Məhkəmə qərarları › İş №2(103)-4587/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4587/2025

17.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4587/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4587/2025 (Açar sözlər: mənzilə köçürülmə; mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mülkiyyətçinin mənzilə köçürülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(011)-4033/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 17 sentyabr 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13 A saylı evin 59 saylı mənzilindən Cavabdeh ailə üzvləri və əşyaları ilə birlikdə məcburi çıxarılmaqla mənzilin boşaldılaraq ona təhvil verilməsi və mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13 A saylı evin 59 saylı mənzilini 28 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında satıcı Cavabdeh 65000 manata almışdır, müqavilənin 11-ci bəndinə əsasən satıcı xx.xx.2023-cü il tarixinədək mənzili iddiaçının sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Lakin dəfələrlə qarşı tərəfə bildirsə də cavabdeh iddiaçının mülkiyyəti olan mənzili boşaltmamış, mənzili ona təhvil verməmişdir, aradan uzun zaman keçməsinə baxmayaraq iddiaçı mənzilini təhvil ala bilməmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 4033/2025 saylı qətnaməsi ilə (hakim Leyla Şövkətli-Mənsimli) iddia tələbi qismən təmin edilərək, Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13a saylı evin 59 saylı mənzilindən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13a saylı evin 59 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi və iddaçı İddiaçı həmin mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 223.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baxmayaraq ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13 A saylı evin 59 saylı mənzili barəsində bağlanmış 28 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsi mövcuddur, məhkəmə mənzilin müqavilədə yazılmış dəyərinə nəzər salanda müəyyən etməli idi ki, həmin müqavilə cavabdehin iradəsinə zidd olmaqla onun mənafeyini ciddi şəkildə pozduğu üçün KMP-nin qərarının tələblərinə əsasən məhkəmə həmin müqaviləni etibarsız hesab edərək iddia tələbini rədd etməli idi. Sözügedən alqı-satqı müqaviləsi formal olaraq bağlanmış, əslində, cavabdeh mənzili iddiaçıya satmamışdır. Cavabdehin mənzilinin bazar dəyəri təxmini 200.000 manata yaxın bir məbləğdir. Cavabdeh iddiaçından sələmə pul götürmüş, iddiaçı həmin sələmə götürülən məbləğin qarantı olaraq formal alğı-satqı müqaviləsi bağlanmasına cavabdehi məcbur etmiş, cavabdeh də vacib pula ehtiyacı olduğu üçün məcbur qalıb həmin müqaviləni imzalamışdır. Cavabdeh tərəfindən aylıq sələm məbləğləri ödənilsə də (bununla bağlı ödəniş qəbzi və şahid təqdim olunacaqdır), iddiaçı məcburi şəkildə bağlanılmasına nail olduğu müqavilədən sui-istifadə edərək, cavabdehə məxsus mənzili ələ keçirmək məqəsədilə hazırki iddianı irəli sürmüşdür. Alqısatqı müqaviləsinə nəzər yetirəndə aydın olur ki, bazar dəyəri təxmini 200.000 manata yaxın mənzilin dəyəri 65000 manat yazılmışdır ki, bu da cavabdehin son dərəcədə əlverişsiz şəraitdə məcburiyyət qarşsında qalaraq həmin müqaviləni bağlamasını təsdiq edir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

7. İddiaçı apelyasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Rеspublikası Kоnstitusiyası.

10. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

11. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

13. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

14. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

15. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

16. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

17. Maddə 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir.

18. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

19. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

20. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

31. Belə ki, iş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında X1 məxsusdur.

32. Bakı şəhəri 23 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə bağlanmış alqısatqı müqaviləsindən görünür ki, ünvan 1 Cavabdeh tərəfindən İddiaçı satılmışdır, müqavilənin 11-ci bəndinə əsasən satıcı, Cavabdeh xx.xx.2023-cü il tarixinədək mənzili alıcı İddiaçı sahibliyinə verməyi öhdəsinə götürmüşdür.

33. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh 5 gün müddətində mənzili mülkiyyətçisinə təhvil vermədiyi halda iddiaçı məhkəməyə müraciət olunacağını bildirmişdir.

34. Beləliklə, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətinə xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsinə əsasən keçmişdir. Cavabdeh ilə iddiaçı arasında indi və ya əvvəllər hansısa qohumluq münasibətləri mövcud olmamış, cavabdeh öz iradəsi ilə mənzili iddiaçının adına özgəninkiləşdirmiş və nəticədə hər hansı faktiki və ya hüquqi əsası olmadan mübahisəli mənzildə yaşamağa davam etmişdir.

35. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

36. İşin mübahisəsiz halıdır ki, hazırki iş üzrə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və onun mülkiyyət hüquqlarına hansısa formada xitam verilməmiş, bu mülkiyyətin əsasında isə iddiaçının məhz elə cavabdehlə bağladığı alqı-satqı müqaviləsi durmuşdur.

37. Cavabdeh isə öz mövqeyini onunla əsaslandırmışdır ki, həmin müqavilə onun iradəsinə və mənafeyinə zidd olaraq, formal əsaslara söykənməklə bağlanmışdır və məhkəmənin həmin müqavilə üzrə iddiaçının mülkiyyət hüququnun mövcudluğuna istinad etməsi əsassızdır. Qeyd edilən arqumentə münasibətdə kollegiya aşağıdakıları qeyd edir.

38. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.

39. Ali Məhkəmənin sözügedən qərardadında da göstərildiyi kimi digər əqdlərə söykənən iddialara baxılan zaman həmin əqdin etibarlılığının da yoxlanılması məhkəmələrin vəzifəsi olsa da, əşya hüququ institutu bundan fərqli olmaqla tərəflər arasında daha köklü və reyestrin mötəbərliyi prezumpsiyasına söykənir. Bu səbəbdən də şəxsin həmin hüququ ayrıca qaydada mübahisələndirilmədiyi halda istər məhkəmə, istərsə də digər subyektlər üçün öz qüvvəsini saxlayır.

40. Hazırki işdə də cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olması və formal əsaslara söykənməsinə istinad etsə də, sözügedən arqumentlər hazırki məhkəmə araşdırmasının predmeti deyildir və nə qədər ki, cavabdeh tərəfindən bu və ya digər əsaslarla həmin əqd mübahisələndirilməmişdir, bu halda iddiaçının da həmin əqdin əsasında əldə etdiyi mülkiyyət hüququ öz toxunulmazlığını qoruyub saxlayır.

41. Bununla da bir daha təsdiq olunur ki, İddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarını bu və ya digər formada şübhə altına alan hal aşkarlanmamışdır.

42. Kollegiya növbəti olaraq işə tətbiq olunmalı mülki hüquq normasının müəyyənləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirilməyi zəruri hesab edir.

43. Hazırki işin hallarından da göründüyü kimi mübahisəli mənzil əvvəllər cavabdehə məxsus olmuş, xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmişdir. Cavabdeh isə həmin vaxtdan sonra da yenə də iddiaçıya məxsus mənzildə yaşamağa davam etmişdir.

44. Göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibəti 2009-cu ildən sonra yaranmışdır. Ona görə də qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2009-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.

45. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilir ki, Yaşayış sahəsi mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini müddəaları tətbiq edilməlidir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 oktyabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

47. Həmçinin yuxarıda qeyd edilən Plenum Qərarında Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin 2-ci cümləsində qeyd edilən “digər qohumlar” ifadəsinə aydınlıq gətirilərək qeyd edilmişdir ki, “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyytçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

48. İşin mübahisəsiz halıdır ki, iddiaçı və cavabdeh arasında indi və ya əvvəllər hər hansı qohumluq münasibətləri olmamışdır və onlar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 16 oktyabr 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq onun Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan “ailə üzvləri” anlayışına daxil olan şəxs deyillər. Bu isə o deməkdir ki, cavabdeh iddiaçının mülkiyyəti olan mənzildə hər hansı qanuni əsas olmadan yaşamaqla iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmuşdur.

49. Məhkəmə kollegiyası qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir.

50. Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəsilində (13-cü maddə) mülkiyyətə ayrıca yer ayrılması ölkə qanunvericiliyinin bu seqmentə olan əhəmiyyətli yanaşmasının təzahürüdür. Həmçinin ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) mülkiyyət hüququ nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.

51. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

52. Məhkəmə kollegiyası cavabdehin mübahisəli mənzili özbaşına zəbt edib orada yaşamasını iddiaçının mülkiyyət hüququna qəsd kimi qiymətləndirərək hesab edir ki, mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Buna görə də birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

54. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

56. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Kollegiya hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu onların özünə aid edilməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-4033/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar