Məhkəmə qərarları › İş №2(103)-4580/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4580/2023

24.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4580/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: müavinətin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), xoğlundan ibarət tərkibdə, xnun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1677/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.1984-cü il tarixində metro vaqonu ilə yük qatarının toqquşması nəticəsində vaqon müşayiətçisi İddiaçı başından travma və üzündən çoxsaylı yaralar almışdır. Toqquşmaya X3 maşinistinin kobud səhvi səbəb olmuşdur.

2. Azərbaycan SSR Bakı şəhəri Kirov rayon xalq məhkəməsinin xx.xx.1986-cı il tarixli 2-130 nömrəli qərarına əsasən bədbəxt hadisə nəticəsində İddiaçı iş vaxtı ərzində travma almış və tibbi müayinədən sonra xx.xx.1984-cü il tarixdə İİ-ci qrup əlil hesab olunmuş, əmək qabiliyyətinin 60%-ni, ümumilikdə peşə qabiliyyətinin isə 80%-ni itirmişdir. xx.xx.1985-ci il tarixinədək İİ-ci qrup əlillər üçün müəyyənləşdirilmiş 120 rubl pensiyanı almışdır. Sonradan əlilliyin müddəti xx.xx.1986-cı ilədək müəyyən edilmişdir. 1984-cü ilin may ayından dekabr ayınadək “Bakmetropoliten” tərəfindən İddiaçı 95 rubl 01 qəpik ödəniş edilmiş, peşə qabiliyyətinin 80%-ni itirdiyinə görə 120 rubl pensiya almışdır. 1984cü ilin dekabr ayından isə Biləcəri lokomotiv deposu tərəfindən təqsirə görə ödəniş edilməsi müəyyən edilmişdir. Lakin depo və "xxxx" onun bu müraciətinə imtina etmişdir. Məhkəmə tərəfindən 1984-cü ilin dekabr ayından 1986-cı ilin may ayınadək Azərbaycan dəmir yolları Biləcəri stansiyası lokomotiv deposu tərəfindən İddiaçı aylıq 95 rubl 01 qəpik ödəniş edilməsi qərara alınmışdır.

3. Bundan sonra X3 müvafiq əmrləri ilə iddiaçıya məhkəmə qətnaməsi ilə müəyyən edilmiş müavinətin verilməsi hər dəfə 1 il müddətinə olmaqla uzadılmış, sonuncu dəfə İddiaçı xx.xx.2013-cü il tarixdən hər ay 976.06 (İİ dərəcəli maşinistin orta əmək haqqı 1.220,08 manat x 80 % = 976,06) manat zərərə görə aylıq müavinət ödənilməsi barədə xx.xx.2013-cü il tarixli, 104 nömrəli əmr verilmişdir.

4. İddiaçı xx.xx.2014-cü il tarixdən müddətsiz İİ qrup əlil hesab olunmuşdur.

5. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri lokomotiv deposu tərəfindən İddiaçı hesabına sonuncu dəfə xx.xx.2022-ci il tarixində 976.06 manat məbləğində pul köçürülmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il tarixdə "xxxx"nə məxsus vaqon ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus yük qatarının toqquşması nəticəsində başından aldığı xəsarətlə əlaqədar aylıq müavinətin verilməsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1967-ci ildən 1984-cü ilə kimi "xxxx" QSC-də işləmişdir. O, xx.xx.1984-cü il tarixdə "xxxx"nə məxsus vaqon ilə "xxxx" QSC-yə məxsus yük qatarının toqquşması nəticəsində başından aldığı xəsarətlə əlaqədar işdən çıxmışdır. Daha sonra məhkəmə qərarı ilə 1984-cü ilin dekabr ayından 1986-cı ilin may ayına kimi əmək xəsarətinə görə ödənişin "xxxx" QSC tərəfindən ödənilməsinə qərar verilmişdir. İddiaçı əmək xəsarətinə görə ödənişi 2022-ci ilin may ayına kimi almış, lakin həmin ödəniş may ayından kəsilmişdir. Bununla əlaqədar iddiaçı cavabdeh tərəfə müraciət ünvanlamış və ona verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli Qərarına (istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənişlərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında) əsasən iş vaxtı əmək xəsarəti almış işçilərə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə görə işəgötürən tərəfindən zərərin əvəzi ödənilir. Məsələ ilə bağlı "xxxx" QSC-yə müraciət edilməsi tövsiyə olunmuşdur. Keçmiş Kirov rayonu Xalq Məhkəməsinin 1986-cı il tarixli 2-130 nömrəli Qərarında aydın qeyd olunur ki, sağlamlığa zərərin vurulması ilə nəticələnən bədbəxt hadisə X3 Hüseynov və Həsənov soyadlı əməkdaşları tərəfindən texniki təhlükəsizlik qaydalarının kobud pozulması səbəbindən baş vermişdir və bu da bədbəxt hadisə barədə tərtib olunmuş xx.xx.1984-cü il tarixli 1 nömrəli aktla, Azərbaycan Dəmir Yolları Bakı bölməsinin xx.xx.1984-cü il tarixli 9/n nömrəli əmri ilə təsdiqlənmişdir. Azərbaycan Dəmir Yolları müəssisəsinin yuxarıda soyadları qeyd olunan işçilərinin təqsiri üzündən iddiaçının sağlamlığına zərər vurulmuşdur. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarında o da qeyd olunmuşdur ki, vaxtilə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 442-443cü maddələrinin tələbinə əsasən işçisinin günahı səbəbindən vurulmuş zərərin əvəzini ödəməyə həmin müəssisə borcludur.

8. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsinə etiraz təqdim edilərək iddianın rədd edilməsi xahiş edilmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, Bakı şəhəri Kirov (indiki Binəqədi) Rayon Məhkəməsinin xx.xx.1986-cı il tarixli 2-130 nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri lokomotiv deposundan aldığı əmək xəsarətinə görə 1984-cü ilin dekabr ayından etibarən 1986-cı ilin may ayına qədər hər ay 95.01 SSRİ rublu olmaqla İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. "xxxx" QSC-nin X3 sonuncu, yəni xx.xx.2013-cü il tarixli, 104 nömrəli əmrinə əsasən İddiaçı əmək xəsarətinə görə hər ay müavinət ödənilirdi. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 198594 nömrəli əmri ilə qeyd olunan xx.xx.2013-cü il tarixli, 104 nömrəli əmri ləğv edilmişdir. Bununla da müavinətin ödənilməsi dayandırılmışdır. Məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. Həmin qətnamədən də göründüyü kimi, iddiaçının aldığı əmək xəsarətinin əvəzi olaraq ona 1 il 4 ay müddətinə hər ay müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Dövlət Dəmir Yolunun X3 üzərinə qoyulmuşdur. Sözügedən qətnamə icra edildikdən sonra müvafiq əmrlərlə "xxxx" QSC tərəfindən humanistlik göstərilərək iddiaçıya könüllü surətdə və öz hesabına müavinət ödənilirdi. Hal-hazırda "xxxx" QSC-nin üzərində iddiaçıya hər hansı müavinətin ödənilməsi ilə bağlı heç bir öhdəlik yoxdur. Qeyd olunanları əsas tutaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, sədr vəzifələrini müvəqqəti icra edən Hicran Valehovun xx.xx.2022-ci il tarixli (sənəd № 198594) əmrinin ləğv edilməsi, zərərə görə aylıq müavinətin xx.xx.2022-ci il tarixdən ödənilməsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, zərərə görə iddiaçıya ödənilən aylıq müavinətin ödənilməsinə dair əmrin ləğv edilməsi barədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 198594 nömrəli əmrinin ləğv edilməsi və ödənişlərin həmin tarixdən verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 1677/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 198594 nömrəli əmrinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixdən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı aylıq müavinətin ödənilməsinin davam etdirilməsi qət edilmişdir.

12. Məhkəmə qeyd edtmişdir ki, iddiaçının iş vaxtı ərzində əmək vəzifələrini icra etdiyi dövrdə xəsarət alması, aldığı travma nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməsi, ona əvvəlcə müddətli, sonradan isə müddətsiz əlillik müəyyən edilməsi, əlilliyə görə pensiya təyin edilməsi, işəgötürəni tərəfindən 7 ay ərzində 95.01 rubl məbləğində müavinət verilməsi, təqsirkarın cavabdehin işçiləri olması səbəbindən müavinətin cavabdeh tərəfindən ödənilməli olması, cavabdeh tərəfindən hər dəfə iddiaçının əlillik müddətinə müvafiq olaraq müavinətin ödənilməsinin davam etdirilməsi barədə əmrlər verilməsi, iddiaçının xx.xx.2014-cü ildən müddətsiz İİ qrup əlil hesab olunması hazırki işin mübahisəsiz halını təşkil edir. Cavabdehin işçilərinin təqsirli olmasına dair məsələ qanuni qüvvəyə minmiş məhkəmə qərarında da öz əksini tapmışdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tətbiqi nəticəsində məhkəmə tərəfindən aylıq müavinətin məhz cavabdeh tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Tərəflər arasında olan münasibətlərin vaxtaşırı ödənişlərlə əlaqədar davamedici xarakterli münasibətlər olmasını nəzərə alaraq, hazırki mübahisəyə həm də hazırda qüvvədə olan qanunvericiliyin tələblərinin tətbiq oluna bilməsi imkanı da nəzərə alınmalıdır. İddiaçının əmək qabiliyyətini itirməsinə səbəb olan hadisədə cavabdehin işçilərinin təqsirli olması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edildiyindən hazırki mübahisənin araşdırma predmetini təşkil edə bilməz. Buna görə də iddiaçı müvafiq tələbi cavabdehə qarşı yönəltməkdə haqlı olmuşdur.

13. Məhkəmə iddia tələbinin “əmrin ləğv edilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, əmr əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə qərarı ilə cavabdehin iddiaçıya ödənişlər etməli olması müəyyən edilmiş, bundan sonra cavabdeh iddiaçının əlilliyinin müddətinə müvafiq olaraq müavinətin ödənilməsinin davam etdirilməsi barədə əmrlər vermişdir. Lakin cavabdeh 2022-ci ilin may ayından etibarən heç bir əsas olmadan iddiaçıya müavinət ödənilməsini dayandırmış, xx.xx.2022-ci il tarixdə isə iddiaçıya 976.06 manat məbləğində müavinət verilməsi barədə əmri ləğv etmişdir. Halbuki, iddiaçı baş vermiş hadisə nəticəsində 2014-cü ildən etibarən müddətsiz əlil hesab olunmuşdur.

14. Məhkəmə iddia tələbinin “zərərə görə aylıq müavinətin 19 may 2022-ci il tarixdən ödənilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, iddiaçıya müavinət ödənilməsinin dayandırılmasına əsas olan hal mövcud olmadığından, ona ödənilən müavinətin dayandırılmasına əsas olan sonrakı tarixli əmr də ləğv edildiyindən, cavabdeh tərəfindən iddiaçıya aylıq müavinətin ödənilməsi dayandırıldığı tarixdən, yəni xx.xx.2022-ci ildən davam etdirilməlidir.

15. Məhkəmə cavabdehin humanizm prinsiplərinə əsasən ödənişlərin davam etdirilməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya müavinət ödənilməsi öhdəliyi əvvəlcə məhkəmə qərarı ilə cavabdehin üzərinə qoyulmuşdur. Sonradan həmin ödənişlərin davam etdirilməsi humanizm prinsiplərinə deyil, məhz qanunvericiliyin göstərişlərinə əsasən olmuşdur. Belə ki, cavabdehin işçilərinin təqsiri nəticəsində iddiaçının sağlamlığına ziyan vurulmuş, o, peşə qabiliyyətinin 80 %-ni itirmiş, İİ qrup əlil hesab edilmiş, hər il keçirilən növbəti müayinədə əlilliyinin müddəti artırıldığından cavabdeh tərəf də ona aylıq müavinətlər ödənilməsini davam etdirmişdir. Çünki məhz onun işçilərinin təqsiri ucbatından iddiaçı bir daha işləyə bilməmiş, karyerasının davamlı inkişafı imkanını itirmiş, başqa sözlə, vəzifə və ona müvafiq olaraq əmək haqqı artımından məhrum olmuşdur. 2014-cü ildən etibarən iddiaçının əlilliyi müddətsiz müəyyən edilmişdir, deməli, ona aylıq müavinət də daimi olaraq ödənilməlidir.

16. Məhkəmə öz mövqeyini SSRİ Ali Məhkəməsi Plenumnun “Ziyanın ödənilməsi iddiaları üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.1963-cü il tarixli 16 nömrəli qərarına, Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsinin 442 və 443-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənişlərin verilməsi qaydaları, şərtləri və məbləği”-nə, hazırda qüvvədə olan Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099, 1119.1, 1119.3-cü maddələrinə, Əmək Məcəlləsinin 191, 239-cu maddələrinə, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4, 233.3 və 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan zaman qanunvericiliyin maddi və prosessual hüquq normalarının tələblərinə tam şəkildə əməl edilməmişdir. Belə ki, məhkəmə cavabdehin təqsirini müəyyən edərkən ilkin olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239cu maddəsinin 1-ci hissəsinə istinad etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı hadisə olan vaxtı "xxxx" QSC-nin işçisi olmuşdur. Sözügedən fakt iddia ərizəsində və iş materiallarında olan Bakı şəhəri Kirov (indiki Binəqədi) Rayon Məhkəməsinin xx.xx.1986-cı il tarixli 2-130 nömrəli qətnaməsində təsbit edilmişdir. Belə olanda cavabdeh ilə hər hansı əmək münasibətlərində olmayan şəxsə münasibətdə Əmək Məcəlləsinin müddəalarını tətbiq edərkən məhkəmə səhvə yol vermişdir. Bundan başqa məhkəmə həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarına istinad etmişdir. Həmin qərar da öz növbəsində işçi ilə işəgötürən arasında əmək münasibətləri zamanı yaranan müvafiq məsələləri tənzimləyir. Birinci instansiya məhkəməsi iddiaçının "xxxx" QSC-nin işçisinin olmasına nəzər yetirməmiş və ümumiyyətlə qətnamədə bu məsələyə dair qeydlər etməkdən yayınmışdır. İddiaçının xəsarət alması ilə nəticələnən qatarların toqquşması hadisəsi cavabdehin işçisinin təqsiri səbəbindən baş verməsinə baxmayaraq cavabdeh yuxarıda qeyd edilən normativ hüquqi aktlarda göstərilən subyektə (işəgötürən) aid edilə bilməz. Eyni zamanda, ölkə rəhbərliyinin vətəndaşların hüquqlarına həssaslıqla yanaşması və diqqət, qayğı göstərilməsi ilə bağlı tapşırıqları cavabdeh üçün də prioritet məsələlərdəndir. Ona görə də, cavabdeh iddiaçıya humanistlik prinsipinə əsasən könüllü şəkildə və öz hesabına ona illər boyu pul vəsaiti ödəmişdir. Bu hərəkətləri qanunvericilikdə qadağan edən hər hansı bir norma yoxdur və həmçinin həmin hal iddiaçıya qanuni və hüquqi gözlənti formalaşdıra bilməz. Hazırki mübahisənin predmeti olan iddiaçının əmək xəsarətinə görə aylıq müavinət almaq barədə “qanuni gözlənti”si bütün hallarda onun verilməsi vəzifəsinin qanunvericilikdə işəgötürən olmayan təqsirkar subyektin (müəssisənin) vəzifəsi qismində təsbit edildiyi halda əsaslı ola bilər. Həmçinin, cavabdeh tərəfindən müavinətin ödənilməsi sahəsində iddiaçının hüquqi gözləntisinin olmaması iş materiallarında olan Bakışəhəri Kirov (indiki Binəqədi) Rayon Məhkəməsinin xx.xx.1986-cı il tarixli 2-130 nömrəli qətnaməsinə əsasən əmək xəsarətinə görə cavabdeh tərəfindən ödəncin 1986-cı ilin may ayına qədər verilmiş müavinətin sonrakı dövrlərə münasibətdə verilməsinin onun tərəfindən mübahisələndirilməməsi ilə sübut olunur. Tərəflər arasında mübahisənin baş verdiyi dövrdə, həmçinin, sonrakı dövrlərdə əmək münasibətləri qurulmamış və onlar biri birilərinə münasibətdə əmək müqaviləsinin subyekti olmamışlar. Cavabdehin təqsirli olması və təqsirli hərəkətləri nəticəsində iddiaçıya müavinətin ödənilməsi məsələsinə artıq qanuni qüvvəyə minmiş qətnamə ilə hüquqi qiymət verilmişdir. Həmin qətnamə ilə iddiaçının aldığı əmək xəsarətinin əvəzi olaraq ona 1 il 4 ay müddətinə hər ay müavinətin ödənilməsi öhdəliyi Cavabdehin üzərinə qoyulmuşdur. Qeyd etmək lazımdır ki, sözügedən qətnamə tam icra edilmiş, yəni vaxtılə vurulmuş zərərin əvəzi tərəfimizdən tam ödənilmişdir. Göründüyü kimi, həmin məsələyə artıq hüquqi münasibət bildirilmişdir. Sözügedən qətnamədən müəyyən edilir ki, hazırkı iddianın faktiki predmeti ilə həmin qətnamənin qəbul edilməsinə əsas olan halın predmeti eyni əsaslıdır. Belə ki, sözügedən qətnamədən görünür ki, iddiaçı hazırkı mübahisənin predmeti olan xəsarətə görə (delikt) cavabdeh Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri lokomotiv deposuna qarşı iddia qaldırılmış və həmin qətnamə ilə onun iddiası təmin edilməklə ona müddəti müəyyən olunan müvanətin ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Bu onu deməyə əsas verir ki, Mülki Məcəllənin 56.5-ci maddəsinə əsasən hazırkı iş üzrə cavabdeh Bakı şəhəri Kirov (indiki Binəqədi) Rayon Məhkəməsinin xx.xx.1986-cı il tarixli 2-130 nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Dövlət Dəmir Yolunun hüquqi varisidir. Xüsusilə vurğulanmalıdır ki, iş materiallarında olan Kirov (indiki Binəqədi) rayonxalq məhkəməsinin xx.xx.1986-cı il tarixli 2-130 nömrəli qərarı ilə müəyyən edilmiş hallardan görünür ki, bədbəxt hadisə nəticəsində iddiaçı iş vaxtı ərzində travma almış və tibbi müayinədən sonra xx.xx.1984-cü ildə 2-ci qrup əlil hesab olunmuş, həmçinin ona verilən 116369 nömrəli vəsiqədən görünür ki, həmin əlillik qrupu dəyişdirilməmiş və ona müddətsiz verilmişdir. Bu onu deməyə əsas verir ki, iddiaçının hazırkı iddia predmeti üzrə 1984-cü ildə qaldırılan iddia zamanı sağlamlıq vəziyyəti dəyişmədən qalmaqdadır. Bu isə ona şəraitin dəyişməsi ilə bağlı yenidən iddia qaldırmaq hüququnu aradan qaldırır. Bu baxımdan da məhkəmə işə baxarkən Mülki Prosessual Məcəllənin 153.3.2-ci və 233.3-cü maddələrini tətbiq etməməklə iddia vermək hüquqi olmayan hazırkı iddiaçıya eyni əsasla yenidən iddia qaldırmaq kimi dizpozitiv hüquq formalaşdırmışdır. Göründüyü kimi, mübahisəli hüquq münasibəti 1984-cü il tarixində yaranmışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi həmin münasibətlərə hazırda qüvvədə olan maddi hüququ normalarını tətbiq etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşdığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

23. Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 442. Vətəndaşın şəxsiyyətinə və ya əmlakına vurulmuş ziyan, habelə təşkilata vurulmuş ziyan SSR İttifaqının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu ziyanı vurmuş şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Ziyan vuran şəxs ziyanın onun təqsiri olmadan vurulmasını sübut edərsə, ziyanı ödəməkdən azad olunur. Hüquqa uyğun hərəkətlərlə vurulmuş ziyan yalnız qanunla nəzərdə tutulan hallarda ödənilməlidir. Maddə 443. Təşkilat, öz işçilərinin əmək (qulluq) vəzifələrini yerinə yetirərkən onların təqsiri üzündən vurulmuş ziyanı ödəməyə borcludur.

24. SSRİ Ali Məhkəməsinin Plenumunun “Ziyanın ödənilməsi iddiaları üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.1963-cü il tarixli 16 №-li Qərarı -Mülki hüququn əsaslarının 88-ci maddəsinə uyğun olaraq, zərərin ödənilməsi öhdəliyi qanunla nəzərdə tutulmuş xüsusi hallar istisna olmaqla, təqsirli şəkildə zərərin vurulması halında baş verir; -Zərərçəkmiş şəxsin sağlamlıq vəziyyətinin yenidən yoxlanılmasından sonra zərərin yeni dövr üçün ödənilməsi tələbləri əsas iddialarla eyni qaydada məhkəmə tərəfindən baxılmağa qəbul edilir; -Sağlamlığa dəymiş ziyan üçün kompensasiya aylıq pul ödənişləri kimi müəyyən edilməlidir, hansı ki, cavabdeh şərait dəyişənə qədər iddiaçıya həmin ödənişləri etməyə məcburdur (Qərarın 29-cu bəndində göstərildiyi kimi). Zərərçəkmiş şəxsin əmək qabiliyyətinə müəyyən müddətə zərər vurulması müəyyən edildiyi təqdirdə isə yenidən yoxlama aparılan günə qədər ödəniş edilməlidir.

25. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı işdə iddia təmin edildiyindən, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “xx.xx.2022-ci il tarixdən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı aylıq müavinətin ödənilməsinin davam etdirilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, qanuni qüvvəsini almış Azərbaycan SSR Bakı şəhəri Kirov rayon xalq məhkəməsinin xx.xx.1986-cı il tarixli 2-130 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, xx.xx.1984-cü il tarixində metro vaqonu ilə yük qatarının toqquşması nəticəsində iddiaçı başından travma və üzündən çoxsaylı yaralar almışdır. Toqquşmaya X3 maşinistinin kobud səhvi səbəb olmuşdur.

31. Hadisə nəticəsində iddiaçı xx.xx.1984-cü il tarixdə İİ-ci qrup əlil hesab olunmuş, əmək qabiliyyətinin 60%-ni, ümumilikdə peşə qabiliyyətinin isə 80%-ni itirmiş, həmin vaxt əlilliyin müddəti xx.xx.1986-cı ilədək müəyyən edilmişdir. Daha sonra əlilliyin müddəti hər il uzadılmış, xx.xx.2014-cü il tarixdə isə iddiaçı müddətsiz İİ qrup əlil hesab olunmuşdur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, həm hadisə baş verən vaxt qüvvədə olan, həm də hazırda qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən cavabdeh öz işçilərinin əmək (qulluq) vəzifələrini yerinə yetirərkən onların təqsiri üzündən vurulmuş ziyanı ödəməyə borcludur.

33. Birinci instansiya məhkəməsi öz qətnaməsində həm mülki, həm də əmək qanunvericiliyin müddəalarının müqayisəli təhlilini aparmış və düzgün olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi “əmrin ləğv edilməsi” hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X3 xx.xx.2013-cü il tarixli, 104 nömrəli əmrinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, 198594 nömrəli əmri ləğv edilməlidir.

34. Belə ki, məhkəmə qərarı ilə cavabdehin üzərinə iddiaçıya müavinətin ödənilməsi öhdəliyi qoyulmuş, həmin vaxt iddiaçının əlilliyi xx.xx.1986-cı ilədək müəyyən edildiyindən ödənişlərin müddəti də həmin tarixədək müəyyən edilmişdir. Lakin həmin tarixdən sonra iddiaçının əlilliyi aradan qalxmamış və iddiaçı müddətsiz İİ qrup əlil hesab olunmuş, cavabdeh də məhz bu səbəbdən iddiaçıya hər ay müavinət ödəməyə davam etmişdir.

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya müavinət ödənilməsinin dayandırılmasına əsas olan hal mövcud olmadığından, ona ödənilən müavinətin dayandırılmasına əsas olan sonrakı tarixli əmr də ləğv edildiyindən, iddia tələbinin “cavabdeh tərəfindən iddiaçıya aylıq müavinətin ödənilməsinin davam etdirilməsi” ilə bağlı hissəsində düzgün nəticəyə gəlsə də, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş sonuncu “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəni nəzərə almamış, müavinətin xx.xx.2022-ci il tarixdən ödənilməsinin davam etdirilməsini qət etmiş, bununla da prosessual hüquq normasının pozulmasına yol verərək iddia tələbindən kənara çıxaraq qətnamə qəbul etmişdir.

36. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş həmin ərizədə cavabdehin xx.xx.2022ci il tarixli, 198594 nömrəli əmrinin ləğv edilməsi və ödənişlərin həmin tarixdən verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “xx.xx.2022-ci il tarixdən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı aylıq müavinətin ödənilməsinin davam etdirilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixdən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı aylıq müavinətin ödənilməsi davam etdirilməlidir.

38. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə iddiaçıya münasibətdə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsinə yol verilmir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1677/2023 nömrəli qətnaməsi qismən - “xx.xx.2022-ci il tarixdən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı aylıq müavinətin ödənilməsinin davam etdirilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilsin. xx.xx.2022-ci il tarixdən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı aylıq müavinətin ödənilməsi davam etdirilsin. Qətnamədə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar