Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4602/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və sair tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X7 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 may 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil5, Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 və Cavabdeh2 vəkili (nümayəndəsi) X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, S.Əliyev adına südlük-maldarlıq üzrə Dövlət X19 Müəssisəsinin xx.xx.2000-ci il tarixli, 06 nömrəli Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda ona ayrılmış 0,08 ha torpaq sahəsindən cavabdehlərin, həmin torpaq sahəsində olan birmərtəbəli evdən cavabdeh Natiq Abdullayevin və ikimərtəbəli evdən Cavabdeh2 çıxarılması, evlərin və ərazinin boşaldılması, torpaq sahəsinin və evlərin onun qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ildə iddiaçı, Taley Alaverdiyev adlı şəxslə razılaşaraq torpaq sahəsi və evləri ona təhvil vermişdir. X8 müəyyən əmlaklar verməli idi. Bu razılaşma əsasında xx.xx.2012-ci il və xx.xx.2020-ci il tarixlərdə Taley Alaverdiyevin adına etibarnamələri rəsmiləşdirmişdir. X24 razılaşmanın şərtlərinə əməl etməmiş, əmlaklardan birinə dair sənədi təqdim etməmiş, digərləri isə qaytarılmışdır. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə həmin etibarnamələri ləğv etmişdir. Taley Alaverdiyev torpaq sahəsini və evləri ona qaytarmamış, əksinə həmin əraziyə qardaşını – Cavabdeh1 və qeyri-rəsmi arvadını – Cavabdeh2 yerləşdirmişdir. Hazırda bu şəxslər birmərtəbəli və ikimərtəbəli evlərdə qanunsuz olaraq yaşamaqdadırlar. Bu hərəkətlər iddiaçının torpaq və mülkiyyət hüququnu pozur, çünki cavabdehlərin həmin ərazilərə dair heç bir hüquqi əsası yoxdur. b) cavabdehlərin iddia tələbinə qarşı münasibəti barədə məlumat
3. Cavabdeh1 vəkili (nümayəndəsi) iddia tələbinə qarşı yazılı etiraz verərək, etirazda göstərmişdir iddiaçı iddia ərizəsində onun Taley Alaverdiyev ilə aralarında razılaşma olduğunu göstərmişdir. Razılaşmanın şərtlərinə görə, iddiaçı guya özünə məxsus olan torpaq sahəsini Taley Alaverdiyevə verir, Taley Alaverdiyev isə əvəzində iddiçaıya əmlaklar verməli idi. İddiaçı bu hallarla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Yalnız iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 2012-ci ildə Taleyə torpaq sənədləşdirməsi ilə bağlı etibarnamə vermişdir. İddiaçının bu formada iddia qaldırmaqda məqsədi Taley Alaverdiyevin ailəsinə qarşı hədə-qorxu gəlməkdən ibarətdir. Belə ki, Taley ilə iddiaçı arasında bina tikintisi ilə bağlı müəyyən məsələlər olmuşdur. Taley Abarəsində cinayət işi məhkəmənin icraatındadır və o hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. İddiaçının bu iddianı irəli sürməsinə səbəb iddiaçının Taley ilə aralarında olan uğursuz biznes münasibətləri yaranmasıdır. Təqdim edilən xx.xx.2018-ci il tarixli “Payın alğı-satqı müqaviləsindən” görünür ki, (alıcı) olaraq iddiaçı ilə (satıcı) olaraq Taley arasında "xxxx" MTK-nın 39% payının 7%-nin alğı-satqısı həyata keçrilmişdir. Burdan da görünür ki, Taley ilə iddiaçı arasında işgüzar münasibətlər yaranmışdır. Digər tərəfdən iddiaçının özünə məxsus olduğu və müvafiq kserosurət sənədlər təqdim etdiyi torpaq sahəsinin cavabdehlərə heç bir aidiyyəti yoxdur. Bu səbəbdən də iddiaçının hazırkı iddia ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur.
4. Cavabdeh2 məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə rayon Məhkəməsi tərəfindən lazımı qaydada xəbərdar olunsa da, iclasda iştirak etməmiş, iddia tələbinə qarşı yazılı münasibət bildirməmiş və bunların səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Bu səbəbdən də Rayon Məhkəməsi işə Cavabdeh2 iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə təqdim edilmiş sənədlərlə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması təsdiq olunsa da, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin iddiaçıya məxsus həmin torpaq sahəsi olması sübuta yetirilməmişdir. İddiaçının istifadəsinə verilmiş 0,08 ha torpaq sahəsinin coğrafi yerləşməsini, ölçülərini, koordinatlarını bildirən təsdiq olunmuş cizgi tərtib edilməmişdir. Edilmişdirsə də, məhkəməyə təqdim olunmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər mübahisəli evin tikintisində iştirak etmiş olsalar da, mübahisəli hal olan məhz həmin evin cavabdehlər tərəfindən zəbt olunması onların ifadəsində öz təsdiqini tapmamışdır. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 81, 83 və 84-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2 və 158.4-cü maddələrinə istinadla əsaslandırmışdır. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərmişdir ki, Rayon Məhkəməsi tərəfindən işin faktiki halları düzgün müəyyənləşdirilməmiş, tam və obyektiv araşdırma aparılmamış, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. e) apellyasiya instansiyası məhkəməsində birinci icraat barədə məlumat
9. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə (iş № 2(103)-438/2025) ilə apellyasiya şikayətinin təmin olunmasını, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməsini, mübahisəli torpaq sahəsində olan birmərtəbəli evdən cavabdeh Natiq Abdullayevin, ikimərtəbəli evdən Cavabdeh2 çıxarılmasını, torpaq sahəsinin və evlərin boşaldılaraq iddiaçının sahibliyinə qaytarılmasını, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 150 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini, məhkəmə ekspertizası tədqiqatın xərcinin ödənilməsi məqsədi ilə 50 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini, apellyasiya baxışı zamanı mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 400 manat xərcin cavabdehlərdən müştərək qaydada tutularaq “X10” MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbini təmin etməyən Rayon Məhkəməsinin istinad etdiyi və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəy natamamdır. Məhkəmə Ekspertizası Mərkəzi ekspertiza qarşısında qoyulmuş və işin tam, hərtərəfli həlli üçün zəruri olan suallara natamam cavab vermişdir. Buna görə də, iddiaçı tərəfindən Rayon Məhkəməsinə vəsatət verilərək, iş üzrə əlavə ekspertizanın keçirilməsi xahiş edilmiş, lakin Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almayaraq, vəsatəti təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsi, apellyasiya icraatı zamanı “X10” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 195 nömrəli mütəxəssis rəyinə istinadən hesab etmişdir ki, Abşeron RİH-in xx.xx.1995-ci il tarixli sərəncamına əsasən mübahisəli (naturada 880 kv.mdir) torpaq sahəsinin sərhədləri dəqiqləşdirilərək iş üzrə cavabdehlərin məskunlaşdığı tikililərin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılmış sahə olduğu müəyyən olunduğundan, cavabdehlərin həmin torpaq sahəsi və tikilidə məskunlaşması və istifadə etmələri üçün hər hansı bir hüquqi əsas (icarə, kirayə və ya hər hansı başqa bir razılaşma) müəyyən edilmədiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası iddiaya etiraz edən cavabdehlərin iddiaçı ilə üçüncü şəxslər arasında olan münasibətlərlə əlaqədar irəli sürdükləri dəlillərə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı və cavabdehlər hər biri mülki hüququn müstəqil subyektləridir. Bu baxımdan da cavabdehlərlə iddiaçının arasında onların bilavasitə iddiaçıya məxsus torpaq sahəsi və tikilidə yerləşmələrinə dair hər hansı razılaşmanın olması (icarə, kirayə və ya hər hansı başqa bir razılaşma) müəyyən edilmədiyindən, iddiaçı ilə üçüncü şəxslər arasında olan münasibətlərin hazırkı mübahisənin həlli ilə bağlı hər hansı hüquqi əhəmiyyəti yoxdur. Bakı Apellyasiya Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. f) kassasiya instansiya məhkəməsində icraat barədə məlumat
11. Cavabdehlərin həmin qətnamədən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərar (iş № 2(102)-1427/2025) ilə kassasiya şikayətlərinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
12. Kassasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli əmlakın iddiaçı ilə Taley Alaverdiyevin qarşılıqlı razılaşması əsasında 2012-ci ildə sonuncuya təqdim edilməsi, on ildən artıq müddət ərzində onun və qohumları olan cavabdehlərin sahibliyində olması hər iki tərəfin verdiyi məlumatlarla təsdiqlənir. Belə olan halda, apellyasiya məhkəməsinin “iddiaçı ilə üçüncü şəxslər arasında olan münasibətlərin hazırkı mübahisənin həlli ilə bağlı hər hansı hüquqi əhəmiyyətinin olmaması” barədə mövqeyi əsaslı bir yanaşma sayıla bilməz. Ona görə ki, hazırkı məqamda cavabdehlər mübahisəli əmlaka dair hüquqtəsdiqedici sənədlərə malik olmasalar da, həmin əmlakın onların sahibliyinə Taley Alaverdiyev tərəfindən verildiyi və sonuncunun da bu imkana iddiaçının özünün iradəsi əsasında malik olduğu işdə mübahisə edilmir. Belə olan halda, cavabdehlərin əmlakdan çıxarılması haqqında iddiaya iddiaçı ilə Taley Alaverdiyev arasındakı mübahisəli hüquq münasibətləri nəzərə alınmadan baxılması tərəflər arasındakı münasibətlərin həqiqi vəziyyətinə uyğun olmamışdır. Odur ki, iddiaya hüquq haqqında mübahisə kimi baxılarkən əmlaka dair iddiaçının malik olduğu sənədlər əsasında cavabdehlərin torpaq sahəsindən və evlərdən çıxarılması tələbinin qanuni əsası müəyyənləşdirilməli, müvafiq normaların dispozisiya şərtləri əsasında iddianın və ona etirazların əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir. Hazırkı işdə o da diqqəti cəlb edir ki, torpaq sahəsinin Taley Alaverdiyevin sahibliyinə verilməsi müqabilində iddiaçıya başqa bir əmlakın (mənzil və s.) verilib verilmədiyi, habelə torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinin iddiaçı, yoxsa cavabdehlər tərəfindən tikilməsi işin mübahisə olunan hallarıdır. Bu hallar mübahisənin ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, əgər 2012-ci ildə sahibliyə qəbul edilmiş torpaq sahəsinin əvəzi iddiaçıya ödənilməmişdirsə, habelə mübahisəli evləri iddiaçı inşa etmişdirsə, cavabdehlərin rəsmi sənədlə iddiaçının adına ayrılmış torpaq sahəsinə və üzərindəki evlərə hansı hüquqi əsasla sahiblik etdikləri əsaslandırılmalıdır. Bu halda cavabdehlər sübut etməlidirlər ki, onların əmlak üzərindəki sahibliyi ya qanuna, ya da müqaviləyə əsaslanır. Təbii ki, daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı etibarlı olmayan (notarial qaydada təsdiqlənməmiş müqavilələr, yaxud əmlaka dair təmsil səlahiyyəti verən etibarnamələr və s.) bu konteksdə hüquqi bir əsas kimi nəzərə alına bilməz. Odur ki, istinad olunan qanuni əsas üzrə konkret normativ hüquqi aktın adı və norması, habelə bu normanın dispozisiya şərtləri ilə işin müəyyən edilmiş halları arasındakı uyğunluq, müqavilə əsasında isə etibarlı bir razılaşmanın mövcudluğu sübuta yetirilməlidir. Bununla belə, əgər iddiaçının adına ayrılmış torpaq sahəsinin əvəzi ona ödənilmişsə, bu səbəbdən sahə iddiaçının öz iradəsi ilə cavabdeh tərəfə təqdim olunmuşsa, üstəlik torpaqda yerləşən tikililər Taley Alaverdiyev və ya cavabdehlər tərəfindən iddiaçının məlumatı daxilində və etirazı olmadan inşa edilmişsə, on ildən artıq müddət keçdikdən sonra iddiada göstərilən səbəblərlə, özü də cavabdehlərin əmlaka sərf etdikləri vəsaitin əvəzi ödənilmədən torpaqdan və evdən çıxarılması tələbinin dürüstlük qaydasına və hüquqdan sui-istifadə qadağasına uyğun olub-olmadığı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmalıdır. Çünki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən (gözlənilən) mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi dürüstlük qaydası və ədalətlə uzlaşmır. Məlum olduğu kimi, bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi baxılan işdə hər iki tərəfin istinad etdiyi dəlillər və mübahisəli halların aydınlaşdırılması işin düzgün həlli üçün əhəmiyyətli olmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, təkrar apelyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir. g) iş üzrə tərəflərin ikinci apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
13. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
14. Apellyasiya baxışında iştirak etmiş cavabdehlərin vəkilləri (nümayəndələri) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Mülki işə apellyasiya qaydasında yenidən baxan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli F311 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, S.Əliyev adına südlük-maldarlıq üzrə Dövlət X19 Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli əmrə əsasən iddiaçıya fərdi ev tikmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır.
17. “Elektron notariat” X1 əldə olunmuş çıxarışdan görünür ki, iddiaçının X5 adına verdiyi xx.xx.2012-ci və xx.xx.2020-ci il tarixli etibarnamələrə xitam verilmişdir.
18. İddiaçının Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli təklifindən görünür ki, o, Ramana Südçülük sovxozunda ona ayrılmış 0,08 ha torpaq sahəsindən, torpaq sahəsindən olan bir mərtəbəli evdən 10 gün müddətində çıxmağı, evi və ərazini boşaltmağı, torpaq sahəsini və evi onun qanuni sahibliyinə qaytarmağı təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir.
19. İddiaçının Cavabdeh2 ünvanlandığı xx.xx.2023-cü il tarixli təklifindən görünür ki, o, Ramana Südçülük sovxozunda ona ayrılmış 0,08 ha torpaq sahəsindən, torpaq sahəsindən olan iki mərtəbəli evdən 10 gün müddətində çıxmağı, evi və ərazini boşaltmağı, torpaq sahəsini və evi onun qanuni sahibliyinə qaytarmağı təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir.
20. İşdə olan xx.xx.2023-cü il tarixli akt ilə X15, (iddiaçı) X11 və X21 tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, M. Müşfiq küçəsində (yeni) qonşuluqlarındakı 800 kv.m torpaq və üzərindəki tikililər 2008-ci ildə iddiaçı tərəfindən tikilmiş və ona məxsus olması təsdiq edilir. Mövcud sənədlərə əsasən də, torpağın arxiv arayışı və sənədlər iddiaçının adınadır.
21. Abşeron rayonu, S.Əliyev adına südlük-maldarlıq üzrə X19 Müəssisəsinin xx.xx.2000-ci il tarixli, 06 nömrəli əmrindən çıxarışdan görünür ki, Abşeron RİH-nin xx.xx.1995-ci il tarixli, 25 nömrəli qərarına əsasən sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan iddiaçıya 0,08 ha torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır.
22. Həmin X19 Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli əmrindən çıxarışdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarına əsasən sovxozda işləyən fəhlə və mütəxəsisslərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş X6 0,08 ha torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır.
23. “Həyətyanı torpaq sahəsinin verilməsi haqında” xx.xx.2000-ci il tarixli aktdan görünür ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsi yer üzərində ara nişanlar ayrılaraq vətəndaşa daim istifadə üçün təhkim edilmişdir.
24. Bakı Şəhəri 9 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli “Payın alğı-satqı müqaviləsindən” görünür ki, satıcı Taley Allaverdiyev "xxxx" MTKnın 39% ilk payından 7% ilk payı alıcı olan iddiaçıya 1 manata satdığı, iddiaçı isə həmin 7% ilk payı 1 manata aldığı, qalan 32%-lik payı Tely Alaverdiyevin mülkiyyətində qaldığı görünür.
25. Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndiliyinin xx.xx.2023cü il tarixli 5-18-5/2-5478/2023 nömrəli məktubundan görünür ki, Abşeron RİH-nin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Abşeron rayon S.Əliyev adına südçülükmaldarlıq üzrə X19 Müəssisəsinin xx.xx.2000-ci il tarixli, 06 nömrəli əmri ilə hazırkı iş üzrə iddiaçıya ayrılmış mübahisəli 0,08 ha torpaq sahəsində inşa edilmiş nömrəsiz fərdi yaşayış evlərinə Maştağa qəsəbə nümayəndəliyinin əməkdaşları tərəfindən baxış keçirilmiş, Maştağa qəsəbəsi, Mikayıl Müşviq küçəsi ünvanında həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evlərində (cavabdeh) Cavabdeh1, X4, X9, (cavabdeh) Cavabdeh2 qeydiyyatsız yaşayırlar.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8170 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair Abşeron RİH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından həmin torpaq sahəsinin koordinatlar üzrə sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa iddiaçıya ayrılmış torpaq sahəsinə dair Abşeron RlH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından həmçinin, torpaq sahəsinin faktiki texniki parametrləri ilə Abşeron RİH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə qeyd olunan parametrlər arasında uyğunsuzluq olduğundan (torpaq sahəsinin faktiki eni 18,6 metr, sənəd üzrə 21,2 metr) həmin torpaq sahəsinin koordinatlar üzrə hüdudlarına cavabdeh Leyla Rəfiyev və ya başqaları tərəfindən hər hansı bir müdaxilə olunub olunmamasının müəyyən edilməsi mümkün olmamışdır.
27. "xxxx" MTK-nın sədri X12 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, MTK-nın 3T saylı, xx.xx.2021-ci il tarixli ümumi yığıncağının protokolu ilə müəyyən edilmiş qaydada "xxxx" qismində iddiaçı tərəfindən MTK-nın tikinti-inşaat işlərinin yerinə yetirilməsi üçün maliyyə sərfiyyatı etmişdir.
28. İddiaçı tərəfin təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2024-cü il mütəxəssis rəyinə görə, iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları Abşeron RİH-nin xx.xx.2024-cü il tarixli, 091/2024 nömrəli məktubunda olan koordinatlarla eynilik təşkil edir.
29. X3 xx.xx.2024-cü il tarixli, 195 nömrəli mütəxəssis rəyinə əsasən, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən ekpertiza tədqiqatına təqdim olunmuş məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Abşeron RİH-in xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Abşeron rayon S.Əliyev adına südçülükmaldarlıq üzrə DDKTM-in xx.xx.2000-ci il tarixli 06 №-li əmri ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 0,08 ha (naturada 880 kv.m-dir) torpaq sahəsinin sərhədləri dəqiqləşdirilərək iş üzrə cavabdehlərin məskunlaşdığı tikililərin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılmış sahə olduğu müəyyən edilir (rəyə plan-sxem və foto cədvəl əlavə olunur).
30. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, iddiaçı yoldaşının bacısının əridir. Evin birinci mərtəbəsini onun qardaşı uşaqları 2010-2011-ci illərdə tikmişdilər. Tikinti ilə bağlı sifarişi iddiaçı vermişdir. Həmin sahə iddiaçının torpağıdır, lakin onun sənədinin olub-olmamasını bilmir. Onun briqadası orada işləmişdir. Ev Ramanadadır, kanalı keçdikdən sonra sağ tərəfdə yerləşir. Təxminən 8-10 sot arası idi torpaq sahəsi. Evin eni və uzunu 10 metrin və 10,5 metrə yaxın idi, uzunluğu 3 metr idi. Evi tikdikləri zaman 2 ev var idi, orada kimin yaşaması barədə məlumatı yoxdur.
31. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, iddiaçının qardaşı oğludur. Torpaq sahəsinin hasarını da, evi də onlar Tarverdi ilə birlikdə tikmişlər. Onlar tikən vaxtlar yaşayış az idi, hal-hazırda mübahisəli evdə Natiq və Taleh birlikdə yaşayır. O, həmin kənddə yaşayır. Evə dair çıxarış yoxdur, lakin qətnamə ilə qeydiyyata alınmışlar. Evlərin ikisini də onlar tikmişlər, 2008-ci ildə aprel və ya may aylarında birinci hal-hazırda 2 mərtəbəli evin 1-ci mərtəbəsini tikmişlər. Təxminən 2010-2011-ci ildə Elxan 2-ci mərtəbəsini tikmişdir. Elxanın hansı işləri gördüyünü bilmir, Rüstəm fəhlə kimi işləyib. Orada Məzahir olmayıb, tikinti işlərini 2 usta, bir fəhlə aparmışlar. 2 ay müddətə bütün işləri yekunlaşdırmışlar. Əmisi torpağı ya Hüseyn, ya da Ağalardan almışdır.
32. Abşeron rayonu, S.Əliyev adına südlük-maldarlıq üzrə X19 Müəssisəsinin xx.xx.2000-ci il tarixli 6 nömrəli əmrinə və Abşeron RİH-nin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən iddiaçıya Ramana Südçülük sovxozu ərazisində fərdi yaşayış evi tikmək məqsədilə 0,08 ha torpaq sahəsinin ayrılması müəyyən edilmişdir.
33. İddiaçı bildirir ki, o, 2012-ci ildə Taley Alaverdiyev adlı şəxslə razılaşaraq torpaq sahəsi və üzərindəki evləri sonuncuya təhvil vermiş, X8 müəyyən əmlaklar verməli idi. Bu razılaşma əsasında xx.xx.2012-ci il və xx.xx.2020-ci il tarixlərdə Taley Alaverdiyevin adına etibarnamələri rəsmiləşdirmişdir. X24 razılaşmanın şərtlərinə əməl etməmiş, əmlaklardan birinə dair sənədi təqdim etməmiş, digərləri isə qaytarılmışdır. Bu səbəbdən xx.xx.2021-ci ildə həmin etibarnamələri ləğv etmişdir. Buna baxmayaraq, Taley Alaverdiyev torpaq sahəsini və evləri ona qaytarmamış, əksinə, həmin əraziyə qardaşını – Cavabdeh1 və qeyri-rəsmi arvadını – Cavabdeh2 yerləşdirmişdir.
34. Cavabdehlər isə iddiaya etiraz edərək bildirirlər ki, iddiaçı, mübahisəli torpaq sahəsini və evləri daha əvvəl Cavabdeh2 həyat yoldaşı cavabdeh Taley Alaverdiyevə faktiki olaraq satmış, buna dair alqı-satqı müqaviləsi və iki etibarnamə verilmişdir. Torpaq sahəsi müqabilində mənzillər və əlavə ödənişlər edilmişdir. Taley Alaverdiyev həmin ərazidə iki mərtəbəli ev tikmiş, özü və ailəsi orada yaşamışdır. Bu evlər iddiaçının deyil, cavabdehin və onun ailəsinin vəsaiti və əməyi ilə tikilmişdir. İddiaçı, əvvəlcə könüllü razılaşma ilə verilmiş əmlakın yenidən geri alınması üçün şikayət verərək hüquqdan suiistifadə edir.
35. Cavabdehlər bildirdikləri halları təsdiqləyən sübut kimi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına istinad edərək göstərmişlər ki, istintaq zamanı şahid qismində dindirilmiş hazırkı iş üzrə iddiaçı bildirmişdir ki, 2012-ci ildə Taley Alaverdiyev həmin torpaq sahəsini ondan almaq istədiyini demiş, həmin razılaşma əsasında Taley göstərilən vaxt işlədiyi "xxxx" MTK-dan 2 otaqlı 84 kv.metr sahəli mənzili onun adına rəsmiləşdirmiş, o da həmin zaman 8 sot torpaq sahəsi ilə bağlı Taleyə etibarnamə vermişdir. Taleylə həmin razılaşmaları baş tutanda sonuncu ilə ona məxsus torpağın dəyərini, habelə onun müqabilində ona verdiyi mənzilə hansısa dəyər müəyyənləşdirməmiş, torpaq müqabilində mənzil verilməsi kimi razılaşmışdır.
36. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (maddə 16.1.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1.). Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2.). Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir (maddə 560.3.4.).
37. İş materiallarından müəyyən edilir ki, mübahisəli əmlakın iddiaçı ilə Taley Alaverdiyevin qarşılıqlı razılaşması əsasında 2012-ci ildə sonuncuya təqdim edilməsi, on ildən artıq müddət ərzində onun və qohumları olan cavabdehlərin sahibliyində olması hər iki tərəfin verdiyi məlumatlarla təsdiqlənir.
38. Cavabdehlər mübahisəli əmlaka dair hüquqtəsdiqedici sənədlərə malik olmasalar da, həmin əmlakın onların sahibliyinə Taley Alaverdiyev tərəfindən verildiyi və sonuncunun da bu imkana iddiaçının özünün iradəsi əsasında malik olduğu işdə mübahisə edilmir.
39. Belə olan halda, cavabdehlərin əmlakdan çıxarılması haqqında iddiaya iddiaçı ilə Taley Alaverdiyev arasındakı mübahisəli hüquq münasibətləri nəzərə alınmaqla qiymət verilməlidir.
40. Mübahisəli torpaq sahəsinə iddiaçının malik olduğu sənədlər nəzərə alınaraq cavabdehlərin torpaq sahəsindən və evlərdən çıxarılması tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsi müəyyən edilir. Həmin maddənin dispozitiv şərtini təşkil edən cavabdehlərin əmlaka qanunsuz sahiblik etdiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
41. İşdə olan sübutlardan müəyyən edilir ki, torpaq sahəsinin və onun üzərində yerləşən birmərtəbəli və ikimərtəbəli tikililərin Taley Alaverdiyevin sahibliyinə verilməsi müqabilində iddiaçıya başqa bir əmlak (mənzil) verilmiş, lakin sonradan həmin mənzil iddiaçı tərəfindən qaytarılmışdır.
42. Sahibliyə 2012-ci ildə qəbul edilmiş torpaq sahəsinin və üzərindəki tikililərin əvəzinin iddiaçıya ödənilməsini, habelə mübahisəli tikililəri inşa etmələrini təsdiq edən hər hansı sübut cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir.
43. Məhkəmə hesab edir ki, daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı etibarlı olmayan (notarial qaydada təsdiqlənməmiş müqavilələr, yaxud əmlaka dair təmsil səlahiyyəti verən etibarnamələr və s.) bu konteksdə hüquqi bir əsas kimi nəzərə alına bilməz.
44. Bununla belə, iddiaçının adına ayrılmış torpaq sahəsinin iddiaçının Taley Alaverdiyevlə aralarında olan razılaşmaya əsasən iddiaçı tərəfindən öz iradəsi ilə cavabdeh tərəfə təqdim olunduğu müəyyən edilir. Torpaq sahəsində yerləşən tikililər cavabdehlər tərəfindən iddiaçının məlumatı daxilində və etirazı olmadan uzun müddətdir sahiblik və istifadə edilir. On ildən artıq müddət keçdikdən sonra iddiada göstərilən səbəblərlə, cavabdehlərin gözləntiləri nəzərə alınmadan torpaqdan və tikililərdən çıxarılması tələbi dürüstlük qaydasına və hüquqdan sui-istifadə qadağasına uyğun hesab edilə bilməz. Çünki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən (gözlənilən) mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi dürüstlük qaydası və ədalətlə uzlaşmır. Məlum olduğu kimi, bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
45. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
46. Məhkəmə həmçinin nəzərə alır ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il mütəxəssis rəyindən və “X10” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən daha üstün sübut gücünə malikdir. Çünki Məhkəmə Ekspertizası Mərkəzinin rəyi xüsusi biliyə malik olan şəxs tərəfindən, qeyd edilən həmin MMC-lərin rəyi isə zəruri biliyə malik olan şəxslər tərəfindən verilmişdir. i) apellyasiya baxışının nəticəsi
47. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
48. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
49. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Apellyasiya şikayəti təmin edilmədiyindən və iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iş üzrə məhkəmə məsrəfləri iddiaçıya aid edilməlidir. Məhkəmə ekspertizası tədqiqatın xərcinin ödənilməsi məqsədi ilə 50 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, apellyasiya baxışı zamanı mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 400 manat xərc iddiaçıdan tutularaq “X10” MMC-nin hesabına köçürülməlidir.
51. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdehlər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.
52. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
53. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 may 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri İddiaçı aid edilsin. Məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 400 (dörd yüz) manat xərc İddiaçı tutularaq “X10” MMC-nin hesabına köçürülsün. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdehlər hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməzlər.