Məhkəmə qərarları › İş №2(103)-4584/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4584/2021

29.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4584/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh ASC-nə qarşı “artıq işlədiyi iş saatlarının əvəzinin ödənilməsi, pulun tutulması və əmrin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı “artıq işlədiyi iş saatlarının əvəzinin ödənilməsi, pulun tutulması və əmrin ləğv olunması” tələbinə dair iddia ərizəsi, tərəflərin (nümayəndələrinin) məhkəmə iclasına gəlməmələri əsası ilə baxılmamış saxlanılmış, həmin qərardaddan iddiaçının verdiyi şikayət isə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iclası barədə ona bildiriş göndərilməmiş, məhkəmə isə bunu nəzərə almadan iddia ərizəsini baxılmamış saxlamışdır. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından, iddia ərizəsinin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edildiyi, xx xxxxxx 2020-ci il tarixdə hazırlıq iclası keçirilərək işə baxılmasının xx xxxxxx 2020-ci il tarixinə təyin olunduğu və bu barədə iddiaçının iddia ərizəsində göstərdiyi telefon nömrəsinə SMS-bildiriş, habelə ünvanına məktub göndərilməklə məlumat verildiyi, lakin ölkədə tətbiq edilən karantin rejimi səbəbilə işə baxılmasının xx.xx.2021-ci il tarixinə təxirə salındığı, bununla bağlı iddiaçıya SMS-bildiriş və məktub göndərildiyi, bu tarixdə də tərəflər (nümayəndələri) gəlmədiklərindən iclasın xx.xx.2021-ci il tarixinə təxirə salındığı, həmin tarixdə tərəflər (nümayəndələri) gəlmədiklərindən mübahisələndirilən qərardadın qəbul edildiyi aydın olur; bu isə o deməkdir ki, iddia ərizəsinin baxılmamış saxlanılması üçün Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsas mövcud olmuşdur – hansı ki, həmin normaya görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Bununla belə kollegiya iddiaçıya izah edir ki, o, məhkəməyə getməməsinin üzrlü səbəblərdən baş verdiyinə dair sübutlar təqdim etməklə müvafiq qərardadın ləğvini və işə baxılmasını xahiş edə bilər. Belə ki, Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsində, iddiaçı və ya cavabdehin məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edildikdə, məhkəmənin bu Məcəllənin 259.0.6-cı və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv etmək səlahiyyətinin olduğu nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-773/2021 saylı iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar