Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4598/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh Agentliyinə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun əvvəlki iş yerinə - cavabdeh Agentliyinin 1 saylı Təmizləmə qrupunun mina axtaran vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə cavabdeh Agentlik tərəfindən ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2003-cü il tarixdən mina axtaran vəzifəsində işləmiş, 20 il müddət ərzində hər hansı nöqsana yol verməmişdir. Lakin buna baxmayaraq işəgötürənin – cavabdeh Agentliyin rəhbərliyinin təşəbbüsü ilə planlaşdırılmış və qərəzli şəkildə işdən çıxarılmışdır. Belə ki, cavabdeh Agentlik tərəfindən işçilərin kütləvi işdən çıxarılması planlışdırılmış, işində nöqsana yol verən işçilərlə yanaşı düzgün işləyən işçilər də narkotik istifadəçiləri adı ilə işdən çıxarılmışlar. Agentliyin Günay adlı həkimi tərəfindən iddiaçıya, qanında narkotik vasitə çıxması barədə bildirilmiş və bu barədə sənədə imza etməsini təklif etmişdir. İddiaçı imtina etdikdə isə həmin şəxs iddiaçını ələ almaq məqsədilə ona birlikdə oteldə vaxt keçirilməsini təklif etmiş, bu təklifdən də iddiaçı imtina etdikdən sonra, iddiaçı 10 gün müddətinə məzuniyyətə buraxılmışdır. İddiaçı bu barədə şikayət edəcəyini bildirdikdə isə qanında narkotik maddə çıxması əsası ilə iddiaçıya töhmət verilmişdir. İddiaçı izahatında əsəbə qarşı dərman qəbul etdiyini bildirsə də, təkrar analizə göndərilməmişdir. İddiaçı öz təşəbbüsü ilə analiz vermiş, aldığı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli neqativ analiz cavablarını cavabdeh Agentliyə təqdim etməyə cəhd göstərmiş, lakin həmin analiz cavablarını qəbul etmək əvəzinə 13 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə iddiaçını işdən əsassız olaraq çıxarmışlar. İddiaçı bildirir ki, o narkotik aludəçisi olsaydı, onu töhmət verildikldən sonra işə qaytarmazdılar. İşdən çıxarından sonra iddiaçı X4 Bakı Şəhər İdarəsinə müraciət etmişdir. Həmin İdarənin iddiaçının müraciətinə cavabdeh olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-5/2-2-16640/2/2023 saylı məktubunda bildirilmişdir ki, iddiaçı ilə cavabdeh Agentlik arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanaraq iddiaçı işə qəbul olunmuş, əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xx.xx.2022-ci il tarixdə dəyişiklik edilərək, qeyd olunan müqavilənin müddəti 6 ay müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bildirir ki, məktubda qeyd olunduğu kimi əgər xx.xx.2022-ci il tarixdə 3 ay müddətinə bağlanan əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə 6 ay müddətinə uzadılmışdırsa, o halda onun müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış olmalı idi. Lakin iddiaçını işdən çıxararkən hansı müqaviləyə xitam verilidiyi qeyd olunmamışdır. Belə görünür ki, müddət xx.xx.2022-ci il tarixdə başa çatmış olsa da, iddiaçı işini davam etdirməli olmuşdur. İddiaçı 20 il fasiləsiz həmin müəssisədə işlədiyindən, onun əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1 və 45.5 maddələrinin tələbinə əsasən, müddətsiz müqavilə hesab olunur və buna görə də işəgötürənin müddətin bitməsinə görə iddiaçını Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə işdən çıxarması yolverilməzdir. Bunlardan başqa, iddiaçı işdən çıxarılması ilə bağlı müvafiq dövlət təşkilatlarına etdiyi müraciətlərin cavablarını aldıqdan sonra mediasiya təşkilatına müraciət etmiş, bununla da üzürlü səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmış və hazırki iddianı məhkəməyə gec təqdim etmişdir.
3. İddiaçı “iddia müddətinin ötürülməsinin səbəbinin üzürlü hesab edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə işdən çıxarılmış, bundan sonra, 14 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. 14 saylı Mediasiya Təşkilatı 1 aydan çox vaxt ərzində işi ləngitdiyindən o, cavabdeh Agentliyin Füzuli rayon şöbəsinə yaxın ərazidə fəaliyyət göstərən 1 saylı X1 müraciət etmiş və xx.xx.2023-cü il tarixli arayışı aldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. b) iddia tələbinə qarşı etiraz barədə məlumat
4. Cavabdeh Agentliyin iddia tələbinə qarşı verdiyi etiraz və “iddia müddətinin tətbiqi barədə ərizəsi” onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə, Agentliyin 1 saylı Təmizləmə qrupunun mina axtaran vəzifəsinə qəbul olunmuşdur. İddiaçı ilə Agentlik arasında ilk olaraq bağlanmış xx.xx.2023-cü il tarixli, 109/K nömrəli əmrə əsasən “Müddətli əmək müqaviləsi” 3 ay müddətinə bağlanılmışdır. Sonraki dövrdə “Müddətli əmək müqaviləsi” xx.xx.2022-ci il tarixli, 830/K nömrəli əmrlə 6 ay müddətinə bağlanmışdır. Daha sonra müddət Əmək Məcəllənin 73.1-ci maddəsinə əsasən növbəti 6 ay müddətinə uzadılmışdır. İddiaçı ilə bağlanılmış “Müddətli əmək müqaviləsinə” Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı) xitam verilmişdir. Agentlik tərəfindən bölgələrdə əməkdaşların təhlükəsizliyini qorumaq məqsədilə narkoloji testdən keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” X10 ilə, Azərbaycan Respublikası Nazirlət Kabinetinin xx.xx.2003-cü il tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş, “Mallar üzrə satınalma müqaviləsi” (2023/BMS-02) bağlanılmışdır. Müqaviləyə uyğun olaraq, həmin Birliyin 6 nəfər ixtisaslaşmış tibbi heyəti tərəfindən, Tibbi məsələlərlə iş sektorunun aparıcı mütəxəssisi Günay Sadıqovanın iştirakı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Ağdam, Füzuli və Göygöl rayonlarında çalışan əməkdaşlar arasında sidik nümunəsində narkotik və psixotrop maddələrin müayinəsi ekspress testi həyata keçirilmişdir. İddiaçıdan götürülmüş sidik nümunəsidən, Birliyin təqdim etdiyi 927/K nömrəli akta əsasən “THC” aşkar edilmişdir. Qeyd olunanlarla bağlı iddiaçıya Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndinin, Agentliyin xx.xx.2022-ci il tarixi, 2608/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Daxili intizam qaydalarının” 4.10 və 6.2-ci yarımbəndlərinin tələblərini pozduğundan, həmin Məcəllənin 186.2-ci maddəsinin bəndinə əsasən xx.xx.2023-cü il tarixli, 11-7/3-1-689Ü/2023 nömrəli əmrlə töhmət intizam tənbeh tədbiri həyata keçirilmişdir. Hər bir halda nəzərə alınmalıdır ki, Agentlik iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” müddətinin artırılmasında maraqlı olmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, bu kimi iddia ilə məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Yuxarıda qeyd edilən hallar isə iddianın rədd edilməsi üçün əsasdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Agentlik, onunla iddiaçı arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, № 11-7/3-1-822K/2023 saylı əmr verərkən əmək qanunvericiliyinin tələblərinə əməl etmişdir. Həmin əmrin etibarsız hesab edilməsinə əsas ola biləcək hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Agentlik iddiaçı ilə yanaşı digər əməkdaşları ilə də müvəqqəti xarakter daşıyan (minaların təmizlənməsi və s.) işlərin görülməsi məqsədi ilə “Müddətli əmək müqavilələri” bağladığından müqaviləsinin müddətini uzadıb-uzatmamaq işəgötürənin – Agentliyin vəzifəsi deyil, hüququ olduğundan, iddiaçı cavabdeh Agentlikdə özünün dediyi kimi 20 il deyil, xx.xx.2022-ci il tarixdən işlədiyindən, Agentlik iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsi barədə ərzə verdiyindən iddia ərizəsi təmin edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi işin hallarına səhv qiymət vermiş, onları düzgün araşdırmamış və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
9. İddiaçı və onun vəkili apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
10. Cavabdeh Agentliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, iddiaçı ilə cavabdeh Agentlik arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 109/K saylı əmrə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdən Agentliyin 1 saylı Təmizləmə qrupuna minaaxtaran vəzifəsinə müvəqqəti, yəni 3 ay müddətinə işə qəbul edilmiş, daha sonra tərəflər arasında qarşılıqlı razılıq əsasında xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək (6 ay müddətinə) eyni vəzifəyə işə qəbul olunmuş, bu fakt cavabdeh Agentliyinin xx.xx.2022-ci il tarixli 830/K saylı əmri ilə rəsmilləşdirilmişdir.
13. “Məhkəmə Tibbi Ekspertiza və X6” X9 xx.xx.2023-cü il tarixli, 927/FK saylı aktından görünür ki, məhkəmə-kimyəvi tədqiqatının nəticələrinə əsasən, iddiaçıdan götürülmüş sidik nümunəsində ekspress müayinə zamanı “THC” (Tetrahidrokannabinol) aşkar edilmişdir.
14. Cavabdeh Agentliyin xx.xx.2023-cü il tarixli, 11-7/3-1-689Ü/2023 saylı əmrində qeyd edilmişdir ki, aparılan xidməti araşdırma zamanı məlum olmuşdur ki, “Məhkəmə Tibbi Ekspertiza və X6” PHŞ-in 6 nəfər ixtisaslaşmış tibbi heyəti tərəfindən Əməliyyat İdarəsinin Təmizləmə şöbəsinin əməliyyatlara tibbi dəstək üzrə aparıcı mütəxəssisi Günay Sadıqovanın iştirakı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Ağdam, Füzuli və Göygöl rayonlarında çalışan əməkdaşlar arasında sidik nümunəsində narkotik və psixotrop maddələrin müayinəsi ekspress testi həyata keçirilmiş, müvafiq testlərdən keçən əməkdaşların sayı 594 nəfər təşkil etmiş, onlardan 15 nəfərdə pozitiv nəticə aşkar edilmişdir. ... Agentliyin struktur bölmələrində əmək intizamının möhkəmləndirilməsi, neqativ hallara bir daha yol verilməməsi və əməkdaşların məsuliyyətinin artırılması üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1276 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsinin 4.10.5-ci yarımbəndini rəhbər tutub, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.3cü maddəsinə uyğun olaraq Agentliyin 1 saylı Təmizləmə qrupunun minaaxtaranları iddiaçı və digərlərinə həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, töhmət verilsin. Əmrin verilməsinə əsas kimi, Agentliyin Əməliyyat İdarəsinin Təmizləmə şöbəsinin əməliyyatlara tibbi dəstək üzrə aparıcı mütəxəssisi G.Sadıqovanın, Hüquq şöbəsinin baş mütəxəssisi Nümayəndə xidməti məruzələri və Məhkəmə Tibbi Ekspertiza və X3 müayinə aktları olmuşdur.
15. Cavabdeh Agentiliyin xx.xx.2023-cü il tarixli, 11-7/3-1-822K/2023 saylı əmrindən görünür ki, xx.xx.2023-cü il tarixdən Agentliyin 1 saylı Təmizləmə qrupunun minaaxtaranı vəzifəsində işləmiş iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmiş, əmrin verilməsinə əsas Əməliyyat idarəsinin rəisi İdris İsmayılovun xidməti məruzəsi olmuşdur.
16. İddiaçının adına olan xx.xx.1996-cı il tarixli, ******* nömrəli “Əmək kitabçasında” aparılmış qeydlərdən görünür ki, iddiaçı, xx.xx.2003-cü il tarixdə 52 №-li əmrə əsasən, X5 X11 Aksiyası komandasına işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli 04/22 saylı əmrə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur.
17. Həmçinin “Əmək kitabçasında” aparılmış qeydlərdən görünür ki, iddiaçı, xx.xx.2022-ci il tarixdə № 109/k saylı əmrə əsasən, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin 1 saylı Təmizləmə qrupunun minaaxtaranı vəzifəsinə müvəqqəti olaraq təyin edilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə ilə xx.xx.2023-cü il tarixdə 822/k saylı əmrə əsasən “Əmək müqaviləsinə” xitam verilmişdir.
18. X8 Xidmətinin Bakı şəhər İdarəsinə iddiaçının etdiy müraciətə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-5/2-7-29908/2/2023 saylı cavab məktubundan görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 ay müddətinə əmək müqaviləsinə əsasən işə qəbul olunması, həmin əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xx.xx.2022-ci il tarixdə dəyişiklik edilərək, müqavilənin müddətinin altı ay müəyyən edilməsi, iddiaçı və müəssisə arasında bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilməsi, Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinin tələblərinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişmək işəgötürənin əsas hüquqlarına aid olduğundan cavabdeh Agentliyə yenidən işə qəbul olunmaq üçün Agentliyə müraciət etməsinin məqsədə uyğun olması, müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar isə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah olunmuşdur.
19. Mərkəzi Klinikanın xx.xx.2023-cü il tarixli Laboratoriya nəticələrindən, habelə “AzMed Clinic” Klinikasının xx.xx.2023-cü il tarixli “Toksikoloji testindən” görünür ki, iddiaçıda psixoaktiv maddələrin təyini neqativ nəticə vermişdir.
21. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış əmək mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (maddə 3.). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (maddə 42; hissə 1.). Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir (maddə 43; hissə 1.). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (maddə 45; hissə 1.). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıd (maddə 45; hissə 4.). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir (maddə 45; hissə 5.).
22. Əmək Məcəlləsinin 47-ci maddəsinə görə aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
23. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər (maddə 68.1). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar (maddə 68.2).
24. Əmək Məcəlləsinin tələblərinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (maddə 73; hissə 1.). İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər (maddə 73; hissə 2.). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir (maddə 83; hissə 1.). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir (maddə 83; hissə 2.).
25. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı, onunla cavabdeh Agentlik arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Əmək müqaviləsinə” əsasən 3 ay müddətinə Agentliyin 1 saylı Təmizləmə qrupunun minaaxtaranı vəzifəsinə işə qəbul edilmiş, daha sonra həmin müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İşəgötürənin – Agentliyin təşəbbüsü ilə aparılan xidməti araşdırma zamanı “Məhkəmə Tibbi Ekspertiza və X6” PHŞ-in 6 nəfər ixtisaslaşmış tibbi heyəti tərəfindən Əməliyyat İdarəsinin Təmizləmə şöbəsinin əməliyyatlara tibbi dəstək üzrə aparıcı mütəxəssisi Günay Sadıqovanın iştirakı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Agentliyin Ağdam, Füzuli və Göygöl rayonlarında çalışan əməkdaşları arasında sidik nümunəsində narkotik və psixotrop maddələrin müayinəsi ekspress testi həyata keçirilərkən iddiaçı da daxil olmaqla 15 nəfər əməkdaşda pozitiv nəticə aşkar edilmiş, iddiaçı və digərlərinə Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş, iddiaçı cavabdeh Agentliyin bu əmrini mübahisələndirməmişdir.
26. Məhkəmə tərəfindən həmçinin müəyyən olunur ki, tərəflər arasında bağlanmış “Müddətli əmək müqaviləsinin” müddəti bitdiyindən cavabdeh Agentliyin xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdən iddiaçı ilə bağlanılmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.
27. Məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmr əmək qanunvericiliyinin tələblərinə əməl olumaqla verilmişdir. Belə ki, iddiaçı cavabdeh Agentlikdə xx.xx.2022-ci il tarixdən müddətli əmək müqaviləsi əsasında işə qəbul olunmuş, həmin müddət bir neçə dəfə uzadılmış, müqavilə müddəti bitdiyi tarixdə isə işəgötürən iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsini müvafiq hesab etməmiş və bu münasibətlərə əmək qanunvericiliyinin ona verdiyi hüquqdan istifadə edərək xx.xx.2023-cü il tarixdən xitam vermişdir. Müddətli əmək müqaviləsinin müddətini uzadıb-uzatmamaq işəgötürənin vəzifəsi deyil, hüququdur.
28. İddiaçı cavabdeh Agentlikdə 20 ildən çox müddətdir ki, işlədiyini bildirsə də, onun bu dəlili əsaslı hesab edilə bilməz. Çünki yuxarıda artıq qeyd edildiyi kimi iddiaçı, xx.xx.2003-cü il tarixdən xx.xx.2022-ci il tarixə kimi X5 X11 Aksiyası komandasında işləmiş və həmin Təşkilatın xx.xx.2022-ci il tarixli, 04/22 saylı əmri ilə işdən azad olunmuş, hazırkı iş üzrə cavabdeh Agentlikdə isə fəaliyyətinə xx.xx.2022-ci il tarixdən başlamışdır.
29. Cavabdeh Agentlik həmin təşkilatın hüquqi varisi deyil. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1998-ci il tarixli 854 saylı sərəncamı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi yaradılıb. Azərbaycan Prezidentinin xx.xx.2021-ci il tarixli fərmanına əsasən isə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında X10 statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb.
30. Bu baxımdan da müəyyən edilir ki, cavabdeh Agentliyin xx.xx.2023-cü il tarixli əmri qanuni və əsaslıdır. Əmrin ləğv və ya etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. İddiaçı cavabdeh Agentlik ilə xx.xx.2022-ci il tarixdən etibarən əmək münasibətlərinə daxil olduğundan iddiaçı ilə bağlanmış “Əmək müqaviləsi” müddətsiz bağlanmış müqavilə kimi qiymtləndirilə bilməz. İddia əsassızdır. Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.
31. Məhkəmə iddiaçı tərəfindən Rayon Məhkəməsinə verilmiş “iddia müddətinin ötürülməsinin səbəbinin üzürlü hesab edilməsi barədə” ərizə ilə bağlı qeyd edir ki, iddiaçı həmin ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə işdən çıxarılmış, bundan sonra o, 14 saylı Mediasiya Təşkilatına müraciət etmiş, ondan tələb olunan sənədləri toplayaraq Mediasiya Təşkilatına təqdim etmişdir. 14 saylı Mediasiya Təşkilatı 1 aydan çox vaxt ərzində işi ləngitdiyindən o, cavabdeh Agentliyin Füzuli rayon şöbəsinə yaxın ərazidə fəaliyyət göstərən 1 saylı X1 müraciət etmiş və xx.xx.2023-cü il tarixli arayışı aldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
32. Cavabdeh Agentliyin “iddia müddətinin tətbiqi barədə ərizəsi” isə onunla əsaslandırılmışdır ki, iddiaçı, bu kimi iddia ilə məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır.
33. İddia müddətinin iddiaçı tərəfindən ötürülməsinin üzürlü səbəbdən baş veribverməməsini müzakirə edən Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin tələblərinə görə, Əmək Məcəlləsinin 296-cı maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (maddə 296; hissə 2.). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (maddə 296; hissə 3.).
34. Məhkəmə qeyd edir ki, 14 saylı Mediasiya Təşkilatının “Mediasiya prosesinin tətbiqi barədə təklifindən” və iddiaçının özünün Məhkəməyə verdiyi izahatından məlum olur ki, iddiaçı, onunla cavabdeh arasında yaranmış əmək mübahisəsinin məhkəmədən kənar həlli məqsədi ilə həmin Mediasiya Təşkilatına xx.xx.2023-cü il tarixdə, yəni işdən azad olunduqdan 2 ay 3 gün sonra müraciət etmişdir. Lakin cavabdeh Agentlik Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində qeyd edilən hərəkətlərin onun tərəfindən iddiaçının 14 saylı Mediasiya Təşkilatına müraciət edənə qədər etməsini təsdiq edə biləcək sübutları Məhkəməyə təqdim etməmişdir. Apellyasiya baxışı zamanı Agentliyin təqdim etdiyi “Əmək kitabçalarının qeydiyyatı kitabından” isə müəyyən edilmişdir ki, “Əmək kitabçası” iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.
35. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı, 14 saylı Mediasiya Təşkilatına müraciət edərkən və hazırkı işin icraatının başlanmasına əsas olmuş iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərkən iddia müddətini ötürməmişdir.
36. İddiaçı iddia müddətini ötürmədiyindən Məhkəmə hesab edir ki, cavabdeh Agentliyin verdiyi “iddia müddətinin tətbiqi barədə” ərizənin və iddiaçı tərəfindən verilmiş “iddia müddətinin ötürülməsinin səbəbinin üzürlü hesab edilməsi barədə” ərizənin təmin edilməsi üçün əsas yoxdur.
37. Qeyd edilən halı müəyyən etmiş Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsini iddia tələbini iddianın əsassız olması ilə yanaşı həmçinin iddia müddətinin ötürülməsi əsası ilə də rədd etməkdə haqlı olmamışdır.
38. Buna baxmayaraq Məhkəmənin gəldiyi bu nəticə iddiaçı tərəfindən cavabdeh Agentliyə qarşı irəli sürülmüş “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbi barədə” iddia tələbini təmin edilməsi və Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı deyil, çünki yuxarıda artıq qeyd edildiyi kimi cavabdeh Agentliyin xx.xx.2023-cü il tarixli əmri qanuni və əsaslıdır, əmrin ləğv və ya etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur, iddia əsassızdır, Rayon Məhkəməsi iddianı əsassız hesab etməməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi
39. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyət etibarı ilə düzgündür. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslı deyil.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Buna görə də Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.