Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4594/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" X7 Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: bank əmanəti müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi ismayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, cavabdeh "xxxx" X7 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" X7 Səhmdar Cəmiyyətinə qarşı «bank əmanəti müqaviləsi üzrə faizlərin ödənilməsi və s.» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1083/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının məhrum əri ilə cavabdeh arasında xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli “Faizlər ayda bir dəfə ödənilən müddətli əmanət” müqavilələri bağlanmışdır. Həmin müqavilələr əsasında Bank əmanətçi X3 müvafiq olaraq 14.000 və 2.500 manat məbləğində pul vəsaitini (əmanəti) 12 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 10 % dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür.
2. xx.xx.2020-ci il tarixli müqavilənin 1.4-cü bəndinə əsasən milli valyutasında olan «Faizləri ayda bir dəfə ödənilən müddətli əmanətlər» üzrə əgər vaxtından əvvəl tələb etmə halları olmazsa, bank tərəfindən əmanətçiyə 36 aylıq əmanətlər üzrə əlavə illik 1,5 faiz dərəcəsi ilə əlavə bonus verilir. Hər iki müqavilənin 2.6-cı bəndinə əsasən əmanətin vaxtından əvvəl tələb edilməsi hallarında, eləcə də bu müqavilənin 6.4-cü bəndinə əsasən göstərilən faiz dərəcəsi 1% artırılmaqla hesablanır. Müqavilələrin 6.4-cü bəndinə əsasən əmanət hesabından pul vəsaitinin nəğd və ya köçürülmə yolu ilə tam məxaric olunduğu təqdirdə, müştərinin bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələrin akseptsiz silindiyi hallarda bu müqavilə ləğv olunmuş hesab olunur.
3. Cavabdeh hər iki müqavilənin 2.6-cı bəndində nəzərdə tutulmuş «əmanətin vaxtından əvvəl tələb edilməsi» şərtinə müvafiq olaraq mərhum X3 vərəsəsi İddiaçı xx.xx.2020-ci il tarixli D39111 saylı müddətli əmanət müqaviləsi üzrə (14000 manat, 10% illik, 36 aylıq) 60% həddə, yəni 1947,56 manat məbləğində, xx.xx.2021-ci il tarixli D53695 saylı müddətli əmanət müqaviləsi üzrə (2500 manat, 10% illik, 12 aylıq) 70% həddə, yəni 91,44 manat məbləğində cərimə tətbiq etmişdir. Həmçinin iddiaçını xx.xx.2020-ci il tarixli müqavilənin 1.4-cü bəndinə əsasən əmanət üzrə əlavə illik 1,5 faiz dərəcəsi ilə bonus almaq hüququndan məhrum etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" X7 Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səhvən açılmış yeni müqavilənin ləğv edilib köhnə müqavilənin bərpa edilməsini, əgər bunu edə bilməzlərsə onda mənimsənilən faizlərin bu günə qədər hesablanıb əsas ana məbləğin üstünə əlavə edilərək düzəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
5. İddia onunla əsaslandırılmışdır ki, o, "xxxx" Neftçilər filialı heyəti tərəfindən hüquqları pozulmuş, aldadılmışdır. Belə ki, 6 ay öncə rəhmətə getmiş həyat yoldaşı X6 (1947) adı çəkilən banka 3 illik müddətli əmanət yerləşdirmişdir. 2 ildən artıq idi ki, depozitin faizini hər ay almaqla dolanışacaqları təmin edirdi. Rəhmətə gedəndən 6 ay sonra qaydalara əsaslanaraq varislik sənədini notariatdan əldə edib xx.xx.2022-ci il tarixdə banka getmişdir ki, son 6 ayın faizini nə vaxt ala biləcəyini soruşmuş, həm artıq yoldaşından sonra vəsaitin ona aid olduğu halda sənədi təqdim edib və bununla bərabər digər bilmədiyi qaydaları da öyrənsin. Artıq neçə illərdir ki, digər banklarda da müqavilələri olub və hər zaman dürüstlüyə görə də bank işçilərindən məmnun qalmışdır. Amma bu dəfə tamam gözləmədiyi anlaşmazlıqla rastlaşmışdır. Belə ki, bu bankda çalışan Aygün Cəfərova faizləri götürmək barəsində soruşduqda «bəli, siz faizləri alacaqsız, bundan sonra hər ayı və son 6 ayın da faizi ilə bir yerdə». Amma bir neçə saat ərzində gördüyü işin mahiyyəti ondan ibarət oldu ki, 2 il yarım öncə mərhum yoldaşı tərəfindən qoyulan vəsaitin faizləri bank tərəfindən mənimsənildi. Faizlər 6 ay idi ki, hesabda qalırdı, çünki kartı necə işlədəcəyini bilmirdi. Banka da elə bunun üçün getmişdir və o xanım bunun üçün yeni hesab açılmalıdır deyərək dəfələrlə müdiriyyəti Axundov Qalibin yanına sənədləri aparıb gətirərək ona qol çəkməsini xahiş etmişdir. O, da nə baş verdiyinin fərqinə varmayaraq, həmişə olduğu kimi inanaraq imza atmış və sənədləri də götürüb evə gəlmişdir, fikirləşmişdir ki, digər banklardakı kimi bu da qaydasına düşmüşdür. Sonradan diqqətlə sənədlərə baxdıqda isə yeni müqavilə olduğunu və faizlərin həmin gündən hesablanacağını gördükdə səhəri xx.xx.2022-ci il tarixdə yenidən banka gedib nə baş verdiyi «niyə belə etmisiniz? Kim sizdən köhnə müqavilənin ləğvini istəyi?» deyə soruşmuş, «biz sizin yoldaşınızın müqaviləsini ləğv etdik, yeni müqavilə açdıq ki, siz hər ay faiz alasınız və bunun qaydası yalnız budu» deyə Aygün Cəfərova cavab vermişdir. Halbuki o ona müqaviləni pozmaması dəfələrlə demişdir. Üstəlik 3.000 manata qədər olan məbləği yeni 2 il yarım ərzində hər ay xərclədikləri faizi də əsas vəsaitdən silib. Anlaşılmazlıq olub dedilər, amma əvvəlki müqaviləni bərpa etməmişlər. Üstəlik «biz sizə qaydaları demək məcburiyyətində deyilik, siz varislik sənədini bizə təqdim etmisiz, biz də mərhum yoldaşınızın müqaviləsini ləğv etmişik, sizin adınıza keçirmişik. Bunu təzədən düzəldə də bilmərik, çünki sizin yoldaşınız rəhmətə gedib». Digər işçinin isə «…Xala bilsə infarkt olar deməsini xatırladıqda bu oyunun qəsdən edilməsi anlamına bir daha gəlmək olur». Hər halda 3 illik müqavilənin artıq 2 il yarımı getmişdir və faizləri hər ay götürüb xərcləyib sonradan ana məbləğdən çıxılmasına razı olacaqdırsa, ondansa pulları evdə saxlayarlar, heç banka qoymazlar. Göründüyü kimi, bu yalnız Qalib Axundovun marağında olmuşdur. Digər banklarda da («BTB» və «Bank of Baku») kiçik vəsaitlər mərhum yoldaşı tərəfindən qoyulub və iddiaçı onda heç bir anlaşılmazlığa rast gəlməmişdir. Hal hazırda «əridilmiş məbləğ» "xxxx"da yeni müqavilə ilə qalmaqdadır. Lakin müdir Qalib Axundov bunu anlaşılmazlıq adlandıraraq faizlərinin bank tərəfindən mənimsənilməsinə nail olmuşdur. Yoldaşının müqaviləsi 14.000 manat 11,5%-lə, 2.500 manat isə 10%-lə qoyulmuşdur.
6. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavadehdən birinci müqavilə üzrə 2000 manat əsas borcun və əlavə 490 manatın 1,5 faiz borcunun, ikinci müqavilə üzrə 100 manat (ikinci depozit müqaviləsi üzrə qalıq), həmçinin ödənilmiş 80 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum yoldaşı 14.000 manat və 2500 manat olmaq iki ayrı hesaba depozit qoyulmuşdur. xx.xx.2022-ci ildə yoldaşı vəfat etmişdir. Vərəsə kimi o, banka yaxınlaşmış və bank ona həmin məbləğdən birinci müqavilə üzrə 12.000 manat, ikinci müqavilə üzrə isə 2400 manat vermişdir. Beləliklə birinci müqavilə üzrə 2000 manat, ikinci müqavilə üzrə isə 100 manat əksik verilmişdir. Cavabdeh ona vərəsəlik üzrə çatmalı olan məbləği yən 14.000 manat yoldaşının bank depozitinə qoyduğu əsas məbləği və üç ilin faizlərini verməli olduğu halda kassadan ona cəmi 12.000 manat əsas borc məbləği və 998 manat isə faiz pulu verilmişdir. Göründüyü kimi cavabdeh ona qanuni vərəsə olaraq ödənilməli məbləğin 2000 manat və 100 manat əksik vermişdir. Bundan başqa bonus kimi nəzərdə tutulan 1,5 faiz məbləği təxmini 490 manat da ona ödənilməmişdir. Göründüyü kimi cavabdeh ona vərəsəlik qaydasında çatmalı olan məbləğin bir hissəsini verməklə səhvə yol vermiş, bu barədə cavadehə bildirsə də cavabdeh həmin pulu qaytarmaqdan imtina etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1083/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırda əvvəl bağlanmış iki əmanət müqaviləsi üzrə ödənilməyən məbləğləri istəyir ki, bunlardan biri xx.xx.2020-ci il tarixdə, sonuncu isə xx.xx.2021-ci il tarixdə bağlanmışdır (mərhum X6 ilə). Daha sonradan vərəsə İddiaçı (hazırki iddiaçı) əvvəl mərhumun adına bağlanmış müqavilələri vaxtından tez ləğv etdirmişdir ki, bu da müqavilələr ləğv edilərkən ona tətbiq edilməli olan cərimələr ilə nəticələnmişdir (hər iki müqavilənin 2.6-ci maddəsində qeyd olunan şərtlərə əsasən). Belə ki, müqavilələr vaxtından əvvəl ləğv edildiyindən xx.xx.2020-ci il tarixli əmanət müqaviləsi üzrə 1947, 56 manat, xx.xx.2021-ci il tarixli əmanət müqaviləsi üzrə isə 91,44 manat cərimə cavabdeh tərəfindən hesablanaraq balansdan çıxarılmışdır (ümumilikdə 2039 manat) . Bunun nəticəsi olaraq xx.xx.2020-ci il tarixli əmanət müqavilə üzrə 12052,44 manat, xx.xx.2021-ci il tarixli əmanət müqaviləsi üzrə 2408, 56 manat pul vərəsə İddiaçı qaytarılmışdır (cavabdeh tərəfindən təqdim edilmiş müvafiq hesabdan çıxarışa əsasən). Bu isə onu deməyə əsasə verir ki, iddiaçının hazırda həmin mübahisəli əmanət müqavilələri üzrə heç bir alacağı qalmamışdır.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sonuncu iddianın dəqiqləşdirilməsi barədə təqdim edilmiş ərizədə qeyd olunan məbləğlər yuvarlaq məbləğ olaraq qeyd edilmişdir ki, bunu da iddiaçının nümayəndəsi məhkəmə iclası zamanı etiraf etmişdir (91,44 manatın yerinə 100 manat kimi qeyd edilmə və s.) .
11. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 5.3, 389.1, 390.1, 425.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1083/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə zəruri araşdırma aparmamış, hüquq normalarını düzgün tətbiq etməmiş, maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Belə ki, iş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC-nin «Neftçilər» filialı ilə «Əmanətçi» qismində X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, D39111 saylı faizləri ayda bir dəfə ödənilən müddətli əmanət müqaviləsinə əsasən X6 "xxxx" Kommersiya Bankı ASC-də müvafiq olaraq 36 ay müddətinə, 20 iyul 2023-cü il tarixədək, illik 10,00% dərəcəsi ilə 14.000 (on dörd min) manat məbləğində əmanət yerləşdirmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən milli valyutasında olan «Faizləri ayda bir dəfə ödənilən müddətli əmanətlər» üzrə əgər vaxtından əvvəl tələb etmə halları olmazsa, bank tərəfindən əmanətçiyə 36 aylıq əmanətlər üzrə əlavə illik 1,5 faiz dərəcəsi ilə əlavə bonus verilir. Müqavilənin 2.6-cı bəndinə əsasən əmanətin vaxtından əvvəl tələb edilməsi hallarında, eləcə də bu müqavilənin 6.4-cü bəndinə əsasən göstərilən faiz dərəcəsi 1% artırılmaqla hesablanır. Müqavilənin 6.4-cü bəndinə əsasən əmanət hesabından pul vəsaitinin nəğd və ya köçürülmə yolu ilə tam məxaric olunduğu təqdirdə, müştərinin bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələrin akseptsiz silindiyi hallarda bu müqavilə ləğv olunmuş hesab olunur. İş materiallarında olan hesabdan çıxarışına əsasən xx.xx.2022-ci il tarixdə bank tərəfindən xx.xx.2020-ci il tarixli D39111 saylı müddətli əmanət müqaviləsi üzrə isə 12.052,44 manat qalıq əmanət məbləğini qaytarmış, 1.947,56 manat cərimə kimi tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC-nin «Neftçilər» filialı ilə «Əmanətçi» qismində X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, D53695 saylı faizləri ayda bir dəfə ödənilən müddətli əmanət müqaviləsinə əsasən X6 "xxxx" Kommersiya Bankı ASC-də müvafiq olaraq 12 ay müddətinə, 07 may 2022-ci il tarixədək, illik 10,00% dərəcəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində əmanət yerləşdirmişdir. Müqavilənin 2.6-cı bəndinə əsasən əmanətin vaxtından əvvəl tələb edilməsi hallarında, eləcə də bu müqavilənin 6.4-cü bəndinə əsasən göstərilən faiz dərəcəsi 1% artırılmaqla hesablanır. Müqavilənin 6.4-cü bəndinə əsasən əmanət hesabından pul vəsaitinin nəğd və ya köçürülmə yolu ilə tam məxaric olunduğu təqdirdə, müştərinin bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələrin akseptsiz silindiyi hallarda bu müqavilə ləğv olunmuş hesab olunur. Halbuki, X6 xx.xx.2022-ci il tarixində vəfat etmişdir və həmin tarixdən müqavilələr qüvvədən düşdüyündən həmin müqavilələrə xitam verilməli və mərhuma məxsus pul əmanəti onun vərəsəsinə qaytarılmalıdır. Belə olan halda müqavilələrin iddiaçı tərəfindən ləğv edilməsi barədə cavabdehin gətirdiyi dəlillər əsassız və qanunsuzdur. Daha əvvəl xitam olmuş müqaviləni iddiaçı necə ləğv edə bilər sualını məhkəmə aydınlaşdırmamışdır. Sözü gedən müqavilələr üzrə əmanətlərin vaxtından əvvəl tələb edilməsi halı baş verməmişdir. Odur ki, həmin əmanətləri tam olaraq, iddiaçıya qaytarmalı olduğu halda cavabdehin mərhuma cərimə tətbiq etməsi qanunsuz və əsassızdır. Buna baxmayaraq, cavabdeh göstərmişdir ki, “Hər iki müqavilənin 2.6-cı bəndində nəzərdə tutulmuş «əmanətin vaxtından əvvəl tələb edilməsi» şərtinə müvafiq olaraq bank tərəfindən mərhum X3 vərəsəsi İddiaçı aşağıdakı kimi cərimə tətbiq edilmişdir: 1. xx.xx.2020-ci il tarixli D39111 saylı müddətli əmanət müqaviləsi üzrə (14000 manat, 10% illik, 36 aylıq) illik 10%-in 40% həddi vərəsəliyə qaytarıb, qalan 60% hədd, yəni 1947,56 manat vərəsəyə cərimə kimi tətbiq edilmişdir; 2. xx.xx.2021-ci il tarixli D53695 saylı müddətli əmanət müqaviləsi üzrə (2500 manat, 10% illik, 12 aylıq) illik 10%in 30% həddi vərəsəyə qaytarılıb, qalan 70% hədd, yəni 91,44 manat vərəsəyə cərimə kimi tətbiq edilmişdir.” Cavabdeh isə bunu müştərinin əmanəti vaxından əvvəl tələb etməsi kimi qələmə verərək qanunsuz və əsassız olaraq, cərimə tətbiq etməklə pozuntuya yol vermiş, işə baxan birinci instansiya məhkəməsi isə buna göz yummuşdur. Belə ki, məhkəmə cavabdehin tərəfindən müqavilələrə müştərinin ölümü ilə əlaqədar olaraq, xitam verilməli olduğunu və onun qoyduğu əmanəti tam olaraq, yəni 14000 AZN onun vərəsəsinə qaytarmaq vəzifəsi daşıdığını əsas gətirmək əvəzinə cavabdehin vəziyyətdən sui istifadə edərək iddiaçının 1.947,56 manatını cərimə adı ilə ələ keçirməklə əsassız varlanmaya yol verməsinə şərait yaratmışdır. “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin 5-ci bəndinə əsasən Əmanətçinin hüququ var bankasərəncam versin ki, vəfat edərsə əmanətini hər hansı bir şəxsə və ya dövlətə versin. 6-cı bəndinə əsasən barəsində sərəncam verilməmiş əmanəti banklar əmanətçinin vəfat etdiyi halda Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada varislərə verir. Əmanətlər üzrə qanuni varis tapılmadıqda 10 il ərzində ildə bir dəfədən az olmayaraq həmin əmanətlər hesabına rəsmi qəzetlərdə elanlar verilərək qanuni varis axtarılır. Qanuni varisi tapılmayan əmanətlər büdcə mədaxilinə keçirilir. Həmin qanunun 18-ci maddəsinin 5-ci maddəsinə əsasən hesabların və əmanətlərin sahibləri vəfat etdikdə onların hesabları və əmanətləri barəsində arayışlar hesab və ya əmanət sahibinin banka verdiyi vəsiyyətnamədə göstərdiyi şəxslərə, vəfat etmiş əmanətçilərin əmanətləri haqqında dövlət notariat kontorlarının icraatında olan vərəsəlik işləri ilə əlaqədar həmin kontorlara, habelə notarial funksiyalarını həyata keçirərkən xarici konsul idarələrinə verilir. Göründüyü kimi cavabdeh qanunun yuxarıda qeyd olunan tələblərini kobud pozmuş məhkəmə isə buna göz yummuşdur ki, bu da yol verilməzdir. Bundan başqa işin hallarından da aydın görünür ki iddiaçı əmanəti eyni bankda eyni şərtlərlə yenidən yerləşdirmişdir ki, bu onun niyyətinin müqaviləni vaxtından əvvəl ləğv etməsi yox müqavilənin sadəcə eyni şərtlərlə özadına yeniləməsi olduğu kimi qəbul edilməlidir. Hesab edirəm ki, məhkəmə işin yuxarıda qeyd oluanan hallarına düzgün qiymət verməmiş, vərəsəlik və müqavilə hüququ üzrə normaları düzgün tətbiq etməməklə maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Nəticədə məhkəmə iş üzrə səhv nəticəyə gəlmişdir. Odur ki, qətnamə apaellyaisya qaydasında ləğv olunmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bundan əlavə qeyd etmişdir ki, müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda müqaviləyə avtomatik olaraq xitam verilir və həmin ordakı əmanət qanunvericiliyin tələblərinə əsasən vərəsəsinə tam olaraq qaytarılmalıdır. Yalnız bundan sonra digər prosedurlar həyata keçirilə bilər, məsələn ərizə yazıla bilər, yaxud əmanət heç banka yerləşdirilməyə bilər. “Bank haqqında” Qanunun 6-cı maddəsində də birbaşa göstərilir ki, barəsində sərəncam verilməmiş əmanəti banklar əmanətçinin vəfat etdiyi halda Azərbaycan Respublikasının Qanunvericiliyində müəyyən edilmiş qaydada bank onun varislərinə verir. Əmanətlər üzrə 10 il ərzində varis tapılmadıqda onun varisi axtarılır, varis tapılmadığı halda dövlət büdcəsinə keçirilir. Buradan göründüyü kimi cavabdeh tərəfindən “Bank haqqında” qanunvericiliyin tələbləri pozulmuşdur. Yəni onlar birinci vəfat edən şəxsin vərəsələrini müəyyən etməli idilər. İddiaçı əlində şəhadətnamə ilə banka yaxınlaşıbdır, ilk olaraq ona kassaya qoyulmuş 14 min manat pul qaytarılmalı idi. Yalnız ondan sonra onun ərizələri alınaraq əmanətə dair sərəncam verməklə bağlı müqavilə bağlanardısa, müqavilə bağlamaqla bağlı əməliyyatlar həyata keçirilməli idi. Lakin burada cavabdeh tərəf vərəsəliklə bağlı qaydaları tətbiq etmədən birbaşa ona ərizə yazıdırıblar və bu qanunvericiliyin tələblərinə ziddir, çünki o, müqavilə üzrə tərəf deyildir. Belə olan halda hansı əsasla ona cərimə tətbiq oluna bilər ki? Vərəsə əgər pulu vaxtından əvvəl götürərdisə ona cərimə tətbiq edə bilərdi, belə olan halda razılaşa bilərdi. Lakin buradan göründüyü kimi həm müqavilə üzrə hüquq normaları, həm də vərəsəlik üzrə hüquq normaları pozulmuşdur. Vərəsəlik haqqında hüquq normaları ona görə pozulmuşdur ki, vərəsəlik haqqında şəhadətnamə təqdim olunandan sonra cavabdeh dərhal həmin pulun vərəsəyə qaytarılmasını təmin etməli idi. Ərizə anası tərəfindən yazılıbdır. Anası pulu aldıqdan sonra yenidən həmin pulu həmin hesaba qoymuşdur. Bu o deməkdir ki, pulu geri götürmək niyyəti olmayıbdır. Cavabdeh tərəf pulu 2000 manat əksik vermişdir və onu cərimə kimi əsaslandırırlar. Kredit müqaviləsi üzrə şəxs vəfat etdikdə vərəsə həmin kreditlə bağlı onun passivinə, öhdəliyinə cavabdehdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədəki 490 manat bonusdur. Müqavilə müddətinin sonunda verilməli olan bonusdur.
16. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" X7 Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1083/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Müqavilənin 2.6-cı maddəsində qeyd edilmişdir ki, illik 10 faizin 40 faizi vərəsəyə qaytarılmışdır, qalan 60 faiz isə hədd bankda saxlanılır. İkinci müqavilə üzrə 2500 manatlıq əmanət müqaviləs üzrə illik 10 faizin 30 faizi vərəsəyə qaytarılır, qalan 70 faiz hədd bankda saxlanılır, yəni cərimə kimi tətbiq edir. Həmçinin qeyd etmişdir ki, müqavilə üzrə cərimə X5 nəzərdə tutulmuşdur. İddiaçı isə vərəsədir. Müqavilədə vərəsəyə cərimə tətbiq olunmasına dair müddəa yoxdur, buna ehtiyac da yoxdur. İddiaçı müqavilə üzrə, Vərəsəlik haqqında şəhadətnaməyə əsasən tərəf idi. İddiaçı pul ödənilənə qədər onunla müqavilə bağlanmamışdır. Vərəsəlik haqqqında şəhadətnamə sübut edir ki, məhz o, müqavilə üzrə tərəfdir. “Banklar haqqında” Qanunda vərəsəyə pulun tam qaytarılması, yaxud cərimələnməyə dair müddəa yoxdur. Bankın təlimatında da bununla bağlı müddəa yoxdur. Müqavilə müddətinin sonunda əlavə bonus da verilir. İddiaçıya müqavilə müddəti bitməmiş kassa məxaric etdiyinə görə bonus hesablanmayıb.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21. 21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
23. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
24. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
25. 422.2-ci və 422.2.4-cü maddələrinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər, işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.
26. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
27. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
28. 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
29. 1091.1-ci və 1091.2-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
30. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
33. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının məhrum əri ilə cavabdeh arasında xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli “Faizlər ayda bir dəfə ödənilən müddətli əmanət” müqavilələri bağlanmışdır. Həmin müqavilələr əsasında Bank əmanətçi X3 müvafiq olaraq 14.000 və 2.500 manat məbləğində pul vəsaitini (əmanəti) 12 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 10 % dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür.
34. xx.xx.2020-ci il tarixli müqavilənin 1.4-cü bəndinə əsasən milli valyutasında olan «Faizləri ayda bir dəfə ödənilən müddətli əmanətlər» üzrə əgər vaxtından əvvəl tələb etmə halları olmazsa, bank tərəfindən əmanətçiyə 36 aylıq əmanətlər üzrə əlavə illik 1,5 faiz dərəcəsi ilə əlavə bonus verilir. Hər iki müqavilənin 2.6-cı bəndinə əsasən əmanətin vaxtından əvvəl tələb edilməsi hallarında, eləcə də bu müqavilənin 6.4-cü bəndinə əsasən göstərilən faiz dərəcəsi 1% artırılmaqla hesablanır. Müqavilələrin 6.4-cü bəndinə əsasən əmanət hesabından pul vəsaitinin nəğd və ya köçürülmə yolu ilə tam məxaric olunduğu təqdirdə, müştərinin bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələrin akseptsiz silindiyi hallarda bu müqavilə ləğv olunmuş hesab olunur.
35. Cavabdeh qeyd edilən müqavilələr üzrə yerləşdirilmiş əmanət məbləğlərinə cərimə tətbiq edilməsini iddiaçının müddətli əmanət müqavilələrin ləğv edilməsini və həmin məbləğlər üzrə öz adına yeni əmanət hesabının açılmasını bankdan xahiş etməsi ilə əlaqələndirmişdir.
36. Qeyd edilməlidir ki, bankın əmanət məbləği üzrə faizləri ödəmək öhdəliyi əmanətçinin şəxsiyyəti ilə bağlı olmadığından, belə öhdəlik əmanətçinin (kreditorun) ölümü ilə əlaqədar dayandırılmır. Bankda olan pul vəsaitlərinin faktiki qaytarıldığı gün əmanət məbləğinə hesablanmış faizlər əmanətçinin vərəsələrinə ödənilir. Belə olan halda əmənatçinin vərəsəsi, hazırki halda iddiaçı müqavilə tərəfi qismində tanınmalıdır.
37. Kollegiya bunu da qeyd edir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır.
38. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir.
39. Mülki Məcəllənin qeyd edilən maddələrindən göründüyü kimi, qanunverici əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə və ya tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanını tanımışdır. Bu qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirilmişdir. Bunun əksi isə ləğv etmə institutunun mahiyyətinə və hüquqi funksiyasına, hüquqi müəyyənlik prinsipinə, mülki dövriyyənin təşkilinə və inkişafına şərait yaradılması ilə bağlı mülki qanunvericilik sisteminin məqsədinə və bütövlükdə ölkənin iqtisadi maraqlarına ziddir.
40. Hazırki işdən qanunvericiliyin bu maddələrində nəzərdə tutulan halların baş verməsini müəyyən etmək mümkün olmamışdır. Çünki iddiaçının müvafiq müqavilələrin ləğv edilməsinə yönəlmiş iradə ifadəsinin və buna əsaslanan tərəflərin müqavilənin ləğvi ilə bağlı razılaşmasının mövcudluğu aşkar edilməmişdir. Cavabdehə iddiaçının müddətli əmanət müqavilələrin ləğv edilməsinə və həmin məbləğlər üzrə öz adına yeni əmanət hesabının açılmasına dair iradə ifadəsinin mövcud olmasını təsdiq edən sübutların təqdim edilməsi təklif edilmiş, lakin məhkəməyə sübut qismində pul vəsaitinin ödənilməsini təsdiq edən məxaric qəbzlərinin surətləri təqdim edilmişdir. Halbuki istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilir.
41. Bundan başqa qeyd edilməlidir ki, bankların əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək, pul vəsaitini əmanətlərə cəlb etmək üçün fəaliyyət göstərməsi bəllidir. Lakin nəzərə alınmalıdır ki, hər iki əmanət müqaviləsi üzrə yerləşdirilmiş məbləğlər məxaric edildiyi gün iddiaçı tərəfindən adına açılmış bank hesabına yenidən mədaxil edilməsi nəticə etibarilə cavabdehi həmin məbləğlərin dövriyyəsindən əldə edilə biləcək faydanı dəyərləndirmək imkanından məhrum olmasına səbəb olmamışdır. Belə olan halda da cavabdeh tərəfindən həmin müqavilə üzrə iddiaçıya münasibətdə öhdəliyin pozulması nəticəsində bankın mənafeyinə zərər vurduğu əsası ilə cərimə formasında müvafiq maliyyə sanksiyasının tətbiq edilməsi istisna edilməlidir.
42. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməklə haqlı olmuşdur. Belə ki, cavabdeh iddiaçının iradə ifadəsi və digər əsaslar olmadan birtərəfli qaydada müqavilələri ləğv etməklə və əmanət məbləğlərinə cərimə tətbiq etməklə əsassız olaraq sonuncunun hesabına varlanmışdır. Əsassız varlanmaya əsasən isə “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna həmin əmlakdan məhrum olan şəxs malikdir.
43. İş materiallarından göründüyü kimi cavabdeh hər iki müqavilənin 2.6-cı bəndində nəzərdə tutulmuş «əmanətin vaxtından əvvəl tələb edilməsi» şərtinə müvafiq olaraq mərhum X3 vərəsəsi İddiaçı xx.xx.2020-ci il tarixli D39111 saylı müddətli əmanət müqaviləsi üzrə (14000 manat, 10% illik, 36 aylıq) 60% həddə, yəni 1947,56 manat məbləğində, xx.xx.2021-ci il tarixli D53695 saylı müddətli əmanət müqaviləsi üzrə (2500 manat, 10% illik, 12 aylıq) 70% həddə, yəni 91,44 manat məbləğində cərimə tətbiq etmişdir. Həmçinin iddiaçını xx.xx.2020-ci il tarixli müqavilənin 1.4-cü bəndinə əsasən əmanət üzrə əlavə illik 1,5 faiz dərəcəsi ilə bonus almaq hüququndan məhrum etmişdir.
44. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1083/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, hər iki müqavilə üzrə cərimə qismində tutulmuş 2.039 (91,44+1.947,56) manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə əlavə illik 1,5 faiz dərəcəsi ilə bonus qismində ödənilməmiş 490 manat, cəmi 2.529 manat və dövlət rüsumu kimi ödənilmiş 80 manatın 78 (98%) manatı cavabdeh "xxxx" X7 Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir.
45. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1083/2023 nömrəli, 03 may 2023cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Hər iki müqavilə üzrə cərimə qismində tutulmuş 2.039 (91,44+1.947,56) manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əlavə illik 1,5 faiz dərəcəsi ilə bonus qismində ödənilməmiş 490 manat və dövlət rüsumu kimi ödənilmiş 80 manatın 78 manatı, cəmi 2.607 (iki min altı yüz yeddi) manat məbləğində pul cavabdeh "xxxx" X7 Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova