Məhkəmə qərarları › İş №2(103)-4581/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4581/2022

31.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4581/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MTK və "xxxx" MMC-yə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 2008-2013-cü illərdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə (metronun “Xətai” stansiyası ilə üzbəüz) ünvanda yerləşən Cavabdeh MTK tərəfindən iddiaçıya satılmış Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda inşa etdiyi yüksək mərtəbəli binanın “C” blokunun 1-ci mərtəbəsində 150 kv.m, “D” blokunun 3-cü mərtəbəsində 600 kv.m, “A-1” blokunun 5-ci mərtəbəsində 82,7 kv.m, “A-1” blokunun 5-ci mərtəbəsində 136.1 kv.m, “A-1” blokunun 8-ci mərtəbəsində 136.1 kv.m, “C” blokunun 20/22-ci mərtəbəsində 1840 kv.m yaşayış və qeyri-yaşayış sahələrinin ona təhvil verilməsi və ya həmin sahələr üçün nağd olaraq ödəmiş olduğu 4.592.000 manat nağd pulun ona qaytarılması vəzifəsinin Cavabdeh MTK-nın hüquqi varisi "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova, iş № 2(011)-10/22) iddia rədd olunmuşdur. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh MTK arasında 08 iyul 2008-ci il tarixdə 5 ədəd və 03 may 2013-cü il tarixdə 1 ədəd müqavilə bağlanmışdır. 08 iyul 2008-ci il tarixli müqavilələrə əsasən Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A-1 blokunun 8-ci mərtəbəsində yerləşən dəyəri 100.000 manat olan ümumi sahəsi 126.1 kv.m, 3 otaqlı, 21 saylı mənzil, A-1 blokunun 5-ci mərtəbəsində yerləşən dəyəri 100.000 manat olan ümumi sahəsi 136.1 kv.m, 3 otaqlı, 1 saylı mənzil, A-1 blokunun 5-ci mərtəbəsində yerləşən dəyəri 50.000 manat olan ümumi sahəsi 82.7 kv.m, 2 otaqlı, 8 saylı mənzil, D blokunun 3-cü mərtəbəsində yerləşən dəyəri 1.000.000 manat olan ümumi sahəsi 600 kv.m, 30,31 və 43 saylı mənzillər, C blokunun 1-ci mərtəbəsində yerləşən dəyəri 582.000 manat olan ümumi sahəsi 150 kv.m, 14 saylı mənzil, 03 may 2013-cü il tarixli müqaviləyə əsasən isə C blokunun 20 və 22-ci mərtəbələrində yerləşən bütün mənzillər, ümumi sahəsi 1840 kv.m mənzillər Cavabdeh MTK tərəfindən iddiaçıya satılmışdır. Müqavilələrin bağlanmasından 5-7 il keçməsinə baxmayaraq iddiaçı qeyd edilən mənzillərdən maneəsiz istifadə edə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 4 592 000 manat pul ödəməklə sözügedən mənzilləri cavabdehdən alıb. Lakin cavabdehlər əmlakları ona təqdim etmir və bu əmlaklara görə ödədiyi pulu qaytarmırlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin məlum hökmü ilə Hikmət Yigitgöl ilə iddiaçı arasında bağlanmış müqavilələr saxta hesab edilsə də, istintaq orqanı həmin şəxsə saxta sənədlər hazırlamağa görə ittiham verilməməsi və bu hallarla bağlı məhkəmənin Hikmət Yigitgöl barədə ittiham hökmü çıxarmamasına fikir verilməmişdir. Odur ki, həmin hökmün bu işə heç bir preyudisial əhəmiyyəti yoxdur. Apellyasiya baxışı zamanı məlum oldu ki, İddiaçı 28 may 2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq onun arvadı Kərimova Afaq qızını prosessual hüquq varisi kimi işdə iştirak etməyə cəlb etdi və onun iştirakı ilə işə baxılmasını davam etdirdi. Məhkəmə iclası A.Kərimovanın vəsatətinə əsasən əvvəlcə xx.xx.2022-ci il tarixə, sonra isə xx.xx.2022-ci il tarixə təxirə salınsa da, nə prosessual hüquq varisi, nə də işdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 18 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının hazırkı iş üzrə tələbi Cavabdeh MTK ilə bağladığı müqavilələr əsasında ona verilməli olan yaşayış və qeyri-yaşayış sahələrinin ona təhvil verilməsi və ya həmin sahələr üçün nağd olaraq ödəmiş olduğu 4.592.000 manat məbləğində pulun ona qaytarılması vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədədir. İddiaçı "xxxx" MMC-yə qarşı olan tələbini onun Cavabdeh MTK-nın hüquqi varisi olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin məqsədi həmin müqavilə ilə əhatə olunan niyyəti deyil, tərəflər arasında işgüzar münasibətlərin təminatını əks etdirmişdir. Belə olan halda, hazırkı əqdlər əhəmiyyətsiz olmaqla yalan əqd kimi qəbul edilməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324, 337, 567, 568-ci, Mülki Prosessual Məcəllənin 82.4-cü və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Məhkəmə qərar qəbul edərkən Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 11 noyabr 2020-ci il tarixdə çıxarılmış hökmlə müəyyən edilən və hazırkı işə aidiyyəti olan faktların mövcudluğunu da nəzərə almışdır. Həmin hökmə əsasən tərəflər arasında bağlanmış 08 iyul 2008-ci il və 03 may 2013-cü il tarixli müqavilələr əvvəlki tarixə yazılmış saxta müqavilələrdir və görüntü üçün bağlanmışdır. Məhkəmə işin müəyyən edilən hallarına əsasən bu qənaətə gəlmişdir ki, iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 08 iyul 2008-ci il tarixli və 03 may 2013-cü il tarixli müqavilələr həqiqətən də əvvəlki tarixə bağlanmaqla tərəflər arasında olan işgüzar münasibətlərin təminatı məqsədi daşımışdır. İddiaçı tələbində 4.592.000 manat pulun ona ödənilməli olmasını qeyd etsə də, bu vəsaitin qarşı tərəfə verilməsi ilə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Müqavilələrə əsasən evlərin iddiaçıya təmir-tikinti materialları əvəzində verilməsi şərtləndirilsə də, iddiaçı müqaviləyə əsasən özünün öhdəliyi icra etməsi ilə bağlı hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin əsas dəlillərindən biri MPM-nin 82.4-cü maddəsinin hazırkı işə düzgün tətbiq olunmaması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmünün preyudisiallığının olmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və bununla bağlı aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarının mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburiliyini müəyyən edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan hökmlə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi 08 iyul 2008-ci il və 03 may 2013-cü il tarixli müqavilələrin saxta müqavilələr olduğu müəyyən edilmişdir. Bu isə o deməkdir ki, müqavilələrin etibarlılığına adı çəkilən hökmlə faktiki olaraq hüquqi qiymət verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, müqavilələrin etibarlılığı ilə bağlı halların əlavə araşdırılmasına və qiymət verilməsinə ümumiyyətlə zərurət yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Apellyasiya şikayətinin başqa bir dəlili iddiaçı qarşısında öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh MTK-nın hüquqi varisi "xxxx" MMC-nin məsuliyyət daşıması, lakin işə baxan məhkəmə tərəfindən bunun nəzərə alınmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, "xxxx" MMC-nin Cavabdeh MTK-nın hüquqi varisi olmasına dair iş materiallarında hər hansı mötəbər sənəd (nizamnamə və s.) yoxdur. Məhkəmə kollegiyası işin tam, hərtərəfli və obyektiv araşdırılmaması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasıilə bağlı dəlilləri də əsassız sayır və qeyd edir ki, işin halları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə apellyator öz tələbinin və şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin göstərilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 18 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar