Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4579/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı mülki iş üzrə (Açar sözlər: təzminatın bərpa olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Oqtay oğlunun, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «təzminatın bərpa olunması və s.» tələbinə dair mülki üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1517/2023 saylı, 05 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" QSC-də 1989-cu ildən maşınist köməkçisi vəzifəsində işə başlamış, 1994-cü ildə işlədiyi zaman Qarabağ döyüşlərində iştirak etmiş, döyüşdə yaralandığı üçün cavabdeh təşkilatın əmrinə ona son dövrdə aylıq 549 manat məbləğində hər ay təzminat ödənilmişdir. 2022-ci ilin avqust ayından etibarən iddiaçıya həmin aylıq təzminat ödənişi dayandırılmışdır. Hazırda iddiaçı ona təyin olunmuş təzminatın bərpa edilməsini məhkəmədən xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" QSC tərəfindən ona təyin olunmuş təzminatın bərpa edilməsi və 2022-ci ilin avqust ayından bu günə qədər olan təzminat borcunun ona birdəfəlik ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, "xxxx" QSC-də 1989-cu ildən maşinist köməkçisi kimi işə başlamışdır. 1994-cü ildə "xxxx" QSC-də maşınist köməkçisi işlədiyi zamani idarə rəhbərliyi tərəfindən Qarabağ döyüşlərinə göndərilmişdir (X6 tərəfindən). Təxminən 1 ay döyüşdükdən sonra yaralanmışdır və Hospitalda yatdıqdan sonra yararsız kimi xidmətdən təxris olunmuşdur. O vaxtdan "xxxx" QSC-nin X6 Rəisinin əmrinə əsasən iddiaçıya iş qabiliyyətini itirdiyinə görə aylıq 549 manat təzminat ödənilirdi. 2022-ci ilin avqust ayından etibarən həmin aylıq ödəniş mühasibatlıq tərəfindən dayandırılmışdır. Sözügedən təzminatın hansı səbəbdən və hansı əsasla dayandırılması barədə məlumatın ona verilməsi və əmək qabiliyyətinin olmaması səbəbindən təzminatın yenidən bərpa olunması tələbinə dair cavabdeh orqana ərizə ilə müraciət etsə də, cavadeh tərəfindən aldığı cavab iddiaçını qane etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, ADY və X1 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2022-cı illər üçün X7 9.4.1-ci bəndinə əsasən yalnız döyüşlərdə aldığı xəsarətlər nəticəsində İ və İİ qrup əlil olmuş, hazırda işləməyən şəxslərə "xxxx" QSC-də tutduğu sonuncu vəzifə üzrə orta aylıq əmək haqqı həcmində maddi yardım göstərilir. İddiaçı həqiqətən əlillik dərəcəsi alsa da, hazırda ADY-nin İnfrastruktur departamentinin qatarların idarə edilməsi xidmətinin dispetçer idarəetmə mərkəzində böyük qatar dispetçeri vəzifəsində çalışır. Buna görə də qeyd edilən saziş ona şamil olunmadığından ona ödənilən müavinat ödənişi dayandırılmışdır. ADY-nin əlil olmuş keçmiş işçilərinə belə bir müavinat vermək kimi öhdəliyi də yoxdur. Bu sadəcə ADY-nin öz keçmiş işçilərinə qarşı olan humanistliyi ilə əlaqədar ödənilir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1517/2023 nömrəli, 05 may 2023cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının istinad etmiş olduğu müvafiq əmrə istinad olunan qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarının müvafiq bəndlərindən görünür ki, bu qərar istehsalat və yaxud peşə xəstəliyi zamanı baş vermiş nəticələr ilə əlaqədar olmuş, hərbi xidmət zamanı xəsarət almasının nəticələri ilə əlaqədar olmamışdır. Bu isə onu deməyə əsas verir ki, vaxtilə cavabdeh təşkilat iddiaçıya humanizm göstərərək əmri rəsmiləşdirmişdir. Hazırda iddiaçı sırf hərbi xidmət zamanı aldığı xəsarət nəticəsində (2-ci qrup əlillik) müvafiq pensiya ilə təmin olunur (yəni xəsarətin nəticəsində müvafiq komensasiya almaqda davam edir). Hazırda iddiaçı "xxxx" QSC-nin İnfrastruktur departamentinin qatarların idarə edilməsi xidmətinin dispetçer idarəetmə mərkəzində böyük yol qatar dispetçeri vəzifəsində işləyir və onun aylıq əmək haqqı 751 manat təşkil edir.
7. Məhkəmə iddiaçınin hazırda işlədiyindən və "xxxx" QSC ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2022-ci illər üçün X7 9.4.1-ci bəndi ona şamil olunmadığından, habelə cavabdeh təşkilatın əlil olmuş keçmiş işçilərinə belə bir müavinat verməsinin öhdəliyi olmadığından, əvvəlki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı qüvvədən düşdüyündən, cavabdeh təşkilatın öz keçmiş işçilərinə qarşı olan humanistliyi ilə əlaqədar ödənilməsini nəzərə alaraq iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir.
Apelyasiya şikayətinin dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1517/2023 nömrəli, 05 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini rədd edərkən işin faktiki hallarını, onun müharibəyə məhz cavabdeh təşkilat tərəfindən göndərildiyi, bunun nəticəsində 1 ay döyüşdükdən sonra onun yaralanaraq əlil olmasını nəzərə almamış, qeyd olunan maddi hüquq normalarını hazırki mübahisəyə tətbiq etməməklə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarında olan sübutlardan müəyyən edilir ki, "xxxx" QSC-nin X4 xx.xx.1995-ci il tarixli 24 nömrəli əmrinə əsasən Deponun keçmiş maşinist köməkçisi İddiaçı xx.xx.1994-cü il tarixdən hər ay aylıq ödəncin ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Zona TSEK tərəfindən verilmiş arayışların surətlərindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar İİ qrup əlildir. Məhkəmə bu sübutları nəzərə almamış, cavabdeh təşkilatın yanlış olaraq müavinat vermək öhdəliyinin olmadığı qənaətinə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Oqtay oğlu apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, birinci instasiya məhkəməsi iddia tələbini rədd edərkən işin faktiki hallarını nəzərə almamışdır. Belə ki, iddiaçının məhz cavabdeh təşkilat tərəfindən müharibəyə göndərilməsi, 1 ay döyüşdükdən sonra iddiaçının ağır xəsarət alaraq yaralanması və 2-ci qrup əlil olması əmək qabiliyyətini itirməsinə səbəb olmuşdur. 1995-ci il tarixli cavabdeh təşkilatının əmrinə, əsasən, 1994-cü ilin dekabrdan aylıq ödəniş müəyyən olunmuşdur. Aylıq ödənişin təyin olunması ilə bağlı əmrdə hüquqi əsas kimi 1996-cı il Nazirlər Kabinetinin qərarı göstərilir. Həmin qərar istehsalatda baş vermiş bədbəxt hadisə və peşə xəstəliyi ilə bağlı qərardır. Orada hərbi xəsarət alanlara ödənc verilməsi nəzərdə tutulmasa da hesab edir ki, oxşar münasibətlərdir. Qətnamədə qeyd olunur ki, bununla bağlı qərar qüvvədən düşüb. Bunun düzgün olduğunu hesab etmir, belə ki, mübahisə yarandığı zaman maddi hüquq norması nədirsə ona uyğun olaraq qətnamə çıxarılmalıdır və eyni zamanda həmin qərar ləğv olunarkən yeni bir qərar qəbul olunmuşdur, həmin qərar da oxşar münasibətləri tənzimləyir. Bundan əlavə sahə kollektiv sazişi ilə bağlı bildirmişdir ki, bu qanuni əsasla müəyyən olunmuş ödənişdir. Bununla bağlı sahə kollektiv sazişi ilə həmin ödənişin kəsilməsi düşünür ki, düzgün deyil, hüquqlarını müdafiə etdiyi şəxs həmin kollektiv sazişin tərəfi olmamış, yəni sazişi imzalamamışdır. 12.Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X5 apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1517/2023 nömrəli, 05 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, QSC-nin hərbi xidmətə göndərmək kimi səlahiyyəti olmamışdır. İddiaçı müharibəyə getmiş, müharibədən qayıtdıqdan sonra əlilliyi yaranmış, buna görə də ona arayış verilmişdir. Arayışda da iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralandığı göstərilmişdir. Bundan sonra iş yeri olaraq QSC öz işçisinə müharibədə iştirak etdiyinə görə humanist yanaşaraq müəyyən bir maddi yardım məqsədi ilə bu əmri vermişdir. QSC-nin belə bir vəzifəsi və öhdəliyi yoxdur. İddiaçı tərəf cavabdehin onu müharibəyə göndərdiyini subuta yetirə bilməmişdir. Bundan başqa həmin şəxs əlilliyinə görə pensiya alır. 1995-ci ildən 2022-ci ilə qədər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yanaşmasına görə hər ay müəyyən bir ödəniş etmiş, hətta maaşlar qalxdıqca hər ay həmin ödənişə əlavələr olunmuşdur. İddiaçı hal-hazırda QSC-də işləyir. Kollektiv sazişə əsasən birinci və ikinci qrup əlilliyi olan, lakin işləməyən şəxslərə ödənişlər yenə də edilir. Edilmiş ödənişlər hər hansı vəzifə və öhdəlik deyildir, sadəcə humanist yanaşmadır.
Apellyasiya baxışının hədləri
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
17.Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 19.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 20.459.2-ci maddəsinə əsasən əgər bədən xəsarəti və ya sağlamlığa zərər vurulması nəticəsində zərərçəkən əmək qabiliyyətini itirmişsə və ya bu qabiliyyəti azalmışsa, yaxud onun tələbatı artırsa, zərərçəkənə zərərin əvəzi aylıq dolanacaq xərcinin verilməsi ilə ödənilməlidir.
21. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları» müəyyən edilmişdir.
22.“İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar 2003-cü il tarixli 03 nömrəli qərarı ilə əvvəlki qərar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı) ləğv edilmişdir. Həmin Qaydalara görə təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir. 23.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin birinci və ikinci hissələrinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
24.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
26.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 27.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 28.İddia ərizəsindən və apelyasiya şikayətindən göründüyü kimi iddiaçı qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş, lakin istinad etdiyi qanuni əsasının işin faktiki halları ilə əlaqələndirməmişdir. Belə ki, iddiaçı "xxxx" QSC-də 1989-cu ildən maşinist köməkçisi kimi işə başladığını, 1994-cü ildə "xxxx" QSC-də maşınist köməkçisi işlədiyi zaman idarə rəhbərliyi tərəfindən Qarabağ döyüşlərinə göndərildiyini, hərbi xidmətdən yararsız kimi təxris olduğu vaxtdan müvafiq əmrə əsasən ona iş qabiliyyətini itirdiyinə görə aylıq 549 manat təzminat ödənildiyini bildirmişdir. 29.İddiaçı iddia tələblərinin hüquqi əsasının Mülki Məcəllənin 459.2-ci maddəsi, qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı olmasını qeyd etmişdir. Göstərilən normativ hüquqi aktlar istehsalat qəzası, peşə xəstəliyi və yaxud başqa formada zərər dəyməsi nəticəsində sağlamlığı pozulmuş və əmək qabiliyyətini itirmiş (azalmış) işçiyə müvafiq ödənclərin verilməsi barədədir. 30.Göründüyü kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. 31.Belə ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. 32.Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. 33.Halbuki işin hallarından göründüyü kimi iddiaçı Vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə cəlb olunmuş, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlər nəticəsində əlil olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar iddiaçıya müvafiq məbləğdə pensiya ödənilməkdədir.
34. Beləliklə iş materiallarından da göründüyü kimi, iddiaçı, cavabdeh tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi, bununla da onun məsuliyyət daşıması faktını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının cavabdeh tərəfindən dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edilməklə döyüşlərə göndərilməsinə dair irəli sürdüyü dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. 35.Nəzərə alınmalıdır ki, müvafiq hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Hazırda isə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələblərinin qanuni əsasının (normativ-hüquqi aktlar) və ya mübahisəli münasibətləri dispozitiv formada tənzimləyən hər hansı digər əsasların müəyyən edilməsi mümkün olmamışdır. Müvafiq ödənişlərin həyata keçirilməsi cavabdeh təşkilatın mülahizə (diskresion) səlahiyyətlərinə aid məsələ olmuşdur və bu hal mübahisə predmeti olan təzminatın davam etdirilməsi üçün əsas deyildir. 36.Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. 37.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 38.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1517/2023 nömrəli, 05 may 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova