Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4579/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X3, X5 və X6 qarşı "yaşayış sahəsindən istifadə qaydalarının müəyyn edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-21/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X3, X5 və X6 qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyn edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində cavabdehlərlə onun arasında istifadə qaydalarının müəyyən edilməsi, cavabdehlər Cavabdeh və X7 tərəfindən otağa qoyulmuş çarpayı və yataq dəstinin otaqdan çıxarılması və 20.8 kv.m sahəsi olan otağın onun istifadəsinə, iki otağın cavabdehlərin istifadəsinə verilməsinə və digər köməkçi sahələrin ümumi istifadəyə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-21/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki,məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu ıl tarixli qətnaməsinə istinad edilərək məhkəmə qərarı ilə yaranmış istifadə hüququna xitam verilməsini əsas götürərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Bu tamamilə əsassızdır, belə ki, həmin qətnamə qanuni qüvvəsini alsa da icra edilməmişdir, ona məxsus əşyalar hal-hazırda da mübahisəli fərdi yaşayış evində yerləşir, həmçinin aralarında əmlaklarla bağlı məhkəmənin icraatında iş vardır.Məhkəmə tərəfindən fərdi yaşayış evinin faktiki olaraq üç otaqdan ibarət olması nəzərə alınmamışdır, araşdırılmamışdır. Halbuki kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinə dair işə baxılarkən məhkəməyə təqdim edilmiş texniki pasporta fərdi yaşayış evinin iki otaqdan ibarət olması göstərilmişdir. Yəni onun həmin iki otağa yaranmış istifadə etmək hüququna xitam verilmişdir. Onun həmin fərdi yaşayış evinə köçdükdən sonra faktiki olaraq onun üçün inşa edilmiş digər otaq isə mübahisə mövzusu olmamışdır yəni həmin otaqdan da istifadə imkanıma xilam verilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Həsənova apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının ta yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(007)-3578/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı 5000 manat məbləğində kompensasiya verilməklə, İddiaçı azyaşlı uşağı, 2009-cu il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh sahibliyində olan Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsindəki Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə əldə etdiyi köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilməsi və İddiaçı məxsus yataq dəsti, stol-stul, şkaf-qorka və soyuducudan ibarət əmlakların həmin evdən çıxarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(103)-11097/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(007)- 3578/2017 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2(102)-2552/2018 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)-7412/2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi (kompensasiya məbləği hissəsində) dəyişdirilərək kompensasiya məbləği 6000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-7963/2018 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi kompensasiya məbləği hissəsində dəyişdirilmiş, Cavabdeh tərəfindən İddiaçı 13000 manat məbləğində kompensasiya verilməklə İddiaçı azyaşlı uşağı 2009-cü il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh sahibliyində olan Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsindəki Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə əldə etmiş olduğu köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilməsi və İddiaçı məxsus yataq dəsti, stol-stul, şkaf-qorka və soyuducudan ibarət əmlakların həmin evdən çıxarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-5689/2019 nömrəli qərarına əsasən, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3695/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 6ÜŞ-3649/19 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3695/2019 xx.xx.2019- cu il tarixli qətnaməsi Azərbaycan Respublikası MPM-nin 419.4-cü maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, hazırda İddiaçı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçürülmək, həmin yaşayış sahəsindən istifadə etmək imkanına kompensasiya verilməklə xitam verilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mübahisəli mənzildən istifadə etmək hüququ mövcud olmadığından onun hazırki, yəni “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair” iddia tələbi təmin edilə bilməz. İddiaçı məhkəmə kollegiyasının iclasında təqdim etdiyi hazırki iş üzrə tərəflərlə aralarında olan “əmlak” tələbinə dair mübahisə üzrə çıxarılmış yekun məhkəmə aktları isə hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etmir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-21/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-4579/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4579/2020
18.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver