Məhkəmə qərarları › İş №2(103)-4591/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4591/2023

20.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4591/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzil “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Bakı Qarnizonu üzrə mənzil komissiyasının 18 yanvar 2021-ci il tarixli 22 nömrəli protokolu ilə xüsusi təyinatlı yaşayış sahəsinin 3 nömrəli 18 yanvar 2021-ci il tarixli kirayə müqaviləsi əsasında hərbi qulluqçu polkovnik Cavabdeh1 ailə üzvləri (həyat yoldaşı Cavabdeh2 qızı, oğlanları - Cavabdeh3, Cavabdeh5 və qızı Cavabdeh4) ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq-1” hərbi şəhərciyi, Şəfayət Mehdiyev küçəsi, ev 136 “A” mənzil 1 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.metr yaşayış sahəsi verilmişdir. Cavabdeh həmin ünvana pasport qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 11 avqust 2022-ci il tarixli müvafiq əmrinə əsasən polkovnik Cavabdeh1 Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Şəxsi heyətin siyahısından isə 28 sentyabr 2022-ci il tarixdən çıxarılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 yanvar 2021-ci il tarixli 3 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin başqa yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona verilən güzəşt və bütün imtiyazlardan kifayət gədər istifadə edərək Müdafiə Nazirliyinin mənzil fondundan daimi yaşayış sahəsi ilə təmin edilmiş və o, artıq yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların kateqoriyasına aid edilə bilməz. Cavabdeh mənzili boşaltmaq barədə xəbərdarlığa imza etsə də, o, mənzili boşaltmaqdan imtina edərək mənzildə təmir işləri apardığını bildirmişdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamənin 4.3-cü bəndinin tələbinə görə kirayəçi kirayə verənin razılığı olmadan yaşayış sahəsinin əsaslı təmirini və bununla bağlı hər hansı işləri apara bilməz. Cavabdeh xüsusi təyinatlı yaşayış sahəsində təmir işləri aparmaqla Əsasnamənin tələblərinin kobud şəkildə pozmuşdur. Komissiya tərəfindən mənzildə yerli baxış keçirilmiş və əsaslı təmir işlərinin aparılmaması müəyyən edilmişdir. Əsaslı təmir işlərinin aparılmasına ehtiyac olmuş olsaydı, onda kirayə verən kirayəçini və onun ailə üzvlərini təmir işlərinin aparıldığı müddət ərzində başqa yaşayış sahəsinə köçürülməli idi. Lakin, əsaslı təmir işlərinin aparılmasına ehtiyac olmadığından cavabdehlər başqa yaşayış sahəsinə köçürülməmişlər.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1589/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Babazadə) iddia qismən təmin edilmiş, Cavabdeh1 – ailə üzvləri Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ilə birlikdə başqa yaşayış sahəsi verilmədən Bakı şəhəri Yasamal rayonu Qırmızı-Şərq -1 hərbi şəhərciyi Şəfayət Mehdiyev küçəsi 136A saylı evin 1 saylı mənzilindən çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə öz mövqeyini Mənzil Məcəlləsinin 98.1, 98.2, 99.1-99.2, 101.1-ci və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3, 12ci maddələrinə, eləcə də “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1, 1.13, 5.2, 5.7- 5.11-ci bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kirayəyə verən üzərinə düşən vəzifəni yerinə yetirmədiyindən xidməti mənzili əsaslı təmir etdirmək məcburiyyətində qalıb. Mənzilə təxminən 40 min manata yaxın pul xərcləyərək evi təmir etdirib. Mənzil isə təmirsiz, yaşayış üçün yararsız vəziyyətdə verilmişdir. Mənzilin təmir olunacağı ilə bağlı dəfələrdə iddiaçını məlumatlandırıb, yazılı şəkildə mənzildə yaşamaq üçün şəraitin olmaması ilə bağlı məlumat verib. Bundan başqa 2-ci Qarabağ müharibəsi zamanı hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanıb, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçudur və uzun müddət Türkiyənin tibb müəssisələrində müalicə olunması barədə müvafiq sənədləri də vardır. Göstərdiyi qəhrəmanlığa görə Dövlət başçısı tərəfindən orden və medallarla təltif edilib. Həmçinin, nəzərə alınmalıdır ki, həmin mübahisəli mənzildə cavabdeh olan və 44 günlük Qarabağ müharibəsində iştirak edərək qəhrəmanlıq göstərmiş daha 2 hərbçi yaşayır. Xidməti mənzilin ona verilməsi səbəbi aydınlaşdırılmamışdır, çünki, Müdafiə Nazirliyi qeyd olunan xidməti mənzili qanunsuz yollarla vermişdir. Hesab edir ki, məhkəmə tərəfindən mənzildən çıxarılma barəsində qətnamə qət olunarkən məhkəməyə etdiyi müraciətdə qeyd olunan mənzilə dair çəkilmiş xərclərin tutulması nəzərə alınmalı idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdehlərdən Cavabdeh1 ərizə göndərərək xəstəliyi ilə bağlı müalicə olunması ilə əlaqədar olaraq məhkəmə iclasının üç ay müddətinə təxirə salınmasını xahiş etsə də, bu barədə sənəd (sübut) təqdim etmədiyindən məhkəmə kollegiyası vəsatəti təmin etmədi. Məhkəmə kollegiyası onun və digər cavabdehlərin məhkəmə iclasına üzrsüz səbəbdən gəlmədikləri qənaətinə gələrək MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

11. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

12. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

13. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

14. Maddə 99.1-99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.

15. Maddə 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər.

16. Maddə 100.3-. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

17. Maddə 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.

18. Maddə 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir.

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu

19. Bənd 2.1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

20. Bənd 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

21. Maddə 12. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.

22. Maddə 12.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.

“Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamə

23. Bənd 1.1. Həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar.

24. Bənd 1.13. Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır.

25. Bənd 5.2. Bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təstiq edilir.

26. Bənd 5.7- 5.11. Yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış ryonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılırvə təstiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təstiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı da apellyasiya şikayəti üzrə mübahisələndirilən həmin hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

30. İşdən mübahisəsiz qaydada müəyyən olunur ki, Cavabdeh1 1992-ci ildə dövlət tərəfindən hərbi qulluqçulara verilən güzəştdən istifadə edərək mənzillə təmin olunmuş, sonradan o, həmin mənzili 21 sentyabr 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirmişdir. Cavabdeh1 Azərbaycan Ordusundan ehtiyata buraxılmış, şəxsi heyətin siyahısından isə 28 sentyabr 2022-ci il tarixdən çıxarılmışdır. Cavabdeh1 ilə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi arasında bağlanmış 18 yanvar 2021-ci il tarixli 3 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə” xitam verilmişdir.

31. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

32. Ona görə də Kollegiya hesab edir ki, iddia Cavabdeh1 ailə üzvləri Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ilə birlikdə başqa yaşayış sahəsi verilmədən mübahisəli mənzildən çıxarılması hissəsində əsaslıdır və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğundur.

33. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, şikayətin dəlillərindən görünür ki, apellyator mənzilin təmirinə çəkilmiş xərcin iddiaçıdan tutulmasını xahiş edir. Halbuki həmin tələb hazırkı məhkəmə baxışının predmeti deyil, həmin hal Cavabdeh1 tərəfindən bununla bağlı ayrıca müstəqil iddianın qaldırılması üçün əsasdır. Belə ki, işə baxılarkən cavabdeh tərəfindən qarşılıqlı iddia verilməmişdir.

34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş məlumatlara əsasən cavabdehlər başqa yaşayış sahəsinə malikdirlər. Belə ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolundakı 5D saylı evin 5-ci mənzili xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətindədir. Həmin mənzil 2 otaqlı olmaqla ümumi sahəsi 48,8 kvm-dir. Cavabdeh əvvəllər həmin mənzildə yaşamış, bu mənzil xidmət yerinə uzaq olduğuna görə o, xidmət yerinə yaxın ərazidə müvəqqəti yaşayış sahəsi ilə təmin olunmaq üçün iddiaçıya müraciət etmiş və xahişi təmin olunmaqla müvəqqəti olaraq mübahisəli yaşayış sahəsi ilə təmin olunmuşdur.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar