Məhkəmə qərarları › İş №2(103)-4570/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4570/2022

24.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4570/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar X1rşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehin xx.xx.2021-ci il tarixli, 331 nömrəli əmri ləğv edilsin, iddiaçı cavabdeh təşkilatda əvvəlki vəzifəsinə - metodist vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, iddiaçının 40 ilə yaxın iş stajı var. Ona münasibətdə Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbi pozulub. Həmin maddəyə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndələri isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh təşkilatda metodist vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin (direktorun) xx.xx.2021-ci il tarixli, 330 nömrəli əmri ilə ləğv edilib. Əmək müqaviləsinin ləğv edilməsinə əsas ştat ixtisarı olub. Hüquqi əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad olunub. Orada qeyd olunub ki, ştat ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. “İşçilərin sayının ixtisarı” və “işçilərin ştatlarının ixtisarı” bir-birindən fərqləndirilməlidir. Sayın ixtisarı – bu, müəyyən vəzifə üzrə ştat vahidlərinin sayının azaldılmasıdır. Məsələn, müəssisədə 2 metodist ştatı mövcuddursa, 1 metodist ştatı ştat cədvəlindən xaric olunursa, bu, işçilərinin sayının azaldılmasıdır. Ştat ixtisarı – bu, ştat cədvəlindən müəyyən vəzifələrin tamamilə çıxarılmasıdır. Məsələn, müəssisədə yalnız 1 metodist ştatı mövcuddursa, o, ştat cədvəlindən xaric olunursa, bu, işçilərin ştatlarının ixtisarıdır. Cavabdeh təşkilatda cəmi 1 metodist ştatı olub, həmin ştat vahidi ştat cədvəlindən xaric olunub. Ona görə də işdə saxlanmağa üstünlüyü olan şəxsləri müəyyənləşdirən normanın - Əmək Məcəlləsinin 78-ci maddəsindəki normanın hazırkı mübahisədə tətbiqi mümkün deyil. Lakin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının razılığı alınmayıb. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “b” bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə görə həmkarlar ittifaqı təşkilatı bu məsələ ilə bağlı özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Cavabdeh təşkilatda fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinin xx.xx.2021-ci il tarixli iclasının 29 №-li protokolundan (apellyasiya icraatı zamanı məhkəməyə təqdim olunub) görünür ki, həmin iclasda qərara alınıb ki, ixtisar edilməsinə razılıq verilməyən və ixtisar edilməsi nəzərdə tutulan işçilərin siyahısı təsdiq edilərək iclas protokoluna əlavə edilsin. Həmin siyahı birinci instansiya məhkəməsinə təqdim edilib, ixtisar edilməsinə razılıq verilmiş işçilərin siyahısında iddiaçının adı var (iş v. 92). Protokoldan görünür ki, iclasda 7 nəfər komitə üzvü (Nigar İmanova, Gülnarə Məmmədova, Nərmin Qasımova, Tərlan Ağa-Mirzəyev, Samirə Tahirova, Sevinc Məmmədova və Günül Əhmədova) iştirak edib, 2 nəfər ixtisara nəzarət komissiyasının üzvləri (K.A.Məsimov və G.Ə.Quliyeva) iclasa dəvət olunub. “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsində qeyd olunub: “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin ... əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün ... birləşdiyi ... müstəqil ictimai, qeyri-siyasi təşkilatdır”. Göründüyü kimi, həmkar ittifaqı “işçilərin birləşdiyi təşklat” kimi xarakterizə olunur. Həmin Qanunun 11-ci maddəsində isə qeyd olunub ki, həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi üçün “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Ona görə də iddiaçı ilə olan əmək müqaviləsinin ləğvinə razılıq verilməsi məsələsinə 7 nəfərdən ibarət yığıncaqda deyil, həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında baxılmalı idi. Hər iki tərəfin etiraf etdiyinə görə cavabdeh təşkilatda təxminən 300 nəfər işləyir. Ona görə də əmək müqaviləsinin ləğv edilməsinə 7 nəfərin iştirakı ilə verilən “razılıq” həmkarlar ittifaqı təşkilatının razılığı kimi qiymətləndirilə bilməz. İddiaçı apellyasiya icraatı zamanı bildirib ki, həmkarlar ittifaqı təşkilatının iclasına dəvət olunmayıb, hesab edir ki, əgər işdən azad olunması məsələsi onun bütün həmkarlarının iştirakı ilə həmkarlar ittifaqı təşkilatının iclasında müzakirə olunsayıdı, həmkarları əmək müqaviləsinin ləğvinə razılıq verməzdi. Beləliklə, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə bu barədə olan əmr qanunsuzdur. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 331 nömrəli əmr ləğv edilsin, İddiaçı həmin Kollecdə əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar