Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4590/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(011)-2530/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində E.Cabirlinin tərtib etdiyi 12 noyabr 2020-ci il tarixli SOCAR**********10030990X01509 saylı xidməti yazının, Cavabdeh rəisi Füzuli Hacıyevin 28 dekabr 2020-ci il tarixli, SOCAR**********00070020B00239 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün bütün əmək haqlarının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh rəisi Füzuli Hacıyevin 28 dekabr 2020-ci il tarixli, SOCAR**********00070020B00239 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas Təhlükəsizlik İdarəsinin 31 saylı komandasının rəisi vəzifəsini müvəqqəti icra edən E.Cabirlinin 12 noyabr 2020-ci il tarixli SOCAR**********10030990X01509 saylı xidməti yazısı və aparılmış xidməti yoxlama materialları olmuşdur. İddiaçı tərəfindən hər hansı ciddi intizam pozuntusuna yol verilmədiyi halda, komanda rəisi vəzifəsini müvəqqəti icra edən E.Cabirlinin qərəzli məlumatı əsasında İddiaçı işdən kənarlaşdırılmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddia tələbləri əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, Təhlükəsizlik İdarəsində atıcısı vəzifəsində işləyən İddiaçı 05 noyabr 2020-ci il tarixdə 24 saylı posta təhkim olunmuş, lakin saat 14:45-də postların yoxlanılması zamanı onun postunda olmaması aşkarlanmış və qarovul rəisi onunla telefon əlaqəsi yaradıb harada olmasını soruşduqda o, ”işim var, kənardayam” deyərək saat 15:05-də taksi ilə Babək prospekti istiqamətindən postuna gəlmişdir. Bundan əvvəl 14 sentyabr 2020-ci il tarixdə posta təhkim olunmuş İddiaçı nəzarət-buraxılış məntəqəsinə daxil olan nəqliyyat vasitələrinə müvafiq qaydada yoxlama-baxış keçirmədiyinə görə və 24 sentyabr 2020-ci il tarixdə saat 02:40-da postların yoxlanılması zamanı onun postunda olmaması aşkar olunduğuna görə ona intizam tənbehi verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq almaq üçün materiallar X3 Komitəsinə göndərilmiş və müvafiq qaydada razılıq alındıqdan sonra onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(011)-2530/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə qəbul olunarkən maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(011)- 2530/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlarla müəyyən olunur ki, İddiaçı 16 yanvar 2017-ci il tarixdən 28 dekabr 2020-ci il tarixinədək Cavabdehndə atıcı peşəsində işləmişdir. 14 sentyabr 2020-ci il tarixdə posta təhkim olunmuş İddiaçı nəzarət-buraxılış məntəqəsinə daxil olan nəqliyyat vasitələrinə müvafiq qaydada yoxlama-baxış keçirmədiyinə və 24 sentyabr 2020-ci il tarixdə saat 02:40-da postların yoxlanılması zamanı postunda olmadığına, saat 03:10-da posta qayıtdığına görə ona Təhlükəsizlik İdarəsinin 09 oktyabr 2020-ci il tarixli SOCAR**********00040020A00316 nömrəli əmri ilə “aylıq əmək haqqının 15 faiz məbləğində cərimə etmək” növündə intizam tənbehi verilmişdir. Təhlükəsizlik İdarəsinin 31 saylı komandasının rəisi vəzifəsini müvəqqəti icra edən E.Cabirlinin 12 noyabr 2020-ci il tarixli SOCAR**********10030990X01509 saylı xidməti yazısından müəyyən olunur ki, 05 noyabr 2020-ci il tarixdə saat 14:45-də postların yoxlanılması zamanı 24 saylı posta təhkim olunmuş atıcı İddiaçı xidməti postunu özbaşına tərk etməsi aşkarlanmış, qarovul rəisi onunla mobil telefon vasitəsilə rabitə əlaqəsi saxlayaraq harada olması barədə soruşmuş, atıcı qarovul rəisinə “işim var, kənardayam” sözlərini bildirmiş, nəhayət saat 15:05-də atıcının “Kia Rio" markalı taksi avtomaşını ilə Babək prospekti istiqamətindən gəlməsi faktı aşkarlanmışdır. Onun bu hərəkəti Əmək Məcəlləsinin 70-ci maddəsinə (əmək funksiyasını yerinə yetirməmək) və eyni zamanda, həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə, əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrar əmək funksiyasını pozması kimi qiymətləndirilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq almaq üçün materiallar həmkarlar təşkilatına göndərilmiş və müvafiq qaydada razılıq alındıqdan sonra Cavabdeh rəisi Füzuli Hacıyevin 28 dekabr 2020-ci il tarixli, SOCAR**********00070020B00239 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı Cavabdehnə verdiyi izahatda törətdiyi intizam xətasını etiraf etmişdir. İntizam tənbehinin xətanın aşkar edildiyi gündən 1 ay keçdikdən sonra verilməsinin səbəbi İddiaçı 29 noyabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixinədək xəstə olması səbəbinə görə işə çıxmaması ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. “SOCAR-ın Təhlükəsizlik İdarəsinin hərbiləşdirilmiş mühafizə bölmələrinin xidmətini tənzimləyən qaydalar toplusu”nun 19.3.4-cü maddəsinə əsasən, əvəz edilməyincə və ya kənarlaşdırımayınca postu tərk etməmək atıcının vəzifələrindəndir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 05 noyabr 2020-ci il tarixdə təhkim olunduğu postu özbaşına tərk etməsi əmək intizamının pozuntusu kimi qiymətləndirilməklə iş yerində əmək intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. İddiaçı tərəfindən törədilmiş intizam xətası həmçinin etibarlı mühafizə xidmətinin təşkil edilməsinə maneə yaranmasına, komandada ümumi nizam-intizam səviyyəsinin aşağı düşməsinə, eləcə də işəgötürənin müqavilə üzrə sifarişçi təşkilat qarşısında işgüzar nüfuzuna xələl gəlməsinə səbəb ola bilər. İş materiallarından göründüyü kimi, İddiaçı törətdiyi intizam xətası onun əmək fəaliyyətində yeganə hal olmamışdır. Bundan əvvəl törətdiyi intizam xətasına görə o, 09 oktyabr 2020-ci il tarixli əmrlə intizam məsuliyyətinə cəlb edilərək ona əmək haqqının 15 faizi miqdarında cərimə növündə intizam tənbehi verilmiş, lakin o verilmiş intizam tənbehindən lazımi nəticə çıxarmamışdır. Göründüyü kimi, işdə olan sübutlarla Cavabdeh 31 saylı komandasının atıcısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə İdarənin rəisi Füzuli Hacıyevin 28 dekabr 2020-ci il tarixli, SOCAR**********00070020B00239 saylı əmrinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla qəbul olunması təsdiq olunmuşdur. İddiaçı isə iddia ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Buna görə də həmin əmrin və komanda rəisinin xidməti yazısının ləğv edilməsinə hər hansı bir əsas olmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(011)-2530/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4590/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4590/2021
23.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver