Məhkəmə qərarları › İş №2(103)-459/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-459/2024

01.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-459/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X4 X11nə qarşı mülki iş üzrə (Açar sözlər: “tərəflərin razılığı ilə bağlanmış müddətli əmək müqaviləsi, əmrin ləğvi, işə bərpa, kompensasiyanın ödənilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X4 X11n nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2114/2023 saylı, 11 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X4 X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı xx.xx.2008-ci il tarixli, K-06 nömrəli əmr ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yanında X1 sektoruna məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2009-cu il tarixli, LK-01 nömrəli əmr ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yanında X1 ləğv edilmiş və “Dövlət qulluğu” haqqında Qanunun 33.1.2-ci maddəsinə əsasən (hüquqi şəxsin ləğvi) bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2009-cu il tarixli, K-01 nömrəli əmr ilə X1 Şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2011-ci il tarixli, K-05 nömrəli əmr ilə şəraitin dəyişdirilməsi ilə əlaqədar olaraq Maliyyə əməliyyatları şöbəsinin məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixli, K-20 nömrəli əmr ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzinin strukturuna uyğun olaraq Hərracların Təşkili şöbəsinin səhmlərinin satışı üzrə pullu hərracların təşkili sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixli, K-09 nömrəli əmr ilə “Dövlət qulluğu” haqqında Qanunun 21.1.6-cı maddəsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X3 Təşkili şöbəsinin səhmlərin satışının təşkili sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2016-cı il tarixli əmr ilə “Dövlət qulluğu” haqqında Qanunun 29.2-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Mərkəzin 1 saylı zona bölməsinin baş məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixli əmr ilə “Dövlət qulluğu” haqqında Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2021-ci il tarixli, 30 nömrəli əmr ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 X11 1 saylı zona bölməsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, K-006 nömrəli əmr ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddəti bitdiyi üçün tutduğu vəzifədən azad edilmişdir.

2. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 X11nin işəgötürəni X9 ilə İddiaçı arasında X11n 1 saylı zona bölməsinin baş mütəxəssisi təyin edilməsi barədə 1 ay müddətinə əmək müqaviləsi bağlanmış, işə başlama tarixi xx.xx.2021 il tarixdən hesablanmışdır.

3. X4 X11n xx.xx.2021-ci il tarixli, 30 əmri ilə İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 X11 1 saylı zona bölməsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə təyin edilməsi əmr edilmişdir.

4. X4 X11n xx.xx.2023-cü il tarixli, K-006 əmri ilə X4 X11n 1 saylı zona bölməsinin baş mütəxəssisi İddiaçı xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddəti bitdiyi üçün tutduğu vəzifədən azad edilmiş və bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti və X4 X11nə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 Xidməti göstərilməklə) qarşı əmrin ləğv edilməsi, işə bərpa və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X4 X11 tərəfindən Əmək Məcəlləsinin 68 maddəsinin “b” bəndinə əsasən verdiyi əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, onun öz işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə işə bərpa edildiyi günə qədər müvafiq əmək haqqının hesablanaraq ona ödənilməsi, cavabdeh tərəfindən ona mənəvi zərər əvəzi kimi 20000 manat kompensasiya ödənilməsi, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətindən müəssisənin ləğvi ilə əlaqədar ona ödənilməli olan əmək haqqının 2 mislininin və mənəvi zərər əvəzi olaraq 50.000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Tələbdə göstərilir ki, iddiaçı xx.xx.2008-ci il tarixdən Əmlak Məsələləri Dövlət Komitəsi Hərracların Təşkili üzrə Auksion Mərkəzi X1 sektorunda məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2016-cı il tarixdən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 1 saylı Sumqayıt zona Bölməsində baş məsləhətçi vəzifəsinə keçirilmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirmiş, işdə heç vaxt qüsura yol verməmişdir. Ümumilikdə 17 il, dövlət qulluğunda isə 13 il 8 ay stajı var. Ailənin yeganə gəlir mənbəyi onun əmək haqqıdır. Övladları məktəblidir, həyat yoldaşı heç yerdə işləmir. xx.xx.2021-ci il tarixdə qeyd etdiyi müəssisənin idarə heyyətinin sədri vəzifəsinə gəldikdən sonra onu sıxışdırmağa başlamış, iş funksiyasına aid olmayan işlərin görülməsini ona məcbur etməyə başlamış, müəssisə rəhbəri öz qulluq mövqeyindən vəzifə və səlahiyyətlərindən sui-istifadə edərək dövlət müəssisəsinə aid olmayan öz şəxsi işlərinin görülməsinə və bir növ öz xidmətçisinə çevirməyə dəfələrlə cəhd etmişdir. Sədrin bu hərəkətləri onun qürurunu sındırmaq və ləyaqətini alçaltmaq məqsədi daşımışdır. Lakin bir qürurlu Azərbaycan Respublikasının sadə vətandaşı kimi müəssisə rəhbərinin şəxsi mənafeyinə xidmət edən göstərişlərinə əməl etməmiş və sonda bu hallar onun işdən azad olmasına səbəb olmuşdur. Hüquqlarının müdafiəsinə qalxaraq müəssisə rəhbərinin nizam intizama riayət etməsi məqsədi ilə bir neçə yuxarı təşkilatlara şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra yuxarı təşkilatların müəssisə rəhbərlərinin verdikləri göstərişləri əsasında Emin Rəsulov bir müddət ona dəyməmişdir. Bir müddət sonra kollektivdə müəssisə rəhbərinin ona qarşı daha da aqresiv olmasını müəyyən etmişdir. İşlədiyi dövrdə bir neçə dəfə Emin Rəsulov onu öz iş otağına çagırmış, onunla işləyə bilməyəcəyini, könüllü öz ərizəsini yazaraq işdən getməyini tələb etmişdir. Bununla razılaşmamışdır. X12 öz planının B variantı əsasında müddətli əmək müqaviləsi variantına kecərək, 1 aylıq əmək müqaviləsi bağlamış və sonra müqavilənin bitməsini əsas gətirərək 15 il çalışdığı müəssisədən uzaqlaşdırmışdır. Onunla X4 arasında bağlanmış 31 nömrəli əmək müqaviləsinin 9-cu bəndində əmək müqaviləsinə xitam verilməsini qadağan edən əsaslar göstərilmişdir. Əmək müqaviləsi bağlanarkən ona dövlət müəssisəsinin hüquqi bazası əsasında PHŞ yarandığını və müqavilələrin yeniləndiyi barədə məlumat verilərək, yeni formada müqaviləyə imza etdirmişlər. İmza edilən zaman hüquqları məhdudlaşdırılaraq, ona tez tələsik bura imza et, sənədlər toplanılır, nazirlikdə təcili müqavilələri gözləyirlər, müqavilənin tam mətni ilə tanış olmağa imkan verilməmiş, onu çaşdıraraq qeyri-müəyyən duruma salmışlar. Müqavilənin bir nüsxəsini tələb etsə də, kadırlar şöbəsi nazirlik tərəfindən müqavilələr qeydiyyata alındıqdan sonra ona veriləcəyini bildirmişdir. Bundan sonra bir necə dəfə kadrlar şöbəsinə yaxınlaşaraq əmək müqaviləsini tələb etsə də, kadrlar şöbəsi müxtəlif tarixlər deyərək və sənədlərin hələki nazirlikdə olması kimi yanlış məlumatlar verərək, gözlətdirmişdir. Bundan sonra məlumat göndərilərək müqavilə müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi bildirilmişdir. Hüquqlarının pozuldugunu və müəssisə rəhbərliyinin onu aldatdığını müəyyən etmişdir. Əmək müqaviləsinin forması dəyişərkən dəyişdirilmiş əmək müqaviləsində işəgötürənin adı dəyişdirilmiş formada qeyd edilməli və müqavilənin başqa hissələri dəyişdirilmədən mövcud olduğu şəkildə saxlanılmalıdır. Aldatma yolu ilə əmək müqaviləsinin bütövlükdə məzmununun dəyişdirilməsi qanuna ziddir və işçi olaraq bir başa hüquqlarını pozur. Hazırda aldatma yolu ilə bağlanmış müqavilə onun iradəsini ifadə etmir və qanunsuz hesab edilməlidir. İndiki durumda əmək münasibətlərinə xitam verilməsinin əsasını da bu qanunsuz müqavilə təşkil edir. Mövcud vəziyyətdə əmək müqaviləsinin məzmunu işəgötürən tərəfindən dəyişdirilmiş, quruluşu qanunvericiliyin tələblərinə əməl edilməməklə, aldatma yolu ilə iradəsinə zidd müəyyən edilmişdir. Əmək müqaviləsi onunla işəgötürən arasında müddətsiz olduğu halda işəgötürən tərəfindən aldatma yolu ilə 1 ay müddətinə bağladıgı müqavilə qanunsuz və etibarsız hesab edilməlidir. Onunla işəgötürən arasında 14 il bundan öncə bağlanmış əmək müqaviləsi işəgötürəndən tələb edilməlidir. Qanunvericiliyin tələbinə əsasən müddətsiz əmək müqaviləsi olan işçilərlə yenidən müddətli əmək müqaviləsinin bağlanılması qanunveriçiliyin tələblərinə ziddir. Müəssisə ləğv edildikdə 10 ildən çox əmək stajı olan işçilərə ən azı 9 təqvim həftəsi öncə xəbərdar edilməli və orta aylıq əmək haqqının azı 2 misli miqdarında əmək haqqı ödənilməlidir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2114/2023 saylı, 11 avqust 2023-cü il tarixli qətnaməsi (hakim Quliyev Ramin) ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 X11n xx.xx.2023-cü il tarixli, K-006 əmri ləğv edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 publik hüquqi şəxslə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 X11 tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətini belə əsaslandırmışdır ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 1 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu nöqteyi nəzərdən məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2008-ci ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi 1 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Bu zaman, əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olmasının müəyyən edilməsi üçün ayrıca tələbə zərurət yoxdur. Məhkəmə iddia tələbinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətindən müəssisənin ləgvi ilə əlaqədar ona ödənilməli olan əmək haqqının 2 mislininin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının işlədiyi müəssisə ləğv edilsə də, göründüyü kimi yeni yaranmış müəssisədə onunla yenidən əmək müqavilələri bağlanmış və iddiaçı əmək fəaliyyətini davam etdirmişdir. Məhkəmə iddia tələbinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti X4 X11ndən 20000 manat və cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətindən 50000 manat mənəvi zərərin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti X4 X11 apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddia tələbinin rədd edilməsini xahiş edib göstərir ki, Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlana bilər. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. İş materiallarından da görünür ki, iddiaçı öz razılığı ilə işəgötürənlə müqavilə bağlamışdır. Göründüyü kimi, hakim Məcəllənin bu maddəsinə əhəmiyyət verməmiş və yanlış nəticəyə gəlmişdir. İşə sədrlik edən hakim yalnız iddiaçının formal mülahizələrini əsas götürmüşdür. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçı əmək müqaviləsinin müddəti 17 fevral 2023-cü il tarixində bitmişdir. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixində xitam verilmiş, 1 həftəlik tələbi nəzərə alınmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi.

11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdi və şikayətin təmin olunmamasını xahiş etdi.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə digər cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 25. İ hissə. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47, “f” bəndi. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. “b” Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

15. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur.

16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab etmişdir. Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir.

24. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia təmin edildiyi hissədə haqlı sayılır.

25. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı cavabdeh qurumda 15 ildən artıq müddətdə müxtəlif vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə cavabdeh fəaliyyətində və idarəetmədə “mütərəqqi koorporativ idarəetmə standartları” tətbiq edib işə qəbul və başqa işə keçirilməni həmin idarəetmə standartlarına uyğun olaraq aparması xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlamamalı idi.

26. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər.

27. Hətta bu hal Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında da bir daha bir daha vurğulanmışdır. Belə ki, həmin Qərarda qeyd edilir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir və bu halda Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilir.

28. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində isə qeyd edilir ki,...Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıbbağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

29. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt - işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. İddiaçı fasiləsiz və etirazsız olaraq cavabdeh qurumda 15 il ərzində müxtəlif vəzifələrdə işləməsinə və onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olmasına və bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq işəgötürən iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır.

30. Bir sözlə, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı 15 illik əmək fəaliyyətində cavabdeh qurumda müxtəlif vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə, yəni iddiaçının yaşı və gördüyü işin daimi xarakterə malik olduğu onunla əmək müqaviləsini müddətli bağlamağı istisna edir. Ona görə də xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlanmamalıdır.

31. Əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin imperativ tələbinə uyğun olmuşdur. Əslində iddiaçının məqsədi həm də buna nail olmaq olmuşdur.

32. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2114/2023 saylı, 11 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2114/2023 saylı, 11 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar