Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4589/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1987/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı X1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 20.000 ABŞ dolları məbləğində borc almış, borcu xx.xx.2018-ci il tarixinədək qaytarmağı öhdəlik olaraq üzərinə götürmüşdür. Həmin tarixli ipoteka müqaviləsinə əsasən borc öhdəliyinin təminatı olaraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolu küçəsi, ev 39, 22 saylı mənzil ipoteka ilə yüklü edilmişdir.
2. Abşeron rayon RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısının xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Cavabdeh barəsində şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasını rədd edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 20.000 ABŞ dolları məbləğində pul vəsaitinin (ödədiyi günün məzənnəsinə uyğun olaraq) və dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən 18.400 ABŞ dolları məbləğində pul vəsaitinin (ödədiyi günün məzənnəsinə uyğun olaraq) və 190 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh 2018-ci il may ayının əvvələrində ondan iş qurmaq məqsədi ilə 20.000 ABŞ dolları (34.000 manat) pul vəsaitini borc olaraq istəmişdir. O, aralarında olan qohumluq əlaqələrinə görə köməklik göstərməyi qərarı almış və cavabdeh ona mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evini girov qoyub pul götürməsini və həmin pul borcunu qısa müddətdə qaytaracagını, mənzilin də qısa müddətdə girovdan azad edəcəyini vəd etmişdir. Cavabdeh sözü gedən məbləği 3 ay müddətində qaytaracağını bildirmişdir. Lakin borcun 1.600 ABŞ dollarını qaytarsa da, qalan 18.400 ABŞ dolları qaytarmamışdır. Dəfələrlə cavabdehdən aldığı 20.000 ABŞ dolları pul vəsaitinin qaytarılması tələb edilsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. Daha sonra bu məsələ Abşeron rayon Polis İdarəsində araşdırılmış və mülki xarakterli olması səbəbi ilə ”cinayət işinin başlanımasına rədd edilməsi” qərarı verilmiş, lakin aidiyyatı polis orqanı araşdırması zamanı cavabdehin ondan həmin pul vəsaitini alması və qaytarmaması faktları öz təsdiqini tapmışdır.
6. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1987/2023 nömrəli qətnaməsi ilə (hakim G.V.Babazadə) iddianın qismən təmin edilməsi, Cavabdeh 17.280 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 142 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yaranan münasibətlər borc münasibətləri olsa da, qanunvericiliyin tələbinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, borc verən İddiaçı borcalan Cavabdeh 20.000 ABŞ dolları məbləğində borc pul verdiyini bildirir. Cavabdeh isə iddiaçının ona borca 20.000 manat məbləğində pul verdiyini bildirir. Məhkəmə borcun həqiqətən də verilməsinə dair hissədə bu halı cavabdehin qismən etirafı, yəni 20.000 manat məbləğində pulun borc verilməsi kimi qiymətləndirir. Hərçənd iddiaçı borcun manatla deyil, dollarla verildiyini bildirsə də bunu sübut edə bilməmişdir. İddiaçı 1.600 ABŞ dolları borcun cavabdeh tərəfindən qaytarıldığını bildirmişdir. Məhkəmə iddiaçının bu hissədə etirafını nəzərə alaraq qeyd edir ki, 1.600 ABŞ dolları manat məzənnəsi ilə, yəni 1600x1.70=2720 manat pulun cavabdeh tərəfindən qaytarılması işin mübahisəsiz halıdır.
9. Məhkəmə iclasında dinlənilərək araşdırılmış cd-disklərə münasibətdə məhkəmə qeyd etmişdir ki, səs yazılarından cavabdehin borcunun olması müəyyən edilsə də iddiaçı tərəfindən cavabdehə hansı məzənnə ilə, dəqiq hansı məbləğdə pul verməsi aydın deyildir və səs yazılarından cavabdehin borcunu qaytaracağına söz verdiyi aydın olur.
10. Məhkməmə şahid ifadəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq verdiyi cavabından da müəyyən olunur ki, şahid F.Məhərrəmovun onunla yaxın münasibətləri vardır. İddiaçının və şahidin bildirməsindən də aydın olur ki, şahid F.Məhərrəmovun iddiaçı ilə aralarında keçmiş xüsusatlarla bağlı hazırda da gərgin münasibətlər mövcuddur. Bu səbəbdən şahid F.Məhərrəmovun məhkəməyə vermiş olduğu ifadə borcun ödənilməsi ilə bağlı mötəbər sübut kimi qiymətləndirilməməlidir.
11. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 20.000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, cavabdeh iddiaçının ona borc olaraq 20.000 manat pul verdiyini etiraf etmişdir. Ona görə də, tərəflər arasında bağlanmış 20.000 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 20.000 manat puldan qaytardığı 2.720 manat pul çıxılmaqla qalıq 17.280 manat məbləğində pulu ona geri qaytarmalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1, 740.1, 740.2, 337.1, 337.4, 337.5-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan borc pul vəsaiti alması faktını inkar etmir və o, iddiaçıdan ilk dəfə 10.000 manat aldığını (iddiaçının girov müqavilində 15.000 ABŞ dolları təxminən 25.500 manat faizlə götürdüyü puldan), ikinci dəfə isə iddiaçının yenidən girov müqabilində götürdüyü 10.000 ABŞ dollarından (təxminən 17.000 manat) 10.000 manat pul aldığını və nəticədə 20.000 manat pul borcunu faizi ilə birlikdə, cəmi 26.000 manat borc olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh 2018-2021 aralığında 2000, 2200, 2500 manat ödənişlər həyata keçirmiş və əlavə olaraq 2021-ci ilin mart ayınadək 3.300 manat vəsaiti müxtəlif banklar vasitəsilə iddiaçıya ödəmiş, 2021-ci ilin mart ayında 10.000 manat borcu qalmışdır. Cavabdeh Füzuli adlı şəxsə birinci dəfə 6.000 manat, ikinci dəfə isə 4.000 manat ödəməklə, ümumilikdə 20.000 manat borc müqabilində 26.000 manat ödəniş həyata keçirmişdir. İddiaçı 18.400 ABŞ dolları məbləğində pul vəsaitinin (ödədiyi günün məzənnəsinə uyğun olaraq təxminən 31.000 manat) ödənilməsi barədə qətnamənin çıxarılması tələbində olsa da, 17.280 (on yeddi min iki yüz səksən) manat Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi qərarla razılaşa bilər? Məhkəmə həmin məbləği 10.000 manat olaraq da müəyyən etsə idi, iddiaçı bu məbləğlə razılaşacaqdır. Çünki cavabdehin onsuz da iddiaçıya heç bir ödənilməmiş borcu yoxdur. İkinci maraqlı məqam isə 6.000 və 4.000 manat pulun X3 vasitəsilə göndərilməsi faktının nəzərə alınmamasıdır. İddiaçı öz xalası qızına verdiyi borcun məbləği 3.000 manatdan yuxarı olmasına və özünün də hüquqşünas olaraq bunu gözəl bilməsinə baxmayaraq niyə Mülki Məcəllənin tələblərinə riayət etməmişdir? 2018-ci ilin may ayının əvvəllərində şəxslər arasında olan sövdələşmədə cavabdehin borc məbləğini 3 ay müddətində geri qaytaracağı öhdəliyi onun üzərinə qoyulmuşdur. 3 ay müddət bitdikdən sonra iddiaçı borcun ödənilmədiyini görmüş və onun hüquqi tədbirlərə əl atması müddəti həmin vaxtdan başlanmışdır. Beləliklə də, iddaçının öz hüququnun pozulduğunu bildiyi vaxt 2018-ci ilin avqust ayından etibarən iddia müddəti başlanmışdır. 2021-ci ilin avqust ayında həmin iddia müddətinin son vaxtıdır. Lakin iddaçı 2023-cü ilin əvvəllərində onun pulu ödənildiyi halda yenə də öz hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. İddia müddətinin axımının dayanması ilə bağlı hər hansı faktiki hala rast gəlinmir. İddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı da hər hansı fakt öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsində Füzuli Məhərrəmov şahid qismində dindirilmiş, lakin cavabdehlə onun tanışlığı olduğu əsas gətirilərək, onun ifadəsi mötəbər sübut kimi qiymətləndirilməmişdir. Fizuli adlı şəxslə cavabdehin 2022-ci ilin sonlarından etibarən münasibəti olmuşdur. 2021-ci ildə iddiaçıya borcları qaytararkən Fizuli iddiaçının FHN-nin yaxınlığında yerləşən ofisində köməkçisi vəzifəsində çalışmışdır. Daha sonra iddiaçı ilə aralarında anlaşılmazlıq olmuş və bununla da o, adıçəkilən şəxsin ofisindən ayrılmaq məcburiyyətində qalmışdır. Məhkəmə nəzərə almamışdır ki, şahidin vermiş olduğu ifadənin məsuliyyətinin ağırlıq və yüngüllük dərəcəsi onun münasibətinin yaxın və ya uzaq olmasından asılı deyil. Şahidin vermiş olduğu ifadə digər sübutlarla öz təsdiqini tapmırsa və bilə-bilə yalan məlumat verirsə məsuliyyətini nəzərdə tutan müvafiq maddələrlə hüquq mühafizə orqanlarına vəsatət verilməlidir. Birinci istansiya məhkəməsi şahidə bu iltizamı imzaltdırıb and içdirsə də, məhkəmə olaraq qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir. Ortada heç bir borc müqaviləsinin olmamasına baxmayaraq birinci instansiya məhkəməsinin əlavə heç bir sübuta dayanmadan qəbul etdiyi qətnamə işin tam və hərtərəfli həlli üçün araşdırılmadan çıxarılmış bir qərardır. Belə ki, məhkəmə cavabdehin 20.000 manat məbləğində borc pul aldığı faktından irəli gələrək həmən 20.000 manatdan iddiaçının ödədiyini qeyd etdiyi 1.600 ABŞ dolları vəsaitini çıxaraq yekunda həqiqəti əks etdirməyən bir qərar qəbul etmişdir. Bu zaman sual yarana bilər ki, məhkəmə 17.280 manat pul vasitəsinin ödənilməsi barədə qətnaməni hansı əsasa dayanaraq qəbul etmişdir. Niyə məhz 17.280 manat? Başqa bir baxılmalı olan məsələ isə cavabdehin qeyd etdiyi X2 məhkəmədə şahid qismində tanınmamağı mövzusudur. Füzuli Məhərrəmovun ifadəsi iş üçün ən mötəbər sübut olacaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, Abşeron Rayon Polis İdarəsində vəkilsiz izahat vermiş, təhqiqatçı ona bildirmişdir ki, onun dediyi formada izahat yazmalıdır. Bununla bağlı təhqiqatçıdan 102 xidmətinə şikayət də etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, apellyasiya şikayətini ona görə verməmişdir ki, xalası onun anasından bunu xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Füzuli Məhərrəmovun isə onunla ədavəti var. Cavabdehi bacısı bildiyi üçün onunla yazılı formada borc müqaviləsi bağlamamışdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətinin məzmununa əsasən cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmanılıdır.
24. Belə ki, iddiaçı cavabdehə 2018-ci ilin may ayında 20.000 ABŞ dolları məbləğində borc verdiyini, həmin məbləğdən cavabdeh tərəfindən 1.600 ABŞ dolları qaytardığını bildirir.
25. Cavabdeh Abşeron rayon RPİ-nin Təhqiqat Şöbəsində cavabdeh verdiyi yazılı izahatında göstərmişdir ki, o, 2018-ci ilin axırlarından başlayaraq 2020-ci ilin əvvəllərinə qədər 1 il yarım ərzində bəzi aylar istisna olmaqla mütəmadi olaraq hər ay 2000-2200- 2500 arası iddiaçıya pul ödəyirdi. Ümumiyyətlə il yarım müddət ərzində götürdüyü pula görə əsas borc və faiz borcu olaraq iddiaçıya 26.000 manat ödəmişdir. Halbuki, ondan cəmi 20.000 manat pul götürmüşdür.
26. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında borc münasibətləri qanunvericiliyin tələbinə uyğun olaraq yazılı formada rəsmiləşdirilməsə də, cavabdeh iddiaçıdan 20.000 manat məbləğində pulun borc olaraq aldığını izahatında etiraf etmiş, lakin həmin məbləğin qaytarılması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir.
27. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, cavabdeh iddiaçının ona borc olaraq 20.000 manat pul verdiyini etiraf etmişdir. Ona görə də, tərəflər arasında bağlanmış 20.000 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 20.000 manat puldan qaytardığı 2.720 manat pul çıxılmaqla (1.600 ABŞ dolları manat məzənnəsi ilə) qalıq 17.280 manat məbləğində pulu ona geri qaytarmalıdır.
28. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının tələbi üzrə iddia müddətinin keçdiyini bildirsə də, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq iddia müddətinin tədbiqi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılanadək ərizə təqdim etməmiş, buna görə də iddia müddətinin keçib-keçmədiyi məsələsinə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.
29. Kollegiya cavabdehin şahid Füzuli Məhərrəmovun ifadəsinin mötəbər sübut kimi qiymətləndirilməməsi dəlilinə münasibətdə isə qeyd edir ki, şahid ifadəsində 2021-ci ildə cavabdeh tərəfindən ona iddiaçıya çatdırılması üçün 6.000 və 4.000 manat olmaqla, cəmi 10.000 manat pulun verildiyini və həmin pulun iddiaçıya ödənildiyini bildir. Halbuki, cavabdeh təhqiqat şöbəsində verdiyi yazılı izahatında bildirmişdir ki, pulu iddiaçıya 2018-ci ilin axırlarından başlayaraq 2020-ci ilin əvvəllərinə qədər 1 il yarım ərzində ödəmiş, həmin izahatında 2021-ci ildə hər hansı məbləğin iddiaçıya ödənildiyini bildirməmiş və Füzuli Məhərrəmovun adını hallandırmamışdır. Həmin yazılı izahat cavabdeh tərəfindən imzalanmış və orada göstərilənlər mübahisələndirilməmişdir.
30. Göründüyü kimi, şahidin bildirdikləri ilə cavabdehin bildirdikləri üst-üstə düşmür və belə olan halda şahid ifadəsinin mötəbərliyi şübhə doğurur.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1987/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən cavabdeh tərəfindən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov