Məhkəmə qərarları › İş №2(103)-4573/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4573/2025

17.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4573/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26rşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4573/2025 (Açar sözlər: müqavilənin bağlanılmış hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X15 və X6 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X34 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli 2(001)-2355/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ünvan 1 evin 22 saylı mənzil Cavabdeh adına xx.xx.1991-ci il tarixdə qeydiyyatdan keçmişdir ya bu barədə qeydiyyat vəsiqəsi verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X34 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair alqı- satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 evin 22 saylı mənzilinə dair onunla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 evin 22 saylı mənzil Cavabdeh adına xx.xx.1991-ci il tarixdə qeydiyyatdan keçmişdir və bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. 1996-cı ilin aprel ayında mənzilin ona satılması barədə razılığa gəlmişlər, mənzilin dəyəri 25000 ABŞ dolları məbləğində pul vəsaiti razılaşdırılmışdır. 20 aprel 1996cı il tarixdə 25000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh verilmişdir, onun tərəfindən mənzilə dair qeydiyyat vəsiqəsinin əsli onlara verilmişdir və həmin gün də mənzil faktiki olaraq təhvil verilmişdir. Cavabdeh iltizam yazaraq özü və həyat yoldaşı Yaqubova Cəvahir tərəfindən ünvan 1 evin 22 saylı mənzilinin 25000 ABŞ dolları məbləğində pul vəsaitinə Qafarov Cəfərquluya vəkalətnamə ilə satılmasının razılaşdırılmasını yazaraq imza etmiş və həmin vaxt razılaşma zamanı iştirak edən şəxslər - X11, Məmmədov Payız, Şükürov Alməmməd tərəfindən imzalanmış, müvafiq olaraq Cavabdeh, Yaqubova Cəvahir, Qafarov Cəfərqulu imza etmişlər. 20 aprel 1996-cı il tarixdə Cavabdeh tərəfindən ona məxsus əmlak üzərində sərəncam verilməsinə dair etibarnamə onun yaxın qohumunun - bacısının həyat yoldaşı X5 3 il müddətinə verilmişdir. Belə ki, həmin vaxt o, Ukraynanın Xarkov şəhərində olduğundan etibarnamə qohumunun, bacısının həyat yoldaşı X4 adına verilmişdir. X7 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun bacısı X16 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onların övladlarının bu barədə heç bir tələbləri yoxdur. Onun bacısı X16 həmin ünvanda pasport qeydiyyatında olmuşdur. Mənzil ona təhvil verildiyi gündən mənzilə köçərək daimi yaşamağa başlamışdır və halhazırda da yaşayır. Mənzilə faktiki olaraq sahiblik edir, istifadə edir və artıq 28 ildir ki, fasiləsiz bu mənzildə yaşayır. O, mülkiyyətçi olmasa da mülkiyyət hüququndan irəli gələn bütün vəzifələri 28 ildən artıq müddət ərzində fasiləsiz və etirazsız olaraq həyata keçirmişdir. Bakı şəhəri İcra Hakmiyyətinin "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda onun sözügedən mənzildə 1996-cı il tarixdən yaşamağı, bütün kommunal ödənişlərin onun tərəfindən ödənilməsi göstərilmişdir. "xxxx" MTK tərəfindən verilmiş arayışda göstərilmişdir ki, "Cavabdeh ünvan 1 evin 22 saylı ünvanında yaşamış və 1996-cı ildə qeydiyyatdan çıxmışdır". Cavabdeh həyat yoldaşı X14 mənzilin satılmasına etirazının olmaması barədə Dövlət Notariat Kontoruna xx.xx.1996-cı il tarixdə ərizə vermişdir. Həmçinin cavabdehin qızı X12 atası tərəfindən ünvan 1 evin 22 saylı mənzilinin satılmasına etirazının olmaması barədə xx.xx.1996-cı il tarixdə Dövlət Notariat Kontoruna ərizə vermişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MTK tərəfindən təsdiq edilmiş aktda onun qeyd edilən ünvanda 1996-cı il tarixdən yaşamağını X31, X32 və X21 imzaları ilə təsdiq etmişlər. 1 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda mənzildə onun adına olan ******* nömrəli telefon üzrə borcun olmaması qeyd edilmişdir. "xxxx" ASC tərəfindən onun adına olan **********22 abonent kodu üzrə xx.xx.2024-cü il tarixli bildiriş üzrə xəbərdarlıqdan istilik təchizatı üzrə xərclərin onun tərəfindən ödənilməsi görünür. "Azəriqaz" İB ilə onun arasında xx.xx.2024-cü il tarixdə qazın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxtlar müəyyən səbəblərdən mənzilə dair sənədlər toplanmış, lakin alqı-satqı müqaviləsi bağlanması baş tutmamışdır. Belə ki, cavabdeh mənzildən qeydiyyatdan çıxmışdır, həmin vaxtlar alqı-satqı müqaviləsi bağlanması üçün təşəbbüs göstərsə də cavabdeh bundan yayınmışdır və sonda harada yaşaması barədə məlumat əldə etmək imkanı olmamışdır və heç bir əlaqə saxlamamışdır. Həmçinin onun mənzildən istifadə və sahiblik hüquqlarını həyata keçirməyini məhkəmədə şahidlər təsdiq edə bilər. Mənzili aldığı gün cavabdeh mülkiyyət hüququnu təsdiq edən sənədi ona təqdim etmişdir və alqı-satqı müqaviləsinin bağlanmasına söz versə də yerinə yetirməmişdir, sonradan tapılmamışdır, bu və digər səbəblərdən alqı-satqı müqaviləsi bağlanması baş tutmamışdır. Cavabdehlə razılaşma zamanı iştirak etmiş şəxslər - Məmmədov Payız, Şükürov Alməmməd vəfat etmişdir. X11 mənzilin ona faktiki olaraq qeyd edilən vaxtda satılmasını və cavabdehə qeyd edilən məbləğdə pulun verilməsini şahid qismində təsdiq edə bilər. Göstərilənlərə əsasən mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli 2(001)- 2355/2025 saylı qətnaməsi ilə (hakim Lətifə Məmmədova) İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X34 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu madəsinin 1-ci hissəsi, 43-cü madəsinin 1-ci hissəsi, 60-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə baxışı zamanı iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 39. 1-ci hissə. Vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir.

12. Maddə 43. Əqdlərin notarial qaydada təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur.

13. Maddə 60. Bir şəxs (etibar edən) adından üçüncü şəxslər qarşısında təmsil olunmaq üçün digər şəxsə (etibar edənə) verilmiş yazılı səlahiyyət etibarnamə sayılır.

14. Maddə 230. Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqısatqı müqaviləsi notariatda təsdiq edilməli və yerli X17 icraiyyə komitəsində qeydə alınmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, iş materiallarında olan Azərbaycan Sovet Sosialist Respublikası Rayon, şəhər X17 İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosunun Qeydiyyat şəhadətnaməsindən görünür ki, ünvan 1 evin 22 saylı mənzil Cavabdeh adına xx.xx.1991ci il tarixdə qeydiyyatdan keçmişdir ya bu barədə qeydiyyat vəsiqəsi verilmişdir.

24. xx.xx.1196-cı il tarixli etibarnamədən görünür ki, Cavabdeh ünvan 1 evin 22 saylı mənzili ilə bağlı tam hüquqları (satmaq, bağışlamaq, icarəyə vermək, sənədləri imzalamaq, notariusda təstiqləmək və s.) X5 üç il müddətinə, yəni xx.xx.1999-ci il tarixədək verilmişdir.

25. Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasında xx.xx.1970-ci il tarixdə 1733 nömrəli akt qeydi ilə ASSR Bakı şəhəri Səadət Sarayında nikah bağlamışlar.

26. Bakı şəhəri Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 09.0 4.1996-cı il tarixli, 30/5982 saylı sorğuya verilmiş cavabdan görünür ki, ünvan 1 evin 22 saylı mənzil Cavabdeh məxsusdur.

27. Nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X16 arasında xx.xx.1976-cı il tarixdə 16 nömrəli akt qeydi ilə nikah bağlanmışdır.

28. Cavabdeh akt tərtib edərək özü və həyat yoldaşı Yaqubova Cəvahir tərəfindən ünvan 1 evin 22 saylı mənzilinin 25000 ABŞ dolları məbləğində pul vəsaitinə Qafarov Cəfərquluya vəkalətnamə ilə satdığını bildirirək imza etmişdir və həmin vaxt razılaşma zamanı iştirak edən şəxslər - X1, Payız Məmmədov, Alməmməd Şükürov imza edərək təsdiq etmişlər.

29. Bakı şəhəri İcra Hakmiyyətinin "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 evin 22 saylı mənzildə 1996-cı il tarixdən yaşayır, bütün kommunal ödənişlər onun tərəfindən ödənilir.

30. "xxxx" MTK tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Cavabdeh ünvan 1 evin 22 saylı mənzilində yaşamış və 1996-cı ildə qeydiyyatdan çıxmışdır.

31. xx.xx.2024-cü il tarixdə "xxxx" MTK tərəfindən təsdiq edilmiş aktdan görünür ki, İddiaçı ünvan 1 evin 22 saylı mənzildə 1996-cı il tarixdən yaşamağını X31, X32 və X21 imzaları ilə təsdiq etmişlər.

32. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2012-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 751 nömrə ilə qeyd edilmişdir.

33. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 184 nömrə ilə qeyd edilmişdir.

34. Ərizələrdən görünür ki, X10, X13 və X3 ünvan 1 evin 22 saylı mənzilə dair şikayətləri yoxdur, gələcəkdə də olmayacaq.

35. xx.xx.2020-ci il tarixli, 3096 nömrəli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qaz paylayıcı “Azəriqaz” İB ilə istehlakçı İddiaçı arasında fərdi yaşayış evinə dair müqavilə bağlanmış və həmin mənzilə qaz sayğacı quraşdırılmışdır.

36. Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X30 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzinin xx.xx.2024-cü il tarixli, 05 saylı arayışından görünür ki, ünvan 1 evin 22 saylı mənzildə yaşayan İddiaçı ***-**-** saylı nömrə üzrə borcu yoxdur .

37. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli, 3-38-33/2-1695/2025 saylı sorğuya verilmiş cavab məktubundan görünür ki, xx.xx.1941-ci il təvəllüdlü Cavabdeh sonuncu dəfə xx.xx.2013-cü il tarixdə, xx.xx.1948-ci il təvəllüdlü X19 sonuncu dəfə xx.xx.2016-cı il tarixdə və xx.xx.1972-ci il təvəllüdlü X2 dəfə xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədindən çıxış etmiş və ondan sonra ölkəyə geri qayıtmamışdır.

27. Kollegiya hesab edir ki, iddiaçının uzun müddətdir mübahisəsi gedən mənzildə yaşadığı müəyyən olunsa da bu, iddianın təmin edilməsi üçün əsas ola bilməz.

28. Belə ki, baxılan iş üzrə daşınmaz əmlak olan mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və cavabdeh ilə iddiaçı arasında həmin mənzilin alqı-satqısı barədə yazılı müqavilənin olmadığı işin mübahisəsiz hallarıdır.

29. Məhkəmə kollegiyası nəzərə alır ki, daşınmaz əmlakla bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair verilmiş etibarnamə həmin əmlakın alqısatqısı barədə yazılı müqaviləyə bərabər tutula bilməz. Çünki etibarnamənin təyinatı alqı-satqı müqaviləsindən fərqlidir, etibarnamə alqı-satqı müqaviləsinin mühüm şərtlərini (tərəflərin alqı-satqı barədə iradəsini, əmlakın dəyərini və s.) özündə əks etdirmir.

30. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 22 mart 2006-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, Mülki Məcəllənin 647.1-ci maddəsi daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir.

31. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mübahisəli mənzilin dəyəri olaraq 25000 ABŞ dolları ödəmişdir. Lakin iddiaçı qeyd edilən məbləği hansı vaxta, kimə, harada ödəməsini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan akt və şahid ifadələri isə yalnız iddiaçının ünvan 1 evin 22 saylı mənzildə yaşadığını təsdiq etməklə alqı-satqının aparılmasına dair hər hansı mötəbər sübut kimi çıxış etmir və ümumilikdə, çıxış etmək iqtidarında deyil. Belə ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

33. Beləliklə də kollegiya hesab edir ki, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, sözügedən tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

34. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

36. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

38. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

39. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli 2(001)- 2355/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar