Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4594/2022 23.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə mənzilə görə artıq ödənilmiş pulun qaytarılması tələbinə dair 2(004)-328/2022 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 07 dekabr 2013-cü il tarixli 07 və 08 saylı müqavilələrə görə İddiaçı həmin MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən yüksək mərtəbəli 8 saylı yaşayış binasının 25 və 27 saylı mənzillərini almışdır. Müqavilədə mənzilin 1 kvadrat metrinin qiyməti 750 manat olmaqla 25 saylı mənzilin ümumi sahəsi 67,06 kvadrat metr, 27 saylı mənzilin ümumi sahəsi isə 141,11 kvadrat metr göstərilmişdir. İddiaçı həmin MTK-ya 25 saylı mənzilə görə 50295 manat, 27 saylı mənzilə görə 105830 manat pul ödəmişdir. Cavabdeh MTK tərəfindən verilmiş 05 may 2017-ci il tarixli maliyyə arayışlarına əsasən İddiaçı 25 və 27 saylı mənzillərin dəyərini tam ödəmişdir. İddiaçı hər iki mənzilə görə mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən 04 may 2021-ci il tarixli çıxarışlar almış, çıxarışlarda 25 saylı mənzilin ümumi sahəsi 62,40 kvadrat metr, 27 saylı mənzilin ümumi sahəsi 126,90 kvadrat metr göstərilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda mənzillərə yeni ünvan verilərək 25 və 27 saylı mənzillər müvafiq olaraq Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi, 122 M5 mənzil 1 və mənzil 3 kimi qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 saylı mənzilə görə artıq ödənilmiş 3495 manat, 3 saylı mənzilə görə artıq ödənilmiş 10657,50 manat, cəmi 14152,50 manat pulun cavabdeh MTK-dan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən mənzillərin ümumi sahəsi müəyyənləşdirilərkən şəhərsalma və tikinti qanunvericiliyinin müddəaları kobud şəkildə pozulmuş, müqavilələrdə bilərəkdən mənzillərin ümumi sahəsi artıq göstərilmiş, bu səbəbdən ondan artıq ödəniş alınmışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-328/2022 saylı iş üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 07 dekabr 2013-cü il tarixli 07 saylı müqaviləyə əsasən Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi, 122 M5 mənzil 1 üçün artıq ödənilmiş 292,50 manat, 07 dekabr 2013-cü il tarixli 08 saylı müqaviləyə əsasən Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi, 122 M5 mənzil 3 üçün artıq ödənilmiş 442,50 manat, cəmi 735 manat pulun Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərə aid edilmişdir. (hakim X1)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, 1 saylı mənzilin sahəsi daxili parametrləri üzrə (içdən-içə) sahəsindən 0,39 kv.metr, 3 saylı mənzilin sahəsi isə 0,59 kv.metr azdır. Buna görə də 1 saylı mənzilə görə artıq ödənilmiş 0,39x750=292,50 manat, 3 saylı mənzilə görə artıq ödənilmiş 0,59x750=442,50 manat pul maddi ziyanın əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 752.1, 762.2, 773 və 775-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mənzillərin sahəsi hesablanarkən balkon, lociya, terras, şüşəbənd və eyvanların sahəsinə azaltma əmsalları tətbiq olunmamış, mənzillərin sahəsi əsassız olaraq içdən-içə hesablanmış, nəticədə “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın tələbləri pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 775. Əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
12. Hazırkı apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunmayan hissəsi mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına əsas yoxdur.
14. İş materiallarından görünür ki, iddiaçının cavabdeh MTK-dan aldığı 25 saylı (yeni ünvanla 1 saylı) mənzilin ümumi sahəsi müqavilədə 67,06 kv.metr göstərilsə də, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 62,40 kv.metr, 27 saylı (yeni ünvanla 3 saylı) mənzilin ümumi sahəsi isə müqavilədə 141,11 kv.metr göstərilsə də, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 126,90 kv.metr göstərilmişdir. Beləliklə, mənzillərin ümumi sahəsində 4,66 kv.metr və 14,21 kv.metr fərq aşkar edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 17 fevral 2022-ci il tarixli 10/6743 saylı rəyinə əsasən, Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi,122 mərtəbə 5 ünvanında yerləşən 1 saylı mənzil düzbucaqlı formasında olmaqla həmin mənzilin eni 7,1 metr, uzunluğu 9,5 metr təşkil edir və 1 saylı mənzilin daxili parametrləri (içdən-içə) üzrə sahəsi 67,45m2 (7,1x9,5) təşkil edir. Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi,122 mərtəbə 5 ünvanında yerləşən 3 saylı mənzilin daxili arakəsmələrinin yerləşdiyi sahə 9,5m2, həmin mənzilin daxili parametrləri (içdən-içə) üzrə sahəsi 141,7m2 (132,2+9,5) təşkil edir. Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi,122 mərtəbə 5 ünvanında yerləşən 1 saylı mənzilə dair bağlanmış xx.xx.2013-cü il tarixli 07 saylı müqavilədə göstərilmiş (67,06 kv.m) sahənin həmin mənzilin daxili parametrləri (içdən-içə) üzrə (67,45m2) sahəsindən 0,39m2 az olduğu, Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi,122 mərtəbə 5 ünvanında yerləşən 3 saylı mənzilə dair bağlanmış xx.xx.2013-cü il tarixli 08 saylı müqavilədə göstərilmiş (141,11 kv.m) sahənin həmin mənzilin daxili parametrləri (içdən-içə) üzrə (141,7m2) sahəsindən 0,59m2 az olduğu müəyyən olunmuşdur. Ekspertin rəyinə görə, mənzilin daxili parametrləri (içdən-içə arakəsmələrin sahəsi, şaxtaların sahəsi daxil olmaqla) üzrə ümumi sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın tələblərinə uyğun deyil.
15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənzillərin ümumi sahəsinin içdən-içə ölçülməsi prinsipini tətbiq etməklə 1 saylı mənzil üçün artıq ödənilmiş 292,50 manat və 3 saylı mənzil 3 üçün artıq ödənilmiş 442,50 manat, cəmi 735 manat pulun Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə mövcud məhkəmə təcrübəsinə də uyğundur.
16. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas vermir.
17. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.
22. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-328/2022 saylı mülki iş üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 67 manat dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.