Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4583/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Bakı şəhəri Səbail rayonu E.Əliyev adına 162 №-li Tam Orta Məktəbin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(009)-494/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayonu E.Əliyev adına 162 №-li Tam Orta Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu E.Əliyev adına 162 saylı tam orta məktəb üzrə əmək müqaviləsinin ləğvi barədə 20.10.2020-ci il tarixli 24 №-li əmrin ləğv edilməsi, onun Səbail rayonu E.Əliyev adına 162 saylı tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün (20.10.2020-ci ildən işə bərpa olunana qədər) əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla bağlanmış əmək müqaviləsi cavabdehin 20.10.2020-ci il tarixli 24 №-li əmrinə əsasən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunub. Əmr qanunsuz olduğu üçün aşağıda göstərilənlərə əsasən ləğv olunmalıdır. AR ƏMnin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Cavabdehin əmrində göstərilənlər (şagirdlərin valideynlərindən məcburi qaydada pul yığılması, valideynlər arasında sosial vəziyyətinə görə ayrı-seçkiliyə yol verilməsi, yeni dərsliklərin pul müqabilində valideynlərə verilməsi və s.) tamamilə yalandır. AR ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən cavabdeh işəgötürən olaraq bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı idi. 2. AR ƏM-in 187-ci maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Cavabdeh bu maddənin tələbini pozaraq iddiaçıdan onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş hallar barədə izahatını almamış və belə izahat verməyi iddiaçıya təklif etməmişdir. İddiaçı 01.11.2009-cu ildən qeyd olunan orta məktəbdə müəllim kimi fəaliyyət göstərib. Onunla bağlanmış əmək müqaviləsinin ləğvinə qədər intizam məsuliyyətinə cəlb olunmayıb, barəsində hər hansı intizam tənbeh tədbiri tətbiq edilməyib. Cavabdeh iddiaçıya intizam tənbehi verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini nəzərə almamış, hətta xətaya yol vermiş olsaydı belə, ona qarşı AR ƏM-in 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş daha yüngül intizam tənbehi (töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət) verə biləcəyi halda ən ağır tənbeh tədbirini tətbiq etmişdir. Cavabdeh AR ƏM-in 83-cü maddəsinin 2-ci hissəsi və 87-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrini və işçinin əmək kitabçısını 11.12.2020-ci ildə iddiaçıya təqdim etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(009)-494/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında əmək müqaviləsinin ləğvinə dair əmrdə onun guya şagirdlərin valideynlərindən məcburi qaydada pul yığması, valideynlər arasında sosial vəziyyətinə görə ayrı-seçkiliyə yol verməsi, yeni dərslikləri pul müqabilində valideynlərə verməsi barədə göstərilənlərin yalan olduğunu, məktəb direktorunun göstərişi ilə onun məktəbdəki işindən çıxarılması üçün təşkil edildiyini bildirmişdir. Belə ki, valideynlər Aytel İsmayılova, Türkan Əliyeva, Aytən Musayeva, Solmaz İsgəndərova və Fəridə Məmmədovanın iddiaçı barəsində məktəb direktoruna ünvanladıqları ərizələrin hamısının eyni tarixdə - 10.09.2020-ci ildə tərtib olunması həmin valideynlərin məhz direktorun göstərişi və diqtəsi ilə hərəkət etdikləri qənaətinə gəlməyə əsas verir. İddiaçı məktəbdə işlədiyi müddətdə sinfin bu və ya digər ehtiyacları, eləcə də şəxsi tələbatları üçün heç bir valideyndən heç vaxt pul tələb etməmiş, rəhbəri olduğu sinfin bəzi zəruri ehtiyaclarının qarşılanması (sinif otağının kosmetik təmiri, printer alınması və s.) üçün valideynlər öz təşəbbüsü ilə, onun tərəfindən məcburiyyət olmadan pul yığmış, hətta ondan şikayətçi olan valideyn Aytən Musayeva özü şəxsən könüllü olaraq bu proseslərdə iştirak etmiş, məktəbdə qeyd olunan xərclərin qarşılanmasında könüllü iştirak etmək istəyən valideynlərə maddi imkanı aşağı olan bəzi valideynlərdən pul almamağı təklif etmiş və sonradan ona məlum olmuşdur ki, həmin valideynlərdən bəziləri onun bu təklifini onların şəxsiyyətini alçaltmaq kimi qəbul etmişdir. Halbuki iddiaçının belə bir niyyəti olmamış və həmin təklifi bu valideynlərin maddi imkanını nəzərə alaraq vermişdir. Ona görə də, iddiaçının guya valideyləri maddi vəziyyətinə görə imkanlılar və imkansızlar qrupuna bölməsi barədə göstərilənlər əsassızdır. Bakı şəhəri üzrə Təhsil İdarəsi daxili araşdırmanın nəticəsi olaraq məktəbin direktoru Arzu Nəzərovaya ünvanladığı 19.10.2020-ci il tarixli 3907-02/10 №-li məktubunda “təhsil sistemində işlədiyi müddət ərzində təhsil verənlərin adına və nüfuzuna, işlədiyi təhsil müəssisəsinin, eləcə də Təhsil Nazirliyinin işgüzar nüfuzuna xələl gətirdiyinə, bununla da əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə” iddiaçının intizam məsuliyyətinə cəlb olunmağını məktəbin direktoruna tapşırmışdır. Məktəb direktoru elə həmin gün, yəni 19.10.2020-ci ildə məktəbin həmkarlar təşkilatına müraciət edərək, iddiaçının intizam məsluliyyəlinə cəlb olunma işinin müzakirəsinə münasibət bildirməyi xahiş etmiş, həmkarlar təşkilatı da növbəti gün, yəni 20.10.2020-ci ildə iddiaçını ona gündəlik barədə əvvəlcədən məlumat vermədən, şifahi dəvətlə (“gələndə biləcəksən” deməklə) çağıraraq, onun ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına tələsik razılıq vermişdir. Halbuki bu məsələnin ətraflı araşdırılması üçün həmkarlar təşkilatının 10 gün vaxtı var idi. Məktəb direktoru məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədri Sona Əliyevaya ünvanladığı 19.10.2020-ci il tarixli, 06 №-li yazılı müraciətində iddiaçının intizam məsuliyyətinə cəlb olunma işinin müzakirəsinə münasibət bildirməyi xahiş etmişdir. Həmin müraciətdə işəgötürən kimi məktəb direktorunun iddiaçı ilə bağlanmış əmək müqaviləsini ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək istəyi (niyyəti) nəzərdə tutulmamış, məktəbin HİK sədrinə ünvanlanan xahiş əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğvinə razılıq verilməsindən yox, məhz intizam məsuliyyətinə cəlb olunma işinin müzakirəsinə münasibət bildirməkdən ibarət olmuşdur. Halbuki ƏM-in 80-ci maddəsinin 2-ci hissəsinə görə həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatı həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini ƏM-in 70-ci maddəsinin “b” və “ç” bəndlərində nəzərdə tutulan hallardan hər hansı biri ilə ləğv etmək istəyən işəgötürən verir. ƏM-in 80-ci maddəsinin 2-ci hissəsinə görə təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilməli olduğu halda, qanunun bu tələbinə də əməl olunmamışdır. Göründüyü kimi, işəgötürənin - məktəb direktorunun ƏM-in 80-ci maddəsinin 2-ci hissəsinin tələblərinə cavab verən yazılı təqdimatı olmamışdır. Məktəbin HİK-in növbədənkənar iclasının 20.10.2020-ci il tarixli, 2 saylı protokolundan görünür ki, həmin iclasın gündəliyində olan məsələ ‘”Bakı Şəhəri Təhsil İdarəsi”nin 19.10.2020-ci il tarixli, 3907-02/10 nömrəli məktubunun müzakirəsi” olmuşdur. Halbuki HİK-in iclasının gündəliyində məktəb direktorunun 19.10.2020-ci il tarixli, 06 saylı yazılı müraciətinin (təqdimatının) müzakirəsi olmalı idi. Belə ki, ƏM-in 80-ci maddəsinin 2-ci hissəsinə görə həmkarlar ittifaqı təşkilatı işəgötürənin təqdimatı üzrə əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli idi. İclas protokolundan görünür ki, məktəbin HİK məktəb direktorunun 19.10.2020-ci il tarixli, 06 saylı yazılı müraciətini deyil, Bakı Şəhəri Təhsil İdarəsinin 19.10.2020-ci il tarixli, 3907-02/10 saylı məktubunu müzakirə edərək, ondan işçi ilə əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğvinə razılıq verilməsi xahiş olunmadığı halda, iddiaçının əmək müqaviləsinin bu əsasla ləğv olunmasına razılıq vermişdir. Halbuki, qeyd olunduğu kimi, həm məktəb direktorunun müraciətində, həm də hətta Bakı şəhər Təhsil İdarəsinin istinad olunan məktubunda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinə razılıq vermək xahişi olmamışdır. Məktəbin HİK-in bu mövqeyi işçilərin onların əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə könüllü birləşib yaratdıqları, işçinin əmək hüquqlarını müdafiə etməyə borclu olan həmkarlar ittifaqları təşkilatının məqsəd və vəzifələrinə ziddir (AR ƏM-in 3-cü maddəsinin 12-ci bəndi, “Həmkarlar ittifaqları haqqında” Qanunun 11-ci maddəsinin 1-ci hissəsi). İddiaçı 01.11.2009-cu ildən qeyd olunan məktəbdə müəllim kimi fəaliyyət göstərir. Əmək müqaviləsinin ləğvinə qədər intizam məsuliyyətinə cəlb olunmayıb, barəsində hər hansı intizam tənbehi tətbiq edilməyib, diaqnostik qiymətləndirilmədə dəfələrlə yüksək nəticə göstərib. Lakin cavabdeh intizam tənbehi verərkən iddiaçının şəxsiyyətini, kollektivdəki nüfuzunu, peşəkarlıq səviyyəsini nəzərə almamışdır. Hətta, iddiaçı intizam xətasına yol versəydi belə, ona qarşı ƏM-in 186-cı maddəsinin 2-ci hissəsində göstərilən daha yüngül intizam tənbehi (töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət) verə biləcəyi halda ən ağır tənbeh tədbiri tətbiq olunmuşdur. Halbuki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 19.10.2020-ci il tarixli, 3907-02/10 №-li məktubunda da iddiaçının birmənalı olaraq işdən çıxarılması deyil, ümumiyyətlə, intizam məsuliyyətinə cəlb olunması məktəb direktoruna tapşırılmışdır. İntizam məsuliyyəti isə təkcə əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğvindən ibarət deyil. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Səməd oğlu apellyasiya şikayətin müdafiə etdilər, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Bakı şəhəri Səbail rayonu E.Əliyev adına 162 №-li Tam Orta Məktəbin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 2 “ç” sinif şagirdlərinin bir qrup valideyni tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış 11 sentyabr 2020-ci il tarixli müraciəti və 162 №-li tam orta məktəbin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış 16 sentyabr 2020-ci il tarixli 259 nömrəli məktubu əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılmış, valideynlərin və İddiaçı izahatları alınmışdır. X1 rəhbərlik etdiyi 2 “ç” sinif şagirdlərinin valideynlərindən məcburi qaydada pul yığıldığı və valideynlər arasında sosial vəziyyətinə görə ayrı-seçkiliyə yol verildiyi, yeni dərsliklərin pul müqabilində valideynlərə verildiyi, sinif otağı üçün alınmış printerin müəllimin evində saxlanıldığı, iddiaçı tərəfindən ayrı-seçkiliyə yol verilərək 13 nəfər valideyndən ibarət “Mənə aid” adlı whatsup qrupu yaratması məsələsi ilə bağlı təhsilalanların valideynləri ilə əsassız mübahisələr yaratdığı məlum olmuşdur. Bakı şəhəri 162 nömrəli tam orta məktəbin müəllimi İddiaçı 2 “ç” sinfinə rəhbərlik etdiyi müddətdə hərəkətləri ilə təhsilverənlərlə valideynlər arasında və valideynlərin öz aralarındakı münasibətlərin gərginləşərək, qeyri-sağlam formaya çevrilməsi nəticəsində normal tədris mühiti pozulmuş və 2 “ç” sinfində təhsil alan 7 nəfər şagird Ayan Rəvanlı, Əli Məmmədov, Səidə Əliyeva, Elmar Xankişiyev, Renat İsgəndərli, Ayan İsmayılova və Fidan Musayeva məktəbin müvafiq əmri ilə 2 “b” sinfinə yerdəyişmə etmişlər. Bundan əlavə, İddiaçı ayrı-seçkiliyə yol verərək 13 nəfər valideyndən ibarət “Mənə aid” adlı votsap qrupu yaratması məsələsi ilə bağlı təhsilalanların valideynləri ilə əsassız mübahisələr edərək, 2 “ç” sinif valideynlərinin hər birinin daxil olduğu “2-ci sinif” adlı votsap qrupunda valideyn Aytən Musayevanın ünvanına qeyri-etik ifadələr işlətmişdir. Beləliklə, İddiaçı yol verdiyi hərəkətləri ilə təhsilverənlərin adına və nüfuzuna, təhsil müəssisəsinin, eləcə də, Təhsil Nazirliyinin işgüzar nüfuzuna xələl gətirmiş, təhsil qanunvericiliyinin tələblərini və təhsilalanların hüquqlarını pozmuşdur. Vəzifə səlahiyyətlərini aşaraq əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 162 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı intizam məsuliyyətinə cəlb olunma işinin müzakirəsi ilə əlaqədar müvafiq həmkarlar ittifaqı təşkilatının razılığının alınması məqsədilə, 19.10.2020-ci tarixli, 06 nömrəli məktubla əmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. Həmkarlar İttifaqı Komitəsindən Bakı şəhəri 162 nömrəli tam orta məktəbə 20.10.2020-ci il tarixli, 07 nömrəli məktub daxil olmuşdur. Məktubda 20.10.2020ci il tarixdə Bakı şəhəri 162 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin iclasının BŞTİ-nin məktubuna əsaslanaraq Həmkarlar İttifaqı komitəsinin növbədənkənar heyət iclası çağırılması və məsələnin iclasda müzakirə edilməsinə razılıq verilmişdir. 20.10.2020-ci il tarixində keçirilən iclasda heyət üzvləri iştirak etmiş və Bakı şəhəri 162 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı öz vəzifə funksiyalarını yerinə yetirmədiyinə, mövcud qanunvericiliyin tələblərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. İclas bitməmiş İddiaçı pedaqoji işçilərin etik davranış qaydalarını pozaraq, qapını çırparaq iclası tərk etmişdir. Həmin gün iddiaçının valideyni (atası) və həyat yoldaşı direktorun otağına gələrək, etik qaydalara riayət etmədən onu təhqir etmişdir. 27.10.2020-ci il tarixində məktəbin 2 “ç” sinfinin rəhbəri İddiaçı zəng vurularaq bildirilmişdir ki, əmək kitabçası yazılıb, hazırdır və gəlib götürə bilər. Lakin İddiaçı “mənim hələ əmək kitabçasına ehtiyacım yoxdur” deyə bildirmişdir. 11.12.2020-ci il tarixində İddiaçı əmək kitabçasını götürmək üçün məktəbə gələrək, heç kimə demədən yuxari mərtəbəyə qalxmışdır. Məktəbin direktor səlahiyyətlərini müvəqqəti əvəz edən kimi o, İddiaçı əmək kitabçasını təqdim edən zaman İddiaçı etik davranış qaydalarına riayət etməyərək “Bu işi belə qoymayacağam, mənim işdən çıxmağıma səbəb olan, barmağı olan hər kəslə görüşəcəm. Sizi və sizin kimiləri Allaha həvalə edirəm” kimi kobud ifadələr işlətmişdir. Məktəbin həmkarlar ittifaqının sədri Sona Əliyevanı işarət barmağı ilə hədələyərək kobud ifadələr işlədərək təhqir etmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq, onunla bağlanmış əmək müqaviləsi əmək qanunvericiliyinin tələblərinə uyğun ləğv edilmişdir. Xahiş etdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(009)-494/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, işdə olan Bakı şəhəri Səbail rayonu 162 saylı tam orta məktəb üzrə 20.10.2020-ci il tarixli, 24 №-li əmrdən görünür ki, Bakı şəhəri 162 saylı tam orta məktəbin 2 “ç” sinif şagirdlərinin bir qrup valideyni tərəfindən Bakı Şəhəri üzrə Təhsil idarəsinə ünvanlanmış 11 sentyabr 2020-ci il tarixli müraciət və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış 16 sentyabr 2020-ci il tarixli 259 nömrəli məktubu əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılmışdır. Müraciətdə və məktubda Bakı şəhəri 162 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı tərəfindən rəhbərlik etdiyi 2 “ç” sinif şagirdlərinin valideynlərdən məcburi qaydada pul yığıldığı və valideynlər arasında sosial vəziyyətinə görə ayrı-seçkiliyə yol verildiyi, yeni dərsliklərin pul müqabilində valideynlərə verildiyi, sinif otağı üçün alınmış printerin müəllimin evində saxlanıldığı göstərilmişdir. Bakı şəhəri 162 nömrəli tam orta məktəbin müəllimi İddiaçı 2 “ç” sinfinə rəhbərlik etdiyi müddətdə hərəkətləri ilə təhsil verənlərlə valideynlər arasında və valideynlərin öz aralarındakı münasibətlərin gərginləşərək, qeyri-sağlam formaya çevrilməsi nəticəsində normal tədris mühiti pozulmuş və 2 “ç” sinfində təhsil alan 7 nəfər şagird Ayan Rəvanlı, Əli Məmmədov, Səidə Əliyeva, Elmar Xankişiyev, Renat İsgəndərli, Ayan İsmayılova və Fidan Musayeva məktəbin müvafiq əmri ile 2 “b” sinfinə yerdəyişmə etmişlər. Bundan əlavə, İddiaçı ayrı-seçkiliyə yol verərək 13 nəfər valideyndən ibarət “Mənə aid” adlı votsap qrupu yaratması məsələsi ilə bağlı təhsil alanların valideynləri ilə əsassız mübahisələr edərək 2 “ç” sinif valideynlərinin hər birinin daxil olduğu “2-ci sinif” adlı votsap qrupunda valideyn Aytən Musayevanın ünvanına qeyri-etik ifadələr işlətmişdir. Beləliklə, Bakı şəhəri 162 nömrəli tam orta məktəbin müəllimi İddiaçı yol verdiyi hərəkətləri ilə təhsil verənlərin adına və nüfuzuna, təhsil müəssisəsinin, eləcə də Təhsil Nazirliyinin işgüzar nüfuzuna xələl gətirmiş, təhsil qanunvericiliyinin tələblərini və təhsil alanların hüquqlarını pozmuşdur. Vəzifə səlahiyyətlərini aşaraq əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə uyğun olaraq Bakı şəhəri 162 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi ilə əlaqədar müvafiq həmkarlar ittifaqı təşkilatının razılığının alınması məqsədilə, 19.10.2020-ci tarixli, 06 nömrəli məktubla Bakı şəhəri 162 nömrəli tam orta məktəb tərəfindən Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. Göstərilənlərlə əlaqədar Həmkarlar İttifaqı Komitəsindən Bakı şəhəri 162 nömrəli tam orta məktəbə 20.10.2020-ci il tarixli, 07 nömrəli məktub daxil olmuşdur. Məktubda 20.10.2020-ci il tarixdə Bakı şəhəri 162 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin iclasının keçirildiyi və Bakı şəhəri 162 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı öz vəzifə funksiyalarını yerinə yetirmədiyinə, mövcud qanunvericiliyin tələblərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verildiyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək funksiyalarını lazımi qaydada icra etmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Bakı şəhəri 162 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi 20 oktyabr 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsi 70-cimaddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri 162 nömrəli tam orta məktəb tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış 16.09.2020-ci il tarixli, 259 nömrəli təqdimatdan görünür ki, 01.11.2009-cu ildə məktəbə ibtidai sinif müəllimi təyin olunan İddiaçı barəsində 2 “ç” sinfinin valideynləri Məmmədova Fəridə, Musayeva Aytən, Əliyeva Türkan, İsmayılova Aytel, İsgəndərova Solmaz, Xankişiyeva Nüşabə, Rəvanlı Mənzər tərəfindən şikayət ərizələri daxil olmuşdur. Valideynlər ərizələrində yazıb bildirmişlər ki, bu müəllim dəfələrlə müxtəlif ad altında onlardan pul tələb etmişdir. Müəllimə hətta sinifi iki yerə bölərək “imkansızlar” və “imkanlılar” qrupuna ayırmışdır. Dövlətin məktəbə verdiyi kitabları “imkanlılara” pulla satmış, “imkansızlara” isə köhnə kitabları vermişdir. Əlavə pul yığaraq printer almış, lakin valideynlər bu printeri görməmişlər və bildirmişlər ki, printeri evində saxlayır. Təmir adı altında onlardan pul tələb etmişdir. Valideynlərə “mən 40 manatlıq yox, 50 manatlıq müəlliməyəm” demişdir. 2019-2020-ci tədris ili ərzində müxtəlif bayram və tədbir adı altında onlardan pul tələb etmişdir. Bu məsələni araşdırıb, İddiaçı haqqında qanuna müvafiq qərar verilməsi xahiş olunmuşdur. İş materiallarında olan 162 saylı tam orta məktəbin 2 “ç” sinfinin valideynləri Fəridə Məmmədova, Solmaz İsgəndərova, Aytən Musayeva, Aytel İsmayılova, Türkan Əliyeva tərəfindən tərtib olunmuş 08.09.2020-ci il tarixli aktdan görünür ki, sinif rəhbəri İddiaçı məktəbdən kənar xərclər tələb edir. Sinfə əlavə printer alır, təmirə pul yığılır, bayramlardada onlardan pul tələb etmişdir. Məktəb açılmamış sinifdə nələr lazımdır, nələr lazım deyil şərtlər kəsir. Həmçinin sinfi iki yerə bölərək iki whatsup qrupu, yəni imkanlılar və imkansızlara ayırmışdır. Valideyn komitəsi valideynləri məcbur edərək müəllimənin istəklərini yerinə yetirir. Onları whatsup qrupunda “imkansızsan” deyərək təhqir edir. Ona görə də, bu müəllimə barəsində ciddi tədbir görülməsi xahiş olunur. İş materiallarında olan ünvan 5 ünvanlanmış 19.10.2020-ci il tarixli, 3907-02/10 nömrəli məktubundan görünür ki, Bakı şəhəri 162 saylı tam orta məktəbin 2 “ç” sinif şagirdlərinin bir qrup valideyni tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış 11 sentyabr 2020-ci il tarixli müraciət və 162 saylı tam orta məktəbin Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış 16 sentyabr 2020-ci il tarixli, 259 nömrəli məktub əsasında Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfndən xidməti araşdırma aparılmışdır. Müraciətdə və məktubda Bakı şəhəri 162 saylı tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı tərəfindən rəhbərlik etdiyi 2 “ç” sinif şagirdlərinin valideynlərindən məcburi qaydada pul yığıldığı və valideynlər arasında sosial vəziyyətinə görə ayrı-seçkiliyə yol verildiyi, yeni dərsliklərin pul müqabilində valideynlərə verildiyi, sinif otağı üçün alınmış printerin müəllimin evində saxlanıldığı göstərilmişdir. ünvan 7əllimi İddiaçı 2 “ç” sinfinə rəhbərlik etdiyi müddətdə hərəkətləri ilə təhsil verənlərlə valideynlər arasında və valideynlərin öz aralarındakı münasibətlərin gərginləşərək, qeyri-sağlam formaya çevrilməsi nəticəsində normal tədris mühiti pozulmuş və 2 “ç” sinfində təhsil alan 7 nəfər şagird Ayan Rəvanlı, Əli Məmmədov, Səidə Əliyeva, Elmar Xankişiyev, Renat İsgəndərli, Ayan İsmayılova və Fidan Musayeva məktəbin müvafiq əmri ilə 2 “b” sinfinə yerdəyişmə etmişlər. Bundan əlavə, İddiaçı ayrı-seçkiliyə yol verərək 13 nəfər valideyndən ibarət “Mənə aid” adlı votsap qrupu yaratması məsələsi ilə bağlı təhsilalanların valideynləri ilə əsassız mübahisələr edərək, 2 “ç” sinif valideynlərinin hər birinin daxil olduğu “2-ci sinif” adlı votsap qrupunda valideyn Aytən Musayevanın ünvanına qeyri-etik ifadələr işlətmişdir. Beləliklə, ünvan 7əllimi İddiaçı yol verdiyi hərəkətləri ilə təhsil verənlərin adına və nüfuzuna, təhsil müəssisəsinin, eləcə də, Təhsil Nazirliyinin işgüzar nüfuzuna xələl gətirmiş, təhsil qanunvericiliyinin tələblərini və təhsil alanların hüquqlarını pozmuşdur. Ona görə də, təhsil sistemində işlədiyi müddət ərzində təhsil verənlərin adına və nüfuzuna işlədiyi təhsil müəssisəsinin, eləcə də Təhsil Nazirliyinin işgüzar nüfuzuna xələl gətirdiyinə, bununla da əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə, Bakı şəhəri 162 nömrəli tam orta məktəbin müəllimi İddiaçı intizam məsuliyyətinə cəlb olunması, analoji halların gələcəkdə təkrarlanmaması məqsədilə müvafiq tədbirdərin görülməsi və nəticəsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat verilməsi tapşırılmışdır. İş materiallarından görünür ki, İddiaçı 12.10.2020-ci il tarixdə izahat alınmışdır. İş materiallarında olan 162 saylı tam orta məktəbin direktoru tərəfindən məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədri Sona Əliyevaya ünvanlanmış 19.10.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri 162 saylı tam orta məktəbin 2 “ç” sinif şagirdlərinin bir qrup valideyni tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış 11 sentyabr 2020-ci il tarixli müraciət və 16 sentyabr 2020-ci il tarixli 259 nömrəli məktubla əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfndən xidməti araşdırma aparılmışdır. 01.11.2009-cu il tarixdən Bakı şəhəri 162 saylı tam orta məktəbdə ali təhsilli ibtidai sinif müəllimi işləyən İddiaçı haqqında rəhbərlik etdiyi 2 “ç” sinfinin şagirdlərinin valideynlərindən məcburi qaydada pul yığıldığı və valideynlər arasında sosial vəziyyətinə görə ayrı-seçkiliyə yol verildiyi, yeni dərsliklərin pul müqabilində valideynlərə verildiyi, sinif otağı üçün alınmış printerin müəllimin evində saxlanıldığı aşkarlanmışdır. Məlim olmuşdur ki, İddiaçı cari tədris ilinin əvvəlində votsap vasitəsi ilə “Mənə aid”qrup yaratmış və həmin qrupa özünün seçdiyi 14 nəfər valideyn arasında olan söhbətləri onlara aid olacağını bildirmişdir. Həmçinin qrupda olan valideynlərin övladlarına 5 manat pul müqabilində yeni dərsliklər verəcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq ünvan 7əllimi İddiaçı intizam məsuliyyətinə cəlb olunması işinin müzakirəsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 162 saylı tam orta məktəbin Həmkarlar Komitəsinin növbədənkənar iclasının 20.10.2020-ci il tarixli iclasının protokolundan görünür ki, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna, işində yol verdiyi səhlənkarlığa görə və Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktubuna əsaslanaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına icazə verilir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmiş və bu əsaslardan biri kimi də işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi halı nəzərdə tutulmuşdur. ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşin hallarını tədqiq edərək, kollegiya hesab edir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan əsaslarla həyata keçirilmişdir. Qanunun göstərilən normasına əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirən hərəkətləri elə hərəkətlər hesab olunur ki, onlar hüquqi şəxsin işgüzar nüfuzuna mənfi rəy verilməsinə gətirib çıxarır. Bu hal mötəbərliyinə şübhə edilməyən, məktəbin pedaqoji heyəti tərəfindən, valideynlər tərəfindən imzalanmış aktlarla, valideynlər tərəfindən yazılmış ərizələrlə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair arayışla sübut olunur. Qeyd edilən hallara dair cavabdehin təqdim etdiyi dəlilləri məhkəmə kifayət hesab etmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, ünvan 7əllimi İddiaçı 2 “ç” sinfinə rəhbərlik etdiyi müddətdə təhsilalanların valideynləri arasında sosial mənşəyinə görə ayrıseçkiliyə yol verməməli olduğu halda, 13 nəfər valideyndən ibarət “Mənə aid” adlı votsap qrupu yaradaraq həmin qrupda sinif otağının təmiri məqsədi ilə pul yığımını həyata keçirmiş, habelə qrupda olan 12 nəfər valideynin övladını pul müqabilində yeni dərsliklərlə təmin etmişdir. Bununla da, müəllim İddiaçı tərəfindən yol verilmiş hərəkətlər səbəbindən təhsil verənlə valideyn və valideynlərin öz arasındakı münasibətlərin gərginləşərək qeyri-sağlam formaya çevrilməsi nəticəsində normal tədris mühiti pozulmuş və 2 “ç” sinfində təhsil alan 7 nəfər şagird Ayan Rəvanlı, Əli Məmmədov, Səidə Əliyeva, Elmar Xankişiyev, Renat İsgəndərli, Ayan İsmayılova və Fidan Musayeva məktəbin müvafiq əmri ilə 2 b sinfinə yerdəyişmə etmişlər. Həmçinin məhkəmə tərəfindən sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, İddiaçı ayrıseçkiliyə yol verərək 13 nəfər valideyndən ibarət “Mənə aid” adlı whatsup qrupu yaratması məsələsi ilə bağlı təhsilalanların valideynləri ilə əsassız mübahisələr edərək, 2 “ç” sinif valideynlərinin hər birinin daxil olduğu “2-ci sinif” adlı whatsup qrupunda valideyn Aytən Musayevanın ünvanına “şərəfsiz, ləyaqətsiz” kimi qeyri-etik ifadələr işlətmiş, habelə valideyn Aytən Musayeva ilə mübahisəsi zamanı votsap vasitəsi ilə şəxsi mesajla sonuncunun övladı şagird Fidan Musayevanın ünvanına “Mən Fidana keçdiyim dərsə görə, əziyyətimə görə halallıq vermirəm” ifadəsini yazmışdır. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq ümumi təhsil sahəsində təhsilalanların hüquqlarına aiddir. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06.11.2014-cü il tarixli, 1/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”na əsasən müəllim peşə vəzifəsini yerinə yetirərkən qəərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsibiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşır, əsassız mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik nümayiş etdirir. Müəllim peşə fəaliyyəti dövründə maraqların toqquşmasına yol vermir və vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmir. Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir. Müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir. Müəllim valideyn və ya digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmalıdır. Müəllim hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır. Yalnız peşə fəaliyyətini həyata keçirərkən deyil, bütün hallarda münaqişələrə və mübahisələrə yol verməməli, problemlərin həllinə, münaqişələrin qarşısını almağa çalışmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olunmuşdur ki, İddiaçı yol verdiyi hərəkətləri ilə təhsilverənlərin adına və nüfuzuna, təhsil müəssisəsinin, eləcə də, Təhsil Nazirliyinin işgüzar nüfuzuna xələl gətirmiş, təhsil qanunvericiliyinin tələblərini və təhsilalanların hüquqlarını pozmuşdur. Məhkəmə iclasında eləcə də müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbləri nəzərə alınaraq, Həmkarlar İttifaqı Komitəsinin razılığı da alınmışdır. Beləliklə, İddiaçı yol verdiyi əmək pozuntusu işdə olan sübutlarla təsdiq olunduğundan kollegiya hesab edir ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsi əsası olmuşdur. ƏM-nin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən ƏM-nin 300-cü maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozmamış, ƏM-nin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl olunmuşdur. Buna görə də, iddia tələbi əsassızdır, iddia tərəfinin izahatında və apellyasiya şikayətinin dəlilində istinad etdiyi digər hallar isə mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsaən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(009)- 494/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4583/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4583/2021
19.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver