Məhkəmə qərarları › İş №2(103)-457/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-457/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-457/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı (eyni zamanda digər iddiaçının nümayəndəsi) İddiaçı1, Cavabdeh nümayəndəsi X3 və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və X6 qarşı qanunsuz qoyulmuş darvazanın sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-870/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və Bağır-zadə Murad Manaf oğluna qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağları ərazisində yerləşən 870a və 869a saylı bağ sahələrinin girişinə qoyulmuş darvazaların və hasarların cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri. Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyətçisidir. Uzun müddətdir ki, bağ sahəsinə gedən yol qonşuları cavabdehlər tərəfindən qanunsuz olaraq dəmir darrvazalar qoyulmaqla daş hasar vasitəsilə bağlanmışdır. Hazırda onların bağ sahəsinə yeganə giriş-çıxışı olan yol tamamilə bağlı vəziyyətdədir. Bununla bağlı çəkilmiş foto şəkillər iddia ərizəsinə əlavə edilmişdir. Onun qonşuluğunda olan digər bağ sahəsinin sənədinə əsasən qanunsuz darvazalar qoyulan yer yol kimi göstərilmişdir. Cavabdehlər isə həmin sahəni qanunsuz olaraq zəbt etməklə onların mülkiyyətdən istifadə hüquqlarını məhdudlaşdırmışlar. Cavabdehlərə irad bildirildikdə isə həmin yol keçən torpaq sahəsinin, hələ iddiaçılara məxsus sahənin və üstəlik başqa bir torpaq sahəsinin də onlara məxsus olmasını bildirirlər. Dəfələrlə cavabdehlərdən qapının açılmasını və darvazaların yenidən köhnə yerlərinə quraşdırmasını tələb etsə də, onlar könüllü olaraq razılaşmamışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri. Sabunçu rayonu. Vişnyovka-2 bağları ərazisində yerləşən 870a saylı bağ sahəsinin girişinə qoyulmuş darvazanın və ondan sonra eninə doğru 8.86 m ölçüdə olan (287.5 m2 zəbt olunmuş torpaq sahəsinin) hasarın X4 hesabına sökülməsi, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağları ərazisində yerləşən 869a saylı bağ sahəsinin girişinə qoyulmuş darvazanın və ondan sonra eninə doğru 2.5 m ölçüdə olan (93.8 nr zəbt olunmuş torpaq sahəsinin) hasarın Cavabdeh hesabına sökülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin ona aid hissədə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hər vasitə ilə başqasının torpaq sahəsi hesabına öz torpaq sahəsini genişləndirməyə çalışır. Bununla bağlı tərəflər arasında çoxsaylı məhkəmə çəkişmələri olmuşdur. Məhkəmə torpaq sahəsinə baxış keçirməmiş, sahənin ölçüsü onların iştirakı olmadan aparılmış, bu zaman mütəxəssis iştirak etməmişdir. İddiaçının yolunun istiqaməti Bağırzadələrin deyil, Rasim Əsgərovun sahəsinin qarşısından keçir. İddiaçının yolu Rasim Əsgərov tərəfindən torpaq sahəsini qanunsuz genişləndirilməsi hesabına tutulub. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkməsinin qətnaməsinin “Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağları ərazisində yerləşən 870a saylı bağ sahəsinin girişinə qoyulmuş darvazanın və ondan sonra eninə doğru 8.86 m ölçüdə olan (287.5 m2 zəbt olunmuş torpaq sahəsinin) hasarın X4 hesabına sökülməsi” hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Belə ki, Cavabdeh qətnamə yalnız özünə aid hissədə, yəni “Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağları ərazisində yerləşən 869a saylı bağ sahəsinin girişinə qoyulmuş darvazanın və ondan sonra eninə doğru 2.5 m ölçüdə olan (93.8 nr zəbt olunmuş torpaq sahəsinin) hasarın Cavabdeh hesabına sökülməsi” hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı 020451 1 saylı çıxarışdan görünür ki, 0,06 ha torpaq sahəsi olan Bakı şəhəri. Sabunçu rayonu, Vişnyovka-2 bağları ərazisində yerləşən 870a saylı bağ sahəsi İddiaçı1 mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışdan görünür ki, 0,06 ha torpaq sahəsi olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağları ərazisində yerləşən 870a saylı bağ İddiaçı2 mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışdan görünür ki, 0,118829 ha torpaq sahəsi olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağları ərazisində yerləşən 870a saylı bağ Cavabdeh mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli **********04 saylı məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağları ərazisində yerləşən 870 saylı bağ daşınmaz əmlakın dövlət reyestrində bağışlama müqaviləsinə əsasən hazırda X4 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18404 nömrəli xx xxxxxx 2017-ci il tarixli rəydəngörünür ki, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi ərazisində yerləşən 45 saylı BTK-nın 870a saylı bağ sahəsinə iddia etdiyi və naturada göstərdiyi giriş-çıxış yolu heç kimin mülkiyyətində deyil, X2 adma 870a-869a saylı bağ evi tikmək üçün sahəsi 0,12 ha kadastr nömrəsi **********1218 və X1 868 saylı bağ evi tikmək üçün sahəsi 0,10 ha kadast nömrəsi **********1218 olan kadastr planlarının (mülki iş səhvə 54.57.89) sxem olan səhifələrində yol sxematik olaraq göstərilmişdir. Yuxarıda qeyd edildiyi kimi kadastr planlarında yol göstərilsədə ölçülər qeyd edilməmişdir, deməli mülkiyyətdə olan torpaq sahələrindən kənarda qalan hissədən yol kimi istifadə etmək mümkündür. Mülki işə əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 18404 nömrəli mütxəssis rəyindən görünür ki, mübahisəli ərazidə qanuni mülkiyyətdə olan, ərazinin sol tərəfində yerləşən (sol tərəfdən baxdıqda) 870a, 869a və 870 saylı bağ sahələri ilə ərazinin sağ tərəfində yerləşən 868a və 868 saylı bağ sahələrinin arasında sahənin bütün uzunu boyu təxminən 11 m enində şəxsi mülkiyyətdə olmayan torpaq sahəsi qalmalıdır. Bu sahə bələdiyyə mülkiyyətidir və ümumi istifadədə olan yol kimi istifadə oluna bilər. Lakin bu ərazi 870 saylı bağ sahəsinin mülkiyyətçisi olan X8 (təxminən 9 metr) və 868 saylı bağ sahəsinin mülkiyyətçisi olan Cavabdeh (təxminən 2 m) tərəflərindən zəbt olunaraq hasara alındığına görə iddiaçıların bu sahədən yol kimi istifadə etmək imkanları məhdudlaşdırmışdır. Birinci instansiya məhkəməsi Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 ərazisində yerləşən mübahisəli bağ sahələrinə yerində müayinə keçirərək, müəyyən etmişdir ki, İddiaçı1 məxsus 0.06 ha torpaq sahəsi olan **********29 dövlət reyestr nömrəli, 870a saylı bağ ümumi ərazinin Şimal Qərb (yoldan baxdıqda sol tərəfdə sahənin sonunda) sahəsində yerləşməklə arxa divardan 4.41 m sonra başlayır, eninə doğru 17.84 m, uzununa doğru 32.72 m ərazini tutur. Onun ərazidə yerləşmə konfiqurasiyası mövcud hasarla uyğundur. İddiaçı2 məxsus 0.06 ha torpaq sahəsi olan **********30 dövlət reyestr nömrəli, 869a saylı bağ ümumi ərazinin Qərb (yoldan baxdıqda sol tərəfdə sahənin ortasında) sahəsində yerləşməklə İddiaçı1 məxsus 870a saylı bağ sahəsindən sonra başlayır, eninə görə əvvəlki sahəyə uyğun olmaqla uzununa doğru 28.9 m uzanır. Onun ərazidə yerləşmə konfiqurasiyası mövcud hasarla təxminən uyğundur. X6 məxsus 0.11 ha torpaq sahəsi olan **********2261 İ dövlət reyestr nömrəli, 870 saylı bağ ümumi ərazinin Cənub-Qərb (yoldan baxdıqda sol tərəfdə sahənin əvvəlində) sahəsində yerləşməklə İddiaçı2 məxsus 869a saylı bağ sahəsindən həmən sonra başlayır, eninə doğru 869a saylı bağ sahəsi tərəfdən 24.3 m, yol tərəfdən isə 30.4 metr olmaqla yola qədər uzanır (34.35 m). Lakin bu sahə eninə doğru 8.86 m artıq hasarlanmışdır və nəticədə torpaq sahəsinin sağ tərəfində bütün en boyu 287.5 m2 (0.02875 ha) sahə qanunsuz zəbt olunmuşdur. Cavabdeh məxsus 0.12 ha torpaq sahəsi olan **********3426 dövlət reyestr nömrəli, 868 saylı bağ ümumi ərazinin Cənub (yoldan baxdıqda sağ tərəfdə, sahənin əvvəlində) sahəsində yerləşməklə X5 məxsus 0.1 ha sahəli, 00501301 1 170 dövlət reyestr nömrəli, 868a saylı bağ sahəsindən sonra başlayır və yola qədər uzanır. Reallıqda bu sahənin solunda eni arxa tərəfdən 3, ön tərəfdən 2 metr olan sahə boyu ərazi (93.8 nr və ha 0.00938 ha) zəbt edilərək əraziyə qatılmış və nəticədə torpaq sahəsi X6 məxsus torpaq sahəsinin hasarına birləşdirilmişdir. Beləliklə birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, X8 və Cavabdeh qanunla aralarında qalmalı olan eni təxminən 11.7 metrlik bir sahəni öz aralarında bölüşdürərək zəbt etmişlər, və hasarlarının içərisinə daxil etmişlər və bunun da nəticəsində sahənin arxa hissəsində yerləşən iddiaçıların torpaq sahələrinə gediş gəliş yolunu bağlamışlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Mülki Məcəllənin 180-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.3). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4). Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xİdmətindən mütəxəssis rəyi, həmçinin Məhkəmə Ekspertiza Mərkəzindən ekspert rəyi alınmışdır. Verilmiş rəylərdə qeyd olunmuşdur ki, İddiaçı1 iddia etdiyi ona məxsus torpaq sahəsinə gedən yolun qarşısında Cavabdeh və X4 faktiki istifadə etdikləri həyətyanı sahələrinə qoyulan giriş-çıxış qapıları və aralarında olan 29,79 metr daş hasar mövcuddur. Mütəxəssis rəyinə əlavə edilmiş sxemlərdən göründüyü kimi Cavabdeh daş hasara alınıb giriş-çıxış qapısı qoyulmuş faktiki istfadəsində olan torpaq sahəsinin texniki sənədlərində küçə tərəfdən (giriş-çıxış qapısı qoyulan tərəf) məsafə 22,11 metr olmasına baxmayaraq faktiki 25,30 metrdən (3 metr əlavə) istifadə edir, X4 daş hasara alınıb giriş-çıxış qapısı qoyulmuş faktiki istifadəsində olan, mülkiyyətində olmayan 300 kv,metrə qədər torpaq sahəsinə küçə tərəfdən giriş-çıxış qapısı qoyularaq bağlanıb. Kollegiya xüsusilə vurğulayır ki, rəylərin verilməsi üçün tərəflərin iştirakı ilə mübahisələndirilən iddiaçının iddia etdiyi və naturada göstərdiyi topaq sahəsinə mütəxəssislər tərəfindən yerli baxış keçirilərək, koordinatları müəyyən edilməklə ölçülmüşdür. Kollegiya onu da qeyd edir ki, apellyasiya baxışı zamanı alınmış ekspert rəyində cavabdehlərin zəbt etdiyi ərazilərin daha çox olması müəyyən edilsə də, iddiaçılar qətnamədən apellyasiya şikayəti vermədiklərindən kollegiya belə qənaətə gəlmişdir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya baxışının həddlərini birinci instansiya məhkəmsinin qətnaməsinin “Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağları ərazisində yerləşən 869a saylı bağ sahəsinin girişinə qoyulmuş darvazanın və ondan sonra eninə doğru 2.5 m ölçüdə olan (93.8 nr zəbt olunmuş torpaq sahəsinin) hasarın Cavabdeh hesabına sökülməsi” hissəsində yoxlanılması təşkil edir. Həmçinin, kollegiya qeyd edir ki, qətnaməni mübahisələndirən şəxsin əleyhinə qərar qəbul edilməsi yolverilməzdir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-870/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar