Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4601/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: su təchizatı, su istehlakına görə yaranmış borc, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, dalan 2, 3A saylı ev Cavabdeh istifadə və sahibliyindədir.
2. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə 10790995 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı ASC Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, dalan 2, 3A saylı evin su təchizatını və çirkab sularının axıdılması xidmətlərini, Cavabdeh isə bu xidmətlərə görə haqq ödəməyi öhdələrinə götürmüş, abonentə **********000 abonent kodu verilmişdir.
3. Abonent kartında göstərilmişdir ki, Cavabdeh istifadə etdiyi xidmətlərə görə 2011-ci ildən başlayaraq 2022-ci ilin sonuna 1558,58 manat borcu yaranmışdır.
4. İddiaçı ASC tərəfindən Cavabdeh xəbərdarlıq məktubu ünvanlanmış, borcun ödənilməsi tələb olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı açıq səhmdar cəmiyyəti (ASC, cavabdeh) Cavabdeh (cavabdeh) qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1558,58 manat borcun (abonent kodu: **********000) və 35,58 manat dövlət rüsumu üzrə xərclərin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehə (abonent kodu:**********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir, ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə onun xx.xx.2023-cü il tarixinə 1558,58 (bir min beş yüz əlli altı manat, əlli səkkiz qəpik) manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana CSS-20 markalı, 19006123 nömrəli sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. "Azərsu” ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh xx.xx.2004-cü il tarixdə "Azərsu” ASC ilə müqavilə bağlamış, altı nəfərlə sistemə düşmüş və 2004-cü il tarixdən etibarən hesabat getmiş, 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə cavabdehin məbləğindən 567 manat borc silinmiş, 2011-ci il tarixdən 2019-cu il tarixədək nəfər sayı ilə ona hesabat aparılmış, yəni su pulu adam başına yazılmış, 2019-cu il tarixdə ünvana sayğac quraşdırılmışdır. 2011-ci il tarixdə Tarif Şurasının qərarı ilə su pulu bir nəfərə 1,80 manat, altı nəfərə isə 10,80 manat, 2016-cı il tarixdə Tarif Şurasının qərarı ilə bir nəfərə su pulu 2,50 manat, altı nəfərə isə 15 manat hesablanmışdır. Bu dövr ərzində nəfər sayı ilə hesabat getmiş və nəfər sayı ilə ödənişlər olmamış, yəni cavabdeh heç bir su ödənişi etməmişdir. 2019-cu il tarixdə cavabdehə su sayğacı quraşdırıldıqdan sonra az-az ödənişlər başlamışdır. Hal-hazırda isə cavabdehin 1558,58 manat borcu yaranmışdır.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, çoxlu problemləri olmuş, 17 il xəstə həyat yoldaşına baxmış, oğlu hamam otağında partlayış vaxtı yandığından başı həkimlərə qarışmış və borcu yığılmış, ödəyə bilməmişdir. Xadimə işləyir, kənardan gəliri yoxdur. Bir neçə dəfə İddiaçı ASC-nin əməkdaşları borc yığıldığına görə suyu kəsmək istəmişlər, lakin onun vəzyyyətini görüb yola vermişlər. Sonra xırda-xırda 5-10 manat ödənişlər etmişdir. İddia müddətini tətbiq edərək, iddia tələbinin təmin olunmamasını xahiş edir.
9. Birinci instansiya məhkəməsinin 22 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh (abonent kodu: **********000) su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə 308,04 (üç yüz səkkiz manat 04 qəpik) manat məbləğində pul vəsaitinin, habelə İddiaçı ASC tərəfindən ödənilmiş 35,58 (otuz beş manat 58 qəpik) manat dövlət rüsumunun 07,03 (yeddi manat 3 qəpik) manatının Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə vaxtaşırı ödənilməli olan kommunal xidmət haqqı borcuna görə yarandığından, tələbə üç illik iddia müddəti şamil edilir. İddiaçı 2011-ci ildən 2022-ci ilin sonuna qədər yaranmış 1558,58 manat məbləğində borcun tutulmasını tələb etsə də, cavabdehdən 2020-ci ilə qədər olan borcun ödənilməsini tələb hüququ müddətin keçməsinə görə qüvvəsini itirmişdir. Belə olan halda cavabdehdən yalnız 2020-ci ilin üçüncü ayından etibarən həmin illər üzrə ödədiyi məbləğlər nəzərə alınmaqla, 2020-ci il üçün 111 manat, 2021-ci il üçün 84,04 manat, 2022-ci il üçün 96 manat, 2023-cü ilin iddia ərizəsi verildiyi günə kimi 17 manat, cəmi 308,04 manat istifadə etdiyi sərfiyyata görə pul tutulmalıdır.
11. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.2-ci, 550-ci, 551.1-ci, 551.2.1-ci, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu, 61-ci və 62-ci maddələrinə istinad etmişdir.
12. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutları düzgün qiymətləndirmədiyini, Mülki Məcəllənin 551-ci maddəsini düzgün tətbiq etmədiyini, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqelərini nəzərə almadığını və mübahisəyə tətbiq etməməli olduğu Mülki Məcəllənin 551.2.1-ci maddəsini tətbiq etdiyini, nəticədə əsassız qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası
14. İşə baxılmasının (vaxtı) yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
16. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
17. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
18. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
19. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
20. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
22. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
23. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
24. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
25. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
“Su təchizatı və tullantı suları haqqında” Qanun
28. Maddə 30 (1-ci hissə). Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
29. Maddə 61 (1-ci hissə). Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
30. Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydaları
31. Bənd 2. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək), həmçinin verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir.
32. Bənd 4.1.3. Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir.
33. Bənd 7.10. İstehlakçının eyni və yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə verilən suya və axıdılan tullantı sularına görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. Bir ünvanda verilən suya və axıdılan tullantı sularına görə yaranmış borcla əlaqədar istehlakçıya məxsus borcu olmayan digər sahələrin su təchizatı və tullantı sularının axıdılması xidməti borc tam ödənilənədək dayandırıla bilər.
34. Bənd 8.1. Su təchizatı və kanalizasiya müəssisəsi - STKM istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda, tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutarlarının təmizlənməsinə ehtiyac yarandıqda, su mənbəyində səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda, istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, STKM ilə müvafiq müqavilə bağlanılmadıqda, məişət (təsərrüfat)-içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda, məhkəmənin müvafiq qərarı olduqda, istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər.
35. Bənd 8.2. İstehlakçıya suyun verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin dayandırılması, suyun dəyərini vaxtında ödəyən istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.
36. “Sudan istifadə Qaydaları”na 1 nömrəli əlavə olan “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə”nin 3.7-ci bəndi. İstehlakçının öz adına birdən çox müqaviləsi olduğu təqdirdə, onun bir ünvanda olan borcuna görə borcu olmayan digər ünvanlarındakı su təchizatı da dayandırıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
43. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmişdir; iddiaçı isə qətnamənin iddianın təmin olunmayan hissəsində ləğvini xahiş etmişdir. Başqa sözlə qətnamə, iddianın qismən təmin edildiyi hissədə yoxlanılmır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
44. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdehin şikayətində irəli sürdüyü hallar qətnamənin ləğvinə (mübahisələndirilən hissədə) əsas vermir.
45. Belə ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçı 2011-ci ildən 2022-ci ilin sonuna qədər yaranmış 1558,58 manat məbləğində borcun tutulmasını tələb etsə də, 2020-ci ilə qədər olan borcun ödənilməsi tələbi iddia müddətini ötürdüyü üçün təmin oluna bilməz.
46. Nəzərə alınmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
47. Məhkəmənin, “Mülki Məcəllənin 551-ci maddəsini düzgün tətbiq etmədiyi, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeləri nəzərə almadığı və mübahisəyə tətbiq etməməli olduğu Mülki Məcəllənin 551.2.1-ci maddəsini tətbiq etdiyi” arqumentləri ilə kollegiya qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlərin iddia müddətləri olduğunu vurğulamış, məhz bu səbəblə qanunverici orqana Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulmuş normaların bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini tövsiyyə etmişdir.
48. Başqa sözlə, məhkəmənin Mülki Məcəllənin 551-ci və 551.2.1-ci maddələrinə istinad etməsi, mahiyyətcə iddia müddəti ilə bağlı müvafiq normalara istinadla eyni nəticəni doğurur və texniki xarakterli olan bu məsələ qətnamənin ləğvinə əsas yaratmır.
49. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1946/2023 saylı iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə