Məhkəmə qərarları › İş №2(103)-4585/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4585/2025

16.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4585/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər:əmrin ləğv, işə bərpa, müddətli əmək müqaviləsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9 Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3067/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilə 2 (iki) ay müddətinə bağlanmışdır.

2. Xidmət üçün müraciətlə bağlı bildirişə əsasən müəyyən edilir ki, işəgötürən Cavabdeh MMC işçi İddiaçı xx.xx.2025-ci il tarixdə elektron qaydada bildiriş göndərməklə əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq etmişdir.

3. İşəgötürən Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmrinə əsasən müəyyən olunur ki, İşçi İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir.

4. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, yəni, xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Cavabdeh MMC ilə bağlanılmış müddətli əmək müqaviləsi əsasında Sumqayıt şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində isə əmək fəaliyyəti ilə bağlı iddiaçıya hər hansı irad və nöqsan tutulmamışdır. İddiaçı uzun müddətdir səhəti ilə bağlı müxtəlif tibb məntəqələrində və reabilitasiya mərkəzlərində müalicələr alır və gündəlik həyati əhəmiyyətli dərmanlar qəbul edir. Tibbi sosial Ekspert komissiyasının qərarı ilə iddiaçıya ömürlük üçüncü dərəcəli əlillik dərəcəsi verilmişdir və iddiaçının əlill olmağı barədə işlədiyi müəssisə rəsmi qaydada məlumatlandırılmışdır. Sumqayıt şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işlədiyi müddət ərzində gündəlik işdə olmağı ilə əlaqədar işə davamiyyət jurnalına imza edilirdi və iddiaçı xx.xx.2025-ci il tarixədək hər gün davamiyyət jurnalına imza etməklə işləmişdir. Nəhayət xx.xx.2025-ci il tarixdə iddiaçı işə gəldikdə onun Cavabdeh MMC tərəfindən işdən azad edilməyi və bu səbəbdən artıq işə buraxılmayacağı bildirilmişdir. Bunun səbəblərini aydınlaşdırarkən məlum olmuşdur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində faktiki işyerində əmək fəaliyyəti göstərməyinə baxmayaraq cavabdeh təşkilat iddiaçını 13 fevral 2025-ci il tarixdə işdən azad etmişdir. Lakin iddiaçıya xx.xx.2025-ci il tarixədək heç bir məlumat verilməmişdir. Belə ki, Cavabdeh MMC iddiaçının Sumqayıt şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsindən qanunsuz olaraq azad edilməyi barədə 13 fevral 2025-ci il tarixli, 3- 17-7/3-4-1009/2025 saylı əmr vermiş və bu əmr iddiaçıya rəsmi qaydada 26 fevral 2025-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh MMC-nin 13 fevral 2025-ci il tarixli, 3-17- 7/3-4-1009/2025 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən müddətin qurtarması ilə işdən azad edilmişdir. Fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı qanunverciliyin tələblərinə uyğun olaraq cavabdehlərə “əmrin ləğv edilməsi, işə bərpa, məburi iş buraxmağa görə əmək haqqının və digər xərclərin ödənilməsinə dair” mediasiya prossesinin tətbiqi ilə bağlı təklif göndərilmiş, daha sonra isə aidiyyatı təsdiq edici sənədlərlə ilkin mediasiya sessiyası üçün ərizə Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət etmişfit. Bakı 18 saylı Mediasiya Təşkilatı tərəflərə bildiriş göndərərək xx.xx.2025-ci il tarixdə İMS-yə dəvət edilmişdir. Lakin keçirilmiş İMS-də tərəflər arasında heç bir razılıq əldə edilmədiyindən Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli MŞB/18/2025-00224 müvafiq arayış verilmiş və mediasiya sessisyasının keçirilməsi ilə bağlı 60 manat xərclər iddiaçı tərəfindən ödənilmişdir. Aşağıdakı əsaslara görə Cavabdeh MMC iddiaçının 13 fevral 2025-ci il tarixli, 3-17-7/3-4-1009/2025 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən müddətin qurtarması ilə işdən azad edilməyi qanunsuz olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsi xx.xx.2024-cü il tarixdən dəyişdirildiyindən və iddiaçı bundan sonra xx.xx.2025-ci il tarixdə işdən azad edildiyindən ona münasibətbdə qanunverciliyin yeni dəyişikliyi tətbiq edilməlidir. Yəni Cavabdeh MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndi ilə İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xitam verməsi üçün müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməsi imperativ formada şərtləndirilmişdir. Lakin Cavabdeh MMC iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bir həftə əvvəlcədən xəbərdar etmədiyindən müqaviləyə müddətin bitməsi ilə əlaqədar xitam verilməsi tamamilə əsassız olmuşdur.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3067/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. 8.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC tərəfindən icra olunan "İşsizin DOSTu” proqramına əsasən işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında sonuncu dəfə xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, Biləsuvar rayon Kommunal müəssisələr Kombinatında Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 2 ay müddətə nəzərdə tutulmuş, 2 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə il sonunadək uzadılması şərti qeyd edilmişdir. Beləliklə, həmin müqavilə əsasında tərəflər müqavilə münasibətlərini işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edildiyi 2025-ci ilin fevral ayınadək davam etdirmişlər. Lahiyənin mahiyyətindən irəli gələn xüsusatlar nəzərə alınmaqla və müqavilənin müddətinin bitməsinə əsaslanmaqla işçinin əmək müqaviləsinə işəgötürənin əmri ilə xitam verilmişdir. Əmək müqaviləsinin müddəti bitdiyi halda, həmçinin dövlət müəssisələrində işləyən işçi işçi 65 yaşına çatdıqda əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsas hüquqlarından biridir. Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə üzrə işəgötürən MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır. Lakin, müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır. Lakin, hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Nəzərə alınır ki, hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Məhkəmə nəzərə almışdır ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, yəni, xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Onunla əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası əsası ilə xitam verilsə də (rəsmiləşdirilsə də), işçinin bir neçə ay öncə 65 yaşına çatması xüsusatı nəzərə alınır. Yəni, işçi 65 yaşına çatdıqda işəgötürənin işçi ilə əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Odur ki, hazırki mübahisə üzrə işçinin əmək müqaviləsinə xitam verilməsi qanuni hesab edilir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının elektron kabinetinə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmiş, həmçinin işçinin əmək funksiyalarını icra etdiyi müvafiq quruma mail (e-poçt) vasitəsilə xx.xx.2025-ci il tarixli məlumat göndərilməklə iddiaçının əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. İddiaçı isə özünün deməsinə görə əmək müqaviləsi mövcud olmadan əsassız olaraq xx.xx.2025- ci il tarixədək əmək funksiyalarını icra etmişdir, lakin, bu halın özü belə mülki iş üzrə sübuta yetirilmir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8.3, 10-1.1, 10-1.2, 10-1.3, 10-1.6, 42, 45, 46, 68.1, 68-ci maddəsinin 2-ci hissəsinin “a” və “b” bəndi, 73-cü maddəsinin 1 və 2-ci hissələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsi mülki iş üzrə araşdırmaya verilmiş maddi sübutlara düzgün hüquqi qiymət verməmiş və sonda iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən Cavabdeh MMC ilə bağlanılmış müddətli əmək müqaviləsi əsasında Sumqayıt şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyir. İşlədiyi dövr ərzində isə əmək fəaliyyəti ilə bağlı ona hər hansı irad və nöqsan tutulmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, uzun müddətdir o, səhhəti ilə bağlı müxtəlif tibb məntəqələrində və reabilitasiya mərkəzlərində müalicələr alır və gündəlik həyati əhəmiyyətli dərmanlar qəbul edir. Belə ki, Tibbi sosial Ekspert komissiyasının qərarı ilə ona ömürlük üçüncü dərəcəli əlillik dərəcəsi verilmişdir və iddiaçının əlil olmağı barədə işlədiyi müəssisə rəsmi qaydada məlumtlanıdırılmışdır. Bütün bunların qarşılanması isə onun yeganə qazanc yeri olan həmin iş yeri olmuşdur və hazırda yuxarıda qeyd olunan ünvanda kirayə evdə yaşayır. Sumqayıt şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işlədiyi müddət ərzində gündəlik işdə olmağı ilə əlaqədar işə davamiyyət jurnalına imza edilirdi və iddiaçı xx.xx.2025-ci il tarixədək hər gün davamiyyət jurnalına imza etməklə işləmişdir. Nəhayət xx.xx.2025-ci il tarixdə iddiaçı işə gəldikdə onun Cavabdeh MMC tərəfindən işdən azad edilməyi və bu səbəbdən artıq işə buraxılmayacağı bildirilmişdir. Bunun səbəblərini aydınlaşdırarkən məlum olmuşdur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində faktiki işyerində əmək fəaliyyəti göstərməyinə baxmayaraq cavabdeh təşkilat onu 13 fevral 2025-ci il tarixdə işdən azad etmişdir. Lakin, iddiaçıya xx.xx.2025-ci il tarixədək heç bir məlumat verilməmişdir. Belə ki, Cavabdeh MMC iddiaçının Sumqayıt şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsindən qanunsuz olaraq azad edilməyi barədə 13 fevral 2025-ci il tarixli, 3-17-7/3-4-1009/2025 saylı əmr vermiş və bu əmr ona rəsmi qaydada 26 fevral 2025-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh MMC iddiaçının 13 fevral 2025-ci il tarixli, 3-17-7/3-4- 1009/2025 saylı əmrlə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən müddətin qurtarması ilə işdən azad edilməyi qanunsuz olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsi xx.xx.2024-cü il tarixdən dəyişdirildiyindən və iddiaçı bundan sonra xx.xx.2025-ci il tarixdə işdən azad edildiyindən ona münasibətbdə qanunverciliyin yeni dəyişikliyi tətbiq edilməlidir. Yəni Cavabdeh MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” maddəsi ilə İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xitam verməsi üçün müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməsi imperativ formada şərtləndirilmişdir. Lakin Cavabdeh MMC iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bir həftə əvvəlcədən xəbərdar etmədiyindən müqaviləyə müddətin bitməsi ilə əlaqədar xitam verilməsi tamamilə əsassız olmuşdur. Bundan əlavə yuxarıda qeyd etdiyi kimi onun barəsində ömürlük əlillik dərəcəsi təyin edildiyindən və Sumqayıt Reabilitasiya Mərkəzi PHŞ-də müalicə almağı səbəbi ilə ümumiyyətlə iddiaçıya bağlanılmış əmək müqaviləsinə xitam verilməsində üstünlük hüququ verir və belə bir vəziyyətdə bağlanılmış müqaviləyə xitam verilməsini qanunvercilik qadağan edir. Eyni zamanda birinci instansiya məhkəməsinin əsaslandırmalarına münasibətdə bildirir ki, 65 yaş tamam olmuş işçi ilə əmək münasiətlərinin davam etdirilməməsi Əmək qanunvericiliyində imperativ qaydada nəzərdə tutulmamışdır. Həmçinin onun əlillik dərəcəsinin olması hazırkı situasiyada iddiaçının işdən azad edilməyini qanunverici istisna edir və Əmək Məcəlləsinin 79.3-cü maddəsinin təsir dairəsinə düşür. Həmin norma da işçinin işdən azad edilməsini qadağan edir. Digər tərəfdən Məhkəmə iddiaçının işdən azad edilməyi ilə cavabdehin hərəkətlərini qanuniləşdirmək üçün qətnaməsini bu tədbirlərin dövlət sosial yönümlü xərclərinin azaldılması kimi absurt bir yanaşma nümayiş etdirmişdir. Belə ki, iddiaçının həmin işlə təmin edilməyi elə dövlətin sosial bir tədbiridir və insanların rifah halını yüksəldilməsinə hesablanıb. Lakin məhkəmənin çıxardığı qətnamə dövlətin sosial proqramına dəstək olmaq əvəzinə bu proqramdan yararlanan insanları zəlil günə salmağa xidmət edir. Sual olunur, belə bir qətnaməni verən hakim eyni aqibətlə üzləşsə və ailənin yeganə maddi gəliri həmin iş yeri olsa, aldığı həmin məvacibi əlil kimi yalnız dərman peraparatlarının yarısını almağa kifayət etsə nə hisslər keçirər. Ona görə də məhkəmə qətnamə çıxararkən işin insani və vicdani tərəflərinə yox öz şəxsi formal mülahizələrinə əsaslanmışdır. Bundan əlavə məhkəmənin iddiaçının əvvəlcdən xəbərdar edilməyi ilə bağlı yanaşması da düzgün olmamışdır. Çünki onun işdən azad edilməyi ilə bağlı işəgötürən tərəfindən heç bir halda məlumatlandırılmamış və bunun əksini sübut edəcək dəlillər iş materiallarında mövcud deyildir. Həmçinin məhkəmənin “İddiaçı isə özünün deməsinə görə əmək müqaviləsi mövcud olmadan əsassız olaraq xx.xx.2025- ci il tarixədək əmək funksiyalarını icra etmişdir, lakin, bu halın özü belə mülki iş üzrə sübuta yetirilmir” qənaəti tamamilə qanunsuz olmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixə işə çıxmağı ilə bağlı işə davamiyyət jurnalını materiallara əlvə etmişdir və həmin günlərdə imzaları vardı. "xxxx" MMC-nin iddiaçı ilə bağlanılmış müqavilə şərtlərinə zidd şəkildə müqavilə müddəti başa çatmadan əmək münasibətlərinə xitam verməsi hüququndan sui istifadə kimi qiymətləndirilməlidir. Mülki iş materiallarından göründüyü kimi cavabdeh tərəf Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən iddiaçı ilə əmək münasibətlərinə xitam vermişdir və məhkəmə bunu düzgün qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh MMC (direktor müavini Emil İsmayılov) elektron kabinet vasitəsi ilə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək İddiaçı apellyasiya şikayətinin rədd edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli e- 2(004)-3067/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdmişdir.

13. Etiraz onunla əsaslanıdırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prenzidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019-2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yararlanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin Dostu” proqramına başlanılmışdır. Həmin proqram Cavabdeh MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. İddiaçılə Cavabdeh MMC arasında xx.xx.2020- ci il tarixində əmək müqaviləsi bağlanılaraq Sumqayıt şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1ci bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş xx.xx.2025-ci il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq onunla Mərkəz arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmiş və son haqq-hesabı ödənilmişdir. Həmçinin Cavabdeh MMC tərəfindən işçinin əmək funksiyalarını icra etdiyi Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə mail (e-poçt) vasitəsilə xx.xx.2025-ci il tarixli məlumat göndərilməklə iddiaçının əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Cavabdeh MMC tərəfindən icra olunan "İşsizin Dostu” proqramına əsasən işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 2 ay müddətə nəzərdə tutulmuş, 2 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə il sonunadək uzadılması şərti qeyd edilmişdir. Həmin müqavilə əsasında tərəflər müqavilə münasibətlərini lahiyənin mahiyyətindən irəli gələn xüsusatlar nəzərə alınmaqla və müqavilənin müddətinin bitməsinə əsaslanmaqla cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edildiyi günədək davam etdirmişlər. Əmək müqaviləsinin müddəti bitdiyi halda, həmçinin dövlət müəssisələrində işləyən işçi işçi 65 yaşına çatdıqda əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsas hüquqlarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.1-ci maddəsi dövlət büdcəsindən maliyyələşən müəssisələrdə son çalışma müddətini qəti olaraq 65 yaş müəyyən edib. Həmin Məcəllənin 10-1.2-ci maddəsi isə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işçinin çalışma müddətinin hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzadıla bilməsini işəgötürənin vəzifəsi deyil, hüququ kimi müəyyən edib. Yəni, sözügedən norma müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə, habelə nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxsə, 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq, bütövlükdə 5 ilədək uzatmaq hüququ verir. Həmçinin məhkəmə nəzərə almalıdır ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, yəni, xx.xx.2025-ci il tarixdə 66 yaşı tamam olmuşdur. Onunla əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilsə də (rəsmiləşdirilsə də), işçinin 1 il öncə 65 yaşına çatması xüsusatı nəzərə alınır. Yəni, işçi 65 yaşına çatdıqda işəgötürənin işçi ilə əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Odur ki, hazırki mübahisə üzrə işçinin əmək müqaviləsinə xitam verilməsi qanunidir. Əlavə olaraq bildirir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə həmin dövrdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. İddiaçı özü də əvvəlcədən onunla müddətli əmək müqaviləsi bağlanılmasına razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir. Yalnız onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra müqavilə üzrə maddi hüquq normalarının pozulmasına istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinə görə (maddə 73.1) müddətli əmək müqaviləsinin uzadılmasının tərəflərin iradə ifadə etməsindən əlavə cəmi bir yolu vardır. Yəni işçi heç bir etiraz olmadan müddətli əmək müqaviləsi müddəti bitməsindən sonra da əvvəl olduğu kimi maneəsiz işləməlidir və işəgötürən bu hala etiraz etməməlidir. Bu halda müqavilə uzadıla bilər. Qanunverici müqavilənin uzadılmasının digər halını müəyyən etməmişdir. Yuxarıda göstərilən hal müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi baxımından da yolverilməzdir. Belə ki, iddia təmin edildiyi halda məhkəmə işəgötürənin üzərinə öhdəlik qoyur ki, işçi ilə yenidən müqavilə bağlasın. Halbuki müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi bazar iqtisadiyyatının ən ümdə prinsiplərindən biridir. b) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etmədi, şikayətə qarşı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65dir. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Maddə 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Maddə 10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 46. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Maddə 68. 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər Maddə 68. 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 73. 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, yəni, xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. İşəgötürən Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmrinə əsasən işçi İddiaçı ilə müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir.

24. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati təlabatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilib.

25. Əmək münasibətləri dedikdə - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).

26. Nəzərə alınmalıdır ki, əmək hüququ - işçi ilə işəgötürən arasında heç bir ayrıseçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir.

27. Məlum olduğu kimi Əmək Məcəlləsinin 10-1-ci maddəsi “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 17 may 2011-ci il tarixli Qanuni ilə Əmək Məcəlləsinə əlavə edilmişdir və həmin norma dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə həsr olunub.

28. Sözügedən normada, habelə Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində göstərilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

29. Həmçinin normanın qeyd hissəsində göstərilir ki, burada “müvafiq dövlət orqanının rəhbəri”-nin səlahiyyətlərini müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxs həyata keçirir. Burada “müvafiq dövlət orqanı” dedikdə- müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanı nəzərdə tutulur.

30. Göründüyü kimi Əmək Məcəlləsinin 10-1-ci maddəsində hər hansı müddətli əmək müqaviləsinin bağlanmasından və ya onun uzadılmasından deyil, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin işəgötürən tərəfindən hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzadıla bilməsindən bəhs olunur, yəni həmin norma əslində işçi ilə yeni müddətli əmək müqaviləsinin bağlanmasını və ya onun uzadılmasını deyil, müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin işəgötürən tərəfindən hər dəfə 1 ildən çox olmayaraq, 5 ilədək uzadıla bilməsinin mümkünlüyünü tənzimləyir. Başqa sözlə, Əmək Məcəlləsinin 10-1-ci maddəsi həmin Məcəlləyə sonradan əlavə edilmiş xüsusi bir normadır və bu norma dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətini müəyyən edir. Yəni, Əmək Məcəlləsinin 10- 1.2-ci maddəsində nəzərdə tutulan “hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzadıla bilən müddət” üçün işçi ilə işəgötürən arasında yeni müddətli əmək müqaviləsinin bağlanması tələb olunmur və işəgötürən sadəcə olaraq əmək müqaviləsi üzrə müəssisədə çalışan işçisinin 65 yaşına çatmasını nəzərə alaraq, onun müəssisədə çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq uzada və ya uzatmaya bilər.

31. Əmək Məcəlləsinin 10-1.1-ci maddəsi, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə son çalışma müddətini qəti olaraq 65 yaş müəyyən edib. Həmin Məcəllənin 10-1.2-ci maddəsi isə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işçinin çalışma müddətinin hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzadıla bilməsini işəgötürənin vəzifəsi deyil, hüququ kimi müəyyən edib. Yəni, sözügedən norma müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə, habelə nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxsə, 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq, bütövlükdə 5 ilədək uzatmaq hüququ verir.

32. Göründüyü kimi sözügedən normada dövlət büdcəsindən maliyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı “hər dəfə 1 ildən çox olmayaraq” söz birləşməsindən istifadə olunur, yəni qanunverici işəgötürənə bu haqqı tanıyarkən onun üzərinə həm də 65 yaşına çatmış işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmək iqtidarında olub-olmadığını yoxlamaq öhdəliyi qoyur.

33. Belə qənaətə gəlmək olar ki, işəgötürən əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi və işçinin müəssisədə çalışmasının son yaş həddinə çatması ilə əlaqədar xitam verib.

34. Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinin mənasına görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər.

35. Göründüyü kimi, işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndində nəzərdə tutulan əsasla xitam verilməsi üçün iki şərtin eyni vaxtda mövcud olması tələb olunur: birincisi, işçi dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışmalıdır; ikincisi, işçi çalışmanın son yaş həddinə, yəni 65 yaşa çatmalıdır. Bu iki şərt mövcud olduğu halda işəgötürən, işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verə bilər. Yəni, “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın son yaş həddinə, yəni 65 yaşına çatdıqda” əmək müqaviləsinə xitam vermək (çalışma müddətinin uzadılması istisna olmaqla) işəgötürənin hüququ deyil, vəzifəsidir.

36. Belə ki, işəgötürən istəsə də dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışan 65 yaşına çatmış işçi ilə əmək münasibətlərini (çalışma müddətinin uzadılması istisna olmaqla) davam etdirə bilməz, çünki buna Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinin tələbləri yol vermir. Həmin normada imperativ qaydada göstərilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 65-dir.

37. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan hal isə, yəni 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddətinin “hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzatması” işəgötürənin hüququdur. Belə olan halda işəgötürənin Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan bu hüququ, həmin Məcəllənin 73-cü maddəsinin 1ci hissəsində göstərilən “müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası” ilə məhdudlaşdırıla və ya əlaqələndirilə bilməz (Ali Məhkəmənin 2(102)-1335/2024, xx.xx.2024-cü il tarixli üç ulduzlu qərarı).

38. Əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin eyni vaxtda olması zəruridir: birincisi, əmək müqaviləsinin müddətinin qurtarması; ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. 39.Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

40. İddiaçının elektron kabinetinə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmiş, bildirişin qeyd hissəsində əmək müqaviləsinə müddətin bitməsilə xitam veriləcəyi qeyd edilmişdir (i.v.46-47). 41.Birinci instansiya məhkəməsi də qətnaməsində qeyd etmişdir ki, iddiaçının elektron kabinetinə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmiş, həmçinin işçinin əmək funksiyalarını icra etdiyi müvafiq quruma mail (e-poçt) vasitəsilə xx.xx.2025-ci il tarixli məlumat göndərilməklə iddiaçının əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Sadəcə olaraq qətnamədə maddi normalar sadalanarkən Əmək Məcəlləsinin 73.1-ci maddəsi əvvəlki versiyada qeyd edilmişdir. 42.Qətnamədə maddi norma olaraq Əmək Məcəlləsinin 73.1-ci maddəsi köhnə versiyada qeyd edilməsinə baxmayaraq işə baxan məhkəmə Əmək Məcəlləsinin qüvvədə olan 73.1-ci maddəsinə uyğun şəkildə araşdırma apararaq qətnaməsini əsaslandırdığından kollegiya hesab edir ki, formal əsaslara görə qətnamə ləğv edilə bilməz.

43. Kollegiya həmçinin apellyatorun 3-cü dərəcə əlil olması ilə əlaqədar Əmək Məcəlləsinin 79.3-cü maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə qeyd olunan əsasla xitam verilməsinin qanunusuz olması ilə bağlı dəlilini də əsassız hesab edirək qeyd edir ki, Əmək Məcəlləsinin “Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” başlıqlı” 79-cu maddəsinin 3-cü bəndinə əsasən müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

44. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1ci maddəsinə əsasən işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X5 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.

45. Göründüyü kimi Əmək Məcəlləsinin və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun istinad olunan normalarının təhlili göstərir ki, “əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər” kateqoriyasına 1. reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslər və 2. həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilər daxildir.

46. Qanunverici bu qadağanı məhdud dairədə tətbiq etmiş, bütün əlilliyi olan şəxsləri bu kateqoriyaya daxil etməmişdir. Başqa sözlə, ümumi xəstəlik səbəbindən əlilliyi olan şəxslərin əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi qanunvericiliklə qadağan olunmamışdır.

47. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu mayinəyə dair məlumatın verilməsi barədə Çıxarışın surətindən görünür ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizi 40%, üçüncü dərəcəli əlil olmaqla, əlillik səbəbi – ümumi xəstəlikdir. (i/v – 5)

48. İş materiallarında olan Sumqayıt Reabilitasiya Mərkəzi PHŞ-nin X2 surətindən görünür ki, İddiaçı resbilitasiya mərkəzinə daxil olduğu tarix: xx.xx.2023 cü il, evə buraxıldığı tarix isə xx.xx.2023-cü il tarix olmuşdur. (i/v – 13)

49. Göründüyü kimi iddiaçının əlilliyi ümumi xəstəlikdən qaynaqlanmaqla əlilliyinin iddiaçının işlədiyi müəssisədə bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirməsi və ya peşə xəstəliyinə tutulması nəticəsində əmələ gəlməsi müəyyən edilmir. Həmçinin iddiaçının reabilitasiya mərkəzində olduğu tarix xx.xx.2023 cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə etsə də onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. 50.Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, əmrin ləvği və iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi barədə iddia tələbi əsassız olduğundan həmin tələbdən törəmə xarakter daşıyan məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi tələbinin də təmin edilməsinə əsas yaranmamışdır.

51. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

52. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3067/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar