Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4576/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6104/2021 saylı 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi 38/1 saylı evə köçürülməsi və ya istifadə hüququnun tanınması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi 38/1 saylı evin torpağı iddiaçının atası tərəfindən özünün və ailəsinin istifadəsi üçün alınmasına baxmayaraq iddiaçının nənəsi olan Cavabdeh adına rəsmiləşdirilmişdir. İddiaçı 2009-cu ildən tikinti tam başa çatmamışdan iddiaçının anası və qardaşı ilə birlikdə həmin evdə yaşamışdır. İddiaçıya məxsus olan bütün əşyalar və əmlaklar da bu mənzildə yerləşir. İddiaçı bu mənzildən daima istifadə etmişdir. İddiaçının atası ilə anasının nikahı pozulanadək anası və qardaşı ilə bu evdə yaşamış və istifadə etmişlər. İddiaçının atası X1 xx.xx.2020-ci ildə Vətən müharibəsində şəhid olduqdan sonra iddiaçının bu evdən istifadəsini məhdudlaşdırırlar. Hərçənd qətnamə üzrə iddiaçı atasının himayəsindədir. İddiaçının atası Vətən müharibəsinə könüllü yazılmışdır. Çağırış qəflətən olduğu üçün iddiaçının atası zəng edərək hər şeyi yazıb qoyduğunu və tikdiyi bu evin, həmçinin maşının iddiaçının adına keçirilməsini ailə üzvlərinə tapşırdığını bildirmişdir. Lakin rəhmətə getdikdən sonra qarşı tərəf bu evin iddiaçının atasının vəsaiti hesabına tikildiyini təkzib edir iddiaçının bu evə haqqı olduğunu inkar edirlər, iddiaçının atasının yazılı vəsiyyətinin olmadığını iddia edirlər. İddiaçının isə əşyalarını götürüb evdən çıxmağını tələb edirlər. İddiaçının atasının vəsiyyətinin əlyazma və yaxud notariusda qeydiyyatdan keçməsi haqda məlumatı yoxdur bunu yalnız telefon zəngi sübut edə bilər və bu zəngin üzə çıxmasını iddiaçı məhkəmədən xahiş edir Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6104/2021 saylı 21 sentyabr 2021ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Apellyasiya baxışı zamanı cavabdeh və onun nümayəndəsi-vəkili şikayətə etiraz edərək onun təmin edilməməsini xahiş etmişlərr. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin Məhkəmənin qəbul şöbəsinə həmin gün (xx.xx.2022) ərizə təqdim edərək xəstəliyi ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini bildirib, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İşin halları, həmçinin, prosesin təxirə salınmasını xahiş edən iddiaçının ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu baxımdan hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh nəvəsidir. İddiaçı valideynləri boşandıqdan sonra, 2018-ci ildən atası X1 ilə birlikdə bir müddət mübahisəli Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi 38/1 saylı evdə yaşamış, sonradan mənzildən köçərək anası ilə birlikdə yaşamağa başlamışdır. Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi 38/1 saylı ev heç kimin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, özbaşına tikilidir. Hazırda iddiaçı mübahisəli mənzilə köçürülməsini və istifadə hüququnun tanınmasını tələb edir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.2, 180.1 və 180.2-ci maddələrini tətbiq edərək, belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisəli evə hər hansı bir hüququ əmələ gəlmədiyindən iddiası rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd edilən Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd edilən Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Qanunvericiliyin qeyd olunan normalarına və məhkəmə araşdırmasının nəticələrinə əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, özbaşına inşa edilmə nəticəsində yeni yaranmış əmlak olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində heç kimin adına qeydə alınmadığından, iddiaçı uzun müddət həmin mənzildən istifadə etmədiyindən, davamlı surətdə yaşamaq üçün başqa yerə köçdüyündən, bununla da iddiaçının yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından, onun mübahisəli mənzilə köçürülməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən, iddiaçının mübahisəli evə hər hansı bir hüququ mövcud deyil. Həmçinin, kollegiya qeyd edir ki, istifadə hüququ mülkiyyət hüququnun elementidir. Sözügedən evin mülkiyyətdə olmasına dair hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Özbaşına statusu daşıyan tikintiyə mülkiyyət hüququnun ünsürü olan istifadə hüququ tanına bilməz. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri maddi hüquq normalarına və ya sübutlara istinadla açıq-aşkar əsaslandırılmamışdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6104/2021 saylı 21 sentyabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4576/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4576/2022
22.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver