yaşadığı qeyd olunaraq Poçt tərəfindən geri göndərilmişdir. Bütün yuxarıda sadalanan rəsmi sənədlər əsasında İddiaçı əmək müqaviləsinə Həmkarlar Təşkilatının razılığı alınmaqla qanuni olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilmişdir. Həmin gündə də əmək kitabçası və işdən çıxarılması ilə bağlı əmrin surəti rəsmi sifarişli poçtla ünvanına göndərilmiş və son haqqhesabı hesablanaraq bank hesabına köçürülmüşdür. Bundan sonra iddiaçı X3 Xidmətinin Bakı şəhəri İdarəsinə müraciət etmişdir. Aparılmış yoxlama nəticəsində onun barəsində tam qanuni əsaslarla əmək müqaviləsinə xitam verildiyindən heç bir köməklik göstərilməmişdir. Ərizəsində göstərmişdir ki, guya işə gəlmək istəmiş və onlar onu işə buraxmamışlar. Ərizəsində göstərilən bu faktlar yalan və uydurmadır. Əgər onlar işə buraxmamışlarsa, niyə aidiyyatı qurumlara şikayət etməmişdir? Onların işi laboratoriyasız mümkün olmadığı halda iddiaçı üzrsüz səbəbdən işə çıxmayaraq Bakıda ola-ola gedib Gəncədə 6 aylıq qanunsuz xəstəlik vərəqəsi açdırmış və həmin qanunsuzluğa görə də ona xəstəlik vərəqəsi verən həkim və həkim komissiyasının sədri cəzalandırılmışdır. İddiaçının barəsində qanunvericiliyin tələblərinə tam əməl edilməklə əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Ona görə də iddiaçının iddiası tam qanunsuz və əsassız olduğundan rədd edilməlidir.
10. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia müddətinin tətbiqi barədə vəsatət verərək göstərmişdir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşin müəyyən edilmiş hallarına görə də cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti və əmək kitabçası ekspress poçt vasitəsilə xx.xx.2022-ci il tarixində yaşadığı ünvana göndərilmiş, evdə olmadıqları üçün xx.xx.2022-ci il tarixində, saat 13:30 radələrində çatdırılmış və imza etməklə şəxsən qəbul etmişdir. İddia müddətinin axımı xx.xx.2022-ci il tarixindən başlanmış və xx.xx.2023-cü il tarixində iddia vermək müddəti bitmişdir. İddiaçının digər orqanlara müraciəti iddia axımını dayandırmır. Bu faktı iddiaçı özü də məhkəmə iclasında vermiş olduğu ifadəsində təsdiq etmişdir. Bununla bağlı iddiaçı Əmək Müfəttişliyinə xx.xx.2022-ci il tarixində müraciət edəndə də hüququnun pozulmuş olduğu barədə məlumatlı olmuş, bununla da əmək mübahisələrinin həll olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. Həmçinin, iddiaçı qeyd edilən müddətin üzrlü səbəblərdən buraxdığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının xx.xx.2023-cü il tarixində iddia vermək hüququ ilə bağlı iddia müddəti bitsə də, iddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etməklə 1 ay 17 gün iddia müddətini buraxmışdır.
11. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 1086/2023 nömrəli qətnaməsi ilə (hakim Ü.B.Yusifova) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin "xxxx" MMC-nin baş direktoru X1 İddiaçı işdən azad olunması barədə “29 noyabr 2022-ci il tarixli, 183 nömrəli əmrin ləğv edilməsi, qanuna zidd olaraq 70 "xxxx" bəndinin tətbiqinin ləğv edilməsi” hissəsini əsassız sayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı qanunvericiliyin tələbini pozaraq üzürsüz səbəbdən iş buraxdığı üçün və təqdim etdiyi xəstəlik vərəqələri düzgün verilmədikləri üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X1 İddiaçı işdən azad olunması barədə “29 noyabr 2022-ci il tarixli, 183 nömrəli əmrin ləğv edilməsi, qanuna zidd olaraq 70 "xxxx" bəndinin tətbiqinin ləğv edilməsi” tələbi təmin edilməməlidir.
14. Məhkəmə tələbin “29 noyabr 2022-ci il tarixli, 183 nömrəli əmrin ləğv edilməsi, qanuna zidd olaraq 70 "xxxx" bəndinin tətbiqinin ləğv edilməsi” hissəsi təmin edilmədiyindən, “işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyana görə 50.000 manat məbləğin ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələbin qeyd olunan hissəsi törəmə tələb olduğundan təmin edilməməlidir. Həmçinin iddiaçı qeyd edilən mübahisə ilə bağlı ona dəyən mənəvi ziyanı sübut edəcək heç bir sənədi məhkəməyə təqdim etməmişdir.
15. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmrlə işdən azad edildikdən sonra əmək kitabçasını və işdən azad edilməsi barədə əmri xx.xx.2022-ci il tarixdə əldə etdikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün xx.xx.2022-ci il tarixində Əmək Müfəttişliyinə müraciət etmişdir. Buradan məlum olur ki, iddiaçı Əmək Müfəttişliyinə müraciət edəndə hüququnun pozulduğunu düşünmüşdür. Əmək mübahisəsinin məhkəmədən kənar qaydada həll edilməsi üçün xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, 1/050 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən həmin tarixdə ona məhkəməyə müraciət etmək hüququ izah edilmiş və xx.xx.2023-cü il tarixdə o, ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin iddia müddətinin ötürülməsi barədə göstərdiklərinin hüquqi əsası vardır. İddiaçı tərəfindən iddia müddəti ötürülmüş hesab edilməlidir.
16. Məhkəmə iddiaçının “ödənilmiş dövlət rüsumuna görə 135 manat pulun cavabdehdən alınıb, ona verilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Lakin iddiaçı iş materiallarına dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etmədən ödənilmiş 135 manat pulun cavabdehdən tutulmasını tələb edir. Qeyd edilənlərə əsasən iddiaçı qeyd etdiyi tələbini sübut edəcək heç bir sənəd təqdim etmədiyindən iddia tələbi bu hissədə də təmin edilməməlidir.
17. Məhkəmə, tələbin “whatsapp” vasitəsilə hədə-qorxu gəlməklə Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən cinayət törədən kadrlar şöbəsinin rəhbəri Fidan xanım tərəfindən əmək kitabçasında tətbiq edilən 70 "xxxx" bəndinin ləğv edilməsi və cinayəti törətməkdə maddi sübutlarla cinayət törədilməsi təsdiq edilən şəxslərin qanunla cəzalanması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı hüquqi nəticə etibarı ilə kadrlar şöbəsinin rəhbərinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də, hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə xüsusi qərardad çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, qeyd olunan məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və iddiaçının tələblərinin mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 7.2, 11.1, 68, 69-cu maddələrinə, 70-ci maddəsinin "xxxx" bəndinə, 71.2, 73, 74, 75, 296.2, 296.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2, 376-cı maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli 4 nömrəli qərarının 6-cı bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx.xx.1998-ci il tarixli qərarına, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.2, 88, 119.1, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır və 46 il əmək stajına malikdir. Eyni zamanda, işlədiyi bu 46 il ərzində həmişə fəaliyyət göstərdiyi əmək kollektivinin və rəhbərliyin hörmətini və rəğbətini qazanmışdır. Heç vaxt ona qarşı hər hansı bir inzibati və ya digər əmək intizamının pozulması ilə əlaqədar cəzalar təyin olunmamışdır. Həmişə nümunəvi əmək fəaliyyətinə görə rəhbərlik tərəfindən tərifnamələr və müxtəlif hədiyyələr almışdır. Eyni zamanda, elmi fəaliyyətini də davam etdirərək kimya üzrə elmlər namizədi dərəcəsini almışdır. Cavabdeh MMC-də 2016-cı ildə laboratoriya müdiri vəzifəsinə işə qəbul edilmiş, sonradan isə ona bakteroloq və baytar vəzifələrinin icrası da tapşırılmışdır. 7 ilə yaxın müddət ərzində MMC-nin daha da inkişaf etməsi və normal fəaliyyət göstərməsi üçün bütün bilik və bacarığını sərf etmiş, bunun nəticəsidir ki, işdən azad edilməyindən bir müddət əvvəl MMC-nin rəhbərliyi tərəfindən ona nümunəvi əmək fəaliyyətinə görə Tərifnamə də verilmişdir. Təbii ki, 46 il müddətində qüsursuz fəaliyyət göstərən bir şəxsin “əmək intizamının pozulması” adı ilə işdən çıxarılması tamamilə absurd və məntiqsiz bir yanaşmadır. O, rəsmiyyətdə bir vəzifəni icra etməli olduğu halda, faktiki olaraq bir neçə vəzifəni icra edirdi. MMC-nin onun barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 183 saylı əmri qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. O, işdə olmadığı müddət üçün əmək qabiliyyətinin olmaması barədə vərəqələri cavabdehə təqdim etsə də, cavabdeh həmin vərəqələrin qanunsuz olması əsası ilə qəbul etmədiyini bildirmişdir. Lakin işin hallarından da görünür ki, həmin əmək qabiliyyətinin olmaması vərəqələri onun həmin müddət ərzində xəstə olmamağı əsası ilə deyil, sadəcə həmin vərəqələrin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməməsi əsası ilə qanunsuz hesab edilmişdir. Təbii ki, bu da onun səhvi və günahı ucbatından deyil, həmin vərəqələri rəsmiləşdirən səhiyyə işçilərinin günahı səbəbindən baş vermişdir. Həmçinin, mülki işin sənədlərində onun COVİD-19 virusuna yoluxmağı və bununla əlaqədar müalicə olunduğunu təsdiq edən sənədin olmasına baxmayaraq, cavabdeh bu üzürlü səbəbləri də nəzərə almamışdır. Bütün bu xəstəlik müddəti ərzində o cavabdehin nümayəndələri ilə əlaqə saxlamış və xəstəliyi ilə əlaqədar sənədləri də onlara təqdim etmişdir. Lakin əfsuslar olsun ki, cavabdehin nümayəndələri ona təzyiq göstərərək mütləq şəkildə işdən çıxmağı barədə ərizə yazmağını tələb etmişlər. Çox maraqlıdır ki, bununla əlaqədar Gəncə şəhər Z.Məmmədov adına xəstəxananın Poliklinika şöbəsinin əməkdaşları da ona zəng edərək mütləq qaydada işdən çıxmağı barədə ərizə yazmağını tələb etmişlər. O, həmin şəxslərdən işdən çıxıb-çıxmamağının onlara nə aidiyyəti olmasını soruşduqda, həmin şəxslər "xxxx" MMC-nin rəhbərliyi tərəfindən onlara təzyiqlər olduğunu və buna görə də xoşluqla işdən çıxmağı barədə ərizə yazmalı olduğunu bildirmişlər. Qeyd etmək istəyir ki, o, bu halları təsdiq edən “Whatsapp” yazışmalarını və həmin şəxslərin səsyazıları olan diski məhkəməyə təqdim etsə də, məhkəmə əsassız olaraq onları sübut kimi nəzərə almamışdır. Bundan başqa, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Əmək mübahisələri vaxtı mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımı dayandırılır. İşin hallarından da görünür ki, o xx.xx.2022-ci il tarixli əmri və əmək kitabçasını aldıqdan sonra mediasiya təşkilatına müraciət etmişdir. Tərəf mediasiya təşkilatına gəlmədiyi üçün xx.xx.2023-cü il tarixində mediasiya sessiyasında iştirak etmədiyi barədə arayış verilmişdir. Təbii ki, həmin bu arayış verilənə qədər cavabdehə mediasiyada iştirak barədə müraciət ünvanlanmış və bütün bunlar da xeyli vaxt aparmışdır. Lakin əfsuslar olsun ki, cavabdeh qərəzli şəkildə iddia müddətinin ötürülməsinə istinad etsə də, məhkəmə tərəfindən işin bu hallarına fikir verilməmiş və onun mediasiya təşkilatına müraciət etdiyi dövr iddia müddətinin axımının dayandırılması halı kimi qiymətləndirməmişdir. Bununla da məhkəmə tərəfindən AR Əmək Məcəlləsinin 296.7-ci maddəsinin tələbləri pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz iddia ərizəsinə verilmiş etiraza uyğun əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. İddiaçı həmçinin bildirdi ki, o, əvvəlcə əmək müfəttişliyinə əmrin dəyişdirilməsi ilə bağlı müraciət etmiş, daha sonra 23 dekabrda mediasiya onu iclasa çağırmış, lakin qarşı tərəf iclasa gəlməmişdir. 17 yanvar tarixində mediasiya ona arayışı vermişdir. Mediator ona 1 ay müddətində məhkəməyə müraciət edə biləcəyini bildirmişdir. O, iddia ərizəsini 17 fevralda poçta vermiş, 20 fevralda məhkəməyə daxil olmuşdur. Müddətin ötməsi onun təqsiri deyil, mediator ona belə demişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 296, İ-hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296, İİ hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296, İİİ hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.
26. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı: -İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
28. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: -İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.
29. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: -X3 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. -Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı işdə iddia təmin olunmadığından və iddiaçı apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə cavabdeh - işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli, 183 nömrəli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmiş, belə ki, iddiaçı tərəfindən hazırkı iddianı qaldırmaq üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüş, iddiaçı tərəfindən ötürülmüş müddətin bərpasına dair ərizə məhkəməyə təqdim edilməmişdir.
36. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixində əmək kitabçası və xx.xx.2022-ci il tarixli, 183 nömrəli əmrin surətini almış, bundan sonra xx.xx.2022-ci il tarixində X3 Xidmətinə, daha sonra Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışı aldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur.
37. Göründüyü kimi, iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət etməmişdən öncə olan müddətin və “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış alındıqdan sonra məhkəməyə müraciət olunan müddətin cəmi əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq müddətdən çoxdur.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülərkən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır.
39. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1086/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.