Məhkəmə qərarları › İş №2(103)-4577/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4577/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4577/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh5 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka dair mülkiyyət hüququnun ilkin vəziyyətə qaytarılması, əmlakın hərracdan satılması və məhkəmə qətnamələri ilə tanınan borc məbləğinin əmlak hesabına ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(011)-6934/2022 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xətai Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(011)-6934/2021 saylı qərardadı ilə işə məhkəmədə baxılıb yekun qərar qəbul olunanadək mübahisə predmeti olan ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv.m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin özgəninkiləşdirilməsinin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Daha sonra Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh5 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka dair mülkiyyət hüququnun ilkin vəziyyətə qaytarılması, əmlakın hərracdan satılması və məhkəmə qətnamələri ilə tanınan borc məbləğinin əmlak hesabına ödənilməsi” barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2022-ci il tarixli 2(103)-2148/2022 saylı qətnaməsi ilə İddiaçı1 apelyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2(011)-6934/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv.m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin üzərinə qoyulmuş qadağanın götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Xətai Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(011)-6934/2021 saylı qərardadı ilə mübahisə predmeti olan ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv.m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M22, m2) özgəninkiləşdirilməsi barədə cavabdehin və üçüncü şəxslərin üzərinə qoyulmuş qadağa götürülməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı1 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki işlə əlaqədar Xətai Rayon Məhkəməsi tərəfindən 24 noyabr 2021-ci il tarixdə 2(011)-6934/2021 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamədən təqdim olunmuş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində 04 aprel 2022-ci il tarixdə baxılaraq 2(103)-2418/2022 saylı qətnamə çıxarılmışdır. Prosessual qaydalara uyğun olaraq qətnamədən 2 ay müddətində iddiaçı tərəfindən kassasiya şikayəti təqdim olunacaqdır. Bu baxımdan mülki iş üzrə mübahisə yekunlaşmamışdır. Xətai Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən qərardad ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1). Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər (maddə 157.3). Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (maddə 157.7). Müvəqqəti təminat tədbirləri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tətbiq edilə bilər (maddə 158.1.2-158.1.3). Qanunun mənasından göründüyü kimi müvəqqəti təminat tədbirləri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İş materiallarından müəyyən olunur ki, İddiaçı1 cavabdehlər Cavabdeh5 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka dair mülkiyyət hüququnun ilkin vəziyyətə qaytarılması, əmlakın hərracdan satılması və məhkəmə qətnamələri ilə tanınan borc məbləğinin əmlak hesabına ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı1 nümayəndəsi-vəkili Vəkil tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2022-ci il tarixli 2(103)-2148/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilmişdir. Göründüyü kimi hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2(011)-6934/2021 saylı qətnaməsi qanuni qüvvəsini almamışdır. Belə olan halda Kollegiya hesab edir ki, həyata keçirilmiş müvəqqəti təmin tədbiri olaraq mübahisə predmeti olan mənzilin özgəninkiləşdirilməsinin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsinin həmin qətnamə qanuni qüvvəyə minmədən məhkəmə tərəfindən həmin qadağanın götürülməsi qanunvericiliyin tələblərinə və Xətai Rayon Məhkəməsinin özünün qəbul etdiyi 01 noyabr 2021-ci il tarixli 2(011)-6934/2021 saylı qərardadına uyğun olmamışdır. Ona görə də şikayət təmin edilməli, Xətai Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(011)-6934/2022 nömrəli qərardadı qərardad ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(011)-6934/2022 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh1 mübahisə predmeti olan ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv.m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin üzərinə qoyulmuş qadağanın götürülməsi barədə ərizəsi təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar