Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4574/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə mülki iş üzrə (Açar sözlər: qətnamədə yanlışlıq) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarardadından cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 64.200 manat pulun və ödənilmiş 282.6 manat dövlət rüsumunun tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 nömrəli, 27 yanvar 2023- cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 49703.9 manat məbləğində pul və ödənilmiş 282.6 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 nömrəli, 27 yanvar 2023-cü saylı qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılması və qətnamənin qət etdi hissəsinin aşağıdakı kimi oxunması: “İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 64.200 manat məbləğində pul və ödənilmiş 282.6 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin” qərara alınmışdır.
4. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 27 may 2023-cü il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (007)-78/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
5. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 həmçinin 27 may 2023-cü il tarixdə müddət bərpa haqqında ərizə verərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə şikayət üzrə müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 09 iyun 2023-cü il tarixdə ərizə verərək müddətin bərpa edilməsi barədə ərizəsinin nəzərə alınmamasını xahiş etmişdir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (007)-78/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərardadından cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4574/2023 saylı, 10 iyul 2023-cü il tarixli qərarardadı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” barədə iddia tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarardadından cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
9. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək bildirir ki, onlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 124.200 manat ödəyiblər və tələbi də 64.200 manat olmuşdur. Yəni, onlar hesab edir ki, 64.200 manatlıq iş görülüb. Ekspertiza təyin edilib və müəyyən edib ki, görülən işin dəyəri cəmi 49.000 manatdır. Onlar iddianı da artıra bilərdilər, amma artırmadılar. Elə 64.200 manat qaytarılmasın tələb ediblər. Məhkəmə ekspertizanın rəyini səhv başa düşüb elə bilib ki, onlara 49.703 manat ödənilməlidir. Sonradan hakim düzəliş qərardadı qəbul edib ki, 64.200 manat tutulsun. Əsaslandırma eyni qalıb, amma sonuncu bənddə yalnışlığa yol verilmişdir. 27 yanvar tarixində qətnamə çıxıb, fevral ayında qətnamə elektron kabinetə yerləşdirilib. O vaxta kimi qətnaməni görməyib. Apellyasiya şikayətinin də müddəti keçməyib. Məhkəmə qətnaməsi elan edilərkən çəkilişin olub-olmasını bilmir, o həmin zaman iştirak etməyib. Hesablamalara nəzər yetirəndə aydın olur ki, məhkəmə texniki səhv etmişdir, sonradan da düzəliş etmişdir. Nəticə sistemə vurulandan sonra o bilib, fikir verməyib.
10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
11. Mülki Prosessual Məcəllə
Maddə 228.1. Çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Maddə 228.2. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarardadı ləğv edilməlidir.
13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 nömrəli, 27 yanvar 2023- cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 49703.9 manat məbləğində pul və ödənilmiş 282.6 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
14. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərardadından müəyyən olunur ki, işə baxan məhkəmə öz təşəbbüsü ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 nömrəli, 27 yanvar 2023-cü saylı qətnaməsinin qət etdi hissəsinə düzəliş edilməsi və qətnamənin qət etdi hissəsinin “İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 64.200 manat məbləğində pul və ödənilmiş 282.6 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin” kimi oxunmasını qərara almışdır.
15. Cavabdeh tərəfin qərardaddan verdiyi şikayətə məhkəmə iclasında baxılarkən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iş üzrə qəbul edilmiş qətnamənin nəticə hissəsi onun iştirakı ilə elan olunmamışdır.
16. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 nömrəli, 27 yanvar 2023cü il tarixli qətnaməsindən Çıxarışda iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 49703.9 manat məbləğində pul və ödənilmiş 282.6 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinin qət edildiyi qeyd olunmuşdur (i.v.74).
17. Bununla yanaşı, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində də iddia tələbinin 49703.9 manat məbləğin tutulması hissəsində əsaslı olması, iddianın qismən təmin edilməli olması və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 49703.9 manat məbləğində pul və ödənilmiş 282.6 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməli olması, iddianın qalan hissədə təmin edilməməli olması qeyd olunmuşdur.
18. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərardadı ilə isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 nömrəli, 27 yanvar 2023-cü saylı qətnaməsinin yalnız qət etdi hissəsinə düzəliş edilərək onun “İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 64.200 manat məbləğində pul və ödənilmiş 282.6 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin” kimi oxunması qərara alınmışdır.
19. Halbuki, qeyd olunan qətnamə iddianın qismən təmin edilməli olması və iddia tələbinin 49703.9 manat məbləği hissəsində əsaslı olması kimi əsaslandırılmışdır.
20. Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər.
21. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə qətnamədə hakimin “açıq hesab səhvinə yol verməsi” müəyyən olunmur.
22. Göstərilənlər əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarardadı ləğv edilməlidir.
23. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarardadı ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev