Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4571/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4780/2022 saylı, 09 avqust 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh birgə nikahından olmuş 08 aprel 2011-ci il təvəllüdlü X8 və 20 aprel 2014-cü il təvəllüdlü X5 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi, 1-ci mədən 7-ci döngədə yerləşən 4 otaqdan ibarət olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-744/2021 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin təşəbbüsü ilə X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4780/2022 saylı, 09 avqust 2022ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin ərəfələrdə onlar müxtəlif yerlərdə kirayədə yaşamışlar. Birgə nikahdan 08 aprel 2011-ci il təvəllüdlü X12 və 20 aprel 2014-cü il təvəllüdlü X9 dünyaya gəlmişdir. 2012-ci ilin may ayından Binəqədi rayon Binəqədi qəsəbəsi, Binəqədi şossesi, 1-ci mədən, 7-ci döngədə yerləşən 4 otaqdan ibarət fərdi yaşayış evi tikdirməyə başlayıblar. Evin tikintisinin başlanılması və fundamentin qurulması üçün uşaqların adına yığdıqları 3 litrlik bankədə olan qəpik pulları çıxararaq həmin pula 2 maşın daş alıblar. Bundan sonra ona gəlin gələrkən əri tərəfindən və valideynləri tərəfindən verilmiş qızıl-zinət əşyaları əri Cavabdeh tərəfindən banka qoyularaq əvəzinə pul götürüldü və həmin pul evin tikintisi üçün xərcləndi. Bundan başqa, xx.xx.2012-ci il tarixdə övladları X3 toy məclisindən yığılmış pul da evin tikintisindən sonra darvaza, evin dəmir giriş qapısı, ayaqyolunun qapısı və plastik pəncərələr alınaraq quraşdırılmasına xərclənmişdir. 2013-cü il tarixdə evin tikintisi başa çatdığından onlarəri, o, 1 uşaqları, ərinin anası, atası və qaynı ilə birlikdə həmin evə köçmüşlər. Qeyd edilən fərdi yaşayış evinə cehiz əmlakını köçürməklə birlikdə keçmiş əri Cavabdeh və anası, atası, qaynı ilə birlikdə təsərrüfat idarə etmişlər. 20 aprel 2014-cü il təvəllüdlü X9 adlı övladları həmin fərdi yaşayış evində göz açmış və bu evi onlar daimi yaşamaq üçün bigə nikah dövründə yiğdıqları pula tikdirmişlər. 2018-ci il tarixdə qaynanası X7, qaynı və qaynatası özlərinə yaxınlıqda başqa bir ev tikdirərək oraya köçərək onların ailəsinə məxsus evdən çıxaraq yaxınlıqda yerləşən fərdi yaşayış evinə daimi yaşamaq üçün köçmüşlər. Lakin ailəsilə birlikdə onlara məxsus fərdi yaşayış evindən köçmələrinə baxmayaraq evin kommunal xidmətlərinə görə bağlanılmış müqavilələr qaynanası X4 adında qalmışdır. Qətnamənin təmin edilməməsinə əsas olan dəlil kimi kommunal xidmətlər üzrə müqavilələrin qaynanasının adına olması göstərilmişdir. Onu da qeyd edir ki, hansı evdə kommunal xidmətlər üzrə müqavilələr gəlinlə bağlanır.? Müəyyən olunur ki, iddiaçı evi könüllü surətdə deyil, cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etmişdir. İddiaçıya məxsus məişət əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçının geri qayıtmaq niyyəti olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı evi tərk etdikdən sonra valideynlərinin evinə getmişdir. Ailədə gərgin münasibətlər yaranan zaman qadının ər evini tərk edərək müvəqqəti olaraq (qısa və ya uzun müddətə) valideynlərinin evinə getməsi rast gəlinən haldır. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh, vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 08 aprel 2011-ci il təvəllüdlü X8 və 20 aprel 2014-cü il təvəllüdlü X9 doğulmuşdur. 2013-cü il tarixdə onlar Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 1-ci mədən korpus 1, 7-ci döngədə yerləşən 4 otaqdan ibarət olan fərdi yaşayış evinə köçmüşdülər və iddiaçı uşaqları ilə birlikdə 2019-cu ilin avqust ayına kimi həmin evdə yaşamışdır. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş və uşaqlar iddiaçının yanında saxlanılmışdır. Hazırda iddiaçı həmin evin onun keçmiş həyat yoldaşı tərəfindən inşa edildiyini və uşaqları ilə birlikdə həmin evdə 2013-2019-cu illərdə yaşadığını və hazırda onun bu evdə yaşamaq hüququnun yarandığını iddia edir və uşaqları ilə birlikdə evə köçürülməsini tələb edir. Cavabdeh hazırda onun himayəsində yaşayan uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 1-ci mədən 7-ci döngədə yerləşən 4 otaqdan ibarət olan fərdi yaşayış evinə köçürülməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir. Evin onun vəsaiti hesabına deyil, valideynlərinin vəsaiti hesabına inşa edildiyini, evə kommunal xidmətlərin göstərilməsi ilə bağlı aidiyyəti qurumlarla müqavilələrin onun anası tərəfindən bağlandığını bildirir. Mübahisəli evə işıq sayğacının quraşdırılması ilə bağlı müqavilə cavabdehin anası, yəni üçüncü şəxs X7 ilə bağlanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülübköçürülməməsinin bilavasitə fərdi yaşayış evinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, bu əmlakın hansı şəxsin mülkiyyətində olmasından, onun həmin fərdi yaşayış evinə hər hansı, o cümlədən istifadə hüququnun yaranıb-yaranmamasından və iddiaçının həmin evin alınmasında hər hansı vəsait sərf etməsindən asılıdır. Belə ki, iddiaçının həmin ev alındıqdan sonra oraya köçməsi və bir neçə il həmin evdə yaşaması və pasport qeydiyyatında olması onun həmin mənzilə köçürülməsi üçün əsas ola bilməz. Lakin araşdırma zamanı mübahisəli evlə bağlı nəinki cavabdehin, ümumiyyətlə hər hansı şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadığı müəyyən edilmişdir. Başqa sözlə, mübahisəli mənzil cavabdehin mülkiyyətində deyil, hüquqi nəticə etibarı ilə özbaşına tikintidir. İddiaçı həmin evin cavabdehin vəsaiti hesabına inşa edildiyini iddia etsə də, bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Cavabdehin mübahisəli evin inşasında və hazırki vəziyyətə çatdırılmasında hər hansı formada iştirak etdiyi, o cümlədən bu işlərin görülməsi üçün hər hansı məbləğdə vəsait sərf etdiyi məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Evə kommunal xidmətlərin göstərilməsi üçün aidiyyəti qurumlarla müqavilələr də cavabdehlə deyil, onun anası ilə bağlanmışdır. Beləliklə göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin cavabdehin mülkiyyətində olması, həmin evin iddiaçı ilə cavabdehin birgə (gəlirləri) vəsaiti hesabına alınması, o cümlədən evin inşası üçün iddiaçının hər hansı məbləğdə vəsait sərf etməsi, habelə iddiaçının həmin evə hər hansı, o cümlədən istifadə hüququnun yaranması müəyyən edilməmişdir. Bununla belə, iddiaçının mübahisəli evə köçməsi və orada yaşaması həmin evdə yaşayan şəxslərin könüllü razılığı əsasında olmuş və onunla cavabdeh, habelə cavabdehin valideynləri arasında olan və ailə üzvülüyündən irəli gələn münasibətlərə söykənmişdir. Hazırda isə iddiaçı cavabdehə və onun valideynlərinə münasibətdə keçmiş ailə üzvü statusuna malik olan şəxsdir və cavabdeh onun həmin evə köçürülməsinə razı deyil. Bu səbəbdən iddiaçının evdə bir neçə il yaşaması onun həmin evə köçürülməsi üçün əsas ola bilməz və iddiaçının cavabdeh və onun valideynləri tərəfindən evə buraxılmaması onun bu evdə yaşamaqdan qanunsuz olaraq məhrum edilməsi kimi qiymətləndirilə bilməz. Bu da öz növbəsində iddianın əsassız olmasına dəlalət edir və onun rədd edilməsini şərtləndirir. Tətbiq edilməsi nəzərdə tutula bilən hüquq. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Əvvəla, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar hansısa maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır, eləcə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qaxmış olur. İkincisi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə(özbaşına tikiliyə) iddiaçının yaxud onunla rəsmi nikahda olmuş Cavabdeh hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı həmin evin inşa olunmasında keçmiş əri Cavabdeh ilə birlikdə iştirak etdiyini qeyd etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə işdən, o cümlədən apellyasiya baxışı zamanı üçüncü şəxsin izahatından bəlli olur ki, mübahisəli evin(özbaşına tikili) yerləşdiyi torpaq sahəsi tərəflər nikaha girməmişdən uzun illər əvvəl alınmış və üzərindəki tikili cavabdehin valideynləri tərəfindən inşa edilmişdir. İddiaçı isə bu evə cavabdeh və valideynləri ilə birgə sonradan, yəni 2013-cü ildən köçərək yaşamağa başlamış, həmin evin tikintisi yaxud təmiri(yaxşılaşdırması) ilə bağlı əri ilə birgə yaxud şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etməsi hansısa sübutla təsdiq edilməmişdir. Düzdü, iddiaçı apellyasiya şikayətində 3 litrlik bankədə olan qəpik pulları çıxararaq həmin pula 2 maşın daş aldıqlarını, gəlin gələrkən əri tərəfindən və valideynləri tərəfindən verilmiş qızıl-zinət əşyaları əri Cavabdeh tərəfindən banka qoyularaq əvəzinə pul götürüldüyünü və həmin pul evin tikintisi üçün xərcləndiyini, xx.xx.2012-ci il tarixdə övladları X3 toy məclisindən yığılmış pulun da evin tikintisindən sonra darvaza, evin dəmir giriş qapısı, ayaqyolunun qapısı və plastik pəncərələr alınaraq quraşdırılmasına xərcləndiyini göstərmişdir. Lakin iddiaçı iddia ərizəsində və birinci instansiya məhkəməsində heç vaxt bu cür fikirlər söyləməmişdir. Hətta evin cavabdehin vəsaiti hesabına inşa olunmasına dair hər hansı bir sübutu olmadığını da birinci instansiya məhkəməsində verilən suallara cavabd olaraq bildirmişdir. Təbii ki, qətnamə çıxarıldıqdan sonra peşəkar vəkil tərəfindən təmsil olunduğu üçün apellyasiya şikayətində bu dəlilləri göstərməsi anlaşılan olsa da, hüquqa uyğun və mötəbər sübut kimi qəbul edilə bilməz. Ən azından ona görə ki, iddiaçı həmin vaxta qədər heç vaxt bu hallara istinad etməmişdir. Üçüncüsü, iddiaçı üçüncü şəxs Həcər Həmidovanın ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından qeydə alınmasa da həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi ən azından keçmiş qaynanası Həcər Həmidovanın bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan evi inşa edən və ona faktiki sahiblik edən Həcər Həmidovanı isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Məhz bu əsasa görə də iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Dördüncüsü, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə iddiaçı artıq cavabdehin ailə üzvü deyil. Apellyasiya baxışı zamanı da müəyyən edildi ki, tərəflər keçmişdə ər-arvad münasibətlərində olsalarda onlar arasında, eləcə də iddiaçı ilə cavabdehin valideynləri, xüsusən də anası arasında xoş olmayan gərgin münasibətlər mövcuddur. Belə ki, mübahisəli evdə hal-hazırda cavabdeh, atası və anası yaşayır. Demək iddiaçının həmin evə(özbaşına timkiliyə) köçürüləcəyi vəziyyətdə iddiaçının cavabdeh və valideynləri ilə təhlükəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da nəinki inandırcı və ağlabatan görünmür, hətta cinayət hadisəsinin baş verməsi də istisna olunmur. Çünki, işdə olan(bax.i.v.67-68) Yevlax Rayon İcra və Probasiya şöbəsinin 07 aprel 2021-ci il tarixli aktından da görünür ki, həmin tarixdə hazırki iş üzrə iddiaçı cavabdehin anasının üzünə qəfildən zərbə endirmiş və sonuncuya xəsarət yetirmişdir. Cavabdehin və üçüncü şəxsin apellyasiya baxışı zamanı verdiyi məlumata əsasən həmin faktla bağla iddiaçının barəsində cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılır. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, həm də tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4780/2022 saylı, 09 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4780/2022 saylı, 09 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4571/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4571/2022
20.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver