Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4597/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-646/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 122.835 (bir yüz iyirmi iki min səkkiz yüz otuz beş) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, 2012-ci ildə X4 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 2013-cü ildə bir oğlu anadan olmuşdur. Ailə qurmamışdan əvvəl, 2006-cı ildə “xxxx” MTK ilə müqavilə bağlayaraq, mənzil əldə etmişdir. Qqayınatası Cavabdeh1 ona torpağının olduğunu, həmin torpağı ona hədiyyə etmək istədiyini, onun MTK-dan aldığı mənzili sataraq həmin torpaq sahəsində ev tikməsini təklif etmiş, o da təkliflə razılaşmışdır. 2013-cü ildə MTK-dan aldığı mənzili 62.700 manata satmış və həmin məbləği qayınatasına vermişdir. Sonradan tikintinin tamamlanması və evin təmiri üçün 2014-cti ilin iyun ayında “xxxx” ASC ilə kredit müqaviləsi bağlayaraq 34.800 manat kredit götürmüş, kreditin təminatı kimi anası X5 bankla zaminlik müqaviləsi bağlamış, qayınatası isə bankla ipoteka müqaviləsi bağlayaraq, özünə məxsus qeyri-yaşayış sahəsini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. 2014-cü ilin payızında artıq tam hazır olmuş evə köçərək mehriban şəkildə orada yaşamağa başlamışlar. Mənzilin bütün kommunal xidmətlərini rəsmiləşdirmiş və ailənin digər ehtiyacları kimi kommunal xidmətlərə görə haqlar da hər ay tərəfindən ödənilmişdir. 2018-ci ildə həyat yoldaşı ilə aralarında sözsöhbət olmuş və ona hirslənərək 1 şillə vurmuşdur. Bundan istifadə edən qayınatası onu Xətai RPİ-yə vermiş, sonradan barışdıqlarından iş bağlanmışdır. Qayınatası Cavabdeh1 həyat yoldaşının adından ümumi etibarnamə alaraq, ona qarşı Xətai Rayon Məhkəməsində “nikahın pozulması”, öz adından isə “evdən çıxarılma” tələbinə dair iddialar qaldırmış, aralarında barışıq əldə olunduğundan iddialar baxılmamış saxlanılmışdır. Bu zaman ona məlum olmuşdur ki, qayınatası əlaqələrindən istifadə edərək ona məxsus evə dair 2018-ci ilin əvvələrində öz adına çıxarış almışdır. Dəfələrlə həm özü, həm də atası qayınatası ilə söhbətlər edərək doğru hərəkət etmədiyini, ona məxsus evə dair öz adına çıxarış almağının qanunsuz və əsassız olduğunu bildirmiş, qayınatasına təklif etmişdir ki, onsuz da evi gələcəkdə övladı üçün tikdirmişdir. Buna görə də əsassız gərginlik yaranmaması üçün evi övladının adna keçirməyi, bununla da məsələni həll etməyi təklif etmişdir. Qayınatası əvvəlcə bununla razılaşaraq vaxt verməsini, tezliklə bu məsələni həll edəcəyini bildirsə də, həll etməmişdir. O da, ailənin dağılmaması, söz-söhbətlər olmaması üçün bir müddət gözləmişdir. Sonradan onun tərəfindən məsələnin həll edilmədiyini görüb Baş Prokurora, X9, Xətai Rayon Prokurorluğuna və Xətai Rayon Polis İdarəsinə şikayətlər etmiş, Xətai RPİ-nin 34-cü PŞ-nin 14.05.2020-ci il tarixli qərarı ilə şikayəti üzrə cinayət işinin başlanması rədd edilərək, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Buna görə də ünvan 1 ünvanında fərdi yaşayış evinə dair qayınatasının adına aparılmış qeydiyyatın və verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evinin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə X2 mülkiyyət hüquqlarının tanınması və müvafiq çıxarışların verilməsinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 21.09.2020-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Həmin məhkəmə araşdırması zamanı Cavabdeh1 həqiqətən də onun MTK-dan aldığı mənzili 62.700 manata sataraq, pulunu ona verdiyini, “xxxx” ASCdən götürdüyü 34.800 manat kreditdən 30.000 manatını ona verərək, krediti şəxsən onun ödədiyini təsdiq edərək, guya onun həmin məbləğləri ona “borc” verdiyini bildirmişdir. Halbuki həmin vaxt özünün evə ehtiyacı olduğu halda, qayınatasının guya özü üçün tikdirdiyi evə gorə öz evini satıb, kirayədə yaşayıb, bankdan kredit götürərək, həmin krediti ödəyəcək qədər ağılsız və məntiqsiz ola bilməzdi. Həmin qətnamədən də şikayət vermək fikri olmadığından hazırkı iş üçün preyudisial xarakter daşıyacaqdır. “xxxx” ASC-dən əldə etdiyi kredit tarixindən də müəyyən olunur ki, aldığı 34.800 manat kreditə görə banka 25.335 manat faiz ödəmişdir. İddiası məhkəmə tərəfindən rədd edildiyindən hesab edir ki, ödədiyi (62.700 manat+34.800 manat+25.335 manat) 122.835 manat cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən, İddiaçı iddia tələblərinin həcminin artırılmasına dair ərizə verərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdehlərin ona ödəməli olduqları məbləğ 2013-2014-cü illərdə yaranmışdır. Həmin tarixdən hal-hazıra qədər 6 il vaxt keçdiyindən həmin məbləğ indeksləşdirilməklə cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Pul vəsaitinin indeksləşdirilməsi tələbinin həmin pulun özünün tutulması tələbi ilə eyni icraatda baxıla bilməməsi ilə bağlı məhkəmənin 01.10.2020-ci il tarixli 2(011)-5803/2020 saylı qərardadı Bakı Apelyasiya Məhkəməsinin 30.10.2020-c i il tarixli qərardadı ilə ləğv edilmişdir. Vəkilin sorğusuna Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin verdiyi 05.10.2020-ci il tarixli, 04 1-66 saylı cavab məktub-arayışdan görünür ki, 2013-cü ildən hazırkı dövrə qədər illər üzrə istehlak qiymətləri indeksi aşağıdakı kimidir. 2013-cü il üçün 102.4; 2014-cü il üçün 101.4; 2015-ci il üçün 104; 2016-cı il üçün 112.4; 2017-ci il üçün 112,9; 2018-ci il üçün 102.3; 2019-cu il üçün 102,6; 2020-ci ilin yanvar-avqust ayları üçün 102.9. Qeyd olunan faizlərə əsasən 122.835 manatın hazırkı vaxta indeksasiyası aşağıdakı kimi müəyyən olunur: 2013-cü il üçün (122.835 x 102.4:100 125.783,04) 125.783,04-122.835 2.948,04; 2014-cü il üçün eyni qaydada hesablama ilə 1.719,69; 2015-ci il üçün eyni qaydada hesablama ilə 4.913,4; 2016-cı il üçün eyni qaydada hesablama ilə 15.231,54; 2017-ci il üçün eyni qaydada hesablama ilə 15.845; 2018-ci il üçün eyni qaydada hesablama ilə 2.825,2; 2019cu il üçün eyni qaydada hesablama ilə 3.193,7; 2020-ci il üçün eyni qaydada hesablama ilə 3.562,2. Hesablamalardan görünür ki, həmin dövrlər üçün 122.835 manatın indeksi ümumilikdə (2.948,04+1,19,69+4.913,4+15.231,54* 15.845+2.825,2+3.193,7+3.562,2 50.239,47) 50.239,47 manat təşkil edir. Göstərilənlərə əsasən, cavabdehlərdən onun xeyrinə 122.835 manat pul vəsaitinin indeksləşdirilməklə cəmi 122.835+50.239,47* 173.074,47 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, bundan əvvəl də Cavabdeh1 qarşı “əsassız varlanma nəticəsində yaranmış pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edilərək, ondan xeyrinə 122.835 manatın indeksləşdirilməklə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Belə tələblə çıxış etməsinin qanunvericiliyə uyğun olmaması əsası ilə iddia ərizəsinin icraata qəbulundan imtina olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 30.10.2020-ci il tarixli qərardadı ilə məhkəmənin həmin mövqeyi əsassız hesab edilərək, qərardad ləğv edilmiş və iş Xətai Rayon Məhkəməsinə geri qaytarılmışdır. Həmin vaxt artıq hazırkı iddia məhkəmənin icraatına qəbul edildiyindən həmin iddia məhkəmədən geri istənilmişdir. Cavabdeh də məhkəmə tədqiqatı zamanı indeksləşdirilmə tələbinin həmin pulun özünün tutulması tələbi ilə eyni ərizədə-eyni vaxtda verilməsinin qanunvericiliyə uyğun olmadığını bildirmişdir. Həmin mövqeyi əsassız və qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi, bu norma məhz məhkəmə qətnaməsi ilə tutulmuş məbləğin həmin qətnamənin icrası zamanı müvafiq indeksasiyasını nəzərdə tutur. Tələb etdiyi məbləğ üzrə isə məhkəmə qətnaməsi qəbul edilməmişdir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə görə indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Dövlət tərəfindən müəyyən edilmiş bu mexanizmə əsasən dövlətin məhkəməməsində dövlət tərəfindən qorunmasına təminat verilən hüquqlarının bərpası məqsədilə cavabdehlərdən onun xeyrinə tutulacaq məbləğin indeksasiya olunmaqla tutulmasını xahiş edir ki, bu da qanunvericiliyin tələblərinə tam uyğundur. Amma məhkəmə təcrübəsinə əsasən hazırkı ərizənin də verilməsini hər bir halda zəruri hesab edir. Çünki iddiada tələb olunan məbləğin indeksləşdirilməklə tələb edilməsi, başqa sözlə, pul vəsaitinin indeksləşdirilməsi tələbinin həmin pulun özünün tutulması tələbi ilə eyni icraatda baxıla bilməməsi ilə bağlı hallara məhkəmə təcrübəsində tez-tez rast gəlinmədiyindən birmənalı hüquqi mövqe olmaya bilər. Buna görə də özünü bütün hallardan sığortalamaq üçün aşağıdakıların qeyd edilməsini zəruri sayır. Cavabdehlərə qarşı hazırkı tələbi öhdəlik hüquq münasibətlərindən irəli gəlir. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi” adlanan fəslində nəzərdə tutulmuş 445.7-ci maddəyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Buna görə də hesab edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə sırf hərfi yanaşılaraq, 122.835 manatın indeksləşdirilməklə tutulması mümkün hesab edilə bilməyəcəyi təqdirdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cavabdehlərdən onun xeyrinə 122.835 manatdan əlavə, həmçinin 36.850 manat da tutulmalıdır. Çünki aradan keçən 6 il üçün 122.835 manatın illik 5 faizi 36.850 manat təşkil edir. (122.835 manat x 5%=6.141,75 manat x 6 il=36.850 manat) Göstərilənlərə əsasən, cavabdehlərdən onun xeyrinə 122.835 manat indeksləşdirilməklə, cəmi 173.074,47 manatın tutulması məhkəmə tərəfindən qəbul edilməyəcəyi təqdirdə, cavabdehlərdən onun xeyrinə cəmi 159.685 (122.835+36.850) manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-646/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 90.000 manat, həmin pul məbləğinə illik 5% hesablanmaqla 30.000 manat gecikmə faizi olmaqla, cəmi 120.000 (bir yüz iyirmi min) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 21 (iyirmi bir) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 və İddiaçı ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qətnaməsini əsaslandırarkən gah əsassız varlanmaya dair mülki hüquq normalarına, gah da borclunun icranı gecikdirməsinə dair normaya istinad etmişdir. Bildirir ki, nə onların arasındakı münasibət əsassız varlanma münasibətidir, nə o, icranı gecikdirmişdir. Görünən odur ki, məhkəmə qətnaməsi sübutlar qiymətləndirilmədən, əhəmiyyətli faktlar (qüvvəyə minmiş məhkəmə qətnaməsi) araşdırılmadan, sonuncu məhkəmə iclasında tələmtələsik verilmiş tələbin dəqiqləşdirilməsinə dair alternativ tələbli ərizə əsasında çıxarılmışdır. 2013-cü ildə iddiaçıdan 60.000, 2014-cü ildə 30.000 manat məbləğində pul almışdır. İddiaçı iddia edir ki, bu pulu ona ev tikintisi məqsədi ilə vermişdir. Halbuki, qeyd edilən xüsusatlar qüvvəyə minmiş məhkəmə qətnaməsində öz əksini tapmış, həmin hallar artıq məhkəmə baxışından keçirlmişdir. Belə ki, ona qarşı vermiş olduğu “çıxarışın etibarsızlığı, pay hüququnun tanınması” tələbinə dair mülki işdə aşağıdakı sözlər qeyd edilmişdir: - “Məhkəmə araşdırması zamanı mübahisəli əmlakın Cavabdeh1 mülkiyyəti olduğu müəyyən edilmişdir. İddiaçı mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə ona aid vəsait hesabına, tikilməsini göstərmiş və bu əsasla mübahisəli evin tərəflərin birgə mülkiyyəti kimi qəbul edilməli olmasına istinad etsə də, o istinad etdiyi halları məlikəmə iclasında sübuta yetirə bilməmişdir.” Göründüyü kimi, iddiaçının hazırki iddia ərizəsində də qeyd etdiyi və iddia etdiyi “ona verilmiş pulun hesabına evin tikilməsi” fikri artıq məhkəmə baxışında araşdırılmış və bu tələbi sübut edə bilməmişdir. Beləliklə həmin qətnamə hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir. Bundan əlavə məhkəmə iddia müddətinin tətbiqinə dair verdiyi ərizənin rədd edilməsini aşağıdakı kimi əsaslandırmışdır: - “Məhkəmə iddia müddətinin tətbiqi barədə Cavabdeh1 tərəfindən verilmiş ərizəyə münasibət bidirərək qeyd etməyi zəruri hesab edir ki, İddiaçı fərdi yaşayış evinin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilərək bölünməsi barədə iddia tələbi rədd edildikdən, yəni 21.09.2020-ci il tarixdən sonra hüquqlarının pozulması barədə məlumatı olmuş, 07.10.2020-ci il tarixdə iddia ərizəsi vermişdir. Odur ki, iddia müddətinin tətbiqinə dair ərizə əsassız hesab edilməlidir.” Belə olduğu təqdirdə sual yaranır ki, hüquqlarının pozulduğu (bilməli olduğu) - tələb hüququnun yarandığı vaxt 2020-ci ildirsə, o zaman gecikdirilmiş müddət niyə 7 il və 6 il olur ki, həmin müddətlər üçün illik 5 faiz hesablanır. Ondan illik 5 faiz hesablanmaqla faiz borcu o halda tutula bilərdi ki, aralarındakı öhdəliyin müddəti olsun və İddiaçı ona pulu ödəmək barədə xəbərdarlıq etsin. Halbuki, İddiaçı dəfələrlə məhkəmə iclaslarında bildirmişdir ki, o, pul istəmir, ona evdən pay lazımdır. Belə bir halda, hansı gecikdirmədən, hansı faizlərdən söhbət gedə bilər. Həmçinin nəzərə alınmalıdır ki, aralarında pulun alınmasına dair münasibətlər 2013 və 2014-cü illərdə yaranmışdır. 2014cü ildə iddiaçı onun fərdi yaşayış evinə köçmüşdür. Amma iddia ərizəsində qeyd edir ki, o, fərdi yaşayış evinə köçdükdən sonra həmin fərdi yaşayış evini maddi imkanı olmadığından öz adna sənədləşdirə bilməyib. Halbuki, o bilirdi ki, fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsi mənimdir, tikintiyə razılıq sənədləri mənim adımadır və onun maddi imkanı olsaydı belə həmin fərdi yaşayış evini öz adna sənədləşdirə bilməyəcəkdi. Belə olduğu təqdirdə, iddiaçı ona qarşı iddiaları elə həmin tarixdə qaldırmalı idi, yəni, pulun geri tələb edilməsi hüququ 2014-cü ildə, iddiaçı onun evinə köçdükdə yaranmışdır. Belə olduğu təqdirdə ona qarşı 60.000 manat məbləğində pula dair iddianı 2016-cı ilin, 30.000 manat məbləğində pula dair iddianı isə yalnız 2017-ci ilin sonuna kimi qaldıra bilərdi. Lakin iddianı 2020-ci ildə, iddia müddətini ötürdükdən sonra qaldırmışdır. İddiaçı ilə aralarında şifahi borc müqaviləsi - əqdi bağlanmış, həmin əqdin icra müddəti müəyyən edilməmişdir. Göründüyü kimi aralarında olan şifahi formada bağlanmış əqd üzrə icra müddəti müəyyənləşdirilmədiyindən, iddia ərizəsində qeyd etdiyi kimi torpağın sənədlərinin elə onun adına olduğunu 2014-cü ildən bildiyindən, habelə borcun geri tələb edilməsini irəli sürmək hüququ 2014-cü ildə yarandığından hazırki iddia ərizəsi üzrə iddia müddəti ötürülmüşdür və bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddia ərizəsi rədd edilməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-646/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdehə verdiyi, MTKdan aldığı mənzili sataraq 62.700 manatı və “xxxx” ASC-dən götürdüyü 34.800 manat kreditdən 30.000 manatı Cavabdeh1 güya ondan “borc” aldığını bildirmişdir. Halbuki həmin vaxt təzə ailə quran şəxs kimi özünün evə ehtiyacı olduğu halda, qayınatasının guya özü ümün tikdirdiyi evə görə öz evini satıb, kirayədə yaşayıb, bankdan kredit götürərək, həmin krediti yüksək faizləri ilə birlikdə ödəyəcək qədər ağılsız və məntiqsiz ola bilməzdi. Məhkəmənin gəldiyi qənaətlə aşağıdakı səbəblərə görə narazıdır. İddianı qalan hissədə rədd edən məhkəmə ona əsaslanmışdır ki, “iddiaçının “xxxx” ASC-dən götürdüyü 34.800 manat kreditin qaytarılmasına görə Cavabdeh1 tərəfindən üzərinə hər hansı öhdəliyin götürüldüyü müəyyən edilməmişdir.” Halbuki cavabdeh onun bankdan götürdüyü kredit müqaviləsi üzrə borcun ödənilməsinə görə özünə məxsus qeyri-yaşayış sahəsini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin pulu Cavabdeh1 məhz ona görə vermişdi ki, o, həmin pulu gələcəkdə onun olacaq evin tikintisi üçün xərcləsin, cavabdehdə həqiqətən evin tikintisinə xərcləmişdir. Lakin sonradan həmin evin sənədlərini cavabdeh öz adına rəsmiləşdirərək, ona verdiyi sözə əməl etməmişdir. Buna görə də həmin evə dair iddiası təmin edilmədiyindən və həmin ev cavabdehə qaldığından cavabdeh də nəinki krediti, eləcə də kreditə görə onun ödədiyi faiz məbləğini də ona geri ödəməlidir. Birinci instansiya məhkəməsi isə işin bu halına düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa, “tutulacaq məbləğin indeksasiya olunması” hissəsində də məhkəmə MPM-nin 232.1 -ci maddəsinə əsaslanaraq düzgün nəticəyə gəlməmişdir. Məhkəmənin iddia ərizəsində “tutulacaq məbləğin indeksasiya olunması” məsələsinə münasibəti bundan əvvəl də belə olmuş, lakin onun bu mövqeyinin haqlı olmaması öz təsdiqini yuxarı məhkəmənin qərarında tapmışdır. Cavabdeh tərəfin mövqeyi də “məhkəmənin mövqeyi ilə üst-üstə düşmüşdür” Belə ki, bundan əvvəl də cavabdehə qarşı “əsassız varlanma nəticəsində yaranmış pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edilərək, cavabdehdən xeyrinə 122.835 manatın indeksləşdirilməklə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhz işə baxmış hazırkı hakim tərəfindən belə tələblə çıxış etməyinin qanunvericiliyə uyğun olmaması əsası ilə iddia ərizəsinin icraata qəbulundan imtina olunmuşdur. Tərəfindən həmin qərardaddan şikayət verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 30.10.2020-ci il tarixli qərardadı ilə məhkəmənin həmin mövqeyi əsassız hesab edilərək, məhkəmənin qərardadı ləğv edilmiş və iş Xətai Rayon Məhkəməsinə geri qaytarılmışdır. Hazırkı iddia ərizəsi də məhz həmin hakimin icraatına daxil olduğundan və hakimin əvvəlki mövqeyi artıq ona bəlli olduğundan, ehtiyat edərək, məhkəməyə başqa bir ərizə də verərək, indeksasiya ilə bağlı tələbin qəbul edilməyəcəyi təqdirdə, cavabdehlərdən xeyrinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik beş faiz hesablamaqla, 159.685 manatın tutulmasını xahiş etmişdi. 2013- 2014-cü illərdən hazıradək Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması, həmin dövrlərdə pullarını cavabdehə verməyib özünə ev almış olsaydım, indi həmin evin qiymətinin də mübahisəli evin qiyməti kimi artması isə mübahisəsizdir. Buna görə də cavabdehə verdiyi həmin məbləğləri indi indeksasiya edilməklə geri istəməyi tam qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməməkdə haqsız olmuş, iddia tələbini rədd etdiyi hissədə işin hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bununla da həmin hissədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-646/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsinin qismən-iddianın rədd edilən hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-646/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini, İddiaçı apelyasiya şikayətinin isə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-646/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsinin qisməniddianın rədd edilən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin qismən, iddianın təmin olunmamış hissəsində ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Cavabdeh1 isə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Şəhanə Süleymanovanın, eləcə də Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3926/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli və 2(011)-5727/2020 saylı, 05 noyabr 2020ci il tarixli qətnamələri ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 qızı X4 24 fevral 2012-ci il tarixdə rəsmi nıkah bağlamışlar. İddiaçı “xxxx” MTK ilə müqavilə bağlayaraq aldığı mənzili 28.12.2013-cü il tarixdə 62.700 manata satmışdır. ünvan 2 ünvanında fərdi yaşayış evi tikilmiş və həmin fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyatdan keçirilmişdir. Əvvəlki məhkəmə mübahisələrində və hazırki mülki işə birirnci instansiya məhkəməsində baxılarkən Cavabdeh1 İddiaçı 2013-cü ildə 60.000, 2014-cü ildə 30.000 manat olmaqla, cəmi 90.000 manat məbləğində pul aldığını etiraf etmiş, lakin, həmin pulu birgə yaşamaq üçün evin inşası üçün deyil, borc kimi aldığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 14-cü maddəsi əsassız varlanmanı mülki hüquq və münasibətlərin əmələ gəlməsinin əsaslarından biri olaraq təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə isə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı Cavabdeh1 2013-cü ildə 60.000, 2014-cü ildə 30.000 manat olmaqla, cəmi 90.000 manat məbləğində pul verməsi məhkəmə araşdırması zamanı tam öz təsdiqini tapmışdir. Lakin, Cavabdeh1 həmin 90.000 manat pulu iddiaçıdan borc almasını bildirsə də, göstərilən hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin 90.000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmalı olması barədə gəldiyi nəticə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən qanuni və əsaslı olmuşdur. Bundan başqa iş materiallarında olan sübutlardan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilərək bölünməsi barədə İddiaçı iddia tələbi rədd edildikdən, yəni 21.09.2020-ci il tarixdən sonra o, hüquqlarının pozulması barədə məlumatlı olmuş və 07.10.2020-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, birirnci instansiya məhkəməsi hazırki mübahisəyə iddia müddətinin tətbiqinə dair Cavabdeh1 ərizəsinin əsassız hesab edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin pulun qaytarılmasının gecikdirilməsinə görə illik 5% hesablanmış faizlərə görə 30.000 manat pul məbləğinin cavabdehdən tutulması barədə gəldiyi nəticə də yuxarıda qeyd olunan maddi-hüquq normalarının tələblərinə görə qanuni və əsaslı olmuşdur. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, Cavabdeh1 apelyasiya şikayətinin pulun borc kimi verilməsi, iddia müddətinin buraxılması, illik 5% qanunsuz hesablanması barədə dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə qanuni və əsaslı hesab edilməlidir. Bundan başqa məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı xxxx ASC-dən götürdüyü 34.800 manat kreditin qaytarılmasına görə Cavabdeh1 tərəfindən üzərinə hər-hansı öhdəliyin götürüldüyü müəyyən olunmamışdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “tutulacaq məbləğin indeksasiya olunması” hissəsində təmin olunmaması nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin indeksasiyasını həyata keçirə bilər. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə tərəfindən tutulmalı məbləğlərin indeksasiyası qətnamənin icrasının gecikdirilməsi hallarında nəzərdə tutulmuşdur. Ona gərə də, birinci instansiya məhkəməsi iddia tələbinin indeksasiya hissəsində təmin olunmaması nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Bundan başqa məhkəmə araşdırması zamanı hazırki mübahisə üzrə İddiaçıla Cavabdeh2 arasında hər hansı öhdəlik münasibətlərinin yaranması müəyyən olunmamışdır. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 münasibətdə təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh1 və İddiaçı apelyasiya şikayətlərində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-646/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh1 və İddiaçı apelyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-646/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4597/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4597/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver